Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3175/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh Rapail Mahmudovun iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun cavabdeh X6 ilə birgə nikahlarından 23.12.2013-cü il təvəllüdlü X7 adlı bir oğulları var. Evliliklərinin ilk vaxtlarında cavabdehlə münasibətləri yaxşı olmuş, savabdeh ona yaxşı baxmışdır. Savabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla özünə məxsus torpaq sahəsində qazon işinə baxır. Cavabdeh hər ay 1.000 manatdan çox məbləğdə gəlir əldə etmiş və ailələrini yaxşı dolandırmışdır. Lakin sonradan cavabdehin ona və oğluna qarşı laqeyd münasibət göstərməsinin şahidi olmuşdur. Düşünmüşdür ki, bu hal keçicidir. Lakin bu hal daha da dərinləşməyə başlamışdır. Aralarında heç bir problem olmadığı halda, cavabdeh ailəsinə qarşı belə bir etinasız münasibət bəsləməyə, onu aldatmağa başlamışdır. Hətta dəfələrlə ona el adəti ilə etdikləri toyu rəsmiləşdirərək rəsmi nikah şəhadətnaməsinin alınmasını xahiş etsə də, cavabdeh verdiyi vədlərə əməl etməmişdir. Hal-hazırda ayrı yaşayırlar, ayrıayrı təsərrüfat aparırlar. Münasibətləri olduqca kəskinləşmişdir. Cavabdeh övladı ilə də maraqlanmır, atalıq vəzifəsindən irəli gələn öhdəlikləri yerinə yetirmir. Bir ata kimi övladının qayğısına qalmır. Mənəvi ehtiyaclarını ödəmədiyi kimi, maddi cəhətdən də heç bir yardım və köməklık göstərmir. Cavabdehin onunla münasibəti pis olsa da, ata kimi övladına baxmaq onun mənəvi borcudur. Düzdür, o, ana olaraq ona həm mənəvi cəhətdən dayaq olur, həm də maddi ehtiyaclarını çətinliklə də olsa qarşılayır. Lakin oğlunun ata qayğısına da ehtiyacı var. Övladları artıq böyüdüyündən onun bütün maddi ehtiyaclarını ödəmək onun üçün çətindir. Cavabdehin məsuliyyətsizliyi barədə cavabdehin valideyni də xəbərdardır. Valideynlik öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar olaraq cavabdehin valideyni ilə əlaqə saxlamış, oğulunun valideyn borcunu yerinə yetirmədiyini onlara dəfələrlə bildirmişdir. Lakin cavabdeh bu xəbərdarlıqlara əhəmiyyət belə verməmiş, yenə də öz əməllərindən əl çəkməmiş, oğlu üçün nə maddi, nə mənəvi köməklik göstərməmişdir. Belə olan halda onun tək ümidi ədalət mühakiməsini həyata keçirən məhkəməyə qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Rapail Mahmudov məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında rəsmi nikah olmamışdır, faktiki münasibətlərdə olmuşlar. 23.12.2013-cü il təvəllüdlü X8 onun övladıdır. O, öz övladının qayğısına qalır. Rəsmi olaraq heç bir yerdə işləmir və buna görə də, gündəlik işlərlə məşğul olur. Qazancından uşağa baxılması üçün iddiaçıya maddi köməklik göstərir. O, övladından imtina etmir. Övladının qayğısına qalmalı olduğunu dərk edir. Göstərilənlərə əsasən, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23.12.2013-cü il tarixdə doğulmuşdur. Ata qrafasında X6, ana qrafasında isə İddiaçı göstərilmişdir. İş materiallarına əlavə olunmuş xarici pasportun surətindən görünür ki, iddiaçının cavabdeh qismində göstərdiyi şəxs X5 vətəndaşıdır. Beləliklə iş materiallarından göründüyü kimi, iddiaçı 23.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı iddia tələbinin əsası kimi cavabdehin 23.12.2013-cü il təvəllüdlü X3 atası olması faktını təsdiq edən heç bir sənədi (nikah haqqında şəhadətnamə, atalığın müəyyən edilməsi barədə sənəd və s.) iddia ərizəsinə əlavə etməmişdir. Habelə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 23.12.2013-cü il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsindən və cavabdeh qismində cəlb etdiyi Rapail Mahmudovun xarici pasportundan görünür ki, onlar fərqli soyadlara malikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Rapail Mahmudovun vermiş olduğu izahatı istisna olmaqla, sübutetmə yükünə malik olan İddiaçı cavabdehin 23.12.2013-cü il təvəllüdlü X3 atası olması faktını sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının alimentin tutulmasına dair ərizəsi təmin edilə bilməz. Habelə məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdehin 23.12.2013-cü il təvəllüdlü X4 münasibətdə atalığı müəyyən olnumamışdır, belə olan halda cavabdehin həmin uşaq qarşısında valideyn kimi vəzifələri mövcud deyildir. Cavabdehin uşaq qarşısında hər hansı öhdəliyi və vəzifəsi olmadığı üçün uşağın saxlanması üçün alimentin tutulması istisna olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı «aliment» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, cavabdehin uşağın atası olmasını təsdiq edən sübutları (atalığın müəyyən edilməsi barədə şəhadətnamə) əldə etdikdən sonra, həmin şəxsə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə; yaxud atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə aidiyyatı məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı «aliment» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3175/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3175/2021
30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver