Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-312/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər QSC “Aqrarkredit “ BOKT-na və "xxxx" ASC-yə qarşı «kredit və girov müqavilələrinin ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər QSC “Aqrarkredit “ BOKT-na və "xxxx" ASC-yə qarşı «kredit və girov müqavilələrinin ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə onun arasında bağlanmış 24.05.2007-ci il tarixli, 200 saylı kredit və 24.05.2007-ci il tarixli, 200/i saylı girov müqavilələrinin ləğv edilməsi və kredit borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən ona avtomobil alınması məqsədi ilə 18 (on səkkiz) ay müddətinə, illik 24% ödəmək şərti ilə borcverən "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən 12.000 ABŞ dolları məbləğində formal olaraq kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyi Gəncə şəhər sakini Ufiq adlı şəxs icra edirdi. Lakin o, bank qarşısında öhdəliyi icra edə bilmədiyindən, Gəncə şəhər Baş Polis İdarəsində işləyən polis nəfəri Araz Mərdanovun iştirakı ilə "xxxx" ASC-nin Şəmkir rayon filialının əməkdaşları 2007-ci ilin avqust ayında banka təhvil verilmişdir. Lakin sonradan onun məlumatı olmadan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən barəsində qətnamə çıxmış, icraya yönəlmiş və avtomobil 2010-cu il tarixdə hərraca çıxarılaraq banka satılmışdır. Hazırda onun banka 11.996.83 ABŞ dolları borcun olması göstərilsə də, onun tərəfindən bu barədə 2019-cu ilin sonunda məlumat əldə edilmişdir. Bundan sonra pandemiya müddəti düşdüyündən və xəstələndiyindən məhkəməyə müraciət etmək imkanı olmamışdır. O, bu barədə məlumatı şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi zamanı əldə etmiş və müəyyən etmişdir ki, onun barəsində məhkəmənin qərardadı əsasında qadağa qoyulmuşdur. Onun tərəfindən avtomobil bankın əməkdaşlarına təhvil verilərkən, akt tərtib edilərək, bankın əməkdaşlarına təhvil verilmişdir. Lakin bu günkü gün də onun barəsində qətnamənin çıxması çox absurd bir haldır. Belə ki, o, baş vermiş qanunsuzluqla bağlı Cavabdeh1 QSC-nin Gəncə filialı avtomobili ondan istəyərkən o, avtomobili tapmış və X3 Qeydiyyat Şöbəsinin əli ilə tapmışdır ki, avtomobil hələ girovda ikən satılmış və sonradan isə qanuniləşdirilmək üçün əvvəl satılmış şəxsdən avtomobil alınaraq sonradan hərrac yolu ilə başqa şəxsə satılmışdır. Bu hal onu göstərir ki, həqiqətən də avtomobil 2007-ci ilin avqust ayında alınaraq "xxxx" ASC-nin Şəmkir filialının əməkdaşlarına alınaraq təhvil verildikdən sonra həmin avtomobil bankın əməkdaşları tərəfindən başqa-başqa şəxslərə satılaraq onun adına olan müqavilə ləğv edilməmiş və adına olan kredit borcu silinməmişdir. Həmçinin, onunla cavabdeh "xxxx" ASC-nin Şəmkir filialı arasında bağlanmış 24 may 2007-ci il tarixli girov müqaviləsinə əsasən “Mersedes Benz-C-180” Daimler Craysler markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoymuşdur və həmin avtomobil yuxarıda göstərildiyi kimi cavabdeh "xxxx" ASC-nin Şəmkir filialının əməkdaşlarına təhvil verilərək onun borcunun silindiyi və kredit müqaviləsinin ləğv edildiyi ona bildirilsə də, bu hal onun aldadılmağı ilə nəticələnmişdir. Hesab edir ki, məhkəmə tərəfindən işə baxılmaqla işdə təqsirli bilinən şəxslər barəsində AR MPM-nin 265-ci maddəsinin tələbinə əsasən xüsusi qərar çıxarılmalıdır. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdeh QSC Cavabdeh1 BOKT-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə iddiaçının və digər cavabdeh QSC Cavabdeh1 BOKT-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehlər QSC “Aqrarkredit “ BOKT-na və "xxxx" ASC-yə qarşı «kredit və girov müqavilələrinin ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, iş materiallarında olan “kredit sifarişi” adlı sənəddən görünür ki, İddiaçı tərəfindən “Daimler Chrysler” markalı avtomobilin alınması məqsədilə "xxxx" ASC-nin Şəmkir filialından 12.000 ABŞ dolları məbləğində kredit sifarişi verilmişdir. Yuxarıda qeyd edilən sənəddə tərəflər arasında yaranmış öhdəlik-hüquq münasibətlərinə dair bütün zəruri məlumatlar/şərtlər (kreditin müddəti, faiz dərəcəsi və s.) əks edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən verilmiş 09.04.2009cu il tarixli arayışdan görünür ki, İddiaçı 24.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə 09.04.2009-cu il tarixə 11.664 ABŞ dolları əsas borc, 1.306 ABŞ dolları faiz borcu və əsas borca hesablanmış 295 ABŞ dolları dəbbə pulu, cəmi 13.265 ABŞ dolları borcu movcuddur. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2009cu il tarixli, 2(044)-1192/2009 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı kredit üzrə 11.664 ABŞ dolları əsas borc, 1.306 ABŞ dolları faiz borcu və əsas borca hesablanmış 295 ABŞ dolları dəbbə pulu, cəmi 13.265 ABŞ dolları borc, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu onun əmlakı hesabına tutularaq "xxxx" ASC-nin Şəmkir filialına ödənilməsi, borcun tutulması ipoteka ilə yüklənmiş İddiaçı mülkiyyətində olan “Daimler-Chraysler-C-180” markalı, ** CX *** dövlət nömrə nişanlı minik avtomaşına yönəldilməsi və həmin avtomaşının açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş puldan manata məzənnəsi ilə 13.265 ABŞ dolları kredit borcu və dövlət rüsumu olaraq keçirilmiş 20 manat tutularaq "xxxx" ASC-nin Şəmkir filialına ödənilməsi, cavabdeh İddiaçı kredit üzrə 3.469 ABŞ dolları əsas borc, 976 ABŞ dolları faiz borcu, cəmi 4.445 ABŞ dolları borcun onun əmlakı hesabına tutularaq "xxxx" ASC-nin Ağdaş filialına ödənilməsi, borcun tutulması ipoteka ilə yüklənmiş İddiaçı mülkiyyətində olan “Azsamand” markalı, ** CX *** dövlət nömrə nişanlı minik avtomaşına yönəldilməsi və həmin avtomaşnın açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş puldan manata məzənnəsi ilə 4.445 ABŞ dolları kredit borcunun tutularaq "xxxx" ASC-nin Şəmkir filialına ödənilməsi, nəqliyyat vasitələrinin satılmasından əldə olunan pulun artıq qalan hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 avqust 2009-cu il tarixli, 2(044)-1192/2009 saylı qətnaməsi qanuni qüvvəyə minməklə, icra edilməsi məqsədilə aidiyyəti İcra şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Həmin qərara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında 24.05.2007-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və bunun nəticəsi olaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 17 avqust 2009-cu il tarixli, 2(044)-1192/2009 saylı qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almaqla, icra edilməsi məqsədilə aidiyyəti İcra şöbəsinə yönəldilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı işə baxılan zaman hazırki «kredit və girov müqavilələrinin ləğv edilməsi və borcun silinməsi» tələbi ilə müraciət etmək imkanına malik olmuşdur. Lakin göründüyü kimi, İddiaçı malik olduğu hüquqdan istifadə etməmiş, işə baxılan dövrdə bankın ona qarşı olan iddia tələblərinə öz etirazını təqdim etməmiş, bununla da, həmin hüquqdan istifadə etmək imkanını itirmişdir. Bundan əlavə iddiaçı hazırki iddia ərizəsində qətnamədən xeyli müddət sonra xəbər tutduğunu qeyd etsə də, qətnamədən xəbər tutduğu andan apelyasiya şikayəti ilə aidiyyəti məhkəməyə müraciət etməmiş və müraciət etməməklə, barəsində qəbul edilmiş məhkəmə qətnaməsini mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməz olduğundan, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər QSC “Aqrarkredit “ BOKT-na və "xxxx" ASC-yə qarşı «kredit və girov müqavilələrinin ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-312/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-312/2022
05.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver