Məhkəmə qərarları › İş №2(006)-316/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-316/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-316/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit öhdəliyinə xitam verilməsi» tələbinə (üçüncü şəxs qismində X4, X11 və X10 cəlb edilməklə) dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «Azərbaycan Respublikası Beynəlxalq Bankı» SKB-yə və «Azərbaycan Respublikası Beynəlxalq Bankı» SKB-nin Nərimanov filialına qarşı «əmlakın ipotekadan çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azərbaycan Respublikası Beynəlxalq Bankı» SKB ilə aralarında bağlanmış 28 sentyabr 2005-ci il tarixli 102 saylı ipoteka müqaviləsi əsasında ipotekaya qoyulmuş ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil və Bakı şəhəri Binəqədi rayonu Goradil bağlarında yerləşən 602 nömrəli bağın ipotekadan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında 2005-ci ildə bağlanmış 131 saylı kredit müqaviləsindən əmələ gələn əsas öhdəlik və onunla bağlı digər əlavə öhdəliklərə (ipoteka öhdəliyinə) xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizədə qeyd olunmuşdur ki, müqavilə bağlanan vaxtdan bu günədək bank tərəfindən ona qarşı hər hansı tələb və iddia irəli sürülməmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, öhdəliyin müddətinin keçməsi ilə əlaqədar onunla "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, 01 dekabr 2005-ci il və 21 iyun 2006-cı il tarixli kredit müqavilələri üzrə İddiaçı kredit öhdəliyinə xitam verilməsi, X4 və X11 ilə "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, X10 ilə "xxxx" ASC arasında bağlanmış 01 dekabr 2005-ci il və X4 ilə "xxxx" ASC arasında bağlanmış 21 iyun 2006-cı il tarixli ipoteka öhdəliklərinə xitam verilməsi və ipoteka ilə yüklü edilmiş X6 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil və X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 1 və 2 mərtəbəli 9 otaqlı 602 nömrəli bağ evinin ipotekasına xitam verilməsinə dair Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın verilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «Azərbaycan Respublikası Beynəlxalq Bankı» SKB-nin Nərimanov filialından 2005-ci il tarixdə 220.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq onlar tərəfindən 3 mənzil, bağ və qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Bu barədə bankla aralarında 28 sentyabr 2005-ci il tarixli 131 saylı kredit müqaviləsi və 28 sentyabr 2005-ci il tarixli 102 saylı ipoteka müqavilələri bağlanmışdır. O, götürdüyü krediti tam ödəmişdir və onun banka hazırda heç bir borcu yoxdur. Lakin bank əmlaklarının bir qismini ipotekadan azad etməkdən imtina edir. Bankın imtinasının səbəbi ona hələ də bəlli deyildir. X2 məxsus olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil və anası X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil bağlarında yerləşən 602 nömrəli bağ hələ də ipoteka ilə yüklüdür. Banka dəfələrlə yazılı xəbərdarlıqlar etmişdir, lakin bu xəbərdarlığın heç bir əhəmiyyəti olmamışdır. Bankın hərəkətlərini qanuna zidd hesab etdiklərindən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında iddianı tələbini qəbul etmədiklərini qeyd etdi və izahatında bildirdi ki, müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi üçün tələb etmək hüququna malik olan şəxs, yəni bank müvafiq tələbi irəli sürməlidir. Belə ki, öhdəlik üzrə qanunla müəyyən olunmuş müddət keçdiyi halda da, tələb irəli sürülmədikdə öhdəlik qüvvədə qalmış olur. Eyni zamanda bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 11 fevral 2022-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxslər X4, X11 və X5vericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X4 məhkəməyə yazılı ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2021-ci il tarixli 9/8509 saylı məktubundan və əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ekspert vəsatətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 131 saylı kredit müqaviləsi üzrə kredit verilən tarixdən hal-hazıradək tarixləri əhatə edən cari hesabdan çıxarış, xəzinə mədaxil və məxaric qəbzlərinin təqdim edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli 9/8509 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli vəsatətdə qeyd olunmuş sübutlar təqdim edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli 9/2902 saylı məktubundan və əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ekspert vəsatətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 131 saylı kredit müqaviləsi üzrə: 1. Cari, ssuda, faiz və cərimə hesablarından çıxarış (müqavilə tarixindən xx.xx.2022-ci il tarixə məxariclər və mədaxillər, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə); 2. Məxaric və mədaxil orderlərinin təqdim edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli 9/2902 saylı məktubundan görünür ki, vəsatətdə qeyd olunmuş sübutlar təqdim edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankı Nərimanov filialı ilə İddiaçı arasında bağlanmış 131 №-li, 28 sentyabr 2005-ci il tarixli Kredit müqaviləsindən görünür ki, borcalana mənzilin təmiri məqsədilə 120000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq həmin tarixli, İpoteka müqaviləsindən görünür ki, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr., 520-ci məhəllə, ev-19 ünvanında yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsindəki 38,6 kv.m qeyri yaşayış sahəsi və H.Cavid pr.19 saylı evin 47,0 kv.m yaşayış sahəsindən ibarət 3(üç) otaqlı 16 saylı mənzil, X8 məxus H.Cavid pr.19 m-15 saylı mənzillər girov qoyulmuşdur. Azərbaycan Beynəlxalq Bankı Nərimanov filialı ilə İddiaçı arasında bağlanmış 172 №-li, 01 dekabr 2005-ci il tarixli Kredit müqaviləsindən görünür ki, borcalana mənzilin təmiri məqsədilə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq həmin tarixli, İpoteka müqaviləsindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, 520 məhəllə H.Cavid pr., 19 saylı evin 49,0 kv.m yaşayış sahəsinbdən ibarət 3 (üç) otaqlı 20 saylı mənzil və X7 məxsus S.Mehmandarov küçəsi 19 №-li yaşayış evi 6 saylı mənzil girov qoyulmuşdur. Azərbaycan Beynəlxalq Bankı Nərimanov filialı ilə İddiaçı arasında bağlanmış 75 №-li, 21 iyun 2006-cı il tarixli Kredit müqaviləsindən görünür ki, borcalana mənzilin təmiri məqsədilə 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq həmin tarixli İpoteka müqaviləsindən görünür ki, X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Oradil kəndində yerləşən 1 və 2 mərtəbəli 9 otaqlı 602 nömrəli bağ evi ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı "xxxx" ASC-nin Nərimanov filialına ünvanladığı ərizədən görünür ki, o, bankın filialına aralarında kredit müqaviləsi bağlandığını, 220.000 ABŞ dolları məbləğində kredit ayrıldığını, kredit məbləğinin təminatı kimi qardaşının və anasının mülkiyyətində olan müxtəlif daşınmaz əmlakların ipoteka ilə yüklü edildiyini, ipoteka qoyulmuş əmlakların bir hissəsi, yəni ünvan 5 ünvanda yerləşən 15 saylı mənzil və Bakı şəhəri Binəqədi rayonu Goradil bağlarında yerləşən 602 nömrəli bağ sahəsinin hələ də ipotekadan çıxarılmadığını bildirmiş, həmin əmlakların ipotekadan çıxarılması üçün zəruri sənədlərin verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat dövlət rüsumu və 40 qəpik xidmət (bank zidməti) haqqı ödənilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Mülki Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi üçün tələb etmək hüququna malik olan şəxs, yəni bank müvafiq tələbi irəli sürməlidir. Belə ki, öhdəlik üzrə qanunla müəyyən olunmuş müddət keçdiyi halda da, tələb irəli sürülmədikdə öhdəlik qüvvədə qalmış olur. Eyni zamanda bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 11 fevral 2022-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə ilk öncə cavabdehin nümayəndəsinin mülahizəsinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin öhdəliyə müddətin keçməsinə görə xitamına dair müddəalarının bu formada təfsiri kreditorlara müddəti keçmiş öhdəliklər üzrə məqsədyönlü olaraq müvafiq tələbi irəli sürməməyə və borcluların öhdəliklərinin qeyri-müəyyən müddətə qüvvədə qalmasına şərait yaradır ki, bu müddətin keçməsinə görə öhdəliyə xitam verilməsi institutunun məqsədinə və son nəticədə hüquqi müəyyənlik prinsipinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair» 2008-ci il 22 sentyabr, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2012-ci il 2 aprel tarixli, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair» 2020-ci il 24 iyul tarixli Qərarları). Həmçinin, Mülki Məcəllənin 550-ci maddəsində müddətin keçməsi ilə bağlı tələbə xitam verilməsi nəzərdə tutulsa da, Məcəllənin 527.1-ci maddəsində müddətin keçməsi məhz öhdəliyə xitam verilməsinin əsaslarından biri kimi göstərilmişdir. Eyni zamanda Məcəllənin XXVİİ-ci Fəslinin 5-ci paraqrafı da Müddətin keçməsinə görə öhdəliyə xitam verilməsi adlanır. Bundan başqa, Mülki Məcəllənin 554.1-ci maddəsi də nəzərə alınmalıdır. Həmin müddəada müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsə öhdəliyin icrasından imtina etmək hüququ verilmiş və bu imtina qarşı tərəfin tələbi ilə şərtləndirilməmişdir. Konstitusiya Məhkəməsinin həmin Qərarında Mülki Məcəllənin 550 və 551-ci maddələrinə şərh verilməsə də, göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. ... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə vurğulayır ki, Konstitusiya Məhkəməsi qeyd olunan şərhi iddia müddəti keçmiş tələblər üzrə ipotekaya xitam verilməsi barədə vermiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia müddətinin ötməsi öhdəliklərin mövcud olması və onların aradan qalxmasına səbəb deyildir. Lakin Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddətlərin ötməsi Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyin aradan qalxması (öhdəliyə xitam verilməsi) üçün əsas olduğundan kreditorun tələb hüququnu tam olaraq aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulmuş müddətlərin ötməsi faktı artıq özü özlüyündə borcluya öhdəliyinin icrasından imtina etmək hüququ verdiyindən, tələb etmək hüququna malik olan şəxsin tələbi olmadan da öhdəliyə xitam verilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icrası tarixi müvafiq olaraq 29 iyul 2006-cı ildə, 01 dekabr 2006-cı ildə və 21 iyun 2007-ci il tarixdə bitmiş və Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliyə xitam verilməsi müddətin axımı müvafiq olaraq 30 iyul 2006-cı ildə, 02 dekabr 2006-cı ildə və 22 iyun 2007-ci il tarixdə tarixlərdən hesablanmaqla, Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddət müvafiq olaraq 30 iyul 2016-cı ildə, 02 dekabr 2016-cı ildə və 22 iyun 2017-ci il tarixdə tamamlanmışdır. İddiaçı isə hazırki iddia ilə 23 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyə müddətin keçməsi ilə xitam verilməli; əsas öhdəliyə xitam verildiyindən Mülki Məcəllənin 554.3-cü və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinə əsasən əlavə öhdəlik olan "xxxx" ASC ilə X4 və X11 arasında bağlanmış ipoteka öhdəliklərinə də xitam verilməli və qeyd olunan Qanunun 48.2-ci maddəsinə əsasən ipoteka saxlayan üzərinə ipotekaya xitam verilməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə verilməsi vəzifəsi qoyulmalıdır. İddiaçın ipoteka müqavilələrində qeyd olunan digər əmlaklarla bağlı tələbi olmadığından məhkəmə həmin məsələyə münasibət bildirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, öhdəliyin müddətinin keçməsi ilə əlaqədar İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, 01 dekabr 2005-ci il və 21 iyun 2006-cı il tarixli kredit müqavilələri üzrə İddiaçı kredit öhdəliyinə xitam verilməli; X4 və X11 ilə "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, X10 ilə "xxxx" ASC arasında bağlanmış 01 dekabr 2005-ci il və X4 ilə "xxxx" ASC arasında bağlanmış 21 iyun 2006-cı il tarixli ipoteka öhdəliklərinə xitam verilməli və ipoteka ilə yüklü edilmiş X6 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil və X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 1 və 2 mərtəbəli 9 otaqlı 602 nömrəli bağ evinin ipotekasına xitam verilməsinə dair Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın verilməsi vəzifəsi "xxxx" ASC-yə həvalə edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Öhdəliyin müddətinin keçməsi ilə əlaqədar İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, 01 dekabr 2005-ci il və 21 iyun 2006-cı il tarixli kredit müqavilələri üzrə İddiaçı kredit öhdəliyinə xitam verilsin. X4 və X11 ilə "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, X10 ilə "xxxx" ASC arasında bağlanmış 01 dekabr 2005-ci il və X4 ilə "xxxx" ASC arasında bağlanmış 21 iyun 2006-cı il tarixli ipoteka öhdəliklərinə xitam verilsin. İpoteka ilə yüklü edilmiş X6 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 15 saylı mənzil və X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 1 və 2 mərtəbəli 9 otaqlı 602 nömrəli bağ evinin ipotekasına xitam verilməsinə dair Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın verilməsi vəzifəsi "xxxx" ASC-yə həvalə edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar