Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3292/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı gizir X9 27.02.N-ci il tarixdə N nömrəli hərbi hissədən Bakı şəhərində ezamiyyətdə olan zaman avtomobil qəzasında həlak olmuşdur. Həyat yoldaşının tək vərəsəsi iddiaçıdır və birdəfəlik sığorta ödənişi alınması üçün elektron portalda adı vardır. Lakin bu günə qədər mərhum həyat yoldaşı gizir X9 üçün nəzərdə tutulan 11.000 manat məbləğində sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin verilməsi xahişi ilə iddiaçı 2021-ci ilin fevral ayında cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə cavabdeh tərəfindən bu günə kimi cavab verilməmişdir. Göstərilənlərə əsasən «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununda sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduğu üçün nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan 21 dekabr 1987-ci ildə Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İV-JQ № 417887 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X1 21 dekabr 1987-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikah haqqında akt qeydləri kitabında 1331 nömrə ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Nəsirli soyadı verilmişdir. İşdə olan 07 mart N-ci ildə Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-JQ № 498021 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28 fevral N-ci ildə 35 yaşında ölmüşdür, bu barədə 07 mart N-ci ildə ölüm haqqında akt qeydləri kitabında 309 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi baş beynin toxumalarına və mədəciklərinə qansızmadır. İşdə olan Bakı şəhəri Oktyabr rayonu (indiki Yasamal) VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27.02.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası X2r. İşdə olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 07.10.1975-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.12.1975-ci ildə 1457 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi ikitərəfli pnevmoniyadır. İşdə olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07.03.N-ci ildə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.07.N-ci ildə 862 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kəskin ürək damar çatmazlığıdır. İşdə olan N saylı hərbi hissə komandirinin 15.03.N-ci il tarixli 74 nömrəli əmrin surətindən görünür ki, gizir X9 xidməti vəzifələrinin icrası zamanı avtomobil qəzası nəticəsində həlak olması ilə əlaqədar hər növ təminatından çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 05.05.2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həyat yoldaşı gizir X9 28.02.N-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Həyat Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18.05.2019-cu il tarixli məktubun surətindən görünür ki, Müdafiə Nazirliyi təşkilat-Səfərbərlik İdarəsi tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uyğunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçular barədə göndərilən siyahıda mərhum həyat yoldaşı X3 adı qeyd edilmişdir. Odur ki, ərizədə qeyd etdiyi məsələnin həlli ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi məqsədəuyğundur. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Həyat Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, surəti İddiaçı ünvanlanmış 27.11.2019-cu il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyət orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Təqdim edilmiş və həmçinin N nömrəli hərbi hissə komandirinin N mart N-ci il tarixli 60 nömrəli əmrində gizir X3 hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların xidmət yerinə qaytarılması üçün 27.02.N-ci il tarixdə 5 sutka Bakı şəhərinə ezam olunması və avtomobil qəzası zamanı həlak olduğu qeyd edilmişdir. Odur ki, mərhum gizir A.Q.Nəsirlinin həlak olması yuxarıda qeyd edilən normativ hüquqi aktda nəzərdə tutulan, döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirilməsi şərtinə uyğun gəlmir. İş üzrə müəyyən edilir ki, X3 qanun üzrə vərəsəsi İddiaçıdır və bunun başqasıda mübahisə edilən hal deyildir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış 05.02.2021-ci il tarixli ərizəsindən görünür ki, mərhum həyat yoldaşı gizir X6 ödəniləcək Azərbaycan Respublikası Prezidentinin 20.05.1997-ci il 296-İQ saylı «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanuna əsasən Dövlət Kommersiya Sığorta Şirkətindən 11000 manat sığorta ödənişin verilməsinə köməklik edilməsi xahiş edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından aydın olur ki, iddiaçının həyat yoldaşı X9 28.02.N-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı avtomobil qəzası nəticəsində həlak olması ilə əlaqədar N saylı hərbi hissənin 15.03.N-ci il tarixli 74 nömrəli əmri ilə hər növ təminatından çıxarılmışdır. İddiaçı X3 vəfatından sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta ödənişinin verilməsi üçün müraciət etsə də, ona müsbət cavab verilməmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabilliyətini itirmiş şəxslərin sosial təminatına dövlət tərəfindən zəmanət verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən: hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz sığorta ödənişi ödənilir. 20 may 1997-ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçular minimum əmək haqqının min misli məbləğində sığorta edilmişlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə hərbi qulluqçuların icbari sığorta məbləği artırılaraq 11.000 (on bir min) manat müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Fərmanın təsir dairəsi 02.08.1997-ci ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçulara aiddir. Lakin iddiaçının həyat yoldaşının həlak olması Azərbaycan Respublikasının ərazi bütövlüyü və hərbi əməliyyatlarla əlaqədar yox, onun xidməti vəzifələrinin icrası ilə əlaqədar olmuşdur. Bu halda cavabdeh tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil X8 Şirkəti olmalıdır. İş materialları ilə X3 28.02.N-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olması və iddiaçının onun vərəsəsi olması öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat sığorta məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, qeyd edilən məbləğ də cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 (on bir min) manat icbari şəxsi sığorta ödənişi tutularaq X3 vərəsəsi İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3292/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3292/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver