Məhkəmə qərarları › İş №2(006)-3254/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3254/2020

27.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3254/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh-yə qarşı "əmək haqqının ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı "əmək haqqının ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddia tələbləri üzrə Cavabdeh X4 təşkilatı məsələlər üzrə direktor müavini vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən, işin ilk həftəsi sınaq müddəti hesab olunmaqla, əmək müqaviləsi bir il müddətinə, yəni xx xxxxxxxx 2020-ci il tarixinədək bağlanmışdır. Müqavilə qanunvericilikdə nəzərdə tutulduğu kimi, elektron qaydada qeydiyyata alınmış, iddiaçıya **********289 nömrəli SSN (sosial sığorta nömrəsi) verilmişdir. Eyni zamanda, müqavilənin 4.6-cı maddəsində nəzərdə tutulmuş şərtə əsasən, əmək haqqının alınması üçün “xxxxxxxxx” ASC-də hesab açılmış və müvafiq əmək haqqı kartı verilmişdir. Lakin, SSN kartı və əmək kitabçası işəgötürəndə qalmışdır.Təşkilat yeni yarandığından ilk vaxtlar işin qurulması ilə bağlı müəyyən çətinliklərin olacağını bildirən direktor X2 tezliklə bu problemlərin həll olunacağını vəd edirdi. İddiaçı müqaviləyə əsasən, hər ay 2300 (iki min üç yüz) manat məbləğində əmək haqqı almalı idi. İddiaçıya işlədiyi bu müddət ərzində ümumiyyətlə heç bir əmək haqqı ödənişi edilməmişdir. 2019-cu ilin sonuna qədər mütəmadi olaraq əmək funksiyalarını həyata keçirmişdir. Bu müddət ərzində direktor V.Müslümov yaxın üç-dörd gün ərzində müəssisənin bank hesabına böyük miqdarda pul köçürülməli olduğunu, bundan sonra həm əmək haqqı borclarının, həm də digər ödəmələri həyata keçirəcəyini, işlərin yaxşı gedəcəyini vəd edirdi. İddiaçıdan başqa da müəssisədə çalışan bütün işçilərin əmək haqları ödənilmədiyindən, bunu ümumi problem olduğunu, tezliklə işlərin qaydaya düşəcəyini düşünmüşdür.2019-cu ilin sonlarında iddiaçı əmək haqqının ödənilməsini qəti şəkildə tələb etməyə başladı. İddiaçı üç aydan artıq əmək haqq almadan işləmişdir. İddiaçı yenə yalan vədlərdən başqa bir şeyə nail ola bilmədi və sonra, V.Müslümov sadəcə olaraq yoxa çıxdı. Həmin vaxtdan telefon nömrələrinə zəng çatmır və icarəyə götürmüş olduğu ofis, yəni çalışdıqları iş yeri icarədar tərəfindən boşaldıldı. Belə ki, icarə haqqına görə də ödəmələr edilməmişdi və icarədar pulunu tələb edirdi. İddiaçı həmin vaxtdan V.Müslümovu görməmişdir. İddiaçıya əmək haqqının ödənilməməsindən əlavə, əmək müqaviləsinə xitam verilməsi də mümkün olmur və bu səbəbdən iddiaçı başqa işə də qəbul ola bilmir. Belə ki, elektron qaydada müqavilə qüvvədə olduğundan iddiaçının rəsmi olaraq işlədiyi iş yeri var və heç bir işəgötürən onunla əmək müqaviləsi bağlaya bilmir. Üstəlik, iddiaçının əmək kitabçası və SSN kartı da ona verilmədiyindən işə qəbul edilməsi mümkünsüz vəziyyətdədir. xx xxxxxxxx 2019-cu ildə bağlanmış əmək müqaviləsinə əsasən müəyyən olunmuş müddətədək, yəni xx xxxxxxxx 2020-ci il müddətinədək əmək -haqqı cavabdehdən məhkəmə qaydasında tutulmalı və əmək müqaviləsinə xitam verilməlidir.Əmək müqaviləsi üzrə sınaq müddəti bir həftə müəyyən edilmişdir və işəgötürən əmək müqaviləsinin xitamını tələb etməmişdir. Belə olduqda, iddiaçı sınaqdan çıxmış hesab edilir. Göstərilənlərə əsasən Cavabdeh X1 iddiaçının xeyrinə əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqlarının cəmi olaraq 27600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutulması, eləcə də tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan işəgötürən Cavabdeh-nin direktoru X2 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh-də təşkilati məsələlər üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 2300 manat məbləğində əmək haqqı ödənilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, 2019-cu ilin sentyabr ayından dekabr ayının sonunadək Cavabdeh-də səhiyyə və marketinq üzrə baş menecer vəzifəsində işləmişdir. Həmin vaxt İddiaçı MMC-də direktor müavini vəzifəsində işləyirdi. Onlara əmək haqqı verilmirdi. Şirkətdə onlardan başqa altı işçi də var idi. Direktor işə gəlmirdi. 2019-cu ilin dekabr ayında şirkəti bağladılar və işçilərə əmək haqları ödənilməmiş qaldı. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 2-ci bəndinə əsasən işin birinci ilk həftəsi sınaq müddəti hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 155-ci maddəsinin 1-ci hissəsinə görə işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Eyni Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Qeyd olunan Məcəllənin 174-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. Göstərilən qanunun normalarından da göründüyü kimi işçinin gördüyü işə görə müəyyən olunmuş minimum əmək haqqı miqdarından az olmayan əmək haqqı almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdehdə üç ay (sentyabr-dekabr) işləməsinə baxmayaraq, əmək müqaviləsində qeyd olunmuş 2300 manat məbləğində əmək haqqını ala bilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh-dən 12 ay ərzində ödənilməmiş əmək haqqı məbləğini, yəni 27600 manat məbləğində pulu tələb etsə də, məhkəmə araşdırması zamanı və şahid ifadəsindən məlum olmuşdur ki, iddiaçı sözügedən MMC-də faktiki olaraq 3 (üç) ay işləmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh-dən ödənilməmiş əmək haqqına görə 6900 (altı min doqquz yüz) manat (3 ay * 2300 manat =6900 manat) alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı məbləğinin ödənilməməsindən savayı, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmədiyindən, o başqa işə də qəbul ola bilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh-dən ödənilməmiş əmək haqqına görə 6900 (altı min doqquz yüz) manat və 30 (otuz) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6930 (altı min doqquz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh-dən ödənilməmiş əmək haqqına görə 6900 (altı min doqquz yüz) manat və 30 (otuz) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6930 (altı min doqquz yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar