Məhkəmə qərarları › İş №2(006)-3111/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3111/2024

17.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3111/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh ilə 2018-ci ildə vətəndaş nikahı ilə ailə qurmuşdur. Faktiki münasibətlərindən 28 fevral 2019-cu il təvəllüdlü X5 doğulub. 2019-cu ilədək birlikdə “AZURE” yaşayış kompleksində aylıq 3500-4000 manat ödəməklə kirayədə yaşamışlar, cavabdeh iş adamıdır və şəxsi biznesi var. Birgə yaşadığı müddətdə uşağın və onun tələbatlarını yüksək səviyyədə qarşılamışdır. Hətta müxtəlif xarici ölkələrə birlikdə gedib, müxtəlif istirahət məkanlarında vaxt keçirmişlər. Cavabdehlə 2018-ci il birlikdə yaşadığı müddətdə aralarında heç bir problem olmamışdır. Cavabdeh heç bir səbəb göstərmədən getmiş və bir daha evə qayıtmamışdır, kirayə tutduğu evin və uşaq üçün tutulan dayənin ödənişlərini etmədən səbəbsiz olaraq əlaqəni tamamilə kəsmişdir. Artıq 2021-ci il iyul ayından ayrı yaşayırlar və maddi cəhətdən dəstək olmur. Bu müddət ərzində cavabdeh övladının necə yaşaması ilə maraqlanmır, onun təlim-tərbiyəsi ilə məşğul olmur. İddiaçı özü işləmədiyindən övladının saxlanmasında çətinlik çəkir. Bununla bağlı cavabdhin anası ilə əlaqə saxladıqda anası uşağa maddi dəstək olacağını bildirsə də, bu günə qədər nə anası, nə də cavabdeh uşağa maddi köməklik göstərməyiblər. İddiaçının tələbi: 28 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 1000 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, qızı - İddiaçı uşağı ilə birlikdə onun yanında qalır, iddiaçı özü işləmir, uşağın bütün xərclərini baba kimi özü çəkir. Uşaq özəl bağçaya gedir, orada xarici dil hazırlığına görə də əlavə ödəniş edilir, bundan başqa Orucov Kamal üzgüçülüklə məşğuldur, hətta baba kimi nəvəsini anası ilə birlikdə xarici ölkəyə istirahətə də öz hesabına göndərib. Aylıq 750 manat təkcə onun kurslarına xərclənir. Bacardığı qədər uşağın yaşayışını, təhsilini yüksək səviyyədə təmin etmək üçün əlindən gələni edir, bu barədə qızına köməkliyini əsirgəmir. Lakin ata kimi cavabdeh də uşağın saxlanılmasında iştirak etməlidir. Bunun üçün yetərli imkanı da vardır. Uşağı saxlamaq valideynlərin borcudur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və bildirişin çatdırılmasına dair xəbərnaməyə əsasən) məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək himayəsində iki azyaşlı (xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X7) uşağının olmasını, xx.xx.2024-cü il tarixdən «Palma kafedə» ofisant kimi işlədiyini və aylıq məvacibinin 400 manat olmasını sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2019-cu il tarixli AZ-İV 262115 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə Cavabdeh faktiki münasibətlərindən doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir uşaqları var. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 07 may 2024-cü il tarixli, MŞB/16/2024-00530 nömrəli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə saat 13.00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. «Yeni Nəsil» Uşaq Bağcasının arayışına əsasən, X5 2022-ci ilin sentyabr ayından həmin bağcaya qəbul olunmuş və hal-hazıradək orada təhsil alır, aylın ödəniş olaraq bağçaya 350 manat, ingilis dili hazırlığına 200 manat, cəmi 550 manat ödənilir. Bu ödənişlər Orucov Kamalın ana babası Nümayəndə tərəfindən həyata keçirilir. “FSclub Network” tərəfindən verilmiş 01 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən, X5 xx.xx.2024-cü il tarixdən FS X13 və Sağlamlıq kompleksində üzgüçülüklə məşğul olur. Aylıq abunənin ödənişi 200 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallar ondan ibarətdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuşlar və uşağın atası kimi Cavabdeh uşağın maddi təminatını yüksək səviyyədə saxlamışdır. Belə ki, iddiaçının heç bir yerdə işləməməsi, cavabdehin də öz növbəsində mövcud reallıq üçün yetərli sayda maliyyə imkanlarına sahib olması onun maddi təminatının yüksək olmasını və yetkinlik yaşına çatmayanın məhz belə bir şəraitdə böyüməsini təsdiqləyən faktdır. Lakin valideynlər arasında münasibətlərin kəskinləşməsi uşağın maddi-məişət şəraitinə öz təsirini göstərməkdədir. Həmçinin cavabdehin məhkəməyə göndərdiyi ərizəsinə xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşaqlarının doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surətlərini əlavə etməklə irəli sürdüyü dəlil olaraq himayəsində iki azyaşlı uşağının olması xx.xx.2019-cu il təvəllüdlü X1 maddi cəhətdən iştirak etmək vəzifəsindən azad olunmasına əsas hesab edilə bilməz. Belə ki, yuxarıda adıçəkilən Qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Elektron məhkəmə informasiya sistemində Cavabdeh məhkəmə qətnaməsinə əsasən digər uşaqlarına aliment ödəməsi halı müəyyən edilməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, cavabdehin başqa iki uşağının olması onun uşağın saxlanması xərclərindən kənarda qalmasına əsas verən hal deyildir. Cavabdehin ərizəsinə əlavə etdiyi «Palma kafe»də ofisant kimi 400 manat əmək haqqı alması ilə bağlı arayışa münasibətdə məhkəmə qeyd edir ki, işdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 07 may 2024-cü il tarixli arayışdan görünür ki, alimentlə bağlı mediasiya sessiyasında iştiraka dair bildiriş cavabehə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Təqdim edilmiş iş yerindən arayışdan da görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə müvafiq əmək müqaviləsini bağlamaqla ofisiant işinə qəbul olunmuşdur. Bu da cavabdehin ona qarşı alimentin ödənilməsi tələbinin irəli sürülməsi barədə məlumatlandırılmasından sonra az əmək haqqı ödənilən işə qəbul olunmaqla, bununla da məhkəməyə həqiqətə uyğun olmayan məlumat verməklə alimentin ödənilməsindən məqsədli şəkildə yayınmasına dəlalət edən hal kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə onu da qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh əmlak və müxtəlif illərdə Dubay, İstanbul, Abu dabi, Bodrum və s. kimi turistik şəhərlərə səfərini əks etdirən sərhədkeçmə, habelə məhkəməyə təqdim etdiyi iş yerindən arayışda göstərilən əmək haqqından qat-qat yüksək həddə qüvvədə olan kredit müqavilələri üzrə kredit borcu - "xxxx" ASC-yə aylıq 2496 manat, "xxxx" ASC-yə aylıq 385.91 manat ödəniş məbləğlərini həyata keçirməli olmasına dair kredit məlumatlarına əsasən onun kifayət qədər maliyyə imkanları olduğu halda, heç bir gəlirə malik olmayan şəxs kimi uşaq üçün yaşayış minimumu həddində aliment ödənilməsinə cəlb edilməsi ağlabatan deyildir. Görünən hal ondan ibarətdir ki, cavabdeh məqsədli şəkildə alimentin ödənilməsindən yayınmaqla nəticə etibarilə yetkinlik yaşına çatmayan övladın yaşayış təminatına mənfi təsir yaradır, məhkəmə isə uşağın hüquqlarının bu cür məhdudlaşdırılmasının yolverilməz olduğunu xüsusilə vurğulayır. Odur ki, işin faktiki əsasları baxımından iddia tələbi cavabdehə qarşı alimentin məbləğinin minimum yaşayış həddindən yuxarı həddə təyin edilməsi nöqteyi-nəzərindən əsaslıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X8rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İddiaçı cavabdehin əmlakının və gəlirlərinin kifayət qədər çox olmasını əsas gətirərək tutulan aliment məbləğinin 1000 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının bir uşağın saxlanması üçün 1000 manat məbləğində alimentin tutulması tələbini və uşağın saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanın üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsiri nəzərə alır. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş alimentin bir uşaq üçün 1000 manat müəyyən edilməsini isə ağlabatan saymır. Nəzərə alınmalıdır ki, uşağın maddi məişət şəraitinin yüksək səviyyədə saxlanması hər iki valideynin vəzifəsidir və həmçinin tərəflər arasında münasibətlərin pozulması halında uşaqla bağlı məsələ qarşı tərəfi cəzalandırmaq metodu kimi istifadə edilə bilməz. Məhkəmə hər bir halda uşağın mənafeyini üstün hesab edərək, normal mühakimə ilə məhkəmə qətnaməsinin də icra olunabilənlik meyarına cavab verməsini nəzərə alır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2019-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 6000 manat (500man x12ay=6000man) olduğundan, cavabdehdən 80 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh 80 (səksən) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar