Məhkəmə qərarları › İş №2(006)-3052/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3052/2021

19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3052/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxx 2013-cü il tarixdə nikaha daxil olmuşlar və nikahları 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 439 № ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı iki övladları dünya gəlmişdir. Cavabdeh ilə birgə yaşadıqları dövrdə aralarında mehriban münasibət olmuşdur, lakin son dövrdə ona qarşı münasibəti tamamilə dəyişmiş və bu səbəbdən 2020-ci ilin avqust ayının 15-dən uşaqlarla birlikdə anasının yaşadığı ünvana köçmüş, həmin vaxtdan da uşaqlarla da heç bir maddi yardım göstərmir. İddiaçı nikahın pozulması barədə məhkəmə qarşısında iddia qaldırmamış, belə bir fikri də yoxdur, lakin uşaqları saxlamaq üçün maddi cəhətdən çox çətinlik çəkir. Göstərilənlərə əsasən iddianın təmin olunması, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər uşaq üçün xx xxxxxx 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 170 (bir yüz yetmiş) manat, xx.xx.2021-ci il tarixdən isə yetkinlik yaşlarına çatanadək hər uşaq üçün ayda 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, tələb olunan məbləğdə alimenti ödəməkdə çətinlik çəkdiyini bildirərək, iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X3 xx xxxx 2013-cü il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 439 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ № 498957 seriya nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İV № 073174 seriya nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuş, ailə münasibətləri pisləşdiyi üçün səkkiz aydır ki, bir yaşamırlar. Uşaqlar ana ilə birlikdə yaşayırlar. İddiaçı uşaqların saxlanılmalarında maddi çətinlik çəkir və sabit pul məbləğində aliment tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafeyini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Bundan əlavə, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasının əvvəlki dövr üçün hesablanması barədə iddia tələbinin hissəsinə də qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu normanı müəyyənləşdirərkən qanunvericilik belə bir müddəanı əsas götürür ki, aliment almaq hüququ olan şəxs bu hüququ öz iradəsi ilə həyata keçirməyibsə, bunun mənfi nəticələri onun üzərinə düşür. Ailə Məcəlləsinin 100.3-cü maddədə müəyyən edilmiş hallarda keçmiş müddət üçün aliment tutula bilər. Aliment almaq üçün məhkəməyə müraciət edənədək iddiaçının tədbirlər görməsini, lakin alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını məhkəmə müəyyən etdikdə, əvvəlki dövr üçün də aliment tutula bilər. Qanunda bu müddət 3 illik müddətlə məhdudlaşdırılıb. Səbəbindən asılı olmayaraq, keçmiş müddət üçün 3 ildən artıq ödənişə yol verilmir. Aliment almaq üçün iddiaçının tədbirlər görməsi dedikdə, aliment ödəməli şəxsə dəfələrlə müraciət edilməsi, saziş əldə etmək, onun yaşayış, iş və təhsil yerini aşkar etmək üçün cəhdlər göstərilməsi, onun axtarışı və s. nəzərdə tutulur. İşə baxılarkən iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək cavabdehə bununla əlaqədar müraciət edilməsi, onun yaşayış və ya iş yerinin aşkar olunması üçün tədbirlər görməsini, bununla bağlı ona müraciət etməsini və cavabdehin bu hallardan qəsdən yayınmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia alimentin əvvəlki dövrə görə hesablanması hissəsində təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx xxxx 2021-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18 mart 2021-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18 mart 2021-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar