Məhkəmə qərarları › İş №2(006)-3008/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3008/2020

05.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3008/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə, iddiaçı «İddiaçı” QSC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «İddiaçı” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alğısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixində AN-İ №0833769 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhərinin 53 saylı xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilib). Nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evini alıcı Cavabdeh 410660 manat qiymətinə satılması razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli AN-İ №0833769 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən Alıcı Cavabdeh ilkin olaraq 53000 manat məbləği Satıcı İddiaçı QSC-yə notariusun bankda açılan deposit hesabı vasitəsilə ödəyir. Qalan 357660 manat məbləği isə 24 ay müddətinə hər 3 aydan bir 7 dəfə 36000 manat, müddət sonunda 105660 manat Ödəməyi öhdəsinə götürür. Bundan başqa, tərəflər arasında Alıcı Cavabdeh tərəfindən iddiaçı qarşısında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(004)-3073/2013 saylı qətnaməsi ilə qalıq qalan 310677.02 ABŞ dolları məbləğini təşkil edən aktiv öhdəliyinin 34348.83 ABŞ dolları hissəsini müqavilənin bağlandığı tarixdən 3 gün ərzində Satıcı "İddiaçı" QSC-yə ödəniləcəyi şifahi olaraq razılaşdırılmışdır. Sözügedən borcun mövcud olmasına dair arayış hazırkı iddia ərizəsinə əlavə edilir. Həmin şərtlər əsasında tərəflər arasında Bakı şəhər 53 saylı notariat kontorunda razılıq əldə olunmuşdur. Lakin Cavabdeh nisyə alğı-satqı müqaviləsinin şərtini pozaraq müqavilənin bağlanmasından 3 gündən çox müddət keçməsinə baxmayaraq, 34348.83 ABŞ dolları məbləğində pulu İddiaçı QSC-yə ödəməmişdir. Bununla da Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli AN- İ№0833769 saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2020-ci il və xx.xx.2020- ci il tarixlərində xəbərdarlıq məktubları göndərilərək, tərəflər arasında şifahi razılaşdırılmış 34348.83 ABŞ dolları məbləğində pulun Ödənilməsi barədə xəbərdar edilmiş, öhdəliyi icra etmədiyi təqdirdə nisyə-alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, alqı-satqı müqaviləsinin şərtlərinə görə tərəflər satıcının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 375.6 kv m olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.075 ha olan torpaq sahəsinin 410.660 manata alıcıya satmaq və satılan daşınmaz əmlaka görə alıcının müqavilənin 5-ci bəndinin tələbinə uyğun 53000 manat ilkin, qalan 357.660 manatı isə 24 ay müddətinə hər 3 aydan bir 7 dəfəyə 36.000 manat, müddətin sonunda isə 105.660 manat ödəməsi barədə razılıq əldə etmişlər. Satıcı ilə alıcı arasında iddiaçının tələb etdiyi 34.548.83 manat məbləğində əlavə pul vəsaitinin ödənilməsi barədə şifahi razılaşma tamamilə yalan və absurd tələbdir. Əgər tərəflər arasında belə bir razılaşma mövcud olmuş olsaydı bu razılaşma barədə qeyd müqavilədə qeyd edilmiş olardı. Müqavilə tərfələrin iradə ifadəsidir və cavabdehin tələb edilən 34.348.83 manat məbləğində əlavə pul ödənişi ilə bağlı razılığı və iradə ifadəsi mövcud olmamışdır. Mülki iş materiallarından göründüyü kimi iddiaçı tələbi ilə bağlı məhkəməyə möthətər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı iddiaçının məhkəməyə təqdim etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-3073/2013 saylı qətnaməsindən göründüyü kimi həmin iş üzrə borcalan “xxxxxxxxxxxx” müəssisəsi, Cavabdeh isə ipoteka qoyan qismində çıxış etmişdir. Hal-hazırda isə Cavabdeh vaxtı ilə xxxxxxxxxxxx Müəssisəsinin İddiaçı QSC-dən götürdüyü kreditə görə ipoteka ilə yüklü etdiyi daşınmaz əmlakını xx.xx.2020-ci il tarixli AN-İ JM ******* saylı daşınmaz əmlakln alqı-satqısı müqaviləsi əsasında yenidən almışdır. Bildirirlər ki, cavabdeh müqavilə şərtlərinə əməl edərək 53.000 manat ilkin ödənişi və bu günə kimi 72.000 manat ödəniş etmişdir. Hal-hazırda onun iddiaçıya 285.660 manat məbləğində qalıq borcu vardır. İddia ərizəsinin məzmunudan göründüyü kimi iddiaçı cavabdehin bu günə kimi ödədiyi 125.000 manat məbləğində ödənişin aqibətinə münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsinin sözlərini təsdiq etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdeh tərəfin işin mahiyyəti üzrə baxılmasını tələb etdiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(004)-3073/2013 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "İddiaçı" QSC-nin "Badamdar” filialı ilə cavabdeh "xxxxxxxxxxxx" Müəssisəsi arasında bağlanmış xx xxxx 2011-ci il tarixli 04L000003171 saylı X6, xx xxxx 2011-ci il tarixli 04R0000Q7263 saylı Kredit Razılaşması və xx xxxx 2011-ci il tarixli 04R000007270 saylı Kredit Razılaşmasının ləğv edilməsi, cavabdehlər "xxxxxxxxxxxx“ Müəssisəsi, X10, X3 və Cavabdeh müştərək qaydada xx xxxx 2011-ci il tarixli 04R000007263 saylı Kredit Razılaşması üzrə 378.873 (iiç yüz yetmiş səkkiz min səkkiz yüz yetmiş üç) ABŞ dolları 67 (altmış yeddi) sent məbləğində əsas borc, 82.602 (səksən iki min altı yüz iki) ABŞ dolları 14 (on dörd sent məbləğində ödənilməli faiz borcu, öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimə (dəbbə pulu) borcu 150000 (bir yüz əlli min) ABŞ dolları, cəmi 611475 (altı yüz on bir min dörd yüz yetmiş beş) ABŞ dolları 81 (səksən bir) sent və xx xxxx 2011-ci il tarixli 04R0000ü7270 saylı Kredit Razılaşması üzrə 62.959 (altmış iki min doqquz yüz əlli doqquz) ABŞ dolları 32 (otuz iki) sent məbləğində əsas borc, 13.726 (on üç min yeddi yüz iyirmi altı) ABŞ dolları 01 (bir) sent məbləğində ödənilməli faiz borcu, öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimə (dəbbə pulu) borcu 30000 (otuz min) ABŞ dolları, cəmi 106685 (bir yüz altı min altı yüz səksən beş) ABŞ dolları 33 (otuz üç) sent, ümumilikdə 718161 (yeddi yüz on səkkiz min bir yüz altmış bir) ABŞ dolları 14 (on dörd) sent məbləğində pul vəsaitinin ödəmə gününə məzənnə üzrə Azərbaycan manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "İddiaçı" QSC-nin xeyrinə tutulması, tələb olunan borc üzrə tutma Cavabdeh məxsus müvafiq olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 3-cü Yavər Əliyev küçəsində mülkiyyətdə olan 0.078 ha torpaq sahəsində yerləşən 19 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində mülkiyyətdə olan 0.0875 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılması və əldə olunmuş pul hesabına 718161 (yeddi yüz on səkkiz min bir yüz altmış bir) ABŞ dolları 14 (on dörd) sent və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində borcun ödənilməsi qət edilmişdir. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 375.6 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,075 ha olan torpaq sahəsi satıcı İddiaçı QSC tərəfindən alıcı Cavabdeh 410.660 manata satılmışdır. Müqaviləyə əsasən qeyd olunan əmlak müqabilində alıcı Cavabdeh ilkin olaraq notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 53000 manat 00 qəpik (əlli üç min manat sıfır qəpik), qalan 357660 manat 00 qəpik (üç yüz əlli yeddi min altı yüz altımış manat sıfır qəpik) isə 24 ay müddətinə hər 3 aydan bir 7 dəfə 36000 manat, müddətin sonunda isə 105660 manat məbləğində pulu satıcı İddiaçı QSC ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 və 0,078 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "İddiaçı" QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. «İddiaçı” QSC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 4671 saylı arayışdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(004)- 3073/2013 saylı qətnaməsi üzrə iddiaçı "İddiaçı" QSC-nin xeyrinə cavabdehlər "xxxxxxxxxxxx" X7 Mustafa, X3 və Cavabdeh 04R000007263 saylı kredit müqaviləsi üzrə 378 873.67 ABŞ dolları əsas borc, 82602,14 ABŞ dolları faiz borcu, 150.000 ABŞ dolları cərimə, cəmi 611.475,81 ABŞ dolları, 04R000007270 saylı kredit müqaviləsi üzrə 62959.32 ABŞ dolları əsas borc, 13 726.01 ABŞ dolları faiz borcu, 30 000 ABŞ dolları cərimə, cəmi 106 685.33 ABŞ dolları, ümumilikdə cəmi 718 161,14 ABŞ dollan məbləğində borcun tutulması və tutmanın ipoteka predmeti Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində mülkiyyətində olan 0,0875 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası nəticəsində ipoteka predmetləri qanunvericiliyin tələblərinə uyğun müvafiq olaraq 401625 manat və 41438 manat dəyərində İddiaçı "İddiaçı" QSC-nin mülkiyyətinə verilmişdir. Həmin məbləğ cavabdehlərin ümumi borcundan silinərək, yekunda onların iddiaçı qarşısında 310677.02 ABŞ dolları məbləğində aktiv öhdəlikləri qalmışdır. Bundan sonra, "İddiaçı" QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evininin Cavabdeh 410 660 manat qiymətinə satılması bu şərtlə razılaşdırılmışdır ki, tərəflər arasında bağlanacaq alğı-satqı müqaviləsinin imzalanmasından sonra 3 (üç) gün ərzində Cavabdeh tərəfindən yuxarıda qeyd olunan 310 677.02 ABŞ dolları məbləğindən 34348.83 ABŞ dollan məbləği ödəniləcəkdir. Lakin, öhdəliyinin icrası ilə əlaqədar Cavabdeh xəbərdar edilməsinə baxmayaraq hazıradək onun tərəfindən şifahi razılıq icra edilməmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "İddiaçı" QSC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsinin bağlanmasının şərtini təkil edən öhdəliyi icra etməsi xahiş edilmiş, əks təqdirdə aralarında bağlanan nisyə alqı-satqı müqaviləsinin ləğv dilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh və X1 tərəfindən "İddiaçı" QSC-nin hesabına 36072 AZN köçürülmüşdür. xx.xx.2020-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh və X1 tərəfindən "İddiaçı" QSC-nin hesabına 36072 AZN köçürülmüşdür. Beləliklə, işin mübahisələndirilməyən hallarından güründüyü kimi «İddiaçı” QSC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən «İddiaçı” QSC ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 375.6 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,075 ha olan torpaq sahəsini alıcı Cavabdeh verməyi, alıcı Cavabdeh isə bunun müqabilində əmlakın satış qiyməti olan 410.660 manatın 53000 manat 00 qəpik məbləğində pulu ilkin olaraq notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi, 357660 manat 00 qəpik (üç yüz əlli yeddi min altı yüz altımış manat sıfır qəpik) məbləğində qalan pulu isə 24 ay müddətinə hər 3 aydan bir 7 dəfə 36000 manat, müddət sonunda 105660 manat kimi ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən ödənişlərin müqavilədə nəzərdə tutulmuş qaydada, vaxtlı-vaxtında icra edildiyi də işin mübahisələndirilməyən hallarına aiddir. Hazırda iddiaçı «İddiaçı” QSC məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış şifahi razılaşmaya əsasən xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin bağlandığı gündən üç gün müddətində müqavilədən kənar qaydada ödənilməli olan 34348,83 ABŞ dolları məbləğində pulun hələ də ödənilmədiyinə, bununla da cavabdehin müqavilə şərtlərinə əməl etmədiyinə istinad etməklə, mübahisə predmeti olan müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-cı maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bu Məcəllənin 442-ci maddəsinin tələblərinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür. Bunlardan, birincisi, Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması yoxdur. İkinci hal, Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Bu maddəyə görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Beləliklə iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçının cavabdeh tərəfindən ödənilmədiyinə istinad etdiyi məbləğ müqavilə şərtləri ilə əhatə olunmur, müqavilədən kənar qaydada ödənilməsinə dair razılığa gəlinən bir pul vəsaitidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə cavabdeh mübahisəli məbləği ödəməməklə qanunvericiliyə, əsasən, icra edilməsi vacib olan müqavilə şərtlərini faktiki olaraq pozmadığından iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş xüsusatlar məhkəmə tərəfindən müqavilənin ləğv edilməsinə səbəb ola biləcək əsaslar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləlikləməhkəmənin gəldiyi qənaətə görə, iddiaçının irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından mübahisənin predmeti olan «İddiaçı” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin ləğv edilməsi tələbinə dair «İddiaçı” QSC-nin iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «İddiaçı” QSC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar