Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3004/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 1994-cü ildə orta məktəbi, 1998-ci ildə Bakı Ali Hərbi Məktəbi bitirərək leytenant hərbi rütbəsi, 26.07.2000-ci ildən baş leytenant hərbi rütbəsi almışdır. 26.12.2008-ci ildən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar xəsarət almışdır və bu səbəbdən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik dərəcəsi verilmişdir. Ancaq hərbi qulluqçu kimi İİ qrup əlillik dərəcəsi təyin edildikdən sonra ona Dövlət Sığorta Şirkəti tərəfindən ödənilməli olan sığorta pulu ödənilməmişdir. Cavabdeh orqana müraciət edərək, ödənilməmiş sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Lakin sonuncu 22.02.2021-ci il tarixli məktubla bildirmişdir ki, bu məsələdə 7 ildən artıq müddət keçib. Hesab edir ki, imtina tam əsassızdır. İddiaçı iddia ərizəsini əsaslandırarkən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 151-ci maddəsinə, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə, 5-ci maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə istinad etmiş və iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlər toplunsundan görünür ki, İddiaçı xx.xx.1977ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanda qeydiyyatdadır (şəxsiyyət vəsiqəsi – AZE seriyalı, ******** saylı, 17.12.2012-ci il tarixdə Suraxanı RPİ tərəfindən verilmişdir). 20.10.2003-cü il tarixli, ZE № ******* seriyalı Bakı şəhəri Nizami rayon RHK tərəfindən verilmiş hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 16.08.1994-cü il tarixdən 22.06.2003-cü il tarixədək Azərbaycan Respublikası Silahı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 22 yanvar 2013-cü il tarixli 21 saylı qərarı ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən 1994-cü il tarixdə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və 13.10.2001-ci ildən 25.10.2001-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: «İrinli follikulyar angina» və 24.12.2001ci ildən 07.01.2002-ci ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: «Kəskin enterokolit. Disbakterioz» (SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin 20.12.2012-ci il tarixli 2152 nömrəli məktubu, göndərişi, 20.12.2012-ci il tarixli 1178 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş 25.10.2001-ci və 07.01.2002-ci il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisi – terapevtin və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır». İddiaçı İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı ərizəsinə 22 fevral 2021-ci il tarixdə 07-07-57 saylı məktubla cavab verərək, 2008-ci ildə hərbi xidmətdən tərxis olunub, bu hadisədən 7 ildən artıq müddət keçdikdən sonra, yəni 2015-ci ildə İİ qrup əlillik dərəcəsi aldığından, ərizəsinin təmin edilməsinin qeyri-mümkün olduğu iddiaçının nəzərinə çatdırılmışdır. 06.03.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırkı mülki işə üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sığorta ödənişi verilməməsinin qanunsuz olduğunu iddia etmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisənin həlli üçün tətbiq edilməli olan «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Qanunun imperativ tələbindən göründüyü kimi, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o, sığorta məbləğini almaq hüququna malikdir. Hazırkı halda, İddiaçı əlillik xidmətdən buraxıldığı gündən 3 il müddətində deyil, bundan xeyli sonra təyin edilmişdir və iddiaçı, qanunun tələbinə görə, sığorta məbləğini almaq hüququna malik deyil. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya yuxarıda qeyd olunan məzmunda cavab məktubu ünvanlayarkən, sonuncunun hüquqlarını və qanunun tələblərini pozmamışdır. Bu səbəbdən, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3004/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3004/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver