Məhkəmə qərarları › İş №2(006)-3030/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3030/2021

15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3030/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı Qazıyeva (Bayramova) İradə Məmməd qızının iştirakı ilə İddiaçı Qazıyeva (Bayramova) İradə Məmməd qızının Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qazıyeva (Bayramova) İradə Məmməd qızı Cavabdeh qarşı «alimentin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək cavabdehdən hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 875 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qazıyeva (Bayramova) Məmməd qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxx 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X12 anadan olmuşdur. Nikahları Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Lakin qətnamədə aliment tələb etmədiyindən həmin hissədə məhkəmə qəbul etməmişdir. Lakin hazırda maddi vəziyyətini nəzərə alaraq aliment tələb edir. Cavabdeh uşağın saxlanılmasına heç bir yardım göstərmir. Uşaq böyüdüyündən məsrəfi də yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını özü çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək hazırki şəraitdə çətindir. Buna görə də aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumu minimal aylıq əmək haqqının miqdarını nəzərə alaraq cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 875 manat pul tutulmalıdır. İddiaçı Qazıyeva (Bayramova) İradə Məmməd qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-5128/2019 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə X8 arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 238 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X5 iddiaçı X8 ilə qalmaları qət edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X12 adlı beş övladları var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının övladlarının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı Qazıyeva (Bayramova) İradə Məmməd qızının xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 875 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı Qazıyeva (Bayramova) İradə Məmməd qızının xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 875 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar