Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3055/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X10 1993-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb və N saylı hərbi hissənin şəxsi heyat siyahısına salınıb və həmin vaxtdan da cəbhə bölgəsində erməni işgalçılarına qarşı gedən döyüşlərdə iştirak edib. 1993-cü ildə gedən döyüşlərdə ağır yaralanıb, bununla bağlı hərbi hospitalda müalicə olunub. İddiaçının atasına İ qrup əlillik dərəcəsi verilmiş, əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. X1 21.05.2004-cü ildə rəhmətə gedib. İddiaçı (vərəsəsi) sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh tərəfə ərizə ilə müraciət etmişdir, lakin heç bir tədbir görülməmişdir və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən cavab verilməmişdir. Cavabdeh tərəf qanunvericilikdə nəzərdə tutulmuş icbari sığorta məbləğini iddiaçıya ödəməyə borcludur, lakin icbari sığorta ödənilməsindən imtina etmələri nəticəsində onun hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən iddiaçının atası hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 8.800 manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 03.03.1992ci il tarixli XVİ-JQ № 444188 seriya nömrəsi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X2r. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 20.08.1994-cü il tarixli İİ-JQ № 289306 seriya nömrəsi boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 arasında olan nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı zona TSEK-də müayinə aktından TSE-0 seriyalı 165867 nömrəli çıxarışın kserosurətindən görünür ki, X10 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci qrup əlilidir. İşdə olan Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş 02.06.2004-cü il tarixli AZ-İ № 101473 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21.05.2004-cü ildə ölmüşdür, bu barədə 02.06.2004-cü ildə ölüm haqqında akt qeydləri kitabında 255 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi miokartı infarktdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin X4 ünvanladığı 19.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20.05.1997-ci il tarixli Qanunun 5-ci maddəsinin «b» bəndinə əsasən sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, kontuziya, travma), xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra 3 il müddətində öldükdə sonra ödənişi verilir. İ.M.Mehbaiyev həbri xidmətdən tərxis olunandan üç il sonra, yəni 21.05.2004-cü ildə vəfat etmişdir. Ona görə də İ.M.Mehbaliyevin həlak olması ilə əlaqədar mərhumun varislərinə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş materiallarında olan X14 və X13 tərəfindən verilmiş və Bakı şəhəri 41 saylı və 8 saylı notariat ofislər tərəfindən təsdiq edilmiş ərizələrdən görünür ki, onlar 21.05.2004-cü il tarixdə vəfat etmiş X3 qalan sığorta ödənişinin oğlu İddiaçı verilməsinə etiraz etmirlər, razıdırlar. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının atası X12 hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə birinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 80 faizi, yəni 8800 manat iddiaçıya (atası X5 vərəsəsi kimi) ödənilməlidir. Məhkəmə cavabdeh tərəfin 3 illik müddət keçməsi ilə əlaqədar sığorta ödənişinin verilməsindən imtinası ilə əlaqədar qeyd edir ki, sığorta olunan üç il müddətində öldükdə sığorta ödənişi verilir. Hazırda cavabdehin iddiaçnıın atası İ.Mehbaliyevin 21.05.2004-cü ildə vəfat etməsi ilə əlaqədar imtinası iddia predmetinin əsasını təşkil etmir. Belə ki, iddiaçının atası İ.Mehbaliyev hərbi xidmət keçdiyi dövrdə xəsarət almış, bununla bağlı ona birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkitz min səkkiz yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində şəxsi icbari sığorta ödənişi alınaraq İddiaçı (X6 vərəsəsi kimi) ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3055/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3055/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver