Məhkəmə qərarları › İş №2(006)-3057/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3057/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3057/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Azərbacan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində, ədliyyə kapitanı rütbəsində çalışır. 21 dekabr 2019-cu il tarixdə saat 19 radələrində xidməti fəaliyyəti zamanı Gəncə şəhərində ezamiyyətdə olarkən Gəncə Hərbi Məhkəməsinin inzibati binasının qarşısında sağ ayağı burxularaq “sağ qamış sümüyünün distal metafizinin qapalı oynaq daxili sınığı” xəsarəti almışdır. İddiaçının aldığı xəsarətlə bağlı xidməti yoxlama aparılması üçün tərəfindən Respublika Hərbi Prokurorluğuna müraciət edilmiş, komissiyanın qərarına əsasən, xidməti fəaliyyəti zamanı xəsarət aldığı müəyyən olunmuş və sığorta ödənişi almaq üçün arayış verilmişdir. İddiaçı 2020-ci ilin may ayının əvvəllərində həmin arayışla yanaşı Dövlət Sığorta Şirkətinə son 5 illik əmək haqqının aylar üzrə cədvəl şəklində arayışını və aldığı xəsarətlə bağlı verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini də təqdim etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X1 05.03.2020-ci il tarixli 333 saylı rəyinə əsasən, iddiaçının aldığı xəsarət az ağır xəsarət növü kimi qiymətləndirilmiş və əmək fəaliyyətinin uzun müddətə pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilmiş orta aylıq əmək haqqının cəmi barədə arayışa əsasən, həmin məbləğ 2557 manat 88 qəpik təşkil etmişdir. Lakin Dövlət Sığorta Şirkəti tərəfindən aparılan araşdırma nəticəsində ekspertin qərarına məhəl qoyulmadan, həqiqətə uyğun qərar verilməyərək və heç bir əsas olmadan iddiaçının aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilərək ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi ayrılmışdır. Lakin həmin məbləğ də natamam şəkildə hesablanmış, yalnız aylıq əmək haqqı nəzərə alınaraq iddiaçıya 15342 manat əvəzinə 9644 manat ödənilmişdir. Həmçinin iddiaçıya sığorta ödənişi 7 gün ərzində verilməli olduğu halda, xeyli müddətdən sonra ödənilmişdir. Sığorta ödənişi ayrılarkən qanunvericiliyin tələbləri nəzərə alınmamış, düzgün hesablanma aparılmamış, iddiaçıya 30684 manat ödənilməli olduğu halda, 9644 manat pul verilmişdir. Göstərilənlərə əsasən iddiaçıya ödənilməli olan sığorta ödənişinin məbləğinin düzgün hesablanması, iddiaçıya əlavə olaraq 21040 manat sığorta ödənişinin və müvafiq dəbbə pulunun ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən verilmiş 03.03.2020-ci il tarixli, 333 saylı ekspert rəyindən görünür ki, İddiaçı almış olduğu xəsarət-sağ qamış sümüyünün distal metafizinin qapalı oynaq daxili sınığı, bərk küt əşyanın (əşyaların) təsirindən müxtəlif şəraitlərdə törənə bilərdi, şəxsin müayinə zamanı özünün göstərdiyi tarixdə (21.12.2019) və şəraitdə də əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə özündən sonra uzun müddət müalicə tələb edən sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş 30.03.2020-ci il tarixli əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı orta aylıq əmək haqqı məbləği 2557,88 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 07.05.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı əlavə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 21.12.2019-cu il tarixdə xidməti vəzifələrini icra etdiyi zaman az ağır dərəcəli xəsarət almış, bununla bağlı iddiaçının aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilərək ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi ayrılmışdır. Hazırda iddiaçı ona ödənilməli olan qalan sığorta məbləğini tələb edir. İşin faktiki hallarından görünür ki, mübahisənin mahiyyətini 2 xüsusat təşkil edir: əmək haqqının məbləği hesablanarkən tərkibinə hansı ödənişlərin daxil edilməsi və xəsarətin dərəcəsinə görə sığorta ödənişinin hesablanması. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən həmin qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5-ci maddəsinə görə prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Eyni Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Göstərilən Qanunun 20.9-cu maddəsinə görə prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək haqqının tərkibinə sığorta şirkətinin istinad etdiyi kimi yalnız aylıq əmək haqqı və maaşa əlavələr deyil, bütün ödənişlər nəzərə alınmalıdır. “Məhkəmə və hüquq - mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir:... sığorta olunan ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Normanın məzmunundan göründüyü kimi, qeyd olunan qanunda xəsarətin 2 növü fərqləndirilir: ağır və yüngül xəsarət. “Sağlamlığa zərər vurmanın məhkəmə tibbi ekspertizası qaydaları” və “Canlı şəxslərin məhkəmə tibbi ekspertizası qaydaları haqqında” əsasnaməyə əsasən yüngül xəsarət dedikdə sağlamlığın qısa müddətə pozulması, yəni, əmək qabiliyyətinin 21 gündən az olan müddətə müvəqqəti itirilməsi, az ağır xəsarət dedikdə isə sağlamlığın uzun müddətə, yəni, 21 gündən çox olan müddətə müvəqqəti itirilməsi, ümumi əmək qabiliyyətinin 10%-dən 33% -ə qədər hissəsinin dayanıqlı itirilməsi başa düşülür. İşin hallarından göründüyü kimi, İddiaçı aldığı xəsarət yüngül xəsarətin əlamətlərinə uyğun deyildir və az ağır xəsarət kimi qiymətləndirilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, qanunvericilikdə xəsarətin yalnız 2 növünün qeyd olunması, az ağır xəsarətin qeyd edilməməsi şəxsin almış olduğu xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi və buna uyğun olaraq sığorta ödənişinin məbləğinin hesablanması üçün əsas ola bilməz və ekspert rəyinə əsasən xəsarət az ağır kimi qiymətləndirildiyindən sığorta ödənişinin hesablanması ağır xəsarətə görə aparılmalıdır. Məhkəmə hesab edir ki, 5 illik əmək haqqının məbləği 153.420 manat olduğu, həmin məbləğin 20%-in 30684 manat təşkil etməsi və sığorta şirkəti tərəfindən 9644 manat məbləğində ödənilməsi nəzərə alınaraq qalan məbləğ- 21040 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, məhkəmə iddia tələbinin “müvafiq dəbbə pulunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 21040 (iyirmi bir min qırx) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 21040 (iyirmi bir min qırx) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar