Məhkəmə qərarları › İş №2(006)-3034/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3034/2025

20.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3034/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndələri X3 və X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdehndə Satış Əməliyyatları Departamenti X6 bölgə müdiri vəzifəsindən azad edilməyi barədə 25 iyun 2024-cü il tarixli əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa edilməsi, məcburi işburaxmaya görə ona ödənilməli olan 9000 (doqquz min) manatın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi, ödənilməmiş məzuniyyət günlərinə görə 4052,63 (dörd min əlli iki manat 63 qəpik) manat kompensasiyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehndə Satış Əməliyyatları Departamenti X9 Adminstrator vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə X9 mağaza müdiri, xx.xx.2024-cü il tarixdə şəbəkədə bölgə müdiri vəzifəsinə keçirilmişdir. 2024-cü il iyun ayının əvvəllərində şirkət rəhbərliyindən satış direktoru Rəşad Bilalov iddiaçıya yenidən mağaza müdiri vəzifəsinə keçməyi təklif etmiş, iddiaçı bu təklifi qəbul etməmişdir. Bu təklifi qəbul etməyini bir neçə dəfə israr etdiklərinə baxmayaraq iddiaçı qəbul etməmişdir. İşində heç bir nöqsana yol vermədiyini, yaxşı işinə görə dəfələrlə mükafatlandırıldığını bildirmiş, aşağı vəzifəyə keçirilməyinin səbəbini başa düşmədiyini demişdir. 25 iyun 2025-ci il tarixdə şirkət rəhbərliyi iddiaçıya mağaza müdirliyi vəzifəsini qəbul etməyi, ya da ərizə yazıb işdən getməyi bildirdilər. Beləliklə, işdən çıxmaq üçün ərizə yazmağa məcbur etdilər. İddiaçı bunun qanunsuzluq olduğunu bildirsə də, ona ərizə yazmayacağı təqdirdə heç də yaxşı olmayacağını demişlər. Beləliklə, o, məcbur qalaraq Cavabdehndə Satış Əməliyyatları Departamenti X7 bölgə müdiri vəzifəsindən çıxmağı ilə bağlı ərizə yazmağa məcbur olmuşdur. O, vəzifədən çıxmaq istəyində olmamışdır, işdən çıxmaq üçün ərizəni ona yazmağa məcbur ediblər. Belə ki, cavabdeh tərəfindən iddiaçının ərizə yazdığı gün, yəni xx.xx.2024-cü il tarixdə X7 bölgə müdiri vəzifəsindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən azad edilməyi, aralarındakı əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Cavabdeh əmək müqaviləsinin iddiaçının iradəsinin əleyhinə olaraq pozulmasına nail olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Cavabdeh qanunun bu tələbini pozaraq son haqq-hesabda 47 gün məzuniyyət gününün əvəzinə ödəməli olduğu 4052,63 (dörd min əlli iki manat 63 qəpik) manat kompensasiyanı iddiaçıya ödəməmişdir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq 02 iyul 2024-cü il tarixdə Cavabdeh MMC-ə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi barədə yazılı təklif göndərmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddəti gözlədikdən sonra mediasiya təşkilatına ərizə təqdim edilmişdir. Mediasiya prosesində ilk iclas 06 avqust 2024-cü il tarixə təyin edilmişdir Həmin iclasda cavabdehin nümayəndəsi iştirak edərək işin sazişlə başa çatması üçün çalışacağını bildirmişdir. İclas 12 avqust 2024-cü il tarixə təxirə salınmışdır. Mediasiya sesiyasının 12 avqust 2024-cü il tarixdə cavabdehin nümayəndəsi zəng edərək qarşılıqlı razılaşma üçün əlavə vaxt istəmişdir. Cavabdehin nümayəndəsi Mediasiya sesiyasının 15 avqust 2024-cü il tarixli iclasında iştirak etməmiş, buna görə də mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib edilmişdir. İddia ərizəsi baxılması üçün cavabdehin ünvanını Bakı şəhəri, Xətai rayonu, 8 noyabr pr-ti,15, X14 göstərməklə Xətai Rayon Məhkəməsinə 23 avqust 2023-cü il tarixdə göndərmişdir. Xətai Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(011)-7234/2024 saylı qərardadı ilə cavabdehin ünvanının Bakı şəhəri, Nəsimi rayonu ərazisində olduğundan iddianın aidiyyatı üzrə düzgün verilmədiyi əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göstərilən qərardad elektron məhkəmə sisteminə 26 avqust 2024-cü il tarixdə yerləşdirilmişdir.

3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-də Satış Əməliyyatları Departamenti X6 bölgə müdiri vəzifəsindən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa edilməsi, məcburi iş buraxmaya görə məhkəmə qətnaməsi çıxan günədək ödəməli olduğu əmək haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi və ödənilməmiş məzuniyyət günlərinə görə 4052,63 (dörd min əlli iki manat, altmış üç qəpik) manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-511/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi üzrə “əmrin ləğv edilməsi və s.” tələbinin “istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” hissəsinin ayrılaraq, ayrıca icraatda baxılması, ayrılan tələbə dair iddia ərizəsi üzrə işə yeni nömrə verilməsi qərara alınmışdır.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndələri X8 və X2 iddia tələbinin əsassız olduğunu, bütün sənədləri təqdim etdiklərini bildirdilər və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdilər.

7. Məhkəmə tərəflərin (nümayəndələrin) izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. İddiaçı əmək kitabçasından görünür ki, xx.xx.2020-ci il tarixli əmr ilə Cavabdeh MMC-də Cəmiyyətin Satış Əməliyyatları Departamenti X9 Adminstrator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli əmr ilə həmin şöbəyə Mağaza müdiri vəzifəsinə keçirilib, xx.xx.2024-cü il tarixli əmr ilə X11 X10 müdiri vəzifəsinə keçirilib, xx.xx.2024-cü il tarixdə həmin şöbəyə Bölgə müdiri vəzifəsinə keçirilib, xx.xx.2024-cü il tarixli əmr ilə AR ƏM-nin 68.2 “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə Cavabdeh MMC tərəfindən xitam verilmişdir.

9. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 3 ay müddətinə X6 Satış Əməliyyatları Departamentinə adminstrator vəzifəsinə qəbul edilmişdir. Əsas məzuniyyət müddəti 21 təqvim günü, əmək stajına görə 6 təqvim günü məzuniyyət müəyyən edilmişdir.

10. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 3 ay müddətinə X6 Satış Əməliyyatları Departamentinə adminstrator vəzifəsinə qəbul edilmişdir.

11. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilmiş, xx.xx.2021-ci il tarixdən Cəmiyyətin Satış Əməliyyatları Departamenti X6 tam iş rejimli Mağaza müdiri vəzifəsinə keçirilməsi, Əmək haqqının ştat cədvəlinə uyğun olaraq 685 AZN təşkil etməsi, işçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsi razılaşdırılmışdır.

12. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmiş, “Adminstrator” vəzifəsindən “Mağaza müdiri” vəzifəsinə keçirilmiş, əmək haqqının məbləği 450 manatdan 685 manata dəyişdirilmişdir.

13. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilmiş, xx.xx.2022-ci il tarixdən Cəmiyyətin Satış Əməliyyatları Departamenti X6 tam iş rejimli Mağaza müdirinin əmək haqqının dəyişdirilməsi, Əmək haqqının ştat cədvəlinə uyğun olaraq 1000 AZN təyin edilməsi, işçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsi və əmək haqqının xx.xx.2022-ci il tarixindən tətbiq edilməsi razılaşdırılmışdır.

14. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmiş, əmək haqqının məbləği 685 manatdan 1000 manata dəyişdirilmişdir.

15. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əlavədən görünür ki, aşağıdakılar razılaşdırılmışdır: xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilmişdir. xx.xx.2024-cü il tarixdən Cəmiyyətin Satış Direktorluğunun X9 Tam iş rejimli Mağaza müdiri vəzifəsinə keçirilir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 1000 AZN təşkil edir. İşçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyun əmək haqqı ödənilir.

16. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilmiş, xx.xx.2024-cü il tarixdən Cəmiyyətin Satış Direktorluğunun X9 tam iş rejimli Bölgə müdiri vəzifəsinə keçirilməsi, Əmək haqqının ştat cədvəlinə uyğun olaraq 3413 AZN təşkil etməsi, işçiyə əmək funksiyasını yerinə yetirdiyi saatlara uyğun əmək haqqı ödənilməsi razılaşdırılmışdır.

17. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə dəyişiklik edilmiş, “Mağaza müdiri” vəzifəsindən “Bölgə müdiri” vəzifəsinə keçirilmiş, əmək haqqının məbləği 1000 manatdan 3413 manata dəyişdirilmişdir.

18. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədri X5 ünvanlanmış xx.xx.2024cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi xahiş edilmişdir.

19. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 257-K nömrəli əmrindən görünür ki, İddiaçı - Cəmiyyətin Satış Direktorluğu X6 Bölgə müdirinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə Direktorluğuna həvalə edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas işçinin xx.xx.2024-cü il tarixli ərizəsi olmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçı əmrlə tanış olmuşdur.

20. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə Cavabdeh MMC tərəfindən 257-K nömrəli, xx.xx.2024-cü il tarixli əmr ilə ƏM-nin 68.2.a maddəsinə əsasən tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir.

21. Əmək kitabçasının təhvil alınması barədə çıxarışdan görünür ki, İddiaçı əmək kitabçasını xx.xx.2024-cü il tarixdə təhvil aldığını öz imzası ilə təsdiqləmişdir.

22. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədrinə ünvanlanmış ərizədən görünür ki, ona xx.xx.2022-ci il tarixdən etibarən 30 gün müddətində əmək məzuniyyətinə çıxmağına icazə verilməsini xahiş etmişdir.

23. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 101M nömrəli əmrindən görünür ki, Cəmiyyətin Satış Direktorluğu X6 Mağaza müdiri İddiaçı 2020/2021, 2021/2022-ci iş illərinə görə xx.xx.2022-ci il tarixdən 30 günlük əmək məzuniyyəti verilməsi, məzuniyyət ödənişinin əmək müqaviləsində tənzimlənən qarşılıqlı razılıq əsasında əmək haqqı ödənişi ilə birgə ödənilməsi və xx.xx.2022-ci il tarixdə işə başlamalı olması əmr edilmişdir.

24. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədrinə ünvanlanmış ərizədən görünür ki, ona xx.xx.2022-ci il tarixdən etibarən 31 gün müddətində əmək məzuniyyətinə çıxmağına icazə verilməsini xahiş etmişdir.

25. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 140M nömrəli əmrindən görünür ki, Cəmiyyətin Satış Direktorluğu X6 Mağaza müdiri İddiaçı 2021/2022, 2022/2023-cü iş illərinə görə xx.xx.2022-ci il tarixdən 31 günlük əmək məzuniyyəti verilməsi, məzuniyyət ödənişinin əmək müqaviləsində tənzimlənən qarşılıqlı razılıq əsasında əmək haqqı ödənişi ilə birgə ödənilməsi və xx.xx.2022-ci il tarixdə işə başlamalı olması əmr edilmişdir.

26. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədrinə ünvanlanmış ərizədən görünür ki, ona xx.xx.2022-ci il tarixdən etibarən 5 gün müddətində əmək məzuniyyətinə çıxmağına icazə verilməsini xahiş etmişdir.

27. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 201M nömrəli əmrindən görünür ki, Cəmiyyətin Satış Direktorluğu X6 Mağaza müdiri İddiaçı 2022/2023-cü iş illərinə görə xx.xx.2022-ci il tarixdən 5 günlük əmək məzuniyyəti verilməsi, məzuniyyət ödənişinin əmək müqaviləsində tənzimlənən qarşılıqlı razılıq əsasında əmək haqqı ödənişi ilə birgə ödənilməsi və xx.xx.2022-ci il tarixdə işə başlamalı olması əmr edilmişdir.

28. İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədrinə ünvanlanmış ərizədən görünür ki, ona xx.xx.2024-cü il tarixdən etibarən 12 gün müddətində əmək məzuniyyətinə çıxmağına icazə verilməsini xahiş etmişdir.

29. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 50M nömrəli əmrindən görünür ki, Cəmiyyətin Satış Direktorluğu X6 Mağaza müdiri İddiaçı 2022/2023-cü iş illərinə görə xx.xx.2024cü il tarixdən 12 günlük əmək məzuniyyəti verilməsi, məzuniyyət ödənişinin əmək müqaviləsində tənzimlənən qarşılıqlı razılıq əsasında əmək haqqı ödənişi ilə birgə ödənilməsi, əmək məzuniyyətinin 8 Mart – Qadınlar gününə təsadüf etdiyi üçün 1 t/g uzadılması və xx.xx.2024-cü il tarixdə işə başlamalı olması əmr edilmişdir.

30. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3274 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş mülki iş materiallarında olan tərəflər arasında bağlanmış əmək müqaviləsi və ona əlavə edilən əlavələr, iddiaçıya məxsus əmək haqqı üzrə bank hesabından çıxarış, tabel uçot vərəqələri, son haqq hesab barədə cədvəl məlumatlarına, məzuniyyət əmrlərinə və s. sənədlərə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-də işlədiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın eyni zamanda ödənilməli olan son haqq-hesabın hesablanmasında və ödənilməsində kənarlaşma müəyyən edilməmişdir.

31. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, məhkəməmühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

32. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01638 nömrəli arayışdan görünür ki, hər iki tərəf öz tələblərini sürmüş və mediasiya prosesini davam etdirməyə razılıq verilməmişdir. 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.

33. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7234/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əməkhaqqının əvəzinin ödənilməsi və götürülməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

34. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-511/2025-039 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir.

35. İş materiallarına iddiaçının bank hesabından çıxarış və sığortaolunanın hesab məlumatları da əlavə edilmişdir.

b) Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

2. maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

9. maddə, “x” bəndi. Hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarındandır.

12. maddə, “a” bəndi. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir.

110. maddə, 1. hissə. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

113. maddə, 1-3. hissələr. Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

114. maddə, 2. hissə. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

116. maddə, 1. hissə. Əmək stajından asılı olaraq işçilərə: - beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; - on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; - on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

37. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1, 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

c) Məhkəmənin mövqeyi:

39. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında əmək münasibətləri yaranmışdır. İddiaçı işə qəbul edildikdən sonra bir neçə dəfə vəzifəsi və müvafiq olaraq əmək haqqı artırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə yazaraq həmin tarixdən işdən azad edilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə iddiaçının xahişinə əsasən xitam vermişdir. İddiaçı əmri mübahisələndirmək üçün mediasiya təşkilatına, daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi iddiaçının ərazi aidiyyəti qaydalarına əməl etməməsi səbəbi ilə iddia ərizəsini geri qaytarmış, iddiaçı da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində cavabdehə qarşı iddia tələbi irəli sürmüşdür. Nəsimi Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul etdikdən sonra iddia tələbinin “istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” hissəsinin iddia tələbindən ayrılması və ayrıca icraatda baxılması barədə qərardad qəbul etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-511/2025-039 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir.

40. Ayrılmış hazırkı iş üzrə iddiaçı ödənilməmiş məzuniyyət günlərinə görə 4052,63 (dörd min əlli iki manat, altmış üç qəpik) manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. O, hesab edir ki, cavabdeh onun istifadə edilməmiş 47 məzuniyyət gününün əvəzinə ödənilməli olan 4052,63 manat kompensasiya məbləğini ona ödəməmişdir. Cavabdeh isə iddiaçının son haqq-hesabının ödənildiyini, bütün sənədlərin məhkəməyə təqdim edildiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.

41. Məhkəmə araşdırmaları zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısına “iddiaçıya istifadə edilməmiş məzuniyyət günlərinə görə ödənilməmiş kompensasiya müəyyən edilib-edilməməsi barədə” sual qoyulmuşdur. Ekspert tərəfindən məhkəməyə təqdim edilmiş rəydə göstərilmişdir ki, iş materiallarında olan sənədlərə (əmək haqqı üzrə bank hesabından çıxarışlara, əmək müqaviləsi və ona əlavə edilmiş əlavələrə, son haqqhesab barədə cədvəl məlumatlarına məzuniyyət əmrlərinə) əsasən cavabdeh tərəfindən iddiaçıya istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın əmək müqaviləsinə xitam verilərkən, yəni xx.xx.2024-cü il tarixdə 6.208,69 manat (sonuncu işlədiyi ayın əmək haqqısı 2939,66 manat nəzərə alınmaqla) hesablanaraq əmək haqqı üzrə kart hesabına ödənildiyi müəyyən edilmişdir. Nəticə olaraq ekspert qeyd etmişdir ki, iddiaçının cavabdeh müəssisədə işlədiyi dövrdə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın, eyni zamanda ödənilməli olan son haqq-hesabın hesablanmasında və ödənilməsində kənarlaşma müəyyən edilməmişdir.

42. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəməyə təqdim edilmiş ekspert rəyi mötəbər sübutdur və rəyin mötəbərliyini şübhəli edəcək hər hansı sübut proses iştirakçıları tərəfindən məhkəməyə təqdim edilməmişdir.

43. Fərdi əmək mübahisələrinə məhkəmədə baxılarkən prosessual normalar Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə tənzimləndiyinə görə nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məzuniyyət ərizələrinin işçilərə məcbur yazdırıldığını və məzuniyyətdə olduğuna baxmayaraq işə gəldiyini qeyd etsə də, həmin halları sübut edəcək mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. “İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi” dəlilinə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə təqdim edilmiş ekspert rəyi və iş materialları ilə sübut olunur ki, iddiaçıya istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya əmək müqaviləsinə xitam verilən zaman ödənilmiş və ödənilməmiş kompensasiya müəyyən edilməmişdir.

44. Sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

45. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

46. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

48. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar