Məhkəmə qərarları › İş №2(006)-3001/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3001/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3001/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “ekspert rəyinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh PHŞ-yə qarşı “ekspert rəyinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli T148/2025 saylı ekspert rəyinin ləğv edilməsini, yalnız 2-ci barmağının daraq sümüyünün sınığının təsdiqlənməsini, xəsarətinin az ağır xəsarətə aid edilməsini və pozulmuş hüquqlarının bərpası ilə bağlı 10.000 manat mənəvi zərərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən alınıb, iddiaçıya ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 mart 2023-cü il tarixdə saat 19:23-də Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti istiqamətindən yolun sol hissəsi ilə iddiaçı piyada gedərkən, "Koala" parkını keçib Ənvər Qasımzadə küçəsinin kəsişməsində piyada keçidində işıqforun yaşıl işığında piyada yolu keçən vaxtı X3 idarə etdiyi "Mitsubishi Pajero" markalı, **-MS- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin Ənvər Qasımzadə küçəsinə dönmək istəyərkən iddiaçını vurmuş və avtomobilin qabaq təkəri ilə sağ ayağının üstündən keçmişdir. Sürücü avtomobili saxlayıb iddiaçını ilk öncə 5 saylı xəstəxanaya, daha sonra isə Travmatologiya xəstəxanasına aparmış, həmin xəstəxanada aparılmış müayinələr zamanı onun sağ ayağının 2-ci barmağında sınıq aşkar olunmuş, sağ ayağının 2-ci daraq sümüyünün sınığı diaqnozu qoyulmuşdur. Daha sonra sağ ayağına gips qoyulmuş, müəyyən dərman reseptləri yazılmış, 4 həftəlik həkim nəzarəti altında olmağına zərurət yarandığı bildirilmiş və o evə buraxılmışdır. Travmatologiya və Ortopediya institutu 10 gün sonra yalnız qeydiyyatda olduğu — yəni A.H.Kazımov adına 1 nömrəli şəhər poliklinikasına təkrar müayinə üçün yaxınlaşmalı olduğunu və yenidən rentgen ilə müayinə olmalı olduğunu bildirmişdirlər. xx.xx.2023-cü il tarixdə A.H.Kazımov adına 1 nömrəli şəhər poliklinikasında müayinə edildikdən sonra poliklinika tərəfindən verilən ona aid şəxsi qeydiyyat kitabçasında sağ ayağının 2-ci daraq sümüyünün qapalı sınığı qeyd edilmişdir. 24 Aprel 2023-cü il tarixində Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov ona sadəcə WhatsApp üzərindən yazaraq 25 Aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 X13 Nəsimi rayon şöbəsinə Zəfər Paşa adlı həkim tərəfindən ekspertizadan keçməli olduğunu bildirmişdir. 25 Aprel 2023-cü il tarixində Zəfər Paşa adlı ekspert iddiaçını heç bir rentgen etmədən, sadəcə ayağının qırıq hissəsinə səthi üstdən baxaraq rəy qeyd etməyə başlamışdır. İddiaçı buna etiraz edib dəqiq baxmasını tələb etsə də, onun iradını önəmsəməyib özünə məlum səbəblərdən özünə uyğun formada, yüngül xəsarət kimi səhv qeyd etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində yenidən A.H.Kazımov adına 1 nömrəli şəhər poliklinikasında təkrar rentgen müayinə etdirdikdən sonra, növbəti gün, yəni xx.xx.2023-cü il tarixində ona poliklinika tərəfindən polisə verilməsi üçün arayış təqdim edilmişdir. İddiaçı Poliklinika tərəfindən ona təqdim edilən arayışı iş materialına daxil edilsin deyə Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədova təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmişdir ki, 3. Yüngül xəsarətlər – 3.1.1. Sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlərə aiddir. Ancaq ona təqdim edilən Travmatologiya və Ortopediya institutu tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışda 4 (dörd) həftəlik həkim nəzarəti qeyd edilib və bu 21 gündən artıq olduğu üçün artıq yüngül xəsarət deyil, 2. Az ağır xəsarətlər – 2.1.1. Sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmişdir ki, 3. Yüngül xəsarətlər – 3.1.4. Əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla) qeyd edilmişdir. Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilən xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixində A.H.Kazımov adına 1 nömrəli şəhər poliklinikası tərəfindən ona təqdim edilən arayışda sağ ayağının 2-ci barmağının daraq sümüyünün qapalı sınığı qeyd edilməsinə baxmayaraq məlum olmayan səbəblərdən Zəfər Paşa adlı həkim-ekspert tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 X13 Nəsimi rayon şöbəsindən daxil olmuş 02 may 2023-cü il tarixli, 396 saylı ekspert rəyində sağ ayağın İV barmağının proksimal falangasının yerdəyişməyən natamam xətti sınığı kimi qeyd etmiş və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid etmişdir. Bu səbəbdən də təhqiqatçı İlham Məmmədov iddiaçının müraciətilə bağlı toplanmış material üzrə (01 saylı HK-279/2023) 04 may 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. İş materialında olan Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş "cinayət işi başlanmasının rədd edilməsi barədə" 04 may 2023-cü il tarixli qərara əsasən, 01 saylı HK-279 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncunun İXM-in 327.8-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi üçün, iş üzrə toplanmış materiallar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə təqdim edilmiş və Elgün Məmmədov barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, əlavə olunmuş sənədlərlə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 26 iyul 2023-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçının yenidən Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciəti əsasında xx.xx.2024-cü il tarixli qərara əsasən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən HK-279 saylı material üzrə 04 may 2023-cü il tarixdə qəbul edilmiş "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qanunsuz hesab olunaraq ləğv edilmişdir. Ekspert rəyi ilə təqdim edilmiş tibbi sənədlər arasında əmələ gəlmiş xəsarətlə bağlı uyğunsuzluqlar mövcud olduğuna görə qeyd olunan ziddiyyətlərə aydınlıq gətirilməsi və bununla da obyektiv həqiqətin müəyyən edilməsi üçün təkrar ekspertiza keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixində iş materialı Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Mirzəyevə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixində Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Mirzəyev tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 HK1-279 saylı göndəriş iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 12 fevral 2025-ci il tarixində yaxınlaşıb müayinədən keçməli olduğunu bildirmişdir. 12 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 — Fəxrəddin doktor tərəfindən Aygün xanıma yönləndirmişdir. Aygün xanım sadəcə sorğusual etməklə kifayətlənib, rentgen etmədən, rentgen edilməsi üçün hər hansı müayinə üçün göndəriş təqdim etmədən, ayağının üst hissəsinə səthi baxaraq sənədləri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsindən sorğu ilə alacağını bildirmişdir. Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Mirzəyevin xx.xx.2025-ci il tarixli AR Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və X5 Hüquqi Şəxsə sorğusu əsasında 26 fevral 2025-ci il tarixində sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində müəssisədə ambulator müalicə aldığı və diaqnoz sağ pəncənin 2-ci daraq sümüyünün sınığı qeyd edilmişdir. Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilən xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli arayışda sağ ayağının 2-ci daraq sümüyünün sınığı diaqnozu və 4 (dörd) həftəlik həkim nəzarəti qeyd edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin 04 aprel 2025-ci il tarixli qərarına əsasən təkrar Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2025-ci il tarixli T148/2025 saylı ekspert rəyinə əsasən adına tərtib edilmiş sənədlərə, məhkəmə tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun olaraq komissiya nəticəyə gəlir ki, sağ ayağın 4-cü barmağının proksimal falanqasının həm də 2-ci daraq sümüyünün diafizar hissəsinin ekstro-kostal, yəni sümük strukturunun xarici kortikal qatının natamam sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) bilavasitə təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2023-cü ilə uyğun gəlir, avtoqəza zamanı piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məlum olmayan səbəblərdən məhz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilən məhkəmə tibbi-ekspertiza rəyində heç bir xəsarət almayan 4-cü barmağı qeyd edilir. Halbuki, həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin A.H.Kazımov adına 1 saylı poliklinikasının Travmatoloji məntəqəsinin xx.xx.2023-cü il tarixli, 576 saylı, həm də Azərbaycan Respublikası "Azərbaycan X1 institutu" X13 xx.xx.2024-cü il tarixli, AA 4312/2024 saylı arayışlarında hadisə zamanı əmələ gəlmiş xəsarətlə sağ pəncənin 2-ci daraq sümüyünün sınığı olması göstərilmişdir və 4-cü barmağımın xəsarəti ilə bağlı heç bir arayışda qeyd edilməmişdir. Tibbi dildə baş barmaq 1-ci barmaq hesab olunur və sıralama ilə 2-ci barmaq tibbi dildə 2-ci sümük anlamına gəlir və ekspert rəyində "barmaq" kəliməsi istifadə edilmir. Natamam sınıq anlayışı isə tibbi dildə çat anlamına gəlir və bununla bağlı məhkəmə-ekspert rəyindən başqa heç bir arayışda natamam sınıq qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmişdir ki, ayağın 2-ci barmağının sınığı və 4 (dörd) həftəlik həkim nəzarəti diaqnozu dərəcəsinə görə az-ağır xəsarətlərə aid edilir. İddiaçı hesab edir ki, xx.xx.2023-cü il tarixindən bəri 2 il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən hüquqlarının açıq-aşkar kobudcasına pozulması nəticəsində sağlamlığının itirilməsi, stress, narahatlıq, sarsıntı keçirməyi səbəbindən mənəvi zərər olaraq pul tələbi 10.000 (on min) manat vəsaitin ona ödənilməsi təmin edilməlidir. a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh PHŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

6. Nəsimi RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı maddi ziyan tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Elgün Məmmədovun əməlində cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, lakin E.Məmmədovun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Elgün Məmmədov Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində göstərilən inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati qaydada 200 manat cərimə tətbiq edilmiş, qeyd edilən qərardan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Həmçinin Nəsimi rayon MTE və PA şöbəsinin eksperti X9 maddi nemət qarşılığında qeyri-obyektiv rəy verməsinə dair iddiaçının müraciəti əsasında Nəsimi rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respubliksı CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 212.3-cü maddəsinə əsasən qəbul edilmiş qərardan narazı qaldığı halda məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək hüququ izah edilmişdir.

8. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 120,60 manat dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə təqdim edilən sübutları, o cümlədən iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçının tələbi ekspert rəyinin ləğv edilməsi və pozulmuş hüquqlarının bərpası ilə bağlı mənəvi zərərin ödənilməsidir.

10. Belə ki, xx.xx.2023-cü il tarixdə X7 idarə etdiyi avtomobil ilə İddiaçı ayağının üstündən keçməklə yol-nəqliyyat hadisəsi baş vermişdir. Təhqiqat aparılan zaman ekspertiza təyin edilmiş və Cavabdeh PHŞ tərəfindən xx.xx.2023-cü il tarixli rəy verilmişdir. Daha sonra (iddiaçının narazılığı səbəbindən) təkrar ekspertiza təyin edilmiş və xx.xx.2025-ci il tarixli rəy verilmişdir. Hər iki rəydə sağlamlığın qısa müddətə pozulmasına səbəbin sağlamlığa yüngül zərərvurmaya aid olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli rəy ilə razılaşmayaraq həmin rəyin ləğv edilməsi və bununla ona dəymiş mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. c) Məhkəmənin mövqeyi:

11. Məhkəmə qeyd edir ki, iş materialları əsasında Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, yenidən araşdırma aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilməsi müəyyən edilmişdir. İddia ərizəsindən də müəyyən olunur ki, iddiaçı yenidən araşdırma aparılan zaman verilən xx.xx.2025-ci il tarixli ekspert rəyini mübahisələndirir. Məhkəmə hesab edir ki, bu tələbə ayrıca mülki məhkəmə icraatı qaydasında baxılması düzgün deyildir. Çünki iddiaçı bu məsələni məhz elə cinayət işi üzrə aparılan araşdırma zamanı – həmin icraatda mübahisələndirmək hüququna malikdir. Bu məsələnin həmin icraatda irəli sürülməsi və həll edilməsi prosessual qənaət prinsipinin tələblərinə də müvafiqdir. İddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, ilkin tələbə məhkəmədə və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, həmin tələbdən yaranan (törəyən) mənəvi ziyanın ödənilməsi tələbinə də məhkəmədə və mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.

12. Məhkəmə göstərilənlərlə yanaşı iddiaçıya izah edir ki, Cavabdeh PHŞ Səhiyyə Nazirliyinin bu tip yeganə ixtisaslaşdırılmış dövlət idarəsi olub 2 əsas fəaliyyət istiqamətinə malikdir: məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya. Cavabdehin ekspertiza keçirməsinin səbəbi də təhqiqat orqanının qərarı olmuşdur. Buna görə də iddiaçının qeyd olunan cavabdehə qarşı öz hüquq və vəzifələrinin pozulduğunu hesab etdiyi təqdirdə, bu barədə iddia tələbi ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ vardır.

13. Göstərilənləri ümumiləşdirərək, iddiaçıya hazırkı tələblərini cinayət işi üzrə aparılan müvafiq araşdırma zamanı və ya aidiyyəti inzibati məhkəmədə irəli sürmək hüquqlarının olmasını izah etməklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 261.0, 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

15. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “ekspert rəyinin ləğv edilməsi və s.” tələbinə dair hazırkı iş üzrə icraata xitam verilməli, iddiaçıya eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Nəticə:

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 120,60 (bir yüz iyirmi manat altmış qəpik) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah olunsun ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar