Məhkəmə qərarları › İş №2(006)-3249/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3249/2021

16.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3249/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Quba rayon Notariat Kontoruna cəlb etməklə cavabdeh X2 qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Quba rayon Notariat Kontoruna cəlb etməklə cavabdeh X2 qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən bir mərtəbəli, iki otaqdan ibarət, ümumi sahəsi 36,7 kv.m., yaşayış sahəsi 26,2 kv.m. olan fərdi yaşayış evini Cavabdeh satmaq məqsədilə 10.02.2004-cü il tarixdə 8.000.000 manat(köhnə), 1600 (yeni) manat beh almışdır. Razılaşmaya əsasən alıcı pulun qalan hissəsi iddiaçıya ödədikdən sonra əmlakı rəsmiləşdirəcəkdir. Bu barədə Quba şəhər Notariat Kontorunda 208123 saylı müqavilə tərtib olunaraq tərəflərindən imzalanmış, notarius tərəfindən isə təsdiqlənmişdir. 10.02.2004-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni iddiaçıya evin pulunu tam şəkildə ödənilməmişdir. Daşınmaz əmlakın alqı-satqısı Quba rayonunun 1-ci Nügədi kənd icra nümayəndəliyi tərəfindən saxtlaşdırılmış «Forma 2» (yaşayış yeri üzrə) arayışına əsasən aparılmışdır. Belə ki, ailə üzvləri, yəni səkkiz övladı evin alqı-satqısında iştirak etməmişlər, notarial qaydada razılıq verməmişlər. Müqavilə bağlanan zaman kiçik yetkinlik yaşına çatmayan 30.05.1988-ci il təvəllüdlü oğlu X10 ilə əlaqədar qəyyumluq və himayəçilik orqanına müraciət olunmamış və sözügedən orqanın rəyi alınmamışdır. Alqı-satqı müqaviləsində iddiaçının adı «Sayib» olduğu halda, «Sahib» kimi göstərilmişdir. Bu səbəbdən də sözügedən mübahisəli alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əasən mülkiyyətində olan Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən bir mərtəbəli, iki otaqdan ibarət, ümumi sahəsi 36,7 kv.m., yaşayış sahəsi 26,2 kv.m. olan 26,2 kv.m. olan fərdi yaşayış evi ilə bağlı cavabdeh X7 ilə İddiaçı arasında Quba şəhər Notariat Kontorunda bağlanmış 10.02.2004-cü il tarixli, 208123 saylı müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X16 iddia tələbini müdafiə edərək, iddianın tam olaraq təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş bildirişlər cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə mülki işə cavabdehlər iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin kserosurətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən bir mərtəbəli iki otaqdan ibarət ümumi sahəsi 36,7 kv.m., yaşayış sahəsi 26,8 kv.m. olan fərdi yaşayış evi 04.02.2004-cü il tarixdə X11 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 10.02.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 rayonu, İ Nügədi kəndində yerləşən bir mərtəbəli iki otaqdan ibarət ümumi sahəsi 36,7 kv.m., yaşayış sahəsi 26,8 kv.m. olan fərdi yaşayış evi 8.000.000 manata (köhnə) Cavabdeh satmışdır. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın kserosurətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində mülkiyyətində olan 0,17 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı, 26,8 kv.m.yaşayış, 9,9 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi 21.02.2007-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları İdarəsi tərəfindən X13 ünvanlanmış 08.01.2006-cı il tarixli məktubun kserosurətindən görünür ki, Quba rayon dövlət notariat kontorunda evin alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi barədə Ədliyyə Nazirliyinə daxil olmuş sorğusuna baxılmışdır. Müəyyən edilmişdir ki, Quba rayon Dövlət notariat kontorunda İ Nügədi kəndində yerləşən evin alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən notariat kontoruna təqdim edilən ailə üzvləri haqqında arayışda qeydiyyatda heç kim göstərilmədiyi səbəbindən qanunvericiliyə uyğun olaraq yalnız arvadı L.Kərimovanın həmin evin satılmasına dair razılıq ərizəsi alınmışdır. Quba rayon dövlət notariat kontorunda notariat hərəkətlərinin təsdiqi zamanı vətəndaşlardan dövlət rüsumundan artıq pul istənilməsilə əlaqədar həmin şəxsləri aidiyyəti dövlət orqanlarına müraciət etməsi hüququ vardır. İş materiallarında olan Quba rayon Notariat Kontoru tərəfindən X13 ünvanlanmış 23.01.2014-cü il tarixli məktubun surətindən görünür ki, Quba rayon DNK-da 10.02.2004cü il tarixdə X22 ilə X8 arasında rəsmiləşdirilmiş 4Ə/42 reyestr nömrəli alqı-satqı müqaviləsindən başqa İddiaçı adına heç bir notariat işi Quba rayon notariat kontorunda saxlanılan arxiv sənədləri arasında aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X13 ünvanlanmış 11.04.2017-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında 31.03.2017-ci il tarixdə keçirilmiş qəbul zamanı torpaq sahəsinə dair verilmiş «Torpağa mülkiyyətə dair şəhadətnamə»yə müvafiq düzəlişlərin edilməsinə və Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin digər şəxsin adına rəsmiləşdirilməsinin araşdırılmasına köməklik göstərilməsi barədə təqdim etdiyi ərizəyə baxılmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respubliası Qanunun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəməyə qaydasında həll edilir. İş üzrə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən X13 ünvanlanmış 27.04.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, «Daşınmaz Əmlakı Dövlət Reyestri Haqqında» Qanunun tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında aparır. Notariat qaydada təsdiq olunmayan əqdlər üzrə Daşınmaz əmlakın özgəninkiləşdirilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28.09.2020-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə dair dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarsinə daxil olmuş 23.09.2020-ci il tarixli ərizəsinə baxılmışdır. Ərizəsində qeyd olunan Quba rayonu, Birincə Nügədi kəndində yerləşən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış «daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən hüquqların dövlət qeydiyyatı üçün hesab edilən notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında hazırlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.Həmin qanunun 2.4-cü maddəsinə əsasən və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəməyə qaydasında həll edilir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14.01.2021-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 12.01.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Ərizəsində qeyd olunan fərdi yaşayış evi notariat müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh satılmışdır. Ərizəsində qeyd olunan Quba rayonu, Birincə Nügədi kəndində yerləşən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarış «daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən hüquqların dövlət qeydiyyatı üçün hesab edilən notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında hazırlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.Həmin qanunun 2.4-cü maddəsinə əsasən və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəməyə qaydasında həll edilir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.02.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən fərdi yaşayış evinin və Xaçmaz rayonu, Biringə Nügədi kəndində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı müəyyən olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu ərazisində istifadəsində olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı müraciəti daxil olmamışdır. Müraciətindən digəri isə Xaçmaz rayonu, Birinci Nügəli kəndində yerləşən fərdi yaşayış evinin Cavabdeh satılmasına dair Quba rayon Dövlət Notariat Kontorunun 10.02.2004-cü il tarixli 4Ə-42 reyestr nömrəli müqaviləsinin düzgün tərtib edilməməsinin və həmin müqavilə əsasında Cavabdeh adına aparılmış qeydiyyatın ləğvi tələbi ilə bağlıdır. Quba rayon Dövlət Notariat Kontorunun 10.02.2004-cü il tarixli 4Ə-42 reyestr nömrəli müqaviləsi əsasında 0,17 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 36,7 kv.m. olan fərdi yaşayış evi ilə birgə vahid daşınmaz əmlak kimi Cavabdeh adına 21.02.2007-ci il tarixdə ********* qeydiyyat nömrəli, **********32-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Xidmətin 5 saylı Xaçmaz Ərazi İdarəsinədaxil olmuş Quba Rayon Məhkəməsinin 01.02.2018-ci il tarixli, 2(027)-273/2018 nömrəli icra vərəqəsinə əsasən Cavabdeh adına olan MH seriyalı, ******* nömrəli, **********32-10301 reyestr nömrəli, qeydiyyat tarixi 21.02.2007-ci il olan hüquqların dövlət reyestrindən çıxarışın 0,17 ha torpaq sahəsinə dair hissəsi əsassız olduğundan, daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində ləğv edilmişdir. Həmin 0,17 ha torpaq sahəsinə JN:1689F KOD 30319048 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə»yə əsasən İddiaçı və ailə üzvləri X1, X12, X9, X5, Məhərrəmova Lamiyə ahib qızına, X3, X6 və X14 03.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və Sumqayıt şəhər İnzibati-İqtisadi Məhkəməsinin 15.08.2019-cu il tarixli, 2-1(85)-1024/2019 saylı qərarı əsasında 0,20 ha ölçüdə torpaq sahəsinə 13.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar hazırlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.Həmin qanunun 2.4-cü maddəsinə əsasən və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəməyə qaydasında həll edilir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 18.02.2021-ci il tarixli və 09.03.2021-ci il tarixli pretenziyalardan görünür ki, 10.02.2004-cü il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh Sültan qızı üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməmiş, yəni evin pulunu tam şəkildə ödənilməmişdir.Bu səbəbdən sözügedən alqısatqı müqaviləsinin ləğv ilə bağlı Cavabdeh qarşı iddia qaldırmağa hazırlaşır. Bununla əlaqədar olaraq 5 gün ərzində pretenziyaya münasibət bildirilməsini xahiş etmişdir. Hazırda iddiaçı, Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini istəyir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin xahiş etdi hissəsində müqavilənin ləğvi qeyd edilsədə, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasındakı izahatında müqavilənin etibarsızlığı ilə bağlı məqamlara istinad etmiş və məhkəmənin ona iddia tələbinin dəqiqləşdirilməsi barədə təklifinə də müsbət cavab verməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materiallarından göründüyü kimi, iddiaçı 10.02.2004-cü il tarixli 208123 saylı alqısatqı müqaviləsini mübahisələndirərkən əqdin etibarsız hesab edilməsinə dair qanunvericilikdə müəyyən edilmiş əsaslara istinad etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilibverilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Məhkəmə xüsusilə vurğulayır ki, hətta mübahisə predmeti olan kredit müqavilələri iddiaçının qeyd etdiyi əsaslarla səbəbilə etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir. Çünki, Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı, həm əqdin əhəmiyyətsiz əqd olduğuna, həm də MM-in 340.1-ci və 340.2-ci maddələrinə istinad etdiyindən, həmin tələbə MM-nin 354.1-ci və 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət şamil edilir. Həmin müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Hazırki işin hallarından və tərəflərin izahatlarından belə məlum olur ki, iddiaçı mübahisə predmeti olan kredit müqavilələri bağlanarkən öz hüquqlarının pozulduğunu bilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Quba rayon Notariat Kontoruna cəlb etməklə cavabdeh X2 qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Quba rayon Notariat Kontoruna cəlb etməklə cavabdeh X2 qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar