Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2964/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «kredit və zaminlik müqavilələrinə xitam verilməsi tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «kredit və zaminlik müqavilələrinə xitam verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Cavabdeh ASC arasında bağlanmış xx xxxxxxx 2013-cu il tarixli, 117885-1-9107 saylı “avtomobil kredit” müqaviləsinə əsasən İddiaçı2 60 ay müddətinə, illik 19% faiz dərəcəsi ilə 16.301.02 ABŞ dolları məbləğində kredit verilmişdir. Belə ki, kredit müqaviləsinin təminatı kimi “Chevrolet Cobalt” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil bankda ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, kredit müqaviləsinin təminatı kimi İddiaçı1 ilə Cavabdeh ASC arasında zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-FR-*** dövlət nömrə nişanlı avtomobil tamamilə yanaraq məhv olmuşdur. Həmin avtomobil “Standart İnsurance” sığorta şirkətində sığortalandığından avtomobilin pulunu sığorta şirkəti banka ödəmişdir. Lakin buna baxmayaraq, Cavabdeh ASC ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Nəticədə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2015-ci il tarixli, 2(005)-6529/15 saylı qətnamə qəbul edilmişdir.Bu qətnaməyə əsasən cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada ümumilikdə 15.034,72 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh ASC-yə ödənilməsi, tutmanın ipoteka olan “Chevrolet Cobalt” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir.Daha sonra iddiaçılar apelyasiya şikayəti vermişlər və nəticədə xx xxx 2016 -ci il tarixində Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsinin əsas borc hissəsində dəyişiklik edilərək ümumi borc 8.402,72 ABŞ dolları müəyyən edilmişdir. İpoteka predmeti olan “Chevrolet Cobalt” markalı, **-FR-*** dövlət qeydiyyatı nişanlı avtomobil yanıb məhv olduğundan ipoteka müqaviləsinə xitam verilməlidir. O cümlədən, sığorta şirkəti banka avtomobilin dəyərini ödəmişdir. Müvafiq qanunvericiliyin tələbinə uyğun ipoteka predmeti məhv olunduğuna görə ipoteka müqaviləsinə xitam verilməlidir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanan xx xxxxxxx 2013-cu il tarixli, 117885-1-9107 saylı “avtomobil krediti” müqaviləsi və zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçıların hal-hazırda Banka ödənilməmiş borcları vardır. Məhkəmə işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarından görünür ki, «xxxxxxxx» (Azərbaycan) ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 117885-1-9107 saylı avtomobil krediti müqaviləsinə əsasən bank İddiaçı2 avtomobil almaq məqsədi ilə 60 ay müddətinə illik 19 faiz olmaqla 16.301 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarından görünür ki, «xxxxxxxx» (Azərbaycan) ASC ilə cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 117885-1-13021 saylı ipoteka müqaviləsinə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı2 ona məxsus olan «Chevrolet Cobalt-minik» markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobilini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarından görünür ki, Cavabdeh ASC ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin İddiaçı1borclu İddiaçı2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6529/2015, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada 13269,84 ABŞ dolları əsas borc, 1717,68 ABŞ dolları faiz borcu, 47,20 ABŞ dolları cərimə borcu, cəmi 15034,72 ABŞ dolları (ödəniş günü Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi Cavabdeh ASC qarşısında ipoteka ilə yüklü edilmiş “Chevrolet Cobalt-minik” markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə realizə edilməsi, avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin İddiaçı2 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cl il tarixli, 2(103)-3479/2016 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6529/2015, xx.xx.2015-ci il tarixli qətnaməsi 13269,84 ABŞ dolları əsas borc tutulması hissəsində dəyişdirilərək 6637,84 ABŞ dolları müəyyən edilməsi, cavabdehlər İddiaçı2 və İddiaçı1 müştərək qaydada cəmi 8402,72 ABŞ dolları (ödəniş günü Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırki iş üzrə tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, hazırda iddiaçılar ipoteka predmeti olan avtomobilin məhv olunduğunu iddia edərək, kredit və zaminlik müqavilələrinə xitam verilməsini tələb edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçılar kredit və zaminlik müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və həmin müqavilə əsasında öz üzərlərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilən Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Göründüyü kimi mülki qanunvericilikdə zaminliyə xitam verilməsinin əsasları konkret göstərilmişdir. Yuxarıda qeyd olunan qanunun normasında sadalanan əsaslardan heç biri hazırki iş üzrə iddianın əsasını təşkil edən hallara aid deyildir. Bundan əlavə, iş materiallarından göründüyü kimi hazırki iş üzrə "Cavabdeh" ASC ilə İddiaçı1 və İddiaçı2 arasında kredit borcunun müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan kredit və zaminlik müqavilələrinə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit və zaminlik müqavilələri üzrə məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «kredit və zaminlik müqavilələrinə xitam verilməsi tələbi»nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı «kredit və zaminlik müqavilələrinə xitam verilməsi tələbi»nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2964/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2964/2020
23.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver