Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3096/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6600 manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyinə görə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1959-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1987-ci ilin aprel ayında xidməti vəzifəsini yerinə yetirərkən Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə Çernobıl AES-də qəza ilə əlaqədar xəsarət almışdır. Bu səbəbdən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəki 19 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. Lakin hərbi qulluqçu kimi İİ qrup əlillik dərəcəsi təyin edildikdən sonra ona Dövlət Sığorta şirkəti tərəfindən sığorta pulu ödənilməmişdir. Buna görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə rəsmi müraciət edərək sığorta ödənişinin ödənilməsini xahiş etdi. Lakin sonuncu müraciətini 13.01.2021-ci ildə almağına baxmayaraq ona vətəndaşların müraciətlərinə baxılması haqqında Qanunvericiliyin tələblərini pozaraq hazıradək onun müraciətinə cavab verməmişdir. Müraciətindən 35 gündən çox müddət keçdiyi üçün o, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəki 19 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 003119 saylı arayışından görünür ki, İddiaçı Çernobıl AES-də hərbi xidmət vəzifəsini yerinə yetirilməsinə görə ikinci qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında İddiaçı müayinəyə dair məlumatından görünür ki, İddiaçı postradiasion ensefalopatiya, qabarıq asteno nevrotik sindrom, tez-tez baş verən vegetativ paroksizmlərlə epilepsiya, ÜİX, gərginlik stenokardiyası, İİ f/s diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 31.03.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Sizə 1986-cı ildə Çernobıl AES-da baş vermiş hadisə zamanı aldığınız əlillik dərəcəsi ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığınız ərizənizə baxıldı. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını tənzimləyən bu Qanun Sizə şamil edilmir və ona görə də Sizə Qanunda nəzərdə tutulmuş sığorta məbləğinin verilməsi qeyri mümkündür. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa görə: M a d d ə 2 . Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. M a d d ə 3 . Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. M a d d ə 6 . Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. Sığortaçı hər bir müvafiq icra hakimiyyəti orqanlarına əvvəlki rübün icrasına dair hesabat təqdim edir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir. Sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır. Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, iddiaçı toplanışlarda olan hərbi vəzifəlilərə aid edilsə də, onun dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılmamışdır. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu 20 may 1997-ci il tarixdə qüvvəyə minmiş, iddiaçı isə Sovetlər Birliyi zamanı, yəni 1986-cı ildə X1 Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmək üçün Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbi toplantı qaydasında əlavə hərbi xidmətə çağırılmışdır. Odur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu iddiaçıya şamil olunmadığından, iddia təmin edilə bilməz. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi barədə” iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3096/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3096/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver