Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3053/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda ikinci dərəcə əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-ci il tarixindən 1994-cü il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına daxil olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, süverenliyi uğunda gedən Qarabağ döyüşlərində iştirak etmişdir. İddiaçı Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı baş nahiyyəsindən qəlpə yarası alaraq ağır kontuziya keçirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hospitalında müalicə olunsa da başından aldığı ciddi yaralar səbəbindən 2-ci qrup Qarabağ əlili kimi status verilmişdir. İddiaçı hazırki vaxta qədər 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi xahişi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, onun müraciətinə imtina cavabı verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, cavabdeh Şirkət tərəfindən xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş ******* (üç milyon üç yüz min) manat, yeni manatla 660 AZN sığorta haqqının ona ödənildiyini, lakin səhhətində yaranan xəstəliklərin aradan qaldırılması ilə əlaqədar qanunda ikinci dərəcə əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iddianı qəbul etməyib, İddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikasının müdafiəsində yaralanması səbəbindən ikinci dərəcə əlil olması ilə əlaqədar müvafiq qanuna uyğun olaraq ******* (üç milyon üç yüz min) manat, yeni manatla 660 (altı yüz altmış) AZN sığorta məbləği ödənildiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 21 №-li Zona Tibbi Sosial Ekspert Komissiyasının 317024 №-li arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının surətindən görünür ki, İddiaçı Silahlı Qüvvələrin Məhkəmə X1 məhkəmə tibbi müayinəsi zamanı “Mərmi partlaması nəticəsində yaranmış qəlpə yaralnmalarından sonra sol mil bilək oynağının bayır səthində, sol baldırın bayır səthinin aşağı və yuxarı 1/3-də və sol budun yuxarı 1/3-nin bayır səthində çapıq toxumaları” diaqnozu qoyulmuşdur. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, elektron informasiya bazasının məlumatına əsasən Sığorta Şirkəti tərəfindən İddiaçı xx.xx.1999-cu il tarixdə 330000 (üç milyon üç yüz min) manat, yeni manatla 660 (altı yüz altmış) AZN ödənilmişdir. Mülki işin materiallarında olan 268219 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinin iddiaçının ordu sıralarına daxil olduğu dövrdə qüvvədə olmuş redaksiyası müəyyən edirdi ki, “hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdırlar. Sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir”. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Qanun müəyyən edir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Dövlət Sığorta Kommersiya Şirkəti) (maddə 3). Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir (maddə 4). Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir. a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. xx xxx 1997-ci ildə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydasını və şərtlərini müəyyən edən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilmişdir. xx xxxxxxx 2006-cı ilədək qüvvədə olmuş "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən İİ-ci qrup əlillik dərəcəsi təyin edilmiş şəxslərə (1100 manatın 60%-i) 660 manat sığorta məbləği ödənilməsi nəzərdə tutulurdu. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikasının müdafiəsində yaralanması səbəbindən ikinci dərəcə əlil olmuş, ona xx.xx.1999-cu il tarixdə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda ikinci dərəcə əlillər üçün nəzərdə tutulmuş ******* (üç milyon üç yüz min) manat, yeni manatla 660 (altı yüz altmış) AZN sığorta məbləği ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair qərarında qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı 2-ci dərəcə əlil olması ilə əlaqədar qanunverciliyə əsasən 1.100 (min yüz) manat sığorta məbləğinin 60 (altmış) faizi, yəni 660 (altı yüz altmış) manat məbləğində sığorta məbləği ödənildiyindən, onun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda ikinci dərəcə əlillər üçün nəzərdə tutulmuş 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3053/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3053/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver