Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3263/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu ildə Füzuli rayonunda anadan olmuşdur və məcburi köçkün kimi ərizədə göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 1987-ci il tarixdən 1989-cu il tarixədək keçmiş SSRİ Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasına qarşı erməni silahlı qüvvələrinin tərəfindən müharibə elan olunduqdan sonra iddiaçı da müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına daxil olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, süverenliyi uğrunda gedən Qarabağ döyüşlərində iştirak etməyə başlamışdır. Belə ki, iddiaçı bir çox ərazilərdə aktiv döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.02.2017-ci il tarixli, 9/2-3138 saylı arxiv arayışında 1992-ci ildən 1993-cü il tarixlərdə 814, N və N saylı hərbi hissələrin tərkibində döyüşməsi rəsmi şəkildə qeyd olunmuşdur. Qarabağ uyğunda gedən döyüşlər zamanı ayaq hissəsindən yaralanaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müalicə olunmuşdur. Müalicə olunmasına baxmayaraq ayağında olan zədələr ciddi olduğundan iddiaçı müvafiq orqanların müayinəsindən sonra 2-ci qrup qarabağ əlili kimi qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10.05.2017-ci il tarixli, 855 saylı qərarı ilə iddiaçının Qarabağ əlili olması birmənalı olaraq sübut olunmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli rayon Hərbi prokurorluğunun 17.03.2017-ci il tarixli məktubuna əsasən barəsində heç bir cinayət işi və təqsirləndirici materialın olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və 12.04.1993-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirmə zamanı təyin edilmiş travma - diaqnoz: «Hər iki baldırın və sağ aşıq baldır oynağının əzilməsi və qansızması» (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 17.03.2017-ci il tarixli, 105 nömrəli göndərişi, 17.03.2017-ci il tarixli 33 nömrəli arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasından verilmiş 27.03.2000-ci il tarixli, 48 nömrəli arayış, MN Mərkəzi Arxivindən verilmiş 23.02.2017-ci il tarixli, 9/2-3138 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş 17.04.2017-ci il tarixli 2050 nömrəli arayışı, Hərbi-Həkim Komissiyasına müayinə vərəqəsindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), «Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». Əsas kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-Həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin «a» yarımbəndi MN MHHK-nın 894 saylı 10.05.2017-ci il tarixli protokolu göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 24.05.2017-ci il tarixli 4110003AABFD Forma 88 nömrəli arayışda əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti 24.05.2022-ci il göstərilmişdir və diaqnoz - digər oynaqların posttravmatik artrozu, hər iki aşıq-baldır oynağının posttravmatik deformasiyaedici artrozu, bükücü-açıcı kontrakturası, əsas əzələlərin atrofiyası, funksiyanın pozulması, daimi daimi ağrı sindromu göstərilmişdir. Əlilliyin səbəbi kimi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olması birmənalı olaraq qeyd edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının AR 785506 saylı, əsas olaraq 275 nömrəli, 19.01.2005-ci il tarixli müayinə aktına uyğun olaraq iddiaçıya Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ömürlük 2-ci qrup Qarabağ əlili statusu verilmişdir. Döyüşlər zamanı ayağından aldığı travmalar nəticəsində bu günkü gündə məhhətində bir sıra ciddi fəsadlar yaranmağa başlamışdır və həmin fəsadların aradan qaldırılması üçün ciddi həkim müayinələrinə ehtiyacı vardır. Bundan başqa xəstəlikləri ilə əlaqədar olaraq həkim tərəfindən təyin edilmiş dərmanların həddindən artıq baha qiymətə olması səbəbindən həmin dərmanları ala bilmir. Ona görə də məcbur qalıb qanunvericiliyin tələb etdiyi formada iddiaçıya müəyyən olunmuş sığorta pulunun alınması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Qanunveriliciyin tələbinə görə iddiaçıya 80 faiz miqdarında sığorta ödənişi ödənilməlidir. Çünki təqdim etdiyi ərizədə iddiaçının 2-ci qrup Qarabağ əlili olması mübahisəsiz olaraq sübut olunmuşdur və birmənalı olaraq sığorta ödənişi edilməlidir. Göstərilənlərə əsasən 2-ci qrup Qarabağ əlili olduğuna görə qanundan irəli gələn 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 11.000 manat sığorta ödənişinin 60 faiz miqdarının, 6600 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 10.05.2017-ci il tarixli, 855 saylı qərarının surətindən görünür ki, Füzuli RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun 17.03.2017-ci il tarixli məktubuna əsasən barəsində heç bir cinayət işi və təqsirləndirilici materialın olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, İddiaçı İlxas oğlunun oğlunun döyüş zonasında hərbi xidmət keçərkən aldığı və 12.04.1993-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş travma - diaqnoz: «Hər iki baldırın və sağ aşıqbaldır oynağının əzilməsi və qansızması» (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 17.03.2017-ci il tarixli 105 nömrəli göndərişi, 17.03.2017-ci il tarixli 33 nömrəli arayışı, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasından verilmiş 27.03.2000-ci il tarixli 48 nömrəli arayış, MN Mərkəzi Arxivindən verilmiş 23.02.2017-ci il tarixli, 9/2-3138 nömrəli arayış, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş 17.04.2017-ci il tarixli 2050 nömrəli arayışı, Hərbi-Həkim Komissiyasına müayinə vərəqəsindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 24.05.2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən verilmiş 17.03.2017-ci il tarixli, 33 nömrəli arayışın surətindən görünür ki, X1 01.05.1992-ci il tarixdə N nömrəli hərbi hissəyə qəbul edilmiş, 02.05.1993-cü il tarixdə N saylı hərbi hissədən ehtiyata buraxılmışdır. 12.04.1993cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında «Hər iki baldırın və sağ aşıq-baldır oynağının əzilməsi və qansızması» diaqnozu ilə şəhadətləndirilmişdir. Füzuli Hərbi Prokurorluğunun qərarına əsasən 17.03.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 19.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, İ Qarabağ müharibəsi dövründə əlillik dərəcəsi almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə İşçi Qrup yaradılmışdır. İşçi Qrupu əlaqədar dövlətq qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşəkkil qaydada iş aparılır. Buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq qərar qəbul edildikdən sonra tələb təmin olunacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3263/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3263/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver