Məhkəmə qərarları › İş №2(006)-3101/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3101/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3101/2021 14.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Ərzuman qızının cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ərzuman qızının cavabdeh "Cavabdeh" ASC-yə qarşı “artıq ödənilmiş borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” İKB ASCnin ("xxxx" ASC) bağlanmış 1-G1-1-880-15 saylı 15 oktyabr 2015-ci il tarixli müqavilə və ona edilmiş əlavə sazişin tələblərinə zidd olaraq Bankın ondan aldığı artıq pul vəsaitinin Bank tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15.10.2015-ci il tarixində xxxx İKB ASC-nin ("Cavabdeh" ASC) 1 saylı filialından 12000 USD məbləğində 36 ay müddətində ipoteka krediti götürmüş, Xəzər rayonu A.Bakıxanov küçəsi, döngə 3 ev 10 saylı evimi ipoteka qoymuşdur. Bununla bağlı onunla bank arasında 1-G1-1-0-880-15 nömrəli müqavilə bağlanılmışdır. Lakin 21 dekabr 2015-ci il tarixində Respublikada devalvasiya olmuş və manatın dollara olan məzənnəsi dəyişmişdir. Bundan sonra Bank devalvasiya ilə əlaqədar kredit müqaviləsinin şərtlərinə yenidən baxmaq üçün onu dəvət etmişdir. 09.02.2016-cı il tarixində onunla bank arasında "1-G1-1-880-15 saylı 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əlavə saziş" və "1-G1-1-880-15 saylı 15 oktyabr 2015-ci il tarixli İpoteka müqaviləsinə əlavə saziş" imzalanmışdır. Əlavə sazişlə edilmiş dəyişikliyə görə Müqavilə üzrə kredit borclarının ödənilməsi 1 ABŞ dolları = 1.05 AZN məzənnəsi əsasında həyata keçiriləcəkdir. Bundan sonra o, kredit ödənişlərini davam etməyə başlamışdır. 2018-ci ilin iyun ayında o, ipoteka qoyduğu evi şəxsi səbəblərindən satmaq, bununla əlaqədar müqavilənin bitməyinə 5 ay qalmasına baxmayaraq krediti bağlamaq qərarına gəlmişdir. Banka müraciət etdiyində bank onlara 19241 AZN (11305 USD) borlu olduğunu bildirmişdir. O, Əlavə sazişi xatırlatmış və bildirmişdir ki, onun ödənişlərinin 1 ABŞ doiları-1.05 AZN məzənnə əsasında hesablanacağı ilə bağlı müqavilə bağlamalarına baxmayaraq onun bütün kredit ödənişlərini həmin günə olan məzənnə ilə (məsələn 1 ABŞ dolları -1.70 AZN) hesablanır. Onlar o, Əlavə sazişin hüquqi əhəmiyyət kəsb etmədiyini və onun onlara tələb eldikləri 19241 AZN (11305 USD) vəsaiti ödəmək məcburiyyətində olduğunu bildirmişlər. O, evi təcili satmaq məcburiyyətində olduğundan onların tələblərinə əməl etmişdir və həmin məbləği ödəyib evi ipotekadançıxartmışdır. Sonraİar dəfələrlə Əlavə sazişdən irəli gələn artıq ödədiyi vəsaiti geri almaq üçün şifahi Banka müraciət etmişdir. Onlar ona heç bir kömək edə bilməyəcəklərini bildirmişlər. Nəhayət Bank rəhbərliyinə etdiyi yazılı müraciəti 23 dekabr 2020-ci ildə cavablandırılmışdır və ona rəsmi şəkildə bildirilmişdir ki, guya o, bütün ödənişlərini USD valyutasında həyata keçirmişdir və bu səbəbdən də silinmələr ödənişinə uyğun aparılıb. Halbuki o, bütün ödənişlərini AZN-lə etmişdir, bank özü silinmələri USD valyutası ilə edib. Hesab edir ki, Bank onu aldadıb onunla Əlavə saziş bağlamağına və onun ödənişlərini 1 ABŞ dolları = 1.05 AZN məzənnəsi ilə silməli olmasına baxmayaraq ödənişlərini daha yüksək rnəzənnə (Ödədiyi günə uyğun məzənnə ilə) ilə hesablayıb. Və nəticədə ona xeyli maddi ziyan vurub. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı X1 Cavabdeh ASC qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. İddiaçılar iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, iddiaçı iki il ərzində qeyd olunan məbləği tələb edə bilərdi. Sonuncu ödəniş 04 avqust 2018-ci il tarixidə edilmişdir. Bu hal da işin mübahisəsiz halıdır. Qeyd olunan tarixdən isə iddia qaldırılan tarixə 3 ilə yaxın vaxt keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, iddiaçı X1 Cavabdeh ASC qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. İpoteka saxlayan “xxxx” İKB ASC ilə ipoteka qoyan İddiaçı Ərzuman qızı arasında bağlanmış 15.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayanla borcalan kimi bağladığı 1-G1-1-880-15 saylı 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka qoyan tərəfindən ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.105932 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 406.78 kv/m, yaşayış sahəsi 133.93 kv/m, yardımçı sahəsi 272.85 kv/m olan 4 otaqlı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı Ərzuman qızı ilə “xxxx” İKB ASC arasında bağlanmış 15.10.2015-ci il tarixli, 1-G1-1- 880-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən İddiaçı Ərzuman qızına illik 21% ödəmək şərtilə 36 ay müddətinə 12.000 USD məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 09.02.2016-cı il tarixli “15.10.2015-ci il tarixli 1-G1-1-880-15 saylı kredit müqaviləsinə əlavə saziş”dən görünür ki, sazişə əsasən tərəflər “21.12.2015-ci i latrixdən etibarən müqavilə üzrə kredit borclarının ödənilməsinin 1 ABŞ dolları = 1.05 AZN məzənnə əsasında həyata keçiriləcəyi, sazişin qüvvəyə mündiyi tarixədək kredit müqaviləsi üzrə mövcud hesablanmış, gecikmiş faizlər və cərimələr kredit müddətinin sonuna keçirilərək müddət sonu ödəniləcəyi, sazişin imzalandığı tarixdən ödənişlər yeni ödəniş qrafiki əsasında həyata keçiriləcəyi, yeni ödəniş qrafiki ilə müqavilə üzrə ödəniş qrafiki arasındakı məzənnə fərqinin məbləği annuitetin son ayında ödəniləcəyi” barədə razılığa gəlmişlər. Cavabdeh ASC tərəfindən İddiaçı Ərzuman qızına ünvanlanmış 23.12.2020-ci il tarixli məktubdan görünür ki, onun "Cavabdeh" ASC-yə (bundan sonra - Bank) 03.12.2020-ci il tarixində daxil olmuş müraciətinə müvafiq qaydada baxılmışdır. Bildirilmişdir ki, Bank ilə onun (bundan sonra-Borcalan) arasında bağlanmış 15.10.2015-ci il tarixli, 1-G1-1-0-880-15 saylı Kredit müqaviləsinə (Bundan sonra-Kredit müqaviləsi) əsasən ona 36 ay müddətinə, illik 21% dərəcəsi olmaqla, 12000 USD (on iki min ABŞ dolları) məbləğində kredit verilmişdir. 09.02.2016-cı il tarixində Kredit müqaviləsinə X8 və həmin sazişlə Kredit müqaviləsi üzrə ödəniş üçün valyuta məzənnəsi 1USD=1.05 AZN şəklində müəyyən edilmişdir. Lakin tərəfindən Kredit müqaviləsi üzrə ödənişlər USD valyutasında həyata keçirilmiş və Bank tərəfindən də silinmələr ödənişinə uyğun şəkildə aparılmışdır. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Ərzuman qızı ilə Cavabdeh ASC arasında bağlanmış 15.10.2015-ci il tarixli, 1-G1-1-880-15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı Ərzuman qızına illik 21% ödəmək şərtilə 36 ay müddətinə 12.000 USD məbləğində kredit verilmişdir. 09.02.2016-cı il tarixində Kredit müqaviləsinə X8 və daha sonra iddiaçı tərəfindən 04.06.2018-ci il tarixdə 11.305,28 ABŞ dolları məbləğində ödəniş edilməklə 15.10.2015-ci il tarixli, 1-G1-1-880-15 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəlik tam şəkildə icra edilmişdir. Hazırda İddiaçı Ərzuman qızı cavabdeh "Cavabdeh" ASC-yə qarşı “artıq ödənilmiş borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-G1-1-880-15 saylı 15 oktyabr 2015-ci il tarixli müqavilə və ona edilmiş əlavə sazişin tələblərinə zidd olaraq Bankın ondan aldığı artıq pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, Bank ilə iddiaçı arasında bağlanmış “15.10.2015-ci il tarixli 1-G1-1-880-15 saylı kredit müqaviləsinə əlavə saziş”ə əsasən kredit müqaviləsi üzrə ödəniş üçün valyuta məzənnəsi 1USD=1.05 AZN şəklində müəyyən edilsə də, tərəflər həmçinin yeni ödəniş qrafiki ilə müqavilə üzrə ödəniş qrafiki arasındakı məzənnə fərqinin məbləğinin annuitetin son ayında ödəniləcəyi barədə razılığa gəlmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən iddiaçının tərəf olduğu kredit müqaviləsi üzrə tutulmaların düzgün aparılmadığı, cavabdehin onun hesabına əsassız olaraq varlandığı sübuta yetirilmədiyindən və beləliklə də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən hazırki iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə belə qənaətə gələrkən mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə bağlı məhkəmə qeyd edir ki, əsassız varlanma ilə əlaqədar münasibətlərə iddia müddəti deyil, Mülki Məcəllənin 1095-ci maddəsində təsbit olunmuş kəsici müddət tətbiq edilir. Həmin maddənin tələblərinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi əsassız varlanma obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “mərhum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Məhkəmə qanunvericilik tərəfindən əsassız varlanma ilə bağlı mübahisələr üzrə müddətin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Ərzuman qızının cavabdeh "Cavabdeh" ASC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ərzuman qızının cavabdeh "Cavabdeh" ASC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar