Məhkəmə qərarları › İş №2(006)-3083/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3083/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3083/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə İddiaçı məxsus 5 (beş) illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsinə dair vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabitidir, 04 avqust 2001-ci il tarixindən 28 sentyabr 2019cu il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Müdafiə nazirinin müvafiq nömrəli məxfi əmrinə əsasən “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin” subyekti olaraq xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində N (on bir) il müddətində xüsusi şəraitdə xidmət keçmişdir. Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli 0699 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 5282 nömrəli xəstəlik şəhadətnaməsində xəstəliyinin səbəbli əlaqəsi kimi qeyd edilmişdir ki, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli Qərarı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” iddiaçıya ikinci dərəcəli müharibə əlilliyi təyin olunmuşdur. Həmçinin, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq, ikinci dərəcəli müharibə əlili vəsiqəsi ilə də təmin olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ikinci dərəcəli əlil olduğuna görə iddiaçıya 2020-ci ildə “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin” subyekti olması nəzərə alınmadan, qanunsuz şəkildə digər hərbi qulluqçular kimi cəmi 6500 (altı min beş yüz) manat məbləğində sığorta pulu ödənilmişdir ki, bu da iddiaçını qane etmir və qanunvericiliyin tələblərinə ziddir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin” subyekti olduğuna görə 5 (beş) illik pul təminatı məbləğində sığorta pulu ödənilməli idi. Bununla əlaqədar iddiaçı cavabdehə 31 yanvar 2022-ci il tarixində rəsmi şəkildə müraciət edərək, “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin” subyekti olması nəzərə alınmaqla ona 5 (beş) illik pul təminatı məbləğində sığorta pulunun ödənilməsini xahiş etmişdir. Cavabdehin 14 fevral 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron informasiya bazasının məlumatına əsasən 13 yanvar 2022-ci il tarixində 6600 (altı min altı yüz) manat sığorta məbləği Sizin bank hesabınıza köçürülmüşdür. Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılır və bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Şirkət arasında imzalanmış müvafiq müqaviləyə görə, Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası yalnız “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu Qanun sığorta ödənişlərinin qayda və şərtlərini müəyyən edir. Buna görə də Sizə əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkündür”. Cavabdehin mövqeyi həqiqəti əks etdirmədiyindən, qanunverciliyə zidd olduğundan və iddiaçını qane etmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə çağırıldığına, hərbi qulluqçu statusunu əldə etdiyinə, dövlət tərəfindən şəxsi icbari sığorta edildiyinə, həqiqi hərbi xidmət zamanı sağlamlığını itirdiyinə və bunun nəticəsində əlil olduğuna görə qanunla müəyyən edilmiş qaydada və məbləğdə sığorta ödənişini almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən görünür ki, iddiaçıya sığorta ödənişini məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirməlidir. Lakin cavabdeh “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna və Müdafiə Nazirliyi ilə arasında bağlanmış müqaviləyə istinad edərək, iddiaçıya cəmi 6500 manat məbləğində sığorta ödənişinin edildiyini qeyd etməklə işini bitmiş hesab edir. Cavabdeh həm sığorta ödənişini həyata keçirərkən, həm də iddiaçının rəsmi müraciətinə imtina cavabı yazarkən nədənsə Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanununun tələblərinə riayət etmək istəməmişdir. İddiaçı 11 ildən artıq müddətdə kəşfiyyat subyekti olmuş və dövlətin mənafeyi üçün xarici ölkədə məxfi tapşırıqları icra etmişdir. Elə bu dövrdə də sağlamlığını əhəmiyyətli dərəcədə itirərək əlil olmuşdur. İddiaçı cavabdehdən nə borc, nə də kredit istəmir. İddiaçı ölkənin qanunlarına riayət edərək ona çatası sığorta pulunu istəyir ki, cavabdeh də bundan qanunsuz şəkildə imtina edir. Cavabdehin Müdafiə Nazirliyi ilə arasında olan müqaviləyə istinad edərək sığorta ödənişindən qanunsuz şəkildə imtina etməsi bəhanəsi də absurd və gülünc səslənir. Belə ki, cavabdehlə Müdafiə Nazirliyi arasında bağlanmış ikitərəfli müqavilə heç bir halda öz hüquqi çəkisinə görə Konstitusiyanın tələblərindən üstün ola bilməz. Onların arasında bağlanmış müqavilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun tələblərinə zidd olmuşdur. Ona görə də həmin müqavilə sığortaolunanın vəziyyətini pisləşdirən şərtlərlə bağlandığından cavabdeh qanunla nəzərdə tutulmuş sığorta pulunu iddiaçıya ödəməlidir. Göründüyü kimi, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olarkən sağlamlığını itirərək əlil olduğuna görə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya 5 illik pul təminatı məbləğində cavabdeh tərəfindən sığorta pulunun verilməsindən imtinası qanunsuz, əsassız, ədalətsizdir, iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyində və onun tərəfdar çıxdığı beynəlxalq qanunvericilikdə təsbit olunmuş hüquqlarını kobud şəkildə pozur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona 5 illik pul təminatı məbləğində sığorta ödənişinin həyata keçirilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini bildirmiş, iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, İddiaçı hərbi qulluqçu statusuna malik olmuş, xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və AR MN-in 0699 №-li xx.xx.2019-cu il tarixli əmrinə əsasən xəstəliyinə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Şəxsə hərbi xidmət dövründə xəstələnməsinə görə, təqdim olunmuş sənədlərə əsasən, 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra şəxs sığorta ödənişinin alınması üçün şirkətə müvafiq sənədlərlə müraciət etmişdir. Təqdim edilmiş sənədlərə uyğun olaraq xx.xx.2020-ci il tarixində 6600 manat sığorta ödənişi həyata keçirilmişdir. Hərbi qulluqçuların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortasının qayda və şərtləri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanun hərbi qulluqçu statusuna malik bütün şəxslər üçün dövlət icbari şəxsi sığortanın təşkili və həyata keçirilməsinin ümumi qaydalarını və şərtlərini, habelə sığorta haqqının, sığorta məbləğinin, baş vermiş sığorta hadisəsinə uyğun olaraq sığorta məbləğindən ödəniləcək sığorta ödənişinin faiz nisbətlərini konkret olaraq təsbit etmişdir. Hazırki iş üzrə iddiaçı Qanuna və təqdim olunmuş sənədlərə əsasən, sığorta olunan hərbi qulluqçu olmaqla, Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətdə olmuşdur. Nazirliklə Şirkət arasında Qanunun qüvvəyə minməsindən sonra 2022-ci ilə qədər, hər il hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 1 il müddətinə olmaqla, müqavilələr bağlanmış, müqavilələrə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının həyata keçirilməsi Qanunla müəyyən edilmiş qayda və şərtlərə uyğun olaraq həyata keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmətdə olan hərbi qulluqçu olduğuna görə, Nazirliklə Şirkət arasında bağlanmış müqaviləyə uyğun olaraq şəxs hərbi qulluqçu kimi Qanun əsasında sığortalanmış, həmin hərbi qulluqçuya Nazirlik tərəfindən digər hərbi qulluqçularda olduğu kimi, Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin 1%-i, yəni 110 manat sığorta ödənilmişdir. Buna uyğun olaraq, sığorta olunan 11000 manat məbləğində icbari şəxsi sığorta edilmişdir. Şirkətlə Müdafiə Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə yalnız 1 müqavilə bağlandığına və sığorta məbləği 11000 manatla məhdudlaşdırıldığına görə sığorta hadisəsinin baş verdiyi halda sığortaçı Şirkət tərəfindən yalnız Qanuna və müqaviləyə uyğun olaraq müəyyən edilmiş faiz nisbətlərində sığorta ödənişi verilir. İddiaçının iddia tələbini irəli sürərkən bunu “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsinə əsasən, 5 illik pul təminatı məbləğində sığortalaması ilə əlaqədar əsaslandırılmasına münasibətdə bildirilir ki, qeyd olunan maddi hüquq norması öz-özlüyündə realizə olunmur. Onun həyata keçirilməsi üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaçıya, yəni Şirkətə qanunverciliyə uyğun olaraq sığorta haqqı ödənilməlidir. Bu isə “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə həyata keçirilməlidir. Hazırki iş üzrə əgər iddiaçının xidmət etmiş olduğu qurum onu adıçəkilən Qanuna uyğun olaraq sığorta etmiş olsaydı, bu halda iddiaçının tələbi haqlı olardı. Lakin sığortalı qurum şəxsi yalnız Qanuna əsasən sığorta etdiyindən bunda sığortaçı Şirkətin hər hansı məsuliyyəti mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 897.3-cü maddəsindən də göründüyü kimi, əgər sığortalı qurum sığorta olunanın xeyrinə bağlamış olduğu icbari sığorta müqaviləsini qanunvericiliklə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağlamışsa, bu zaman öhdəlik sığortalı qurumun üzərinə düşür və sığortaçının məsuliyyəti istisna olunur. Göstərilənlərə əsasən, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bundan sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə münasibət bildirmiş və qeyd etmişdir ki, etiraz əsassız və qanunaziddir. İddiaçının iddiası isə qanunidir, əsaslıdır və buna görə də təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 iddianı qəbul etməyib, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini, etirazı və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Region” X1 xx.xx.2018-ci il tarixli 663 saylı arayışından görünür ki, həmin Mərkəzin hərbi qulluqçusu mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. Xəstəliyi ilə əlaqədar olaraq 2015-ci ildən etibarən Silahlı Qüvvələrin Mərkəzi Hərbi Kiliniki Hospitalında bir neçə dəfə stasionar müalicə almışdır. Xəstəliyi hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. Mülki işin materiallarında olan hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, sığortalı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin müqaviləni bağlamışlar. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Region” X1 xx.xx.2019-cu il tarixli 383 saylı arayışından görünür ki, həmin Mərkəzin hərbi qulluqçusu mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. Mülki işin materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklikinasının hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 5282 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, “Xəstəliklər cədvəli”nin 52b maddəsinin fərdi qiymətləndirilməni nəzərdə tutması və İddiaçı ehtiyata buraxılması nəzərə alınaraq, şəhadətləndirilərkən hərbi xidmətə yararlılığı “C” kateqoriyası üzrə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarının çıxarılmasına əsas vermişdir. Mülki işin materiallarında olan “Region” X3 rəisinin 28 sentyabr 2019-cu il tarixli 238 №-li əmrindən çıxarışda qeyd olunmuşdur: “Mayor İddiaçı “Region” X1 1-ci şöbənin istiqamətinin bölgə müxbiri, Azərbaycan Respublikası Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli 0699 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 28 sentyabr 2019-cu il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Yasamal Rayon İdarəsinə göndərilsin. Mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmrinə əsasən 2019-cu ilin yanvar-avqust ayları üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını 50% həcmdə almağa layiqdir. 2019-cu ilin növbəti məzuniyyətindən tam istifadə edib, 2019-cu il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ödənilib, 2019-cu il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. Mayor İddiaçı xəstəliyə görə ehtiyata buraxılması ilə əlaqədar 5 (beş) aylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilsin”. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 338 nömrəli arayışından görünür ki, 1984-cü il təvəllüdlü mayor İddiaçı həqiqətən xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və AR MN-nin 0699 №-li xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata tərxis olunub. Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq nömrəli əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsində hərbi qeydiyyatdadır. Mülki işin materiallarında olan “Region” X3 tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, mayor İddiaçı “Region” X2 çalışdığı müddətdə özünü nizam-intizamlı, bacarıqlı və işgüzar bir zabit kimi göstərmişdir. Vəzifə borclarına məsuliyyətlə yanaşır. Bilik və bacarığından istifadə edərək çalışdığı şöbənin işinə dəstək olur. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışır. Çalışdığı şöbədə işi qənaətbəxşdir və rəhbərlik tərəfindən bir neçə dəfə həvəsləndirilmişdir. Özünə qarşı tələbkardır. Mənəviyyatca təmizdir. Səliqəlidir. Kollektivdə yoldaşları arasında hörmət qazanmışdır. Vətənpərvərdir. Azərbaycan dövlətinə və xalqına sadiqdir. Dövlət sirrini qorumağı bacarır. Mayor İddiaçı həqiqi hərbi xidmət dövründə bir neçə dəfə səhhəti ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklikinasına müraciət etmiş və Silahlı Qüvvələrin Baş Kiliniki Hospitalında bir neçə dəfə müalicə almışdır. Mülki işin materiallarında olan Tibbi Sosial-Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli təkrar müayinəyə əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Əmək zəmanəti barədə qeyd hissəsindən görünür ki, yüngül işlərdə işləyə bilər. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli 20030446 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup müharibə əlilliyinə görə 230 (iki yüz otuz) manat Prezident təqaüdü alır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli xx-xx-0048 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin elektron informasiya bazasının məlumatına əsasən 13 yanvar 2020-ci il tarixdə 6600 (altı min altı yüz) manat sığorta məbləği İddiaçı bank hesabına köçürülmüşdür. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılır və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Şirkət arasında müqavilə bağlanılır. AR Müdafiə Nazirliyi ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında imzalanmış müqaviləyə görə Müdafiə Nazirliyinin hərbi qulluqçularının icbari sığortası, yalnız “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunla tənzimlənir və bu Qanun sığorta ödənişlərinin qayda və şərtlərini müəyyən edir. Buna görə də İddiaçı əlavə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 8/2875 nömrəli cavab məktubundan görünür ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Müdafiə Nazirliyi tərəfindən başqa əsaslarla sığorta müqaviləsi bağlanmamışdır. Əlavə olaraq bildirilmişdir ki, “Kəşfiyyat və əkskəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində sığortaedən tərəfindən ödənilən sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları da göstərilən qanunun tələbləri ilə deyil, digər hərbi qulluqçular kimi ümumi əsaslarla sığortalanırlar. Eyni zamanda bildirilmişdir ki, Müdafiə Nazirliyi tərəfindən İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 noyabr tarixli müvafiq qərarına uyğun olaraq 3 illik pul təminatı miqdarında kompensasiya ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabitidir, 04 avqust 2001-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Müdafiə nazirinin müvafiq nömrəli məxfi əmrinə əsasən “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin” subyekti olaraq xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində N (on bir) il müddətində xüsusi şəraitdə xidmət keçmişdir. İddiaçı Müdafiə nazirinin 16 sentyabr 2019-cu il tarixli, 0699 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2019-cu il tarixli təkrar müayinəyə əsasən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ikinci dərəcəli əlil olduğuna görə iddiaçıya 13 yanvar 2020-ci ildə 6600 manat məbləğində sığorta pulu ödənilmişdir. Hazırda iddiaçı iddia edir ki, ona kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq 6600 (altı min altı yüz) manat məbləğində deyil, 5 (beş) illik pul təminatı məbləğində sığorta pulu ödənilməlidir. Lakin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Müdafiə Nazirliyi iddiaçıya edilmiş ödənişin qanunvericiliyə və aralarındakı müqaviləyə uyğun olduğunu bildirirlər. Yuxarıda müəyyən edilmiş mübahisəsiz hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə görə, ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qanunun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Sözügedən Qanunun 6-cı maddəsinə müvafiq olaraq, sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya ödəyir. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir. Sığortaolunanlar hərbi qulluqçu statusu əldə etdikləri gündən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 907.1-ci maddəsinə görə, icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. Mülki Məcəllənin 907.2-ci maddəsinə əsasən, icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Yuxarıda qeyd olunan normalardan müəyyən olunur ki, icbari sığortalar üzrə sığorta hadisəsi hesab edilən hallar ödənilməli olan sığorta haqqı, sığorta ödənişinin həddi və hətta sığortaçı belə qanunla müəyyən edilsə də, icbari sığortalanmanın həyata keçirilməsi üçün imperativ olaraq sığorta etdirən müvafiq icra hakimiyyəti orqanı ilə sığortaçı arasında icbari sığorta müqaviləsinin bağlanması və qanunla müəyyən edilmiş sığorta ödənişinə uyğun müvafiq sığorta haqqının ödənilməsi tələb olunur. Məhkəmə baxışı zamanı təqdim edilmiş sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığortalı Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 01 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən, “sığortaçı” “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qüvvədə olan Qanununa əsasən “sığorta olunan”ların icbari şəxsi sığortasının həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa uyğun olaraq hər bir hərbi qulluqçu 11000 (on bir min) manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında – yəni 110 (yüz on) manat müəyyən edilir və “Sığortalı” tərəfindən “Sığortaçı”nın bankdakı hesabına ödənilir. Müqavilənin 5-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına baxmayaraq, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda 60 faiz nisbətində sığorta ödənişi verilir. İşin hallarından görünür ki, iddiaçı hərbi qulluqçu statusu ilə yanaşı, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmuşdur. Bu baxımdan iddiaçıya sığorta ödənişinin məhz “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş həddə ödənilməli olması qanunla nəzərdə tutulsa da, hazırki halda sığorta ödənişinin həmin Qanunla müəyyən edilmiş təminata uyğun olaraq verilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 01 yanvar 2019-cu il tarixli müqavilə bağlanmış, həmin müqavilədə isə sığorta təminatı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna uyğun olaraq deyil, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanuna uyğun olaraq hesablanmışdır. Mülki Məcəllənin 897.2-ci maddəsinə görə, xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 897.3-cü maddəsinə əsasən, icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Sadalanan normaların məzmunundan da göründüyü kimi, icbari sığorta müqaviləsinin qanunla müəyyən edilmiş şəkildə bağlanmaması qanunvericiliklə sığortaçının deyil, sığorta etdirənin məsuliyyətinə aid məsələdir. Hazırki iş üzrə isə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığorta təminatı sığorta müqaviləsi ilə müəyyən edildiyindən və həmin müqavilələr əsasında sığortaçı sığorta olunanı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulmuş sığorta ödənişi həddində sığortalamaması birbaşa olaraq sığortaçını sığorta olunan qarşısında məsuliyyətdən azad edir. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan təminatın verilməsi mümkün olmadığından, onun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində qarşı “sığorta ödənişinin verilməsi”nə dair iddia tələbi təmin olunmamalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar