Məhkəmə qərarları › İş №2(006)-3196/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3196/2023

26.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3196/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6 aylıq ödənilməmiş 1338 manat əmək haqqının tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Nizami rayon filialına mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə tutduğu vəzifədən azad edilmişdir. İddiaçının işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan dövrlərin əmək haqqı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona ödənilməmiş, iddiaçı Şirkət tərəfindən işdən azad olunarkən 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarının əmək haqqları və son haqqhesabı dəfələrlə müraciət etdikdən sonra ona ödənilmişdir. Ancaq ödənilməmiş əmək haqqları ilə əlaqədar iddiaçı X4 Xidmətinin Bakı şəhəri İdarəsinə müraciət etsə də, sonuncu tərəfindən heç bir tədbir görülməmiş və cavabdeh tərəfindən bu günə kimi əmək haqqı iddiaçıya ödənilmir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsi iddia müddəti pozulmaqla verilmişdir. Belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən o, Şirkətin Nizami rayon filialında baş mütəxəssis vəzifəsində çalışmışdır. Lakin sözügedən filialın ləğv edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə son haqq-hesab aparılaraq, bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Daha sonra mübahisənin mediasiya vasitəsilə həll olunmasına dair xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif olmasına baxmayaraq, iddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməyib, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə tərəflərə arayış təqdim edilmişdir. İddiaçı mediasiya prosesindən imtina etdikdən sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq, işçi hüquqlarının pozulduğu (pul və digər əmlak tələbi ilə əlaqədar) tarixdən, yəni xx.xx.2022-ci il tarixdən yuxarıda qeyd olunan tarixə kimi iddia müddəti 1 il 3 ay 22 gün keçmişdir. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsinə dair» iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq olunması ilə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Dövlət Sığorta Kommersiya Şirkəti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Şirkətin Nizami rayon filialına “baş mütəxəssis” vəzifəsinə (peşəsinə) işə qəbul (təyin) edilir. İşçiyə hər ay ştat cədvəlinə əsasən əmək haqqı ödənilməsi razılaşdırılmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətində baş mütəxəssis vəzifəsinə qəbul edilmiş, əmək haqqının məbləği 600 manat təşkil etmiş, əməyin ödənilməsinin vaxtamuzd olması qeyd edilmişdir. 0069023 nömrəli əmək kitabçasının 3-cü səhifəsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 384 nömrəli əmrlə Dövlət Sığorta Kommersiya Şirkətinin Nizami rayon filialına “baş mütəxəssis” vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə 077K nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “əmək haqqının məbləğinin 250 manat təşkil etməsi, əməyin ödənilməsinin işəmuzd olması” məzmununda dəyişiklik edilmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti ilə İddiaçı arasında bağlanmış işəmuzd əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Şirkətin Nizami rayon filialına “baş mütəxəssis” vəzifəsinə (peşəsinə) işə qəbul (təyin) edilir. İşçiyə hər ay sığorta haqqlarının toplanmasında iştirak payına görə işəmuzd normalara uyğun olaraq əmək haqqı ödənilməsi razılaşdırılmışdır. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin “əməyin ödənilməsinin işəmuzd olması” barədə şərtinə dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, ona İdarə Heyətinin xx.xx.2022-ci il 05 saylı Qərarı ilə Nizami rayon filialının fəaliyyətinin dayandırılması, bununla əlaqədar ona qanunvericiliyə uyğun işdən çıxarma müavinəti ödəniləcəyi, razı olduğu təqdirdə ərizə ilə müraciət etməsi, olmadığı təqdirdə isə xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 077k nömrəli əmrlə “70.b, işçilərin sayı və ştatları ixtisar edildikdə” əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Kütləvi ödənişin təsdiqinə dair xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 620.89 manat məbləğində son haqq-hesab ödənilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək işlədiyi dövrdə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan dövrlər üzrə 6 (altı) aylıq, həmçinin xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üzrə 16 (on altı) günün əmək haqqısının Şirkət tərəfindən ona ödənilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsində yazdığı xx.xx.2022-ci il tarixli izahatında qeyd edilmişdir ki, 2021-ci ilin iyun ayından noyabr ayına qədər 6 (altı) aylıq əmək haqqını Şirkət ona ödəməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbərliyi tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən məktub və sənədlərdə Şirkətin xx.xx.2022-ci il tarixli 05 saylı Qərarına əsasən Nizami filialının ləğv edildiyi, bu barədə İddiaçı xx.xx.2022-ci il tarixli 07/09 saylı xəbərdarlıq məktubunun göndərildiyi məlum olmuşdur. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli 077 K saylı əmrlə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx.xx.2022-ci il tarixində xitam verildiyi və son haqq-hesabın (qalıq məzuniyyət günlərinin ödənişi, işlədiyi günlərin haqqı, müavinət ödənişi) sonuncu iş günü onun hesabına köçürüldüyü bildirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin təqdim etdiyi sənədlərdən İddiaçı xx.xx.2021-ci il tarixdə öz razılığı ilə əmək müqaviləsinə əməyin ödənilməsinin işəmuzd keçirilməsi ilə bağlı dəyişiklik edildiyi və 2021-ci ilin iyul-noyabr ayları üzrə Şirkətin daxili sisteminə İddiaçı tərəfindən heç bir müqavilə daxil edilmədiyindən ona əmək haqqı hesablanıb ödənilməmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müvafiq qaydada müraciət etmək hüququnun olması bildirilmişdir. Mediasiya prosesinin tətbiqi barədə xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, İddiaçı yığılmış əmək haqqının ödənilməsi tələbi ilə əlaqədar əmək mübahisəsinin mediasiya vasitəsilə həll edilməsini və mediasiyaya dair xərclərin bərabər şəkildə bölünməsini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə təklif etmişdir. Bakı 11 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/11-00978 nömrəli arayışından görünür ki, “əmək mübahisəsi” - “yığılmış əmək haqqının ödənilməsi” tələbi üzrə mediasiya işi ilə bağlı xx.xx.2022-ci il tarixində, saat 17:30-da Bakı şəhərində keçirilən ilkin mediasiya sessiyasında İddiaçı ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməyə razılıq verməmişdir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh Şirkətin Nizami rayon filialına “baş mütəxəssis” vəzifəsinə qəbul edilmiş, tərəflər ona 600 manat məbləğində əmək haqqı verilməsi barədə razılığa gəlmiş və müqavilədə əməyin ödənilməsinin vaxtamuzd olması qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə tərəflər əmək müqaviləsinə “əmək haqqının məbləğinin 250 manat təşkil etməsi, əməyin ödənilməsinin işəmuzd olması” məzmununda dəyişiklik etmişlər. xx.xx.2021-ci il tarixdə tərəflər arasında işəmuzd əmək müqaviləsi imzalanmış və iddiaçıya hər ay sığorta haqqlarının toplanmasında iştirak payına görə işəmuzd normalara uyğun olaraq əmək haqqı ödənilməsi razılaşdırılmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin şərtlərinə dəyişiklik edilmiş, lakin “əməyin ödənilməsinin işəmuzd olması” barədə şərtinə dəyişiklik edilməmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən İdarə Heyətinin xx.xx.2022-ci il 05 saylı Qərarı ilə Nizami rayon filialının fəaliyyətinin dayandırılması, bununla əlaqədar iddiaçıya qanunvericiliyə uyğun işdən çıxarma müavinəti ödəniləcəyi, razı olduğu təqdirdə ərizə ilə müraciət etməsi, olmadığı təqdirdə isə xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə 077k nömrəli əmrlə “70.b, işçilərin sayı və ştatları ixtisar edildikdə” əsası ilə xitam verilmiş, ona 620.89 manat məbləğində son haqq-hesab ödənilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, 2021-ci ilin iyun ayından noyabr ayına qədər 6 ay ərzində ödənilməmiş əmək haqqının ona ödənilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsində yazdığı izahatda iddiaçı 2021-ci ilin iyun ayından noyabr ayına qədər 6 aylıq əmək haqqının cavabdeh tərəfindən ona ödənilmədiyini bildirmişdir. İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı yığılmış əmək haqqının ödənilməsi tələbi ilə əlaqədar əmək mübahisəsinin mediasiya vasitəsilə həll edilməsini cavabdehə təklif etmiş, xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında isə prosesi davam etdirməyə razılıq verməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 aylıq – 1338 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsini, cavabdeh tərəf isə iddiaya etiraz təqdim edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və etirazı araşdıraraq hesab edir ki, iddia müddətinin ötürülməsi səbəbindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 2021-ci ilin iyun-noyabr aylarının əmək haqqlarının ödənilməsi tələbi ilə əlaqədar cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təkliflə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə mediasiya prosesi iddiaçının prosesi davam etdirmək istəməməsi səbəbindən yekunlaşmışdır. Hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Deməli, iddiaçı bu cür tələblər üçün qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə hazırki tələblə müraciət etmiş, müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmiş və ötürülmüş bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Müddətin axımının kəsilməsinə səbəb olan hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 379.1, 379.1.6, 379.4-1-ci maddələrinə görə, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 296-cı maddəsinin 3-4, 7-ci hissələrinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 35.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4, 32.4.2-ci maddəsinə əsasən, mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: X4 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin, Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İstinad edilmiş hüquq normalarının hazırki mülki işə tətbiqi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək hüququ ilə bağlı iddia müddətinin axımı 2021-ci ilin iyun-noyabr aylarının (6 aylıq) əmək haqqını almaması ilə 2021-ci ilin noyabr ayında başlamış, 2022-ci ilin sentyabr ayında mediasiyaya müraciət etməsi ilə müddətin axımı dayanmış, oktyabr ayında mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışın verilməsi ilə müddətin axımı bərpa olunmuşdur. İddiaçı ən geci 2023-cü ilin yanvar ayında məhkəməyə müraciət etməli olduğu halda, hazırki iddia ərizəsini məhkəməyə məhz 2023-cü ilin iyun ayında təqdim etmişdir. Bununla da, o, əmək qanunvericiliyi ilə müəyyənləşdirilmiş 1 illik iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar