Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-320/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı "ipoteka yüklülüyünün götürülməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan Cavabdeh ASC tərəfindən alqı-satqı müqaviləsi əsasında aldığı mənzilin üzərindən ipoteka yüklülüyünün götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o X2 ilə x xxxxxx 2009-cu il tarixində bağladıqları alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş reyestr kitabında №855, səhifə 79876, qeydəalma №**********, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 24,4 kv.m olan 2 otaqlı mənzili 67.000 manata almışdır. Aralarında bağlanan alqı-satqı müqaviləsinin 4-cü maddəsinə əsasən, o alıcı olaraq həmin məbləğin 45.258 manatını ödəniş tapşırığına əsasən, Cavabdeh ASC-nin Nəsimi filialındakı hesaba, qalan hissəsini isə notariusun banka depozit hesabı vasitəsilə satıcıya ödəməli idi. Banka ödəməli olduğu həmin məbləği ödəməyinə baxmayaraq, bank üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əmlak üzərində ipoteka yükünü ləğv etməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1894/2014 saylı qətnaməsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4770/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı söylənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, krediti götürən X2 olmuşdur. Bankla onun arasında müqavilə bağlanmış və 150.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Ev Y.İsmayılovun evi olmuş və banka girov qoyulmuşdur. Hazırda Y.İsmayılovun banka 148,43 ABŞ dolları əsas, 945,23 ABŞ dolları faiz, 238,80 ABŞ dolları cərimə, 70,80 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 1403,26 ABŞ dolları borcu vardır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X2 mülkiyyətində ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 24,4 kv.m olan 2 otaqlı mənzili alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 24,4 kv.m olan 2 otaqlı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 855 nömrəli reyestr kitabının 79876 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(011)-4770/2013 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh X1 qarşı “borc və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli, **********293 №-li məktubun surətindən görünür ki, X2 ilə Cavabdeh ASC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 23384216 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 150.000 (bir yüz əlli min) ABŞ Dolları məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin 53.300 (əlli üç min üç yüz) ABŞ dolları məbləğindən istifadə olunmuşdur. Kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Xətai rayonu, 8-ci Dairəvi küçəsi, 20 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Xətai rayon Məhkəməsinin xx.xx.2013-cü it tarixli, 2(011)-4770/2013 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh X1 qarşı iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-1894/2014 saylı qətnaməsinə əsasən Xətai rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(011)-4770/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Bu Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.” Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus mənzilin yüklülükdə saxlanmasına əsas kimi ödənilməmiş borcun qaldığına istinad etsə də, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən müəyyən edilir ki, borc tam olaraq ödənilmiş və bankın borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası rədd edilmişdir. Buna baxmayaraq cavabdeh ipoteka və mülki qanunvericiliyin müvafiq normalarını pozmaqla iddiaçıya məxsus daşınmaz əmlakın ipotekadan azad edilməsi istiqamətində öhdəsinə götürdüyü vəzifələrini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bankın iddiaçıya məxsus əmlakla bağlı hər hansı tələb hüququ qalmamasına baxmayaraq, həmin əmlak üzərində bankın xeyrinə edilmiş ipoteka yüklülüyü hələ də mövcud olduğundan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından sonuncunun pozulmuş hüquqları və qanunla qorunan mənafelərinin real bərpasının təmin olunması baxımından iddia təmin olunmalı, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 24,4 kv.m olan 2 otaqlı mənzil ipoteka ilə yüklülükdən azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 24,4 kv.m olan 2 otaqlı mənzil üzərində ipoteka yüklülüyünə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-320/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-320/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver