Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3204/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi ilə İddiaçı XXX oğlunun cavabdeh YYY-nə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı XXX oğlu cavabdeh YYY-nə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı XXX oğlu Bakı şəhəri, Sabunçu RHK tərəfindən xx.xx.1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin tərkibində hərbi xidmətdə olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı, xx.xx.1994-cü ildə Kəlbəcər rayonu istiqamətində “Qarın nahiyəsindən odlu qəlpə yaraları, sağ ayağının 2/3 hissəsinin amputasiyası” diaqnozu ilə yaralanmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız kimi xx.xx.1994-cü ildə ordudan təxris olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” diaqnozu verilmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri Sabunçu rayonu TSEK-in xx.xx.1994-cü il tarixli, 827 saylı aktı ilə əmək qabiliyyətsiz kimi iddiaçıya ilk dəfə 1-ci qrup müddətsiz əlillik təyin olunmuşdur. Göstərilənlərə əsasən əlilliyi hərbi xidmətlə bağlı olduğundan 1-ci qrup əlil kimi iddiaçıya 8800 (səkkiz min səkkiz yüz) manat məbləğinin ödənilməsi vəzifəsinin YYY-in üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı XXX oğlu məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və bununla əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh YYYnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmçinin, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 296 nömrəli arayışdan görünür ki, XXX oğlu döyüşən N saylı hərbi hissənin tərkibində 03.1993-cü il tarixdən 02.1994-cü il tarixədək hərbi xidmət keçmişdir. 02.1994-cü il tarixdə döyüşlər zamanı şoxsaylı qəlpə yarası almış və sağ ayağının 2/3 hissəsi amputasiya olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 123 nömrəli arayışdan görünür ki, XXX oğlu N saylı hərbi hissədə xx.xx.1993-cü il tarixdən xx.xx.1994cü il tarixədək hərbi xidmət keçmiş və xəstəliyə görə ordu sıralarından təxris olunmuşdur. 016553 nömrəli, xx.xx.2018-ci il tarixli vəsiqənin surətlərindən görünür ki, XXX oğlu birinci qrup müharibə əlilidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair Məlumatdan görünür ki, XXX oğluna Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə görə bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin tələblərinə görə aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: - hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş «dövlət sığorta orqanı»nın səlahiyyətlərini YYY həyata keçirir. İş materiallarından da göründüyü kimi, iddiaçı hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlər zamanı xəsarət almış və nəticədə birinci qrup əlillik dərəcəsi almışdır. Yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından isə bu sığorta hadisəsi hesab edilir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 11.000 manat sığorta məbləğinin 80%-i həddində, yəni 8800 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh YYYndən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı XXX oğluna ödənilməlidir. Eyni zamanda YYY-nin sığorta ödənişinin verilməməsinə dair məktubu ilə bağlı məhkəmə qeyd edir ki, hazıra kimi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməməsi iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulması və sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəməyə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə göstərilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh YYY-ndən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı XXX oğluna ödənilsin. Cavabdeh YYY-ndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlhamCəfərov
Məhkəmə qərarları › İş №2(006)-3204/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3204/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver