Məhkəmə qərarları › İş №2(006)-3204/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3204/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3204/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22.10.1993-cü il tarixdən 23.06.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N №-li hərbi hissədə əsgər kimi həqiqi hərbi xidmət keçirmişdir. Hərbi xidmət dövrü N №-li hərbi hissədə xidmət edərkən 08.05.1994-cü il tarixdə Kəlbəcər rayonu ərazisində döyüş vaxtı ağır yaralanmış və hər iki qolunu itirlmişdir (əsas: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1118 №-li, 23.06.1994-cü il tarixli xəstəlik haqqında şəhadətnaməsinin təsdiqlənmiş surəti). İddiaçıya 07.09.1994-cü il tarixdə Quba rayonu 22 №-li Zona TSEK tərəfindən ömürlük (müddətsiz) 1-ci dərəcəli əlillik qrupu təyin edilmişdir.Lakin bu günə qədər iddiaçıya 1-ci dərəcəli əlillik qrupuna görə sığorta ödənişi verilməmişdir. Sığorta ödənişinin iddiaçıya verilməsi xahişi ilə o, 11.02.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin onun müraciəti cavabsız və nəticəsiz qalmışdır. Göstərilənlərə əsasən «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununda 1-ci qrup əlillər üçün nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və iddia ərizəsinin yazılmasına görə ödədiyi 100 manat pulun, cəmi 8930 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməmiş, iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-kin 22 saylı, 07.09.1994-cü il tarixli müayinə aktından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar birinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23.06.1994-cü il tarixli, 1118 nömrəli xəstəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Quba RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən Kəlbəcər rayonu ərazisində 08.05.1994-cü ildə aldığı yaralanma-diaqnoz: «Odlu qəlpə yaralanmasından sonra sol yuxarı ətrafın bazu oynağının ekraztikulyasiyası, sağ saidin aşağı 1/3-nin səviyyəsində amputasion güdülü. Yuxarı ətrafın funksiyasının pozğunluğu», «Azəraycan Respublikasının müdafisi zamanı yaralanmışdır. İddiaçı hərbi uçotdan silinməklə hərbi xidmətə tam yararsız hesab edilmiş və ehtiyata buraxılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış 11.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, 22.10.1993-cü il tarixdən 23.06.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər qismində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü 08.05.1994-cü il tarixdə Kəlbəcər rayonunda döyüş vaxtı yaralanmış və hər iki qolu itirilmişdir. Aldığı travma nəticəsində AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23.06.1994-cü il tarixli 1118 №-li qərarı ilə hərbi uçotdan silinməklə hərbi xidmətə tam yararsız hesab edilmiş və ehtiyata buraxılmışdır (əsas: AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 23.06.1994-cü il tarixli, 1118 №-li xəstəlik haqqında şəhadətnamənin surəti). 22 №-li Quba Tibb Sosial Ekspert Komissiyasının 07.09.1994-cü il tarixli qərarı ilə ona 1-ci dərəcəli ömürlük əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəbi «Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanma» ifadəsi ilə göstərilmişdir. Lakin ona indiyədək 1-ci dərəcəli əlilliyə görə «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» AR Qanununda nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişi verilməmişdir. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» AR Qanununda nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan X1 (VÖEN: **********) tərəfindən verilmiş ƏİA/4 seriyalı 598925 nömrəli, 08.01.2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən vəkilə ərizənin yazılmasına görə 100 manat məbləğində pul ödənilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə birinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 80 faizi, yəni 8800 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə hüquqi yardım xərcinə görə 100 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəməyə təqdim edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı vəkilə 100 manat pul ödənilmişdir. Belə olan halda sığorta ödənişinin ödənilməsi hissəsində iddianın təmin olunmasını əsas tutaraq məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta ödənişi, vəkilin göstərdiyi yarıdma görə 100 (yüz) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8930 (səkkiz min doqquz yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta ödənişi, vəkilin göstərdiyi yarıdma görə 100 (yüz) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8930 (səkkiz min doqquz yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar