Məhkəmə qərarları › İş №2(006)-30/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-30/2023

19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-30/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Hüseyn qızının iştirakı ilə İddiaçı Cavabdeh Tanrıverdi qızına qarşı «tikiliyə sərf olunmuş vəsaitin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Tanrıverdi qızına qarşı «tikiliyə sərf olunmuş vəsaitin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 150.000 (yüz əlli min) manat pulun 1/2 hissəsinin Cavabdeh Tanrıverdi qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Tanrıverdi qızı ilə xx.xx.1996-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan X7 və X6 adlı iki övladları doğulmuşdur. Nikahları xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsində pozulmuşdur. Birgə nikah dövründə cavabdehlə əldə etdikləri əmlakların bölgüsü tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və əmlakları bərabər payda bölünmüşdür. Həmin əmlaklar içərisində Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi də vardır ki, həmin torpaq sahəsi üzərində cavabdehin, yəni Cavabdeh Tanrıverdi qızının adına MA seriyalı 20163059 saylı xx.xx.2011-ci il tarixli çıxarışla mülkiyyət hüquqları tanınmışdır. Bildirir ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Həmin ev birgə yaşadıqları dövrdə ailənin büdcəsi hesabına ərsəyə gəlmişdir. Fərdi evin tikintisinə təxminən 150.000 manat xərc çəkilmişdir. Ailə münasibətləri pozulduğundan həmin evdə cavabdehlə birgə yaşamaları mümkün deyil. Bu səbəbdən hesab edir ki, evin tikintisinə sərf edilmiş 150.000 manat pulun 1/2 hissəsi, yəni 75.000 manatı onun haqqıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ev 2015- 2016-cı illərdə tikilmiş, tikilən zaman cavabdeh Bakıda idi. Oğlu 2-ci, ya da 3-cü kursda təhsil alırdı. Evin tikintisində 5 və ya 6 usta işləmişdir. Ustaları Məhəmmədi kəndindən tapmışdır. X2 orada tikintidən qabaq yaşamışdır. Şahidə hər ay 450 manat zəhmət haqqı vermişdir. Evin 3 giriş qapısı var idi. Evin tikintisi 2018-ci ildə yekunlaşmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Hüseyn qızı məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, mübahisəli ev özbaşına tikili olmaqla, birgə nikah dövründə tikilmiş olsa da, birgə vəsait hesabına tikilməmişdir. Həmin ev Cavabdeh anası və bacısının vəsaiti hesabına tikilmişdir. Bu səbəbdən də tikiliyə sərf edilmiş xərc ər-arvad arasında bölünə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfin əvvəlki məhkəmə iclaslarında iddiaya mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ümumi vəsait hesabına inşa edildiyini iddia etdiyi fərdi yaşayış evi iş üzrə tərəflərin birgə vəsaiti hesabına inşa edilən əmlak deyildir. Həmin ev cavabdehin bacısı X1 vəsaiti hesabına tikilmişdir. Eyni zamanda, sözügedən fərdi yaşayış evi Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində yerləşmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, onların izahatlarını, ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-6028/2019 saylı qətnaməsindən görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi üzərində 1/2 hissədə iddiaçının, 1/2 hissədə isə cavabdehin payları müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDX tərəfindən verilmiş 29 mart 2011-ci il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, Abşeron rayonu Məmmədi kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh Tanrıverdi qızının adına daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2023-cü il tarixli 10/1573 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Abşeron rayonu Məmmədli kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınan 0,03 ha torpaq sahəsinin koordinatları həmin ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü və həmin yaşayış evinin bir hissəsi Cavabdeh adına qeydə alınmış 0,03 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edildiyi müəyyən olunmuşdur. Abşeron rayonu Məmmədli kəndində yerləşən mübahisəli torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin ümumi dəyəri təqribən 121.000 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı məxsus olan «İlk İnşaat» tikinti şirkətində qaynaqçı işləmişdir. 2016-cı il tarixdən mübahisə gedən evin təməli atılandan sonra həmin evin bütün fəhlə və qaynaq işlərini görmüşdür. Qardaşı və yeznəsi həmin evin şkatur, elektrik və s. işlərini görmüşlər. Gördükləri bütün işlərin haqqını onlara İddiaçı ödəmişdir. Daha sonra Nairə xanım həmin evə gəlmiş və onu evdən çıxarmışdır. İndi hal-hazırda Şabranda yaşayır. Ev 2016-cı ildən 2018-ci il tarixədək olan müddətdə tikilmişdir. Qardaşı və yeznəsinin gördüyü işə görə İddiaçı 5.000 manat ödəniş etmişdir. İddiaçı evdə tək yaşamışdır, sonuncunun ailəsi də həmin evə gəlirdilər. Ev iki mərtəbəlidir. 1-ci mərtəbədə zal, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbədə isə 4 otaq var. Evin hasarı var, amma sonradan tikilmişdir. O, evdən 2019-cu ildə çıxmışdır. O, evi mühafizə etdiyinə görə İddiaçı ona hər ay 450 manat pul vermişdir. Nairə xanım evə evin üstü örtüldükdən sonra gəlmişdi. Ev İddiaçı üçün tikilmişdir. Evdə olan divan, kreslo və s. əşyaları İddiaçı almışdır. İşin tədqiq olunmuş halları ilə müəyyən edildi ki, tərəflər nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından olan övladları yetkinlik yaşına çatmışlar. Tərəflər birgə nikahda olduqları müddət ərzində Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi əldə edilmişdir. Sözügedən torpaq sahəsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında tərəflər arasında bölünərək hərəsinin 1/2 hissədə payları müəyyən edilmişdir. İddia tələbinə əsasən ailənin ümumi gəlirləri hesabına Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Hazırda tərəflər arasında mübahisə paylı mülkiyyət hüququ üzrə onlara məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə sərf edilmiş vəsaitin yarısının iddiaçı tərəfindən xərcləndiyi üçün onun cavabdehdən xeyrinə tutulması tələbi ilə bağlıdır. İddiaçı bu evin inşa edilməsinə təxminən 150.000 manat xərc çəkilməsini iddia etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçının ümumi vəsait hesabına inşa edildiyini iddia etdiyi fərdi yaşayış evinin tərəflərin birgə vəsaiti hesabına inşa edilən əmlak olmamaqla sözügedən evin həm Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində yerləşməməsini, həm də cavabdehin bacısı X1 vəsaiti hesabına tikilərək ona məxsus olmasını bildirsə də, iddiaya etirazının əsası kimi istinad etdiyi bu hallara dair heç bir sübut təqdim etməmişdir. Araşdırma zamanı cavabdeh tərəfin vəsatəti üzrə təyin edilmiş ekspertiza zamanı Abşeron rayonu Məmmədli kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınan 0,03 ha torpaq sahəsinin koordinatları həmin ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü və həmin yaşayış evinin bir hissəsi cavabdehin adına qeydə alınmış torpaq sahəsinin sərhədləri daxilində inşa edildiyi müəyyən olunmuşdur. Ekspertiza rəyində sözügedən fərdi yaşayış evinin bir hissəsinin Cavabdeh adına qeydə alınan 0.03 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edilməsi ilə yanaşı onun hansı hissəsinin, ümumilikdə isə neçə kvadrat metrinin həmin torpaq sahəsinin sərhədlərində daxil olması qeyd edilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hallar hazırki iş üzrə mühüm olmadığı üçün əhəmiyyət kəsb etmir. Belə ki, əsas mübahisəli evin Abşeron rayonu Məmmədli kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınan 0,03 ha torpaq sahəsinin üzərinə düşməsi faktı mövcuddur və iddia predmeti həmin tikiliyə çəkilmiş xərcin müəyyən edilməsidir. Məhkəmə hesab edir ki, evin bir hissəsinin Cavabdeh adına qeydə alınan 0,03 ha torpaq sahəsindən kənarda yerləşməsi həmin evin iş üzrə tərəflər tərəfindən inşa edilməməsini və evin başqa şəxsə məxsus olmasını təsdiq etmir və əksinə sözügedən evin tərəflərin birgə nikah dövrundə birgə vəsaitləri hesabına inşa edilməsi həm iddiaçının izahatı, həm də şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). Məhkəmə hesab edir ki, şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlardır. Belə ki, o, inşa edilməsində qohumları ilə birbaşa iştirak etməklə evin tikilməsi ilə bağlı olanları aydın və müfəssəl təsvir etmiş, hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Göstərilən hallar şahid ifadəsinin mötəbər olmasına dəlalət edir. Həmçinin məhkəmə ekspert rəyinə də qiymət verərək hesab edir ki, rəydə göstərilən hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən ev birgə nikah dövründə əldə edilmiş vəsait hesabına inşa edildiyindən həmin evin tikintisinə xərclənmiş vəsaitin yarı məbləğini tələb etməkdə iddiaçı haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının ümumi vəsait hesabına inşa edildiyini iddia etdiyi Abşeron rayonu Məmmədli kəndində yerləşən mübahisəli torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi iş üzrə tərəflərin birgə vəsaiti hesabına inşa edilən əmlak olması sübut olunsa da, yerinə yetirilmiş tikinti və təmir işlərinin ümumi dəyəri iddiaçının iddia etdiyi məbləğ üzrə deyil, ekspertiza tərəfindən müəyyən edilmiş məbləğlə müəyyən edilməlidir. Qanunvericiliyə əsasən həmin evə sərf edilmiş vəsaitin, yəni, 121.000 manat pul vəsaitiin 1/2 hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu Məmmədli kəndində yerləşən 1/2 hissədə İddiaçı məxsus, 1/2 hissədə Cavabdeh Tanrıverdi qızına məxsus 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf edilmiş vəsaitin yarısı, yəni 60.500 manat və ödənilmiş dövlət rüsumunun 24 manatı Cavabdeh Tanrıverdi qızından tutularaq İddiaçı ödənilməlidir. Ekspertiza xərci 100 manat Cavabdeh Tanrıverdi qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu Məmmədli kəndində yerləşən 1/2 hissədə İddiaçı məxsus, 1/2 hissədə Cavabdeh Tanrıverdi qızına məxsus 0,03 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf edilmiş vəsaitin yarısı, yəni 60.500 manat və ödənilmiş dövlət rüsumunun 24 manatı Cavabdeh Tanrıverdi qızından tutularaq İddiaçı ödənilsin. 100 manat ekspertiza xərci Cavabdeh Tanrıverdi qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar