Məhkəmə qərarları › İş №2(006)-2953/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2953/2022

01.11.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2953/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "X6" MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X6" MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X6" MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunmağı ilə bağlı çıxarılmış 22 aprel 2022-ci il tarixli əmrin ləğv edilməsi, "X6" MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəilssinin 70-ci maddəsinin “a” bəndinə əsasən azad olunmağı ilə bağlı yeni əmr çıxarılması və ödənilməyən 3 ay 22 günlük 13.355 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin filialı olan Cavabdeh MMC-yə 02 sentyabr 2019-cu il tarixdə direktor vəzifəsinə təyin olunmuşdur. 30 dekabr 2021-ci il tarixdə Cavabdeh MMC fəaliyyətini dayandırmışdır. Şirkət fəaliyyətini dayandırdığı üçün bütün işçilərin, həmçinin onun əmək kitabçasına əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi qeyd olunmuşdur. Lakin əmr verilmədiyi üçün əmək kitabçasında əmrin nömrəsi və tarix qrafası boş saxlanılmşdır. Həmin tarixdən mart ayının sonuna qədər işə gedib əmək fəaliyyətini həyata keçirməyinə baxmayaraq ona 3 ay ərzində heç bir əmək haqqı ödənilməmişdir. Həmçinin rəsmi olaraq 22 aprel 2022-ci il tarixə qədər əmək müqaviləsinə xitam verilməmişdir. Cavabdeh tərəfə əmək müqaviləsinə xitam verilməsi və ödənilməyən aylar üçün əmək haqqının ödənilməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq qarşı tərəf heç bir müsbət addım atmamışdır. Yaranmış mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə cavabdeh tərəfə pretenziya məktubu göndərdikdən sonra ona həmin 3 ay ərzində işdə olmamağı ilə bağlı cavab məktubu göndərilmişdir. O, 18 mart 2022-ci il tarixə qədər Cavabdeh MMC-də işdə olmuşdur. Bunu onun şirkətə giriş kartının qeydiyyatı, ona məxsus avtomobilin avtodayanacaqda qeydiyyatı, videogörüntülər, işçilərlə ünsiyyətdə olmağı, onun email ünvanına yazılan elektron müraciətlərə cavabları, sənədləşmə işlərində imza və möhürdən istifadə etməyi və bu kimi digər hallar təsdiq edir. Bütün bu çoxsaylı şifahi və yazılı qaydada edilən müraciətlərdən sonra onun əmək müqaviləsinə 22 aprel 2022-ci il tarixdə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Həmişə işində və vəzifəsində məsuliyyətli olmuşdur, heç bir hüquqazidd hərəkət törətməmişdir. Bütün bunlar həmin müəssisədə çalışan digər işçilərə də məlumdur. Lakin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilənə qədər ödənilməyən əmək haqqının ödənilməməsi məqsədilə, qərəzli olaraq bu addım atılmışdır. Odur ki, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi haqqında 22 aprel 2022-ci il tarixli əmr ləğv olunmalı, əmək müqaviləsinə xitam verilənə qədər ona ödənilməyən 3 ay 22 günlük 13.355 (on üç min üç yüz əlli beş) manat məbləğində əmək haqqı ödənilməlidir. 13.355 manat bütün vergi və digər tutulmalar çıxıldıqdan sonra hesablanan məbləğdir. Mübahisənin həlli ilə bağlı Bakı 6 saylı mediasiya təşkilatına müraciət etməyinə baxmayaraq cavabdeh tərəf mediasiya prosesində iştirak etməkdən boyun qaçırmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun email ünvanına girişinin qarşısını almaq üçün cavabdeh tərəfindən şifrəsi dəyişdirilmişir. Nəticədə o, mart ayının sonuna qədər əmək fəaliyyətilə bağlı göndərdiyi və qəbul etdiyi sənədlərin, yazışmaların hər birini məhkəməyə təqdim etmək imkanından məhrum olmuş dəfələrlə cavabdeh tərəf ilə əlaqə saxlayıb işdən çıxarılma əmrinin surətini istəməyinə baxmayaraq hələ də həmin əmrin surəti ona verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi tələbi onunla əsaslanıdırmağa çalışır ki, guya 3 ay ərzində ona işlədiyi dövr üçün əmək haqqı ödənilməlidir, çünki 22 aprel tarixinə qədər əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işəgötürənə müraciət etməmişdir. Cavabdehin qanuni təmsilçisi (direktoru) olaraq, iddiaçı məlumatlıdır ki, əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən kimi direktoru olduğu müəssisənin təsisçisinə müvafiq ərizə ilə müraciət etməli idi yaxud ən azından özünün əmək müqaviləsini özü rəsmiləşdirərək xitam etməli idi. Necə ki, 30 dekabr 2021-ci il tarixdə eyni gündə bir neçə işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndi ilə xitam edilmişdir. Bu Şirkətdə audit yoxlamasının ilkin nəticələri ilə aşkar edilmişdir. Buradan aydın olur ki, iddiaçı, rəhbər olaraq, işçiləri müəssisənin ləğv edilməsi əsası ilə (halbuki müəssisə ləğv edilməmişdir, mövcuddur) qeyri-qanuni xitam verərək, həmin işçilərə qanunsuz olaraq, əlavə ödənişlər edilməsini təmin etmişdir. Eyni qaydada özünə də həmin tarix üçün əlavə əmək haqqı, son haqq-hesab yazmış və ödənilməsinə nail olmuşdur. Bununla da rəhbərlik etdiyi şirkətə maddi zərər vurmuşdur. Bundan əlavə hazırki iddia tələbləri ilə də maddi maraq güdərək əlavə gəlir əldə etmək istəyi görünür. Bunu təsdiq edən müvafiq bank çıxarışları məhkəməyə təqdim edilmişdir artıq, iş materiallarında mövcuddur. Belə ki, iddiaçının əmək haqqısı 3.995,69 AZN olduğu halda Əmək Məcəlləsinin 70 (a) maddəsini əsas gətirərək özünə 5.593,97 AZN əlavə ödəniş etmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 83-cü maddəsini də əsas gətirərək 1.454,06 AZN məbləğində öz hesabına əlavə ödəniş köçürmüşdür. Toplamda 30 dekabr 2021-ci il tarixinə 10.444,99 AZN (net olaraq) məbləğində şirkətin hesabından öz əmək haqqı hesabına pul köçürmüşdür. Göstərilənlərdən əlavə, mülki işin baxılmağa hazırlanması mərhələsində cavabdeh tərəfin iştirakı olmadan şahid kimi dindirilmiş X1 da əmək müqaviləsinə yuxarıda bəhs etdiyi bir neçə işçi ilə eyni vaxtda, yəni 30 dekabr 2021-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisə ləğv edildikdə) xitam verilmişdir. Yəni şahidin dindirildiyi və məhkəmədə aydınlıq gətirmək istədiyi, həmçinin məhkəmə mübahisəsinə səbəb olan dövrlərdə cavabdeh təşkilatda işçi olaraq fəaliyyət göstərməmişdir. Bu hal da onu göstərir ki, belə tipli şahid ifadəsi də məhkəmə üçün hər hansı sübut əhəmiyyətli deyil və işin hər hansı halının aydınlaşdırılmasına xidmət etmir. Bundan başqa şahid kimi dindirilmiş X3 iddiaçı tərəfindən şəxsən işə cəlb edilmiş Cəmiyyətin işçisi olmaqla iddiaçı tərəfindən ona da qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70 (a) maddəsini əsas gətirərək əlavə əmək haqqısına 1.559,77 AZN və Əmək Məcəlləsinin 83-cü maddəsini əsas gətirərək 1.830,73 AZN vəsait köçürmüşdür (29 dekabr 2021-ci il tarixdə). Bu onun göstəricisidir ki, şahid qismində çıxış edən şəxs asılı, maraqlı və qərəzli şəxsdir və onun ifadələrini əsas götürmək olmaz. İddiaçı cavabdeh şirkətin qanuni təmsilçisi (direktoru) olaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmədiyindən o, işə gəlməli idi. Buna baxmayaraq, iddiaçı əmək müqaviləsi üzrə vəzifələrini kobud pozaraq 29 dekabr 2021-ci il tarixdən etibarən işə davamiyyətsizlik göstərmişdir. Müəssisənin rəhbəri olduğundan ona müraciət edilərək işə gəlmədiyinin səbəbinin bildirməsi barədə xəbərdarlıq göndərilmiş, lakin müraciət nəticəsiz qalmışdır. Bu səbəbdən də onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə xitam verilmişdir. İddiaçı işə gəldiyini iddia ərizəsində göstərsə də bunu hər hansı mötəbər sübutla təsdiq edə bilmir. Əksinə işə gəlmədiyi tarixdən etibarən 18 mart 2022-ci il tarixədək ona əmək haqqı ödənilməsini tələb edir. Halbuki, iddiaçı onun əmək müqaviləsinə xitam verilən günə qədər əmək haqqısını öz hesabına müəssisənin qanuni təmşilçisi, direktoru olaraq özü özünə Cəmiyyətin hesabından ödəmişdir artıq (29 dekabr 2021-ci ildə). Müvafiq sübut (bank çıxarışları) məhkəməyə təqdim olunubdur. İddiaçı həmçinin iddia ərizəsində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən azad olunması ilə bağlı yeni əmr verilməsini tələb edir. Bu tələbi də əsassız və qanunsuz hesab edirik. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi əmək müqaviləsinə işəgötürən tərəfindən müəssisə ləğv edilərkən xitam verilməsini tənzimləyir. Lakin cavabdeh müəssisə ləğv edilməmişdir, bu barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Ona görə də əmək müqaviləsinə həmin əsasla xitam verilməsi əsassız və qanunsuzdur. Bundan əlavə həmin əsasla əmək müqaviləsinə xitam verildiyi halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində göstərilmiş miqdarlarda işdənçıxma müavinətləri ödənilməsi nəzərdə tutulmuşdur. Bu da şirkəti (cavabdehi) əlavə əsassız maliyyə itkiləri ilə üz-üzə qoymaq, iddiaçı tərəfindən əsassız gəlir etməklə nəticələnə bilər. İddiaçı iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən görünür ki, iddiaçı cavabdeh müəssisənin qanuni təmsilçisi olmasından istifadə edərək, öz əmək kitabçasına qanunsuz olaraq, özü ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verildiyini qeyd etməklə, imzalamış və möhürləmişdir. Yuxarıda da qeyd etdiyi kimi, bu hal vəzifələrdən süi-istifadədir və qanunsuz əməldir. İddiaçı iddia ərizəsinə elektron poçtdan çıxarışlar adlandırdığı sənədlər əlavə etmişdir. Hesab edir ki, hətta hansısa məktubların həqiqətən gəlməsi qəbul edilsə belə, elektron poçt ünvanına gələn yaxud göndərilən elektron məktublar şəxsin məhz işdə olmasının göstəricisi deyil və hər hansı sübut əhəmiyyəti daşımır. Çünki elektron məktubların gəlməsi və getməsi şəxsin işdə olmasından asılı olmayaraq həyata keçirilə bilər. Hətta mobil telefonlardan elektron məktublar göndərmək və qəbul etmək çox sadə bir prosesdir. Yuxarıda göstərilənlərə əsasən, hazırki iddianın əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən iştirak etdiyi iclaslarda vermiş olduğu izahatları çıxış kimi qəbul edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfin göndərdiyi ərizəni nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 0103892 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 18 nömrəli əmrlə “X6" MMC-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. Tarix və əmrin nömrəsi göstərilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv edilməsi) İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi qeyd edilmişdir. İddiaçı tərəfindən “X6" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, “NW Construction MMC”-nin filialı olan “X7” MMC-yə 02 sentyabr 2019-cu il tarixdə direktor vəzifəsinə təyin olunmuşdur. 30 dekabr 2021-ci il tarixdə “X7” MMC fəaliyyətini dayandırmışdır. Hal-hazırda da rəsmi qaydada onun “X7” MMC-də əmək münasibətlərinə xitam verilməmişdir. Lakin 31 dekabr 2021-ci il tarixdən bu günkü günə qədər ona əmək haqqı ödənilməmişdir. Onun “X7” MMC-nin direktoru vəzifəsindən azad edilməsi və 31 dekabr 2021-ci il tarixdən bu günə qədər ödənilməyən əmək haqqımın ödənilməsi barədə müvafiq əmr verilməsini xahiş etmişdir. “X6" MMC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, o, xx.xx.2021-ci il tarixdə işə gəlmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar edilmişdir. “X6" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli davamiyytsizlik barədə aktdan görünür ki, “X6" MMC-nin direktoru vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq davamlı şəkildə 25 mart 2022-ci ildən etibarən bütün iş günü işə gəlməmişdir. Əsas: xx.xx.2022-ci il tarixli akt. “X6" MMC-nin təsisçisi X2 tərəfindən imzalanmış 02/İR/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (Məcəllənin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) 22 aprel 2022-ci il tarixdən tutduğu direktor vəzifəsindən azad edilməsi əmr edilmişdir. “X6" MMC-nin direktoru vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarxidən xx.xx.2022-ci il tarixədək işə davamiyyəti barədə tərtib edilmiş cədvəl iş materiallarına əlavə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, PB/BPŞ-OUT-01509-2022 arayışdan görünür ki, İddiaçı hesabına xx.xx.2021-xx.xx.2021 tarixləri aralığında əmək haqqı təyinatı ilə köçürmələr həyata keçirilmişdir. Dekabr əmək haqqı kimi 10.444,99 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən X3 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə eyni şirkətdə mühəndis vəzifəsində işləmişdir. İddiaçı şirkətin direktoru idi, o, onun rəhbərliyi altında işləyirdi. Onun mühəndis kimi işi ərazilərdə olurdu. Bakı şəhəri Ağ Şəhər adlanan ərazidə yerləşən baş ofisə tez-tez getmək zərurəti yaranmırdı. Belə ki, onların işi layihələrlə bağlı müxtəlif ərazilərdə olurdu. İddiaçı hər gün səhər 9, 10 və 11 radələrində ərazilərə nəzarət üçün baxış keçirməyə gəlirdi. O, işçilərin davamiyyətini, bundan əlavə işdəki ümumi qüsurları da yoxlayırdı. 25 aprel ərəfəsində də iddiaçı yoxlama keçirmək üçün əraziyə gəlirdi. Hansı ki, həmin vaxt “Nobel Bravo” adlanan layihə üzrə tikinti işləri aparılırdı. O, 2021-ci ildə, dekabr ayının sonu şirkət bağlandığına görə işdən çıxarılmışdır. Məhkəmə iddiaçı tərəfin vəsatətinə əsasən dindirilmiş şahidin 30 dekabr 2021-ci il tarixdən müəssisədə işləmədiyindən və bununla da iş üzrə əhəmiyyət kəsb edən halları birbaşa qavranmadığından məhkəmədə şahidlik etməli olduğu halları faktiki olaraq təsvir edə bilmədiyini nəzərə alaraq sübut növü kimi şahid ifadəsinə hüquqi qiymət verilməsinə zərurət olmadığını bildirir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM-nin 62-ci, 81-ci və 104.1-ci maddələri) İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən “X6" MMC-də direktor vəzifəsinə təyin olunmuş və bu vəzifədə işləyərkən "X6" MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə işdən azad olunmuşdur. İddiaçı onunla cavabdeh arasında yaranmış əmək münasibətərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu qeyd etməklə, məhkəmədən müvafiq əmrin ləğv edilməsini, "X6" MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən azad olunması ilə bağlı yeni əmr çıxarılmasını və ödənilməyən 3 ay 22 günlük 13.355 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh "X6" MMC isə iddiaçının 25 mart 2022-ci il tarixdən etibarən işə gəlməməsi və gəlməmə səbəblərinin üzrlü olması barədə heç bir əsas göstərə bilməməsi nəticəsində işəgötürənin, qanuni mənafeyinə ciddi xələl gətirməsinə istinad edərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işçi barəsində intizam tənbehinin verilməsi zəruriliyi yoxlanılmaqla yanaşı həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Belə ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılıbaydınlaşdırılmaması, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınıb-alınmaması, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilib-verilməməsi və s. nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin birinci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Göstərilən maddədə qeyd edildiyi kimi, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmalı, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmalıdır. Qeyd edilən hala aydınlıq gətrimək üçün cavabdeh iddiaçıdan izahat almaq məqsədilə ona bir neçə dəfə xəbərdarlıq məktubun göndərilməsinə istinad etmiş, müvafiq məktubları məhkəməyə təqdim etmişdir. Lakin bu məktubların məzmunundan göründüyü kimi iddiaçıdan işdən çıxarılmasına əsas olmuş tarixdə (xx.xx.2022-ci il tarixi) işə gəlməməsi səbəbinin üzrlü olub-olmaması barədə yox, xx.xx.2021-ci il tarixdə işə olmamasının səbəbi barədə izahat verilməsi tələb edilmişdir. İş materiallarından isə görünür ki, İddiaçı barəsində tətbiq edilmiş intizam tənbehi onun xx.xx.2022-ci il tarixində işə üzrlü səbəb olmadan gəlməməsi ilə əlaqədar olmuşdur. Bununla da cavabdeh tərəfin iddiaçını izahat vermək üçün dəfələrlə çağırdığını, lakin onun izahat verməkdən qəsdən boyun qaçırdığı barədə dəlilləri yuxarıda qeyd edilənlərlə təkzib edilmişdir. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi iddiaçıdan işdən çıxarılmasına əsas olmuş intizam qaydalarının pozulması faktı ilə əlaqədar yazılı izahat alınmamışdır. Halbuki işçinin yazılı izahatı üç mühüm funksiyanı yerinə yetirir: xəta faktını təsbit edir; işəgötürənə xətanın səbəbini nəzərə almaq imkanı verir; xətanın aşkar olunduğu tarixi təsbit edir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramının qeyd edilmə günləri müəyyən edilmiş, martın 20-si bazar gününə təsadüf etdiyindən və Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirildiyindən 25 mart qeyri-iş günü olacağı, beləliklə də 19, 26 və 27 mart tarixləri də şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacayağı elan edilmişdir. Halbuki “X6" MMC-nin İddiaçı barəsində verdiyi 02/İR/2022 saylı, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, iddiaçının məhz 25 mart 2022-ci ildən etibarən bütün iş günü işə gəlmədiyi üçün tutduğu direktor vəzifəsindən azad edilməsi əmr edilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddənin məzmununa görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd edilənlərə baxmayaraq məhkəmə araşdırması nəticəsində “X6" MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə zidd davrandığı aşkar olunmuşdur. Belə ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı işdən çıxarılarkən son haqq-hesab verilməmişdir. Cavabdeh tərəf qeyd edilən halı 30 dekabr 2021-ci il tarixdə iddiaçının qanunsuz olaraq, əlavə əmək haqqı və son haqq-hesabın ödənilməsinə nail olduğu, bununla da rəhbərlik etdiyi şirkətə maddi zərər vurduğu, əlavə son haqq-hesabının həyata keçirilməsinə ehtiyac qalmadığı ilə əsaslandırsa da, məhkəmə cavabdeh tərəfin bu mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh-işəgötürən iddiaçının 30 dekabr 2021-ci il tarixdə özünə hesabladığı ödənişlərin əsassız olmasına istinadən işəgötürənə vurulmuş maddi ziyanın ödənilməsi üçün iddiaçını məsuliyyətə cəlb etmək məqsədilə müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görmək (məhkəməyə müraciət etmək və s.) hüququna malikdir və bu hal iddiaçıya sonuncu iş günü son haqq-hesabın verilməsini istisna etmir. Məhkəmə həmçinin “3 ay 22 günlük əmək haqqının ödənilməsi”nə dair iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçının rəhbərlik etdiyi müəssisə ləğv edilməmiş, “X6" MMC tərəfindən tərtib edilmiş davamiyyət cədvəlinə əsasən İddiaçı işə hər gün gəldiyi müəyyən edilmişdir. Cavabdeh iddiaçının səhər işə vaxtında gəlmədiyini axşam isə vaxtında çıxamadığını, özünə dekabr ayının əmək haqqı kimi 10.444,99 manat məbləğində pul köçürdüyünü bildirərək, iddiaçının bu tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, işəgötürən iddiaçını vaxtlı-vaxtında işə gəlməməsinə əsası ilə mübahisəli əmək münasibətlərinə xitam veriləcəyi barədə rəsmi formada xəbərdarlıq etmək və ya digər preventiv tədbirlər görmək, iddiaçı ilə gecikməsini ilk dəfə aşkar etdiyi günlərdə əmək münasibətlərinə xitam vermək hüququna malik idi. Buna baxmayaraq işəgötürən əmək qanunvericiliyinə əsasən ona verilən bu hüquqdan istifadə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya sonuncu iş gününə qədər əmək haqqı hesablanmalı idi, sonuncu iş günü iddiaçıya son haqq-hesab olaraq ödənilməmiş əmək haqqı ona verilməli idi. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddiası qismən əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göstərilən əmək qanunvericiliyinin normasına riayət etməklə məhkəmə əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi zamanı qanun pozuntusuna yol verildiyi üçün o, işə bərpa olunmasına və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələb irəli sürmədiyi təqdirdə də onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunması məsələsi öz həllini tapmalıdır. Məhkəmə eyni zamanda iddianın "X6" MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən azad olunması ilə bağlı yeni əmr çıxarılması”na dair tələbi ilə bağlı qeyd edir ki, iddiaçının işə bərpa olunmasından sonra sözügedən məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aid olacaqdır. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin müvafiq bəndinə əsasən yenidən ləğv olunacağı və bununla bağlı məhkəmə mübahisəsi yaranacağı təqdirdə işə bərpa olunan iddiaçının işdən çıxarılmasına dair mübahisəyə yenidən baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirəcəkdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı işdən azad olunması barədə "X6" MMC-nin 22 aprel 2022-ci il tarixli, 02/İR/2022 saylı əmri ləğv edilməli, İddiaçı “X6" MMC-də direktor vəzifəsinə bərpa edilməli və ona 2022-ci ilin yanvar ayının 1-dən hesablanmaqla əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı məhkəmə xərclərini ödəməkdən azaddır. Beləliklə iddia qismən təmin edildiyindən, dövlət rüsumu qətnamənin nəticə hissəsində göstərilən nisbətdə cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı işdən azad olunması barədə "X6" MMC-nin 22 aprel 2022-ci il tarixli, 02/İR/2022 saylı əmri ləğv edilsin. İddiaçı "X6" MMC-də direktor vəzifəsinə bərpa edilsin və ona 2022-ci ilin yanvar ayının 1-dən hesablanmaqla əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia digər hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilməli olan 100 manatın 50 manatı "X6" MMC-dən tutularaq dövlət gəlirinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar