Məhkəmə qərarları › İş №2(006)-3152/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3152/2021

30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3152/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçı n, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan azyaşlı övladları 31.03.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə yaşayış minimumuna uyğun olaraq hər ay Cavabdeh onun xeyrinə 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13.01.2017-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 31.03.2017-ci il tarixdə X6 adlı övladları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim Solmaz Mustafayeva) 2(006)-910/2020 saylı, 22.07.2020-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, cavabdehlə nikahlarının pozulması və birgə nikahdan olan azyaşlı övladları 31.03.2017-ci il təvəllüdlü X3 onun, yəni ki, anası, iddiaçı Məsimova (hazırda Mehrabova) Mina Dönməz qızının yanında qalması qət edilmişdir. Məhkəmə olan vaxt cavabdeh və onun anası ilə razılaşmışlar ki, o aliment tələb etməsin və əvəzində cavabdehgilin evində ayrı təsərrüfat kimi yaşasın. Lakin onlar onu evdən çıxartdıqları üçün kirayə ev tutmağa məcbur olmuşdur. Cavabdeh uşağa heç bir maddi köməklik göstərmədiyi üçün uşağın saxlanması üçün aliment tələbi barədə iddia qaldırmağa məcbur olmuşdur. Göstərilənlərə əsasən, Cavabdeh ilə birgə nikahlarından olan azyaşlı övladları 31.03.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə yaşayış minimumuna uyğun olaraq hər ay Cavabdeh onun xeyrinə 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. O, cavabdehin anasıdır. 2020-ci ilin iyun-iyul aylarında iddiaçı onların evinə gedib yaşamış, lakin 29 mart evdən çıxıb getmişdir. Oğlu xəstədir və maddi imkanları çatmadığı üçün ancaq 100 manat ödəyə bilərlər. Oğlu maşınyuyan yerində işləyir və hər gün qazancı olmur. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 02.06.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 955896 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 31.03.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 02.06.2017-ci il tarixdə 2988 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-910/2020 saylı, 22.07.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 13 yanvar 2017-ci il tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 yanvar 2017-ci il tarixdə 89 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 31 mart 2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 30.03.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 374657 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı ilə nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30.03.2021-ci il tarixdə 77 nömrə ilə qeyd edilmişdir. 5 saylı şəhər poliklinikası tərəfindən 24.06.2020-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, Cavabdeh 2011-ci ildən 5 saylı şəhər poliklinikasında psixiatr müşahidəsindədir. Ona debillik dərəcəsində oliqofreniya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 saylı şəhər poliklinikası tərəfindən 15.04.2021ci il tarixdə verilmiş ambulator kitabçadan çıxarışın surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında daimi yaşayan Cavabdeh əsas xəstəlik debillik dərəcəsində oliqofreniya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 3127 nömrəli cavabdan görünür ki, Cavabdeh 15.04.2021-ci il tarixdə müayinə olunub. Ona yüngül dərəcəli əqli gerilik F70.0 diaqnozu qoyulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər 13 yanvar 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 31.03.2017-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Hazırda tərəflərin arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-910/2020 saylı, 22.07.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan 31 mart 2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. Adı çəkilən qətnaməyə əsasən işə baxılan zaman iddiaçının cavabdehə qarşı aliment tələbi olmadığından birgə nikahdan olan uşağın saxlanması üçün aliment tutulması məsələsinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7 tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 3127 nömrəli arayışa əsasən Cavabdeh yüngül dərəcəli əqli gerilik F70.0 diaqnozunun qoyulduğu müəyyən edilmişdir. Hazırda iddiaçı ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 mart 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay atası Cavabdeh ayda 175 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini tələb edir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yuxarıda qeyd edilən qanunvericiliyin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddələrin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. AM-nin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əsasən alimentin ödənilməsi vəzifəsi üzərinə qoyulan Cavabdeh sağlamlığında problemlərin mövcud olması halı müəyyən edilmişdir. Halbuki məhkəmələr tərəfindən alimentin məbləği müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsi ilə yanaşı, konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Məhkəmə hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün iş üzrə müəyyən edilən halları ağlabatan həddə nəzərə almaqla hesab edir ki, cavabdehdən tutulmalı olan aliment 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Alimentin alınması barədə iddia üzrə isə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, qeyd edilən tələb üzrə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31.03.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 31.03.2021-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət gəlirinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar