Məhkəmə qərarları › İş №2(006)-2978/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2978/2025

22.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2978/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndə işlədiyi müddət ərzində son ay üzrə əmək haqqı və son haqq-hesabın hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci ildən cavabdeh "xxxx" MMCdə satış meneceri vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində heç bir nöqsanı olmamışdır. Hər ay rəsmi əmək haqqından əlavə olaraq, qeyri-rəsmi, yəni paket şəkilində əmək haqqı almışdır. İşlədiyi müddət ərzində ona məzuniyyət hüququndan istifadə etməyə imkan verilməmiş, nə də məzuniyyət hüququ ilə bağlı konpensasiya ödənilməmişdir. Elə bu səbəbdən də xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə onun istəyi ilə xitam verilmişdir. Lakin son ayın üzrə əmək haqqı və son haqq-hesab cavabdeh tərəfindən mənə ödənilməmişdir. Cavabdeh təşkilatın rəhbərliyinin həmin dövrdə ona çatası ödənişi ödəcəklərini bildisələr də, sonradan verdikləri sözə əməl etmədilər. Məcburiyyət qarşısında qalaraq, bununla bağlı X2 müraciət etdi. Həmin Xidmətin apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, son ayın əmək haqqının və son haqq-hesabın ödənilmədiyi təsdiq olunmuşur. Mövcud mübahisənin məhkəmədən kənar həlli ilə bağlı mediasiya təşkilatını müraciət etsə də, bunun bir müsbət nəticəsi olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdeh qanunsuz hərəkətləri, onun konstitutsion və əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Daha sonra Cavabdeh məhkəməyə “iddia müddətinin tətbiq edilməsinə” dair ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işlədiyi müddət ərzində son ay üzrə əmək haqqı və haqq-hesabın hesablanaraq ona ödənilməsi tələbinə dair mülki işi üzrə qətnamə qəbul edilərkən Əmək Qanunvericiliyində nəzərdə tutulan 1 illik iddia müddətini tətbiq edəsiniz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddia müddətinin tətbiq edilməsinə” dair ərizə onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. İddiaçı iddiasında qeyd etdiyi halların sübutu ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiklərini sübut edən hər hansı mötəbər sübut olmamasından əlavə bildirilir ki, o hazırki iddianı qaldırmaqda qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətində ötürmüşdür. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində iddiaçının öz ərizəsi əsasında xitam verilmişdir. İddiaçı isə əmək haqqı və son haqq-hesabın ödənilməsi tələbi ilə isə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahat verərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış meneceri vəzifəsinə işə götürülmüşdür. Bu əmək müqaviləsi xx.xx.2017-ci il tarixdən qüvvəyə minir və 1 il qüvvədədir. (bənd 2.3). İşəgötürən işçiyə işlədiyi hər ay üçün 170 əmək haqqı ödəyəcək. (bənd 4.1). - İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2018-ci il tarixdən əmək məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş etmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2018-ci il tarixli, 18 nömrəli əmri ilə "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışan İddiaçı xx.xx.2018-xx.xx.2018-ci il tarixinədək 22 t/g məzuniyyətin verilməsi əmr edilmişdir. - İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən əmək məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş etmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 57 nömrəli əmri ilə "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışan İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixinədək 21 t/g məzuniyyətin verilməsi əmr edilmişdir. - İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdən əmək məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş etmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 32 nömrəli əmri ilə "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışan İddiaçı 01xx.xx.2019-xx.xx.2020 il tarixinədək 21 t/g məzuniyyətin verilməsi əmr edilmişdir. - İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdən əmək məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş etmişdir. - İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdən əmək məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş etmişdir. - İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, 16 avqust 2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-c il tarixli, 143 saylı əmri ilə "xxxx" MMC-də satış meneceri vəzifəsində çalışan İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsi əmr edilmişdir. -X4 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilən zaman ona son haqq-hesab ödənilməmiş və nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulduğundan müəssisənin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuşmüavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalarnəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin müəssisənin vəzifəli şəxsinə Sizə ödənilməli olan son haqq-hesabın yenidən hesablanaraq ödənilməsi barədə müvafiq göstəriş xarakterli məktub ünvanlanmışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətində qeyd etdiyini məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. - Bakı şəhəri 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB18/2025-00166 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə 11:30-da keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmişdir. İlkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli arayışıından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixində Muradlı-M MMC-də Satış meneceri vəzifəsinə işə qəbul olunmuş. xx.xx.2023-cü il tarixində işdən azad olunmuşdur. Vəzifə maaşı 1000 AZN təşkil etmişdir. 2023-cü ilin avqust ayında işçinin 14 iş günü və 20 gün məzuniyyətin kompensasiyası və son haqq-hesabı olmuşdur. İş günlərinə görə 518.52 AZN əmək haqqı, məzuniyyətin kompensasiyası və son haqq-hesaba görə 648,14 AZN hesablanmışdır. Əmək haqqı tutulmalarından sonra (Sığorta olunanın hesabına sosial sığorta 102.67 AZN, Tibbi sığorta 23.33 AZN və İşsizlik sosial sığorta 5.83 AZN) ələ alınacaq məbləğ 1034,83 AZN təşkil edir. Mülki iş materiallrına ödəniş tapşırığı, əmək müqaviləsi bildirişləri əlavə edilmişdirlər. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 35. Əmək hüququ. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar.

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05 sentyabr 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehin nəzdində satış meneceri vəzifəsində əmək fəaliyyətinə başlamışdır. İddiaçı ilə cavabdeh arasındakı əmək münasibətlərinə iddiaçının öz ərizəsi əsasında 16 avqust 2023-cü il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək işlədiyi müddət ərzində son ay üzrə əmək haqqı və son haqq-hesabın hesablanaraq ona ödənilməsini xahiş edir, cavabdeh isə iddianı qəbul etmir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 illik iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Məhkəmə qeyd edir ki, əmək münasibətlərinə xitam verildikdən sonra iddiaçı son ay üzrə əmək haqqının və son haqq-hesabın ödənilməməsi ilə bağlı müxtəlif dövlət orqanlarına, o cümlədən X4 Xidmətinə müraciət etmişdir. Lakin bu müraciətlər iddiaçının məhkəməyə müraciət etmək hüququ üçün müəyyən edilmiş müddətin axımını dayandırmır və həmin müddətin ötürülməsini əsaslandırmır. İddiaçı əmək hüquqlarının pozulduğunu bilən andan etibarən, qanunvericilikdə nəzərdə tutulan müddət ərzində həm mediasiya proseduruna, həm də məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. İş materiallarında olan Bakı şəhəri 18 saylı Mediasiya təşkilatının 14 mart 2025-ci il tarixli arayışından görünür ki, iddiaçı mediasiya mərhələsinə yalnız 2025-ci ildə müraciət etmiş, yəni əmək münasibətlərinə xitam verildikdən bir ildən çox müddət sonra bu prosesi başlamışdır. Mediasiya mərhələsinin başa çatmasından sonra isə iddiaçı məhkəməyə 2025-ci ilin aprel ayında müraciət etmişdir. Beləliklə, iddiaçının əmək müqaviləsinə 2023-cü ilin avqust ayında xitam verildiyi, lakin onun məhkəməyə yalnız 2025-ci ilin aprel ayında müraciət etdiyi müəyyən edilmişdir. Bu isə əmək münasibətlərindən irəli gələn tələblərlə bağlı müəyyən edilmiş bir illik müraciət müddətinin açıq şəkildə ötürülməsi deməkdir. Məhkəmə onu da qeyd edir ki, əmək mübahisələrinə baxılması ilə bağlı qanunvericiliklə buraxılmış iddia müddətinin üzrlü hesab edilərək bərpa edilməsi imkanı da nəzərdə tutulmuşdur. Belə ki, müvafiq müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Fərdi əmək mübahisəsinə baxan orqan dedikdə, yalnız əmək mübahisələrinə məhkəməyə qədər baxan və həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan orqanlar deyil, həmçinin məhkəmələr nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Lakin, hazırkı iş üzrə iddiaçı tərəfindən buraxılmış müddətin bərpasına dair hər hansı müraciət edilməmiş, bu müddətin məhz üzrlü səbəblərdən buraxılmasını təsdiq edən kifayətedici və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh isə əksinə, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müxtəlif dövlət orqanlarına etdiyi müraciətlər onun hüquqlarının müdafiəsi üçün aktiv addım sayılsa da, bu hallar iddia müddətinin ötürülməsini əsaslandırmır. İddiaçı qanuni müddət ərzində öz hüquqlarının müdafiəsi üçün lazımi prosessual addımlar atmadığından, sonradan məhkəməyə müraciət etməsi artıq müəyyən edilmiş müddətin bərpasına və ya uzadılmasına səbəb ola bilməz. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının gecikmiş müraciəti nəticəsində iddia müddəti bitmiş, bu isə iddianın mahiyyəti üzrə baxılmasına və onun təmin edilməsinə hüquqi əsas vermir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar