Məhkəmə qərarları › İş №2(006)-324/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-324/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-324/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «sığorta ödənişinin və dəbbə pulunun verilməsinə məcbur edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «sığorta ödənişinin və dəbbə pulunun verilməsinə məcbur edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə «xxxx» ASC ilə İddiaçı arasında sonuncuya məxsus «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli minik avtomobilinin sığortalanmasına dair AS310/19 saylı sığorta müqaviləsi bağlanmış və bu barədə həmin tarixli avtokasko sığorta riskləri üzrə «Nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi» verilmişdir. İddiaçı «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli minik avtomobilini xx.xx.2018-ci il tarixli etibarnamə əsasında 5 il müddətində «xxxx» MMC-yə müvəqqəti istifadə etmək məqsədilə vermişdir. «xxxx» MMC xx.xx.2020-ci il tarixli 93 saylı icarə müqaviləsi ilə İddiaçı onlara verdiyi etibarnaməsi əsasında ona məxsus «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2020-ci il tarixli saat 17.00-dan xx.xx.2020-ci il tarixli saat 18.00-dək X4 müvəqqəti istifadəsinə vermişdir. xx.xx.2020-ci il tarixdə sığorta olunmuş nəqliyyat vasitəsi X8 tərəfindən idarə olunan zaman saat 12.00 radələrində Bakı- Quba yolunun 11-ci km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı sığorta hadisəsi barədə sığortaçıya elə həmin gün, hadisədən dərhal sonra (İsmət adlı əməkdaşına) məlumat vermişdir. Hadisədən sonra DYP-si idarəsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitəsi xüsusi duracağa yerləşdirilmiş və baş vermiş yol nəqliyyat hadisənin araşdırılması məqsədilə hadisənin törədən şəxslər DYP-si idarəsinin Bakı-Quba yolunda yerləşən Ekologiya postuna dəvət edilmişdir. Cavabdeh «xxxx» ASC-nin Abutalıb adlı nümayəndəsi həmin posta yaxınlaşmış onların yanında hadisəni törədən X5 hadisənin necə baş verməsi barədə danışdırmaqla onu şəxsi telefonu vasitəsi ilə videoçəkilişini etmişdir. Bundan sonra cavabdehin nümayəndəsi Hafiz Məmmədlini şəxsi avtomobili vasitəsi ilə Maştağa qəsəbəsində yerləşən Narkoloji dispanserdə yoxlanış üçün aparmış və yoxlanışdan sonra onunla əlaqə saxladıqları zaman hər şeyin qaydasında olduğu onlara bildirilmişdir. Bundan sonra cavabdeh iddiaçıdan DYPİ-si idarəsindən bəzi sənədlər alıb onlara təqdim etməli olacağını bildirmiş və iddiaçı bütün lazımi sənədləri (forma 4 və qəza barədə arayış) 1-2 gün ərzində cavabdehə təqdim etmişdir. İddiaçı tərəfindən lazımi sənədlər təqdim edildikdən sonra cavabdeh sığortalı avtomobili DYP-si idarəsinin saxlama duracağından xüsusi evakuasiya avtomobili vasitəsi ilə götürərək özlərinin daimi servis xidmətindən yararlandığı Bakı şəhərində yerləşən «General Motors»un «xxxx» MMC-yə məxsus servisinə təmir üçün gətirmişdilər. Bir neçə gün sonra avtomobilinin təmirini həyata keçirəcək servis xidməti tərəfindən cavabdehə avtomobilə dəymiş zərər qiyməti təqdim edilmişdir. İddiaçı cavabdehin İsmət adlı əməkdaşı ilə söhbət etdikdə o, bildirmişdir ki, zərər çox çıxdığı üçün rəhbərlik tərəfindən bu hadisənin yenidən araşdırılması barədə göstəriş verilmişdir. Cavabdeh həmin günü iddiaçıya bildirmişdir ki, yenidən sürücünü sığorta şirkətinə hüquqşünasın yanına gətirməlidir. İddiaçı bu tələblə də razılaşaraq yenidən səhəri günü yol nəqliyyat hadisəsində təqsirli olan Hafiz adlı şəxsi sığortaya aparmış və Hafiz bir neçə saat orada gözlədildikdən sonra hüquq şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmişdir. Onlar arasında 1 saatdan artıq araşdıma aparıldıqdan sonra Hafiz oradan çıxaraq iddiaçıya bildirmişdir ki, sığorta şirkəti ona guya ki, hadisə həmin günü avtomobili o sürmədiyi barədə iftira atmaqla sığorta pulunun verilməməsi üçün bəhanə edəcəkdir. Yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobilə 13184 manat məbləğində zərər dəymişdir. Qeyd edilən hal «General Motors»un «xxxx» MMC-də yəni cavabdehin əməkdaşlıq etdiyi şirkətdə tərtib edilmiş xx.xx.2020-ci il tarixli zərər aktı təsdiq olunur. Bundan əlavə, Baş Dövlət Polis İdarəsinin ENB-nin xx.xx.20202-ci il tarixli, 022758 saylı arayışından da görünür ki, «… YNH zamanı avtomobilin vizual olaraq şit zədə alıb..». Həqiqətən də cavabdeh xx.xx.2020-ci il tarixli 131/20 saylı məktubla guya ki, sığorta hadisəsi barədə düzgün olmayan məlumatların verilməsi və sürücünün guya narkotik tərkibli maddə qəbul etməsi səbəbindən imtina etmişdir. Cavabdeh sığorta şirkəti özünün xx.xx.2020-ci il tarixli 131/20 saylı məktubu ilə sığorta ödənişi verilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, guya iddiaçı tərəfindən sığorta hadisəsi barədə düzgün olmayan məlumatlar verilmiş, yəni hadisə zaman sürücünün deyil, başqa şəxs tərəfindən avtomobilin idarə edilməsi faktı müəyyən edilmiş, bundan əlavə sürücü kimi təqdim edilən Hafiz Məmmədli guya ki, hadisə zamanı narkotik təkibli maddənin təsiri altında olmuşdur. Cavabdehin sığorta hadisəsi üzrə imtinasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı və 935.1.8-ci maddələrinə istinad edilmişdir. Qeyd edilənlərə əsasən «xxxx» ASC-nin sığorta ödənişinin verilməsindən imtinasının əsassız olması sübuta yetirilir və bu səbəbdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 13.184 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablanmaqla 329 manat, cəmi 13.513 manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 12.00-da Bakı-Quba yolunun 11-ci km-də «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər avtomobil vasitələri ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən 5-10 dəqiqə sonra DYP-si xidmətinin əməkdaşları tərəfindən hadisə yerinə gəlmiş, hadisəni törədən şəxslər onlar tərəfindən müəyyən edilmiş və həmin şəxslərin lazımi sənədləri onlar tərəfindən götürülmüşdür. DYPİ-nin əməkdaşları tərəfindən yolnəqliyyat hadisəsi zamanı «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi X8 müəyyən edilsə də, lakin cavabdehin sığorta ödənişinin verilməsindən imtinasında guya ki, hadisə zamanı sözügedən avtomobilin idarə edilməsinin başqa şəxs olduğu iddia edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddia olunan hal ilə bağlı iddiaçı tərəfə heç bir görüntü təqdim olunmamışdır. Bundan əlavə cavabdeh sürücü kimi təqdim edilən Hafiz Məmmədlinin guya ki, hadisə zamanı narkotik tərkibli maddənin təsiri altında olduğu və bu faktın narkoloji rəylə təsbit edildiyi halda, iddiaçı tərəfindən «Respublika Narkoloji Mərkəzindən» X8 barəsində əldə edilmiş rəyi ilə tam əksi sübut olunaraq onun qanında hər hansı narkoloji dərmanlara aid preparatın aşkar olunmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6 və 935.1.8-ci madələrinə istinad etməklə sığorta ödənişinin verilməsindən imtina edilməsi absurd və əsassızdır. Cavabdeh Mülki Məcəllənin 935.1.6-cı maddəsinə istinad edirsə, həmin maddə ilə nəzərdə tutulmuş halın mövcudluğu da sübut etməlidir. Qeyd edilən maddədə sığorta ödənişindən imtinanın əsaslarından biri kimi «935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortasıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması» nəzərdə tutulmuşdur. Hadisə səlahiyyətli dövlət orqanı (DYP) tərəfindən araşdırılmış, sığorta hadisənin səbəbi müəyyən edilmiş və müvafiq rəsmi sənədlərdə də öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair də müvafiq qiymətləndirmə təqdim edilmişdir. Belə olan halda, sığorta olunan konkret hansı hərəkəti ilə cavabdehin Mülki Məcəllənin 935.1.6-cı maddəsinə göstərilən hüquqdan məhrum edildiyi aydın deyil. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən Mülki Məcəllənin eyni zamanda həm 935.1.6, həm də 935.1.8-ci maddələrinə istinad etməsi də imtinanın əsassız olduğuna dəlalət edir. Belə ki, 935.1.6-cı maddə hadisənin sığorta hadisəsi kimi tanınmasını ehtiva edirsə, 935.1.8-ci maddə hadisənin «sığorta hadisəsi hesab edilməməsi» ilə bağlıdır. Yəni, 935.1.8-ci maddəyə görə sığorta hadisəsi yoxdursa, onda 935.1.6-cı maddəyə istinad edilməsini anlaşılan deyil, əgər 935.1.6-cı maddəyə istinad edilirsə, onda 935.1.8-ci maddəyə istinad edilməsi mümkün deyil. Qeyd edilənlər də cavabdeh sığorta ödənişindən qanunsuz imtina etmək üçün özünün də həmin əsasların mövcudluğuna əminliyinin olmamasından irəli gəlir. Göstərilənlərə əsasən «xxxx» ASCdən sığorta ödənişi məbləğini təşkil edən 13.184 (on min yüz səksən dörd) manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablanmaqla 329 manat, cəmi 13513 (on üç min beş yüz on üç) manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 13184 (on üç min yüz səksən dörd) manatın, sığorta ödənişin verilməsinin gecikdirilməsinə görə 4601,21 (dörd min altı yüz bir manat, 21 qəpik) manat dəbbə pulu, ümumilikdə 18114 (on səkkiz min yüz on dörd) manat tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddiaya uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, qeyd olunan hadisə X8 tərəfindən törədilməmiş, o hadisə yerinə sonradan gəlmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş AC seriyalı 529893 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən İddiaçı məxsus «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşından müvəqqəti istifadə etməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməsi «xxxx» MMC-yə 5 il müddətinə, xx.xx.2023cü il tarixədək etibar edilmişdir. İş üzrə AS-310/19 nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinə əsasən X1 məxsus «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək «xxxx» ASC-də sığortalanmışdır. İş materiallarında olan «İcarəyə verən» qismində «xxxx» MMC ilə «İcarəyə götürən» qismində X8 arasında bağlanılmış nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair 93 saylı, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, «xxxx» MMC ona müvəqqəti istifadəyə verilmiş «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2020-ci il tarixli saat 18.00-dək X6 müvəqqəti istifadəsinə, icarəyə verilmişdir. İş materiallarında olan «xxxx» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən «xxxx» MMC tərəfindən «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşını müvəqqəti istifadə etməsi X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək etibar edilmişdir. İşdə olan “inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, X8 «Chevrolet Trax» minik markalı ** OH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Xəta nəticəsində X8 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarında olan «General Motors»un «xxxx» MMC tərəfindən tərtib olunmuş preyskurantdan (qüsur aktından) görünür ki, “Chevrolet Trax” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 15.557,12 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus olan və «xxxx» ASC-də sığortalanmış, rent-a-car fəaliyyəti ilə məşğul olan «xxxx» MMC-yə İddiaçı tərəfindən təqdim edilmiş “Chevrolet Trax” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsinə uğraması barədə məlumatı onlara İddiaçı zəng vuraraq bildirmişdir. İddiaçı həmin nəqliyyat vasitəsinin artıq cərimə dayanacağında olduğunu, sürücünün kimliyini bir az sonra dəyəcəyini bildirmişdir. Daha sonra İddiaçı yaxın qohumu Nəhayət Mircəfərov «xxxx» ASC-yə zəng edib, avtomobili daxili etibarnamə ilə X8 (1994-cü ildə Ağdamda anadan olmuşdur) idarə etdiyini bildirmiş və onun mobil telefon nömrəsini təqdim etmişdir. Verilmiş nömrəyə dəfələrlə zəng etsələr də, telefon bağlı olduğundan əlaqə yaratmaq mümkün olmadı. Daha sonra sığorta şirkətinin əməkdaşı ekologiya postuna getmişdir və Hafizlə orada görüşə bilmişdir. Sığorta şirkətinin nümayəndəsi ondan video çəkilişlə yerində izahat almışdır. İzahatda digər suallara cavab verməklə yanaşı Hafiz hadisə barədə yerindən xəbər verilmədiyini telefonunun «zaryadka»sının bitməsi ilə izah etmişdir. Sığorta şirkətinin əməkdaşı tərəfindən narkoloji müayinəyə aparılmış Hafiz orada bildirmişdir ki, ara-sıra nəşə qəbul edir və 3 gün əvvəl də nəşə qəbul etmişdir. Bu həkimin müayinə rəyində də birbaşa qeyd edilmişdir. Hafiz bir neçə gün sonra sığorta şirkətinə yazılı izahat vermiş və orada əvvəl verdiyinə zidd olan fərqli məlumatlar qeyd etmişdir. Hadisənin araşdırılması gedişində şirkətin əməkdaşı avtomobilin Sumqayıtdan qəza yerinədək hərəkətini və qəzadan sonrakı hərəkətləri əks etdirən müşahidə kameralarından video görüntülərə baxiş keçirmişlər. Video görüntülərdən avtomobilin sürücü qapısından düşən şəxsin Hafiz olmadığı məlum olur. Hafizin izahatlarının qeyri-dürüst və ziddiyyətli olmasının səbəbi də qəza zamanı avtomobili digər şəxsin idarə etməsi olmuşdur. Şərh edilənlər qanunsuz olaraq sığorta ödənişi almaq məqsədi ilə yol-nəqliyyat hadisəsinin halları barədə Respublika dövlət yol polisinə və sığorta şirkətinə həqiqətə zidd məlumatlar verildiyini göstərir. Eyni zamanda hesab edirlər ki, bu hal öz hüquqi qiymətini almalıdır. Yuxarıda qeyd edilənlərə əsasən bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.6 və 935.1.8-ci maddələrinə uyğun olaraq İddiaçı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş üzrə Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akta əsasən X2 yoxlama zamanı onun qanunda sərxoşluq və hər hansı narkoloji dərmanlara aid preparatın müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4339 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan «xxxx» LTD-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «Chevrolet Trax» markalı, **-OH- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 12974,0 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 10.884,00 manat, təmir-bərpa işlərinin qiyməti – 2090,00 manat təşkil edir. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 3% (2-6%) aşınma nəzərə alınmaqla, 5 il (2015-2020) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 9346,00 manat müəyyən edilir ((10884,00 – 3%) x 5 dəfə). Nəzəri hesablama yolu ilə «xxxx» LTD tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11436 manat müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan “Chevrolet Trax” markalı, ** OH *** dövlət nömrə minik avtomaşın “Avtokasko”xxxx“xxxx” ASC-də xx.xx.2019-cu il tarixdə 20.000 manat məbləğində sığortalanmış və bu barədə iddiaçıya AS-310/19 saylı sığorta şəhadətnaməsi verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomaşın etibarnamə əsasında, yəni qanuni əsaslarla X8 tərəfindən idarə olunarkən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomaşına maddi ziyan dəymişdir. İddiaçı hadisə baş verdikdən sonra sığorta ödənişin verilməsi ilə bağlı “xxxx” ASC-yə müraciət etsə də, sonuncu sığorta ödənişinin verilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, hadisə zamanı sözügedən avtomobili Hafiz Məmmədli yox, başqa şəxs idarə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının avtomaşını cavabdeh şirkət tərəfindən sığortalandığından və yol-nəqliyyat hadisəsi zamanı sığorta müqaviləsi qüvvədə olduğundan, iddiaçı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin ona verilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtinada göstərilən dəlillərə hüquqi qiymət verərək hesab edir ki, sığorta şirkətinin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəsdirlər. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1.10. sığorta müqaviləsi—sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma; 1.1.11. sığorta şəhadətnaməsi—sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd; 1.1.12-ci maddəsinə əsasən sığorta qaydaları—sığorta qanunvericiliyinə uyğun olaraq, sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanan, həmin sığortaxxxxqayda və şərtləri müəyyən edən sənəd; 1.1.19. sığorta hadisəsi—qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 1.1.20. sığorta tələbi—sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; 1.1.21. sığorta ödənişi—sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası. «Sığorta haqqında» AR Qanununa əsasən sığorta iki əsas sahədən: həyat və qeyrihəyat sığortası sahələrindən ibarətdir. Sığortaçılar bu sahələrdən biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər. Qeyri-həyat sığortası – sığorta hadisəsi baş verdiyi zaman sığortaçıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır. Həyat və qeyri-həyat sığortasının aparılma qaydası və şərtləri qanunvericiliyə uyğun olaraq sığortaçı və sığortalı arasında bağlanan müqaviləyə əsasən müəyyən olunur. Sığortanın növləri könüllü və icbari formada həyata keçirilir. Könüllü sığortasığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında müəyyən olunur. Könüllü sığortanın aparılması qaydası “Sığorta haqqında” Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunur. Sığortanın şərtləri sığorta bağlanan zaman müəyyən olunur. AR Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasındha ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. Göründüyü kimi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında bağlanan ikitərəfli, müəyyən bir hadisənin baş verəcəyi halda gələcəkdə yaranacaq öhdəlik haqqında razılaşma olduğundan konsensual, sığortalının sığorta haqqı ödəməsi müqabilində sığorta ödənişi aldığından əvəzli müqavilədir. AR Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomaşın yol-nəqliyyat hadisəsi törətdikdən sonra dərhal hadisə barədə sığortaçıya və səlahiyyətli dövlət orqanı – Dövlət X12 məlumat verilmiş, səlahiyyətli orqan tərəfindən hadisə yerinə baxış keçirilmiş, müvafiq araşdırma nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və hadisəni törətmiş şəxs X8 barəsində inzibati qərar qəbul edilmişdir. Həmçinin hadisə ilə bağlı inzibati xətanı törədən Hafiz Məmmədli Respublika Narkologi Mərkəzində müayinəsindən keçmiş və onun qanından sərxoşluq və hər hansı narkoloji dərmanlara aid preparatın olmaması müəyyən edilmişdir. Göründüyü kimi inzibati xətanı törədən şəxs sürücü Hafiz Məmmədlinin olması və sonuncu hadisə zamanı narkotik tərkibli maddənin təsiri altında olmaması tam təsdiq olunmuşdur. Belə olan halda cavabdehin həmin hala istinad edərək sığorta ödənişinin verilməsindən imtinası tam əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə video disk təqdim edilmiş və iş üzrə şəxsin tanınması üçün müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Ekspertizanın keçirilməsindən məhkəmə tərəfindən imtina edlmiş və bunun əsası kimi cavabdehin inzibati xəta haqqında protokolun mübahisələndirilməsinin bu iş üzrə əhəmiyyə daşımadığı və inzibati xəta haqqında protokolun mübahisələndirilməyərək qanuni qüvvəsini aldığı müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, AR Mülki Məcəlləsinin 935.1-ci maddəsində sığorta ödənişinin verilməsindən imtinanın əsasları göstərilmişdir və həmin əsaslar konkret xarakter daşıyır. Yəni sığorta ödənişinin verilməsindən imtina konkret və mötəbər faktlara söykənməli, sığortalının hərəkətləri AR Mülki Məcəllənin 935-ci maddəsində nəzərdə tutulmuş halların baş verməsi ilə nəticələnərsə, bu halda Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etməlidir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina üçün hər hansı bir tutarlı əsaslar göstərilmədiyindən, həmçinin göstərilən əsaslar öz təsdiqini tapmadığından, cavabdehin sığorta ödənişinin verilməsindən imtina əsassız hesab edilməli və iddiaçının sığortalı kimi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilik tərəflərin özlərinin üzərinə istinad etdiyi halların sübut etmə vəzifəsini qoymuşdur. Cavabdeh şirkət tərəfindən iddiaçıya sığorta ödənişin verilməsindən imtina məktubundan göstərilən hallar müəyyən edilmədiyindən, həmin hallar sığorta ödənişin verilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə iddia tələbinin dəymiş zərərin əvəzini təşkil edən 13184 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, sığortalı avtomobilin 2015-ci il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin məbləği ehtiyat hissələrinə düşən köhnəlmə faizi nəzərə alınmaqla müəyyənləşdirilmiş 11436.00 manat məbləği əsas kimi tutularaq həmin məbləğ sığorta şirkətindən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də iddia tələbi qismən əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən səbəblərdən məhkəmə cavabdehin sığorta ödənişinin verilməsindən imtinasını əsassız hesab etmişdir. Bu həm də, o deməkdir ki, cavabdehin Mülki Məcəllənin 934-cü maddəsi baxımından məsuliyyəti yaranmışdır. Çünki həmin maddəyə görə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə olan redaksiyada) sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan, nəqliyyat hadisəsi xx xxxxxx 2020-ci il tarixdə baş verdiyindən, iddia tələbi bu hissədə qismən təmin edilməli, sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə cavabdehdən iddiaçının xeyrinə 114,36 manat (bir yüz on dörd manat, otuz altı qəpik) x 349 (gün) = 3991,16 (üç min doqquz yüz doxsan bir manat, on altı qəpik) manat dəbbə pulu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan 2015-ci il buraxılışlı “Chevrolet Tarx” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 11436 (on bir min dörd yüz otuz altı) manat sığorta ödənişi, sığorta ödənişin verilməsinin gecikdirilməsinə görə 3991,16 (üç min doqquz yüz doxsan bir manat, on altı qəpik) manat dəbbə pulu, cəmi 15,427.16 (on beş min dörd yüz iyirmi yeddi manat, on altı qəpik) manat məbləğində pul vəsaiti cavabdeh «xxxx» ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməmədir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat «xxxx» ASC-dən tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan 2015-ci il buraxılışlı “Chevrolet Tarx” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 11436 (on bir min dörd yüz otuz altı) manat sığorta ödənişi, sığorta ödənişin verilməsinin gecikdirilməsinə görə 3991,16 (üç min doqquz yüz doxsan bir manat, on altı qəpik) manat dəbbə pulu, cəmi 15,427.16 (on beş min dörd yüz iyirmi yeddi manat, on altı qəpik) manat məbləğində pul vəsaiti cavabdeh «xxxx» ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul «xxxx» ASC-dən alınaraq Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar