Məhkəmə qərarları › İş №2(006)-2971/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2971/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2971/2020 23.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyi hərbi xidmətlə bağlı olduğundan İİ qrup əlil kimi 6.600 manat sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Suraxanı RHK tərəfindən 1992ci ilin iyun ayının 18-də həqiqi hərbi xidmətə çağırılmışdır və hərbi xidmətdə olmuşdur. xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək tağım komandiri vəzifəsində olmuşdur. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992ci ilə kimi müayinə və müalicə almışdır. “Döş qəfəsinin sağ nahiyyəsinin yumşaq toxumalarının ağır odlu silahla yaralanması. Sağ baldırın ön səthinin orta 1/3-nin kor qəlpə yaralanması. Sağ baldır sümüklərinin orta 1/3 hissəsinin zədələnməsi ilə hər iki aşağı ətrafın odlu silahla çoxsaylı yaralanmaları” diaqnozu ilə 1 nömrəli hərbi-səhra cərrahiyyə hospitalında ilk müayinə və “Azsutikinti” xəstəxanasında müalicə almışdır. Çıxarılmış Epikrizdə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi qeyd edilmişdir. xx.xx.1993-cü ildə N saylı hərbi hissənin Hərbi- həkim komissiyası tərəfindən tibbi şəhadətləndirmə zamanı təyin edilmiş, travma-diaqnoz: “Sağ diz oynağının postravmatik menissiti, funksiyanın cüzi dərəcədə pozulması ilə HDQ poliklinikasının Hərbi-Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirmə zamanı təyin edilmiş travmadiaqnoz: “Mil sümüyünün tipik yerdə konsolidə olunan sınığı”. “Travmadır. Hərbi xidmət dövründə alınmışıdr”. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Həbi-Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi xx.xx.1998-ci ildə ordudan tərxis olunmuşdur. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində AR ƏƏSMN Bakı şəhəri 4 saylı TSEK-nin xx.xx.2009-cu il tarixli aktı ilə əmək qabiliyyətsiz kimi ona ilk dəfə İİİ-cü qrup əlillik təyin olunmuşdur. xx.xx.2016-cı ildə isə əmək qabiliyyətsiz kimi İİ qrup əlillik təyin edilmişdir. İddiaçı tərəfindən məhkəməyə teleqram ünvanlanaraq, onun səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyi bildirilmiş və ədalətli qərar verilməsi xahiş edilmişdir. Məhkəmə teleqramı məhkəmə iclasında müzakirə edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılmasına cavabdehin nümayəndəsinin etirazı olmamasını nəzərə alaraq mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanuna əsasən sığorta ödənişinin həyata keçirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Bununla da hazırki iş üzrə qeyd edilən müddətin ötürüldüyünü nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1961ci il tarixdə Şamaxı rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 41 saylı arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının “Müharibə Veteranıdır” və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı 2 (ikinci) qrup Qarabağ Müharibəsi əlilidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0005 saylı çıxarışından görünür ki, İddiaçı ikinci qrup əlillik dərəcəsi almışdır. Diaqnoz: “Döş qəfəsinin sağ yarısının deşib-keçən odlu silah yarasından s/v. Sol baldırın və budun odlu silah yarasından sonrakı q/düzgün bitişən sınığı”. Əlilliyin səbəbi: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” . Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 1571 saylı qərarından görünür ki, Bayramov X2 RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi “Azsutikinti” xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Döş qəfəsinin sağ nahiyyəsinin yumşaq toxumalarının ağır odlu silahla yaralanması. Sağ baldırın ön səthinin orta 1/3-nin kor qəlpə yaralanması. Sağ baldır sümüklərinin orta 1/3 hissəsinin və sol baldırın yuxarı və orta 1/3 hissəsinin zədələnməsi ilə hər iki aşağı ətrafın odlu silahla çoxsaylı yaralanmaları”. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.1993-cü ildə N saylı hərbi hissənin hərbi həkim komissiyası tərəfindən tibnbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma və xəstəlik-diaqnoz: “Sağ diz oynağının posttravmatik menissiti, funksiyanın cüzi dərəcədə pozulması ilə. Xroniki qastroduodenit, kəskinləşmə mərhələsində”, xx.xx.1994-cü ildə HDQ poliklinikasının hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətlənsirilmə zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Mil sümüyünün tipik yerdə konsolidə olunan sınığı”. “Travmadır. Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır”. Qeyd olunan məlumatlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmadır. İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2014-cü il tarixli xx-xx-1501 saylı məktubundan görünür ki, İddiaçı səhhəti (Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaralanma və bunun nəticəsində əlillik dərəcəsi təyin olunması) ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə həmin Şirkətə ünvanlanmış ərizəsinə cavab verilmişdir. Bildirilmişdir ki, qeyd olunan məsələyə Milli Məclis tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı ikinci qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİ qrup — 60 faiz. İddiaçının İİ qrup əlil olması, əlilliyi hərbi vəzifələrini yerinə yetirərkən almış olduğu travma nəticəsində alması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar