Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3036/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 iyun 2001-ci il tarixdə Orta Pərvənd kəndində zabit rütbəsi ilə qulluq edən zaman kəllə boşluğunu dəlib keçən odlu silah gülləsindən yaralanmış, döyüş tapşırığını yerinə yetirən zaman həlak olmuş, şəhid olmuş oğlu Mehdiyev Bəşir Yusif oğlunun sığorta olunmasına görə 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Mehdiyev Bəşir Yusif oğlu 17 iyun 2001 -ci il tarixdə Orta Pərvənd kəndində zabit rütbəsi ilə qulluq edən zaman kəllə boşluğunu dəlib keçən odlıı silah gülləsindən yaralanmış, döyüş tapşırığını yerinə yetirən zaman həlak olmuş və şəhid olmuşdur. Onun vərəsəsi iddiaçı, anası X5, bacısı X11 və qardaşı X4r. Onlar şəhid ailəsi olmasına baxmayaraq, mərhum şəhid oğlu Mehdiyev Bəşirin ölümünə görə sığorta ödənişi almamışlar. Bununla bağlı ünvan sahibini səhv salaraq Naxyıvan Muxtar Respublikası Naxçıvan səhər Dövlət Sığorta Agentliyinə müraciət etsə də, müddət keçdiyinə görə iddiaçıya sığorta ödənişi verilməsindən imtina olunmuşdur. Səbəb kimi "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin sonuncu abzası göstərilərək sığorta hadisəsi baş verəndən üç illik müddət keçdiyinə görə sığorta ödənişi verilməsindən imtina olunmuşdur.Sonradan iddiaçıya məlum oldu ki, həmin sığorta məbləği Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkəti tərəfindən verilməlidir. İddiaçı ərizə göndərərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 №-li Sahə İnzibati Ərazi X9 tərəfindən verilmiş, 01 mart 2021-ci il tarixli, 05/441 №-li arayışdan görünür ki, atası İddiaçı, anası X3, bacısı X5, bacısı X12 və qardaşı X1 Bəşir Yusif oğlunun vərəsələridir. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 №-li Sahə İnzibati Ərazi X9 tərəfindən verilmiş, 01 mart 2021-ci il tarixli, 05/442 №-li arayışdan görünür ki, Mehdiyev X8 şəhəri, İ.Səfərli küç., ev 24 ünvanında 17 iyun 2001-ci il tarixədək qeydiyyatda olmuşdur. 14 sentyabr 1983-cü il tarixli, İХ-ЖГ seriyalı, № 325114 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mehdiyev Bəşir Yusif oğlu 09 iyul 1977-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş və bu barədə akt eydləri kitabında 30.11.1977-ci il tarixdə 750 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası isə X2r. 21 iyun 2001-ci il tarixli, AZ seriyalı, № 079769 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mehdiyev Bəşir Yusif oğlu 17 iyun 2001-ci il tarixdə Ağdam rayonunda kəllə boşluğunu dəlib, keçən odlu silah yaralanaraq döyüş tapşırığını yerinə yetirərəkən həlak olmuş və bu barədə 21.06.2001-ci ildə ölüm haqqında akt qeydləri kitabında 161 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. 4-cü maddəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; 7-ci maddəsinə əsasən həlak olması (ölümü) halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; - vərəsəlik hüququnu təsdiq edən sənəd; - sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının oğlu hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuşdur. Belə olan halda, iddiaçının atası haqlı olaraq hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını və təqdim olunmuş sənədləri əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləği iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3036/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3036/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver