Məhkəmə qərarları › İş №2(006)-3269/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3269/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3269/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci ildə xidməti vəzifəsini yerinə yetirən zaman Ağdam rayonu Zəngişan kəndi ərazisində mina partlayışı nəticəsində şəhid olmuş oğlu X3 görə 11000 manat sığorta haqqının ona verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.1976-cı il təvəllüdlü X4 xx.xx.1997-ci ildə xidməti vəzifəsini yerinə yetirən zaman Ağdam rayonu Zəngilan kəndi ərazisində mina partlayışı nəticəsində şəhid olmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə gorə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə şamil edilir. Birdəfəlik ödəmə 11000 (on bir min) manat məbləğində müəyyənləşdirilib. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə gorə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. O, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə göndərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli məktubunda göstərilir ki, X5 1997-ci il 11 avqust tarixində həlak olduğuna görə adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün Nazirlik tərəfindən onun vərəsəsinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası müəyyən edilmişdir. Həmin Qanunun 5-ci maddəsinin a bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman həlak olduqda, öldükdə, Qanunun 4-cü maddəsində müəyyən edilmiş 11000 manat məbləğində sığorta ödənişi verilir. Adıçəkilən Qanunun 3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. O, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Şirkətin İmişli filialının xx xxxxxxxx 2019-cu ıl tarixli məktubunda bildirilmişdir ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ç bəndinə əsasən müəyyən edilmiş sığorta hadisəsindən 3 il keçdiyinə görə şəhidin varisinə sığorta ödənişi edilməsi mümkün deyil. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası məqsədi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır, lakin şəhidin ailə üzvü kimi ona bu sığorta ödənişindən imtina edilir. Halbuki şəhidin anası, həyat yoldaşı uzun müddətdir ki, yataq xəstəsidir. Onu müalicə etdirməyə maddi imkanı yoxdur. Yuxarıda göstərilənlərə əsasən onun xx.xx.1997-ci ildə xidməti vəzifəsini yerinə yetirən zaman Ağdam rayonu Zəngişan kəndi ərazisində mina partlayışı nəticəsində şəhid olmuş oğlu X3 görə 11000 manat sığorta haqqının ona verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahat verərək iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İmişli rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş AЗ seriyalı 291381 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Nəsirova Nərgiz Adıgözəl qızı xx.xx.1973-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 58 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. İV-ЖГ 437316 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1976cı il tarixdə doğulmuşdur. Şəhadətnamədən uşağın atasının İddiaçı, anasının isə Nəsirova Nərgiz Adıgözəl qızının olduğu müəyyən edilmişdir. İmişli rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1997-ci ildə mina partlayışı nəticəsində qulluq vəzifələrini yerinə yetirərkən həlak olmuşdur. X10, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, ŞA 010397 nömrəli vəsiqədən görünür ki, İddiaçı “şəhid ailəsi” statusu verilmişdir. 52 saylı, xx.xx.1997-ci il tarixli ölüm haqqında həkim şəhadətnaməsindən görünür ki, 1976cı il təvəllüdlü X1 rayonunun Zəngişan kəndində mina partlayışı nəticəsində həlak olmuşdur. İmişli rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 267 saylı bildirişdən və 4/1519 saylı, xx.xx.1997-ci il tarixli arayışdan görünür ki, 190 saylı Hərbi Hissənin sıravi əsgəri X6 xx.xx.1997-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən Ağdam rayonunun Zəngişan kəndində mina partlayışı nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, mərhum hərbi qulluqçu X2 şəhid olması ilə əlaqədar mərhumun varislərinə Hərbi qulluqçuların Dövlət İcbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığortası İmişli filialına ünvanladığı məktubuna cavab olaraq bildirilmişdir ki, Hərbi qulluqçuların Dövlət İcbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinin “ç” bəndinə əsasən Sığorta edilənin və ya onun varislərinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququna malikdir. Sənədlərdən göründüyü kimi mərhum hərbi qulluqçu X6 xx.xx.1997-ci ildə hərbi xidmət borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində vəfat etmişdir. O - İddiaçı, hadisə baş verən tarixdən 3 il müddət keçdikdən sonra, xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Ona görə də mərhum hərbi qulluqçu X2 varisinə nəzərdə tutulmuş sığorta məbləğinin verilməsi imkan xaricindədir. “Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci ildən xx.xx.1997-ci ilədək həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxx 2018-ci il tarixli 1 saylı fərmanla bağlı hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardım göstərilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nəsirova Nərgiz Adıgözəl qızına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Nərgiz Nəsirovanın birdəfəlik ödəmənin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyindən daxil olmuş ərizəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Bildirilir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, birdəfəlik ödəmə 1997-ci il 2 avqust tarixinədək həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. X7 1997-ci il 11 avqust tarixində həlak olduğuna görə, adıçəkilən Fərmanın əhatə dairəsinə daxil olmadığı üçün, Nazirlik tərəfindən onun vərəsəsinə (vərəsələrinə) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydaları və şərtləri müəyyən edilmişdir. Həmin Qanunun 5-ci maddəsinin a) bəndinə uyğun olaraq, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş 11000 (on bir min) manat məbləğində sığorta" ödənişi verilir. Eyni zamanda bildirilmişdir ki, adıçəkilən Qanunun 3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, sığorta ödənişinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.1997-ci ildə hərbi xidmət dövründə həlak olmuşdur. İddiaçının müvafiq tələblə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməsinə baxmayaraq, cavabdeh “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin sonuncu abzasına əsaslanaraq hesab etmişdir ki, sığorta hadisəsi günündən 3 ildən artıq vaxt keçdiyinə görə X2 həlak olması ilə əlaqədar onun varislərinə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. “Hərbi qulluqçuların statusu haqqında” xx xxxxxx 1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun sonradan edilmiş dəyişiklərlə 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinin a) bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə sığorta ödənişləri sığorta məbləğinin 100 faizi nisbətlərində verilir “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının oğlu X6 hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan müvafiq qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, xx.xx.1997-ci il tarixdə mina partlayışı nəticəsində qulluq vəzifələrini yerinə yetirərkən həlak olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmənin qənaətinə görə sığorta hadisəsi baş verdiyindən sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin X2 qanun üzrə vərəsəsi olan iddiaçıya müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə və ya eyni səbəbdən həlak olmuş, itkin düşmüş şəxslərin vərəsələrinə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri, şəhid ailəsi statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən çərçivələrə salınmasına gətirib çıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi çıxış etmir, həmçinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil və ya həlak olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri, şəhid ailələri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar