Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2960/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı Səfərov Eldəniz Vahid oğlu müxtəlif vaxtlarda "xxxx" ASC-dən kredit götürmüş və hər dəfəsində "xxxx" ASC ilə «Kredit Götürən Şəxslər üçün Həyat Sığortamı» müqaviləsi bağlamışdır. İddiaçıya məlum olan M-Lİ P054475/20 saylı, xx.xx.2020-ci il tarixli və M-Lİ P273160/19 saylı, xx.xx.2019-cu il tarixli «Kredit Götürən Şəxslər üçün Həyat Sığortası» Müqavilələri mövcuddur. İddiaçının əri-sığortalı Səfərov Eldəniz Vahid oğlu xx.xx.2020-ci il tarixdə qəfil vəfat etmiş, bu haqda AZ-İİ № 121895 seriyalı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı sığortalı ilə ər-arvad olaraq birlikdə yaşamış birgə təsərrüfat aparmış və qanun üzrə birinci növbəli varisi olduğundan mirası qəbul etmişdir. Himayəsində iki azyaşlı övladları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 891-ci maddəsinə əsasən bu Məcəllənin 891.2-ci maddəsi nəzərə alınmaqla, sığorta müqaviləsi üzrə sığortalandığı riskləri təkrarsığorta etdirən sığortaçı (təkrarsığorta müqaviləsinə əsasən təkrarsığortalı) həmin sığorta müqaviləsinə görə sığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır. Ancaq sığorta şirkəti özünün xx.xx.2021-ci il tarixli cavab məktubu verərək öhdəliklərinin icrasından aşkar imtina etmişdir. Göstərilənlərə əsasən mərhum əri-sığortalı Səfərov Eldəniz Vahid oğlunun "xxxx" ASC ilə bağlamış olduğu müvafiq «Kredit Götürən Şəxslər üçün Həyat Sığortası» Müqavilələri üzrə sığorta haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin nümayəndələri işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının banka olan borcunun onların müqavilə ilə üzərlərinə düşən hissəsini ödəmişlər və müəyyən miqdarda qalıq borc qalmışdır. İddiaçının kredit müqaviləsi bağladığı "xxxx" ASC onların əməkdaşlıq etdikləri hüquqi şəxslərdən biridir və ona iddiaçının qalan 2100manat civarındakı borcu ilə bağlı köməklik göstərmələri üçün müraciət etmişlər. "xxxx" ASC-dən onlara deyildi ki, borc çox deyil və köməklik etmək mümkündür. Daha sonra vətəndaş çağırıb və ona borcunun olmaması barədə arayış verilib. Artıq iddiaçının bank qarşısında bir öhdəliyi yoxdur və onlar da üzərlərinə düşən hər şeyi artıqlaması ilə etmişlər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən Səfərov Eldəniz Vahid oğlu ilə X1 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanılmışdır. Nikah bağlanandan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir.
8. İş üzrə "xxxx" ASC-nin Abşeron rayon filialı tərəfindən verilmiş ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" ASC-nin Abşeron rayon filialı ilə Səfərov Eldəniz Vahid oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank Səfərov Eldəniz Vahid oğluna illik 25,2 faiz hesablanmaqla 18 ay müddətinə 4240 manat məbləğində kredit vermişdir.
9. İş üzrə sığortaçı "xxxx" ASC və sığortalı Səfərov Eldəniz Vahid oğlu arasında imzalanmış xx.xx.2019-cu il tarixli, M-Lİ P273160/19 saylı kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, Səfərov Eldəniz Vahid oğlu sığorta şirkəti tərəfindən sığortalanmışdır. Həmin şəhadətnamənin şərtlərinə görə sığortalının istənilən səbəbdən ölümü halında sığorta riskinə təminat verilmişdir.Sığorta hadisəsi baş verdikdə, borc qalığının həcmi üzrə Faydalanan şəxs "xxxx" ASC (VÖEN **********), sığorta məbləğinin qalan hissəsi həcmində isə Sığortalı və ya Sığortalının ərizəsində Faydalanan şəxs qeyd edilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən onun varisləri hesab edilir. Sığorta müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, sığorta məbləği isə 1.825,69 manat müəyyən olunmuşdur. 10.İş üzrə "xxxx" ASC-nin Abşeron rayon filialı tərəfindən verilmiş ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" ASC-nin Abşeron rayon filialı ilə Səfərov Eldəniz Vahid oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank Səfərov Eldəniz Vahid oğluna illik 27,84 faiz hesablanmaqla 48 ay müddətinə 13000 manat məbləğində kredit vermişdir.
11. İş üzrə sığortaçı "xxxx" ASC və sığortalı Səfərov Eldəniz Vahid oğlu arasında imzalanmış xx.xx.2020-ci il tarixli, M-Lİ P054475/20 saylı kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, Səfərov Eldəniz Vahid oğlu sığorta şirkəti tərəfindən sığortalanmışdır. Həmin şəhadətnamənin şərtlərinə görə sığortalının istənilən səbəbdən ölümü halında sığorta riskinə təminat verilmişdir. Sığorta hadisəsi baş verdikdə, borc qalığının həcmi üzrə Faydalanan şəxs "xxxx" ASC (VÖEN **********), sığorta məbləğinin qalan hissəsi həcmində isə Sığortalı və ya Sığortalının ərizəsində Faydalanan şəxs qeyd edilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən onun varisləri hesab edilir. Sığorta müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, sığorta məbləği isə 5.545,86 manat müəyyən olunmuşdur.
12. İş üzrə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərov Eldəniz Vahid oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 361 № ilə qeyd edilmişdir. Ölüm səbəbi: delta amilsiz virus mənşəli xroniki B hepatitidir.
13. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********00573 saylı sığorta aktına əsasən sığortalı Səfərov Eldəniz Vahid oğlu xx.xx.2020-ci il tarixdə “delta amilsiz virus mənşəli xroniki B hepatiti” xəstəliyi nəticəsində ölmüş və bununla bağlı 1.825,69 manat sığorta ödənişi faydalanan şəxs "xxxx" ASC-nin Abşeron filialına ödənilmişdir.
14. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********00570 saylı sığorta aktına əsasən sığortalı Səfərov Eldəniz Vahid oğlu xx.xx.2020-ci il tarixdə “delta amilsiz virus mənşəli xroniki B hepatiti” xəstəliyi nəticəsində ölmüş və bununla bağlı 5.545,86 manat sığorta ödənişi faydalanan şəxs "xxxx" ASC-nin Abşeron filialına ödənilmişdir.
15. İş üzrə "xxxx" ASC tərəfindən Səfərov Eldəniz Vahid oğlunun varislərinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Səfərov Eldəniz Vahid oğlunun şirkəti tərəfindən sığortalanmış olduğu M-Lİ P054475/20 və M-Lİ P273160/19 nömrəli şəhadətnamələr üzrə borc qalığının həcmi faydalanan şəxs "xxxx" ASC, sığorta məbləğinin qalan hissəsi həcmində Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən onun varisləri hesab edilir. "xxxx" ASC-nin rəsmi məktubuna əsasən mərhum Səfərov Eldəniz Vahid oğlunun "xxxx" ASC-yə olan qalıq borcu 12.587,48 manat təşkil edir. Odur ki, şəhadətnamənin şərtlərini əsas tutaraq "xxxx" ASC-yə ödənəcək sığorta ödənişi, yəni 5.545,86 manat və 1.825,69 manat sığorta ödənişinin vərəsələrinə ödənilməsi nəzərdə tutulmur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Səfərov Eldəniz Vahid oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ilə arasında 22 noyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə Eldəniz Səfərova 4240 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Səfərov Eldəniz Vahid oğlu ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli, M-Lİ P273160/19 saylı həyat sığortası müqaviləsi bağlanmış, o, sığortalının istənilən ölüm səbəbindən sığortası şərtilə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. Həmin müqavilənin şərti ilə sığorta hadisəsi baş verdikdə, borc qalığının həcmi üzrə Faydalanan şəxs "xxxx" ASC (VÖEN **********), sığorta məbləğinin qalan hissəsi həcmində isə Sığortalı və ya Sığortalının ərizəsində Faydalanan şəxs qeyd edilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən onun varisləri hesab edilir. Səfərov Eldəniz Vahid oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı ilə arasında 08 aprel 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə Eldəniz Səfərova 13000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Səfərov Eldəniz Vahid oğlu ilə "xxxx" ASC arasında xx.xx.2020-cu il tarixli, M-Lİ P054475/20 saylı həyat sığortası müqaviləsi bağlanmış, o, sığortalının istənilən ölüm səbəbindən sığortası şərtilə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Həmin müqavilənin şərti ilə sığorta hadisəsi baş verdikdə, borc qalığının həcmi üzrə Faydalanan şəxs "xxxx" ASC (VÖEN **********), sığorta məbləğinin qalan hissəsi həcmində isə Sığortalı və ya Sığortalının ərizəsində Faydalanan şəxs qeyd edilmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən onun varisləri hesab edilir. Səfərov Eldəniz Vahid oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı cavabdehdən sığorta ödənişinin ödənilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı formada tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .
19. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
20. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.
21. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
22. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
23. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
25. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı Səfərov Eldəniz Vahid oğlu "xxxx" ASC-də kredit müqavilələri bağlanmış, həmin kredit müqavilələri üzrə Səfərov Eldəniz Vahid oğlu ilə "xxxx" ASC arasında M-Lİ P054475/20 saylı və M-Lİ P273160/19 saylı həyat sığortası müqavilələri bağlanmış və həmin sığorta şəhadətnamələrinə əsasən Səfərov Eldəniz Vahid oğlu sığortalı qismində, "xxxx" ASC faydalanan şəxs kimi göstərilmişdir.
29. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, sığortalı Eldəniz Səfərova xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
30. İddiaçı Eldəniz Səfərovun vərəsəsi olduğu üçün sığorta ödənişinin ona verilməli olmasını tələb edir.
31. Məhkəmə qeyd edir ki, sığorta müqaviləsi üzrə "xxxx" ASC ilk olaraq faydalanan şəxs qismində çıxış etdiyindən, Səfərov Eldəniz Vahid oğlunun sığorta məbləği kredit müqaviləsinə münasibətdə borcuna yönəlmiş və hətta sığorta məbləği borcun ödənilməsinə yetmədiyindən geriyə qalan məbləği kreditor təşkilat tərəfindən silinmişdir.
32. Bu halda geriyə qalan məbləğ mövcud olmadığından və pulun tam hissəsi kredit və sığorta müqaviləsi üzrə faydalanan şəxsə keçdiyindən, bu hüquq və öhdəliklər tərəflərin azad şəkildə bağlamış olduğu müqavilədən irəli gəldiyindən iddia tələbi təmin edilə bilməz.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov