Məhkəmə qərarları › İş №2(006)-331/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-331/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-331/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-SE-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. xx.xx.2019-cu il tarixdə avtomobil idarə edilərkən öndə gedən avtomobilin təkərinin altından çıxan daş iddiaçının avtomobilinin ön şüşəsinə dəymiş və nəticədə şüşə yararsız vəziyyətə düşmüşdür. Sığorta hadisəsi ilə bağlı “xxxx” ASC-nin nümayəndələri dərhal məlumatlandırılmışdır. Dəymiş ziyanın müəyyən edilməsi üçün “xxxx” ASC-nin işçilərinin tələbi ilə avtomobil “Toyota Əhmədli” təmir müəssisəsində texniki müayinədən keçirilmiş və iddiaçıya 318 manat sığorta ödənişinin ediləcəyi bildirilmişdir. İddiaçı həmin məbləğlə razılaşmamış və ondan sonra sığorta ödənişi ilə bağlı heç bir məlumat verilməmişdir. Avtomobil “xxxx” ASC-nin Yasamal filialının xeyrinə ipoteka ilə yüklü olduğundan sığorta şəhadətnaməsində bank faydalanan şəxs qismində göstərilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, “xxxx” ASC “xxxx” ASC-nin Yasamal filialına məktub ünvanlayaraq göstərmişdir ki, “... İ-MİC- 0827/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış İddiaçı məxsus **-SE-*** dövlət qeydiyyat nişanlı BMW X5 markalı avtomobil xx xxxx 2019-cu il tarixdə sığorta hadisəsinə uğramış və avtomobilə 710,00 (yeddi yüz on) manat məbləğində zərər dəymişdir. Avtomobil müqavilənin müddəalarına uyğun olaraq şərtsiz azadolma 250,00 (iki yüz əlli) manat olmaqla qismən (avtomobilin dəyərinin 80%-dən) 250,00 (iki yüz əlli) manat azadolma çıxılmaqla 318,00 (üç yüz on səkkiz) manat təşkil edir. Həmin avtomobilin sizin bankda girovda olduğunu, sığortalının bankınıza cari kredit borcunun mövcudluğunu və faydalanan şəxs olduğunuzu nəzərə alaraq sığorta ödənişinin sığortalıya, sizin bank hesabınıza və ya avtomobilin təmiri üçün təmir müəssisəsinə ödənilməsi barədə məlumat vermənizi xahiş edirik...”. ”xxxx” ASC-nin Yasamal filialı isə həmin məktuba cavab olaraq göndərdiyi xx.xx.2019-cu il tarixli məktubunda göstərmişdir ki, “... sığorta hadisəsi nəticəsində “BMW X5” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə müəyyən edilən məbləğin sığortalı ilə (İddiaçı) razılaşdırılmaqla həmin şəxsə verilməsinə etiraz etmirlər...”. Lakin bundan sonra da cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərlə bağlı hər hansı müraciət və ya ödəniş edilməmişdir. İddiaçı hesab edir ki, sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sığortaçı tərəfindən müəyyən edilən məbləğ həddindən artıq aşağı məbləğdir və avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün yetərli deyildir. Bu səbəbdən, dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan məbləğin müəyyən edilməsi üçün BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı “xxxx” MMM-nin texniki xidmət mərkəzinə müraciət etmişdir. Xidmət mərkəzində avtomobilə baxış keçirilmiş və dəymiş zərərin məbləği 2000,04 manat, avtomobilin müayinə edildiyi günə olan endirimli qiymətlə isə 1891,14 manat müəyyən edilmişdir. Hamıya bəllidir ki, “BMW” markalı avtomobillərin ən keyfiyyətli və real bazar qiymətlərinə uyğun təmiri “xxxx” MMM-də həyata keçirilir. Lakin, cavabdeh tərəfindən “BMW” markalı avtomobillə heç bir əlaqəsi olmayan “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən aparılmış qiymətləndirmə əsas götürülmüşdür. Həmçinin, “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən tərtib edilmiş qiymətləndirməyə dair hesabatdan görünür ki, qiymətləndirmə aparılarkən material və ehtiyyat hissəsi olaraq ancaq ön alın şüşəsi və kley, bir də xidmət haqqı nəzərə alınmışdır. Lakin, “xxxx” MMM-nin texniki xidmət mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktında dəymiş zərərin aradan qaldırılması üçün ehtiyyat hissəsi olaraq, ön şüşə, şüşənin yuxarı kantı, yağış sensoru və yapışdırıcı göstərilmişdir. Bu iki rəy arasındakı əhəmiyyətli fərq onu göstərir ki, avtomobil “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən tam müayinə edilməmiş və ön şüşə dəyişdirilərkən hansı ehtiyyat hissələrinini dəyişilməli olması belə düzgün müəyyən edilməmişdir. Bu da həmin servisin ustalarının məhz “BMW” avtomobilləri ilə bağlı təcrübəsizliyinə dəlalət edir. İddiaçı hesab edir ki, mübahisə həll edilərkən “Toyota Əhmədli” təmir müəssisəsinin deyil, “xxxx” MMMnin qiymətləndirilməsi nəzərə alınmalıdır. Digər tərəfdən, “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən tərtib edilmiş avtomobilin qiymətləndirilməsinə dair hesabatda yeni ön şüşənin qiyməti 630 manat göstərilmişdir. Halbuki, original ön şüşənin real bazar qiyməti 1200 manatdan aşağı deyil və heç bir yerdən 630 manata ön şüşənin alınması qəti surətdə mümkünsüzdür. Ona görə də cavabdehin təqdim etdiyi qiymətləndirmə hesabatı əsaslı hesab edilə bilməz. Sığorta ödənişi müəyyən edilərkən “xxxx” tərəfindən verilmiş Qüsur Aktında göstərilən 2000 manat əsas götürülməli və 250 manat azadolma məbləği çıxılmaqla 1750 manat sığorta ödənişi cavabdehdən iddiaçının onun xeyrinə tutulmalıdır. Bundan başqa, xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, qismən sığortalandığına görə sığortalıya görə sığortalıya dəymiş zərərin 80%-i ödənilməlidir. Cavabdehin bu mövqeyi də əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli “fiziki şəxslərə tərdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” şəhadətnaməsindən də görünür ki, avtomobil tam sığortalanmışdır. Şəhadətnamənin xüsusi şərtlər bölməsində “sığorta hadisəsi zamanı əmlakın sığorta məbləği onun real bazar dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətdə ödəyir” barədə göstərilənlər müqavilənin qismən sığorta şərti ilə bağlanması nəticəsinə gəlmək üçün əsas deyildir. Belə ki, sığorta şəhadətnaməsinə daxil edilmiş bu şərti müqavilə bağlanan anda deyil, sığortalanmış əmlakın dəyərində sonradan artımın baş verməsi səbəbindən meydana gələn halı, yəni qismən sığorta halını tənzimləyir. Bu mənada, sığorta haqqını sığorta dəyərini rəhbər tutmaqla müəyyənləşdirilmiş cavabdeh MM-nin 896.1-ci maddəsində nəzərdə tutulmuş hüquqi imkandan faydalanması üçün hər hansı əsas yoxdur. Çünki yuxarıda da qeyd edildiyi kimi, MM-nin 896.1-ci maddəsindəki hüquqi imkan, habelə sığorta şəhadətnaməsindəki məlum şərt tam dəyər sığortası olaraq bağlanmış müqavilə üzrə sonradan qismən sığorta halının ortaya çıxması nəticəsində sığortaçının əleyhinə pozulan öhdəliklər arasındakı tarazlığın bərpasına xidmət edir. Cavabdeh isə müqavilə bağlanan anda sığorta dəyərinin sığorta məbləğindən artıq olmasını bilirdi və sığorta haqqını da sığorta dəyərini nəzərə almaqla təyin edilmişdir (əgər nəzərə alınmamışdırsa, bu halın riskini sığortaçı daşıyır). Nəticə etibarılə sığorta hadisəsi baş verən məqamda sığortaçı və sığortalının qarşılıqlı öhdəlikləri arasındakı tarazlıq pozulmamışdır. Ona görə də bu hallarda Mülki Məcəllənin 896-cı maddəsinin hazırki mübahisəyə tətbiqi istisna edilir. Bundan başqa, cavabdeh nə iddiaçının tələb etdiyi, nə də ki özünün təyin etdiyi sığorta ödənişini hələ də bu günədək nə faydalanan şəxsə (banka), nə də ki, iddiaçıya ödəməmiş, yaxud faydalanan şəxsə və ya iddiaçıya sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh sığorta ödənişi ilə bərabər eyni zamanda hər gecikdirilmiş gün üçün sığorta məbləğinin 0,1 faizi həcmində dəbbə pulu da ödəməlidir. Göstərilənlərə əsasən 1750 manat məbləğində sığorta ödənişinin və xx.xx.2019-cu il tarixdən başlayaraq sığorta ödənişinin ödənildiyi günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulunun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş ekspert rəyindən görünür ki, sığorta hadisəsi nəticəsində texniki zədə almış avtomobilin təmir-bərpa xərci 1660 manat təşkil edir. Bu səbəbdən 1410 manat məbləğində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsinə görə 1500 manat məbləğində dəbbə pulunun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia tələbini təsdiq edərək, onların təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı ilə bağlanmış sığorta müqaviləsində sığorta məbləğinin dəymiş ziyana nisbətdə ödənilməsi göstərilmişdir. Bu nisbət 80% təşkil edir. Odurki iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, İ-MİC-0827/19 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən «xxxx» ASC tərəfindən, faydalanan şəxs “xxxx” ASC-nin Yasamal filialı göstərilməklə, sığortalı İddiaçı məxsus “BMW X5” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmış,sığortanın dəyəri 28.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ərizədən görünür ki, **-SE-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. xx.xx.2019-cu il tarixdə avtomobil etibarnamə əsasında Elvin Qarabağlı tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş vermiş və onun avtomobilinə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün şirkətin işçilərinin tələbi ilə avtomobil “Toyota Əhmədli” təmir müəssisəsində texniki müayinədən keçsə də, bu günə kimi müayinənin nəticəsi və dəymiş ziyanın hansı məbləğdə qiymətləndirilməsi barədə ona hər hansı məlumat verilməmişdir. Əlavə olaraq bildirir ki, sığorta hadisəsi zamanı avtomobilin ön şüşəsi əhəmiyyətli dərəcədə zədə aldığından avtomobili qəza baş verdiyi gündən bu günədək istifadə edə bilmir və əsassız yerə sığorta işinin baxılmasının uzadılması da onun hüquqularının pozulmasına səbəb olur. Odur ki, mümkün qədər qısa müddətdə sığorta işinin nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən “xxxx” ASC-nin Yasamal filialının rəhbərliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 3890/İ saylı məktubun surətindən görünür ki, İ-MİC-0827/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış İddiaçı məxsus **-SE-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil xx.xx.2019-cu il tarixində sığorta hadisəsinə uğramış və avtomobilə 710 manat məbləğində zərər dəymişdir. Avtomobil müqavilənin müddəalarına uyğun olaraq şərtsiz azadolma 250 manat olmaqla qismən (avtomobilinin dəyərinin 80%-i) sığortalanmışdır. Buna əsasən sığorta ödənişi avtomobilə dəymiş zərərin 80%-dən 250 manat azadolma çıxılmaqla 318 manat təşkil edir. Həmin avtomobilin “xxxx” ASC-nin Yasamal filialında girovda olduğunu, sığortalının bankina cari kredit borcunun mövcudluğunu və faydalanan şəxs olduğunu nəzərə alaraq sığorta ödənişinin sığortalıya, “xxxx” ASC-nin bank hesabına və ya avtomobilin təmiri üçün təmir müəssisəsinə ödənilməsi barədə məlumat verilməsini xahiş etmişlər. İş materiallarında olan “xxxx” MMM tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən “BMW AG” konserninin Azərbaycanda rəsmi idxalçısı “xxxx” MMM-nin texniki xidmət mərkəzinə xx.xx.2019-cu il tarixdə daxil olmuş “BMW X5” markalı, **-SE-*** dövlət nömrə nişanlı, L408423 ban nömrəli avtomaşında ön şüşə zədələnmiş və onun dəyişdirilməsinə 1891,14 (ƏDV daxil) manat pul vəsaiti tələb olunmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin Yasamal filialı tərəfindən “xxxx” ASC-yə, surəti İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən sığorta hadisəsi nəticəsində “BMW X5” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə müəyyən edilən məbləğin sığortalı ilə (İddiaçı ilə) razılaşdırılmaqla həmin şəxsə verilməsinə etiraz etmirlər. İş üzrə “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsasən “BMW X5” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 710 manat vəsait hesablanmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5760 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablaşma yolu ilə təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı, “BMW X5” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1660 manat müəyyən edilmişdir (o cümlədən dəyişilməli hissələrin qiyməti 1560 manat, təmir-bərpa işlərinin qiyməti – 100 manat). Aparılmış ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan “BMW X5” markalı **-SE-*** dövlət nömrə nişanlı avtomaşın «xxxx» ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək kasko növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə yolnəqliyyat hadisəsi baş vermiş və həmin avtomaşına ziyan dəymişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti dəymiş ziyanı 710 manat məbləğində qiymətləndirilmişdir. Avtomobil müqavilənin müddəalarına uyğun olaraq şərtsiz azadolma 250 manat olmaqla qismən (avtomobilinin dəyərinin 80%-i) sığortalanmışdır. Bu səbəbdən sığorta ödənişi avtomobilə dəymiş zərərin 80%-dən 250 manat azadolma çıxılmaqla 318 manat təşkil etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “xxxx” MMM tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktı ilə “BMW X5” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1891,14 manat məbləğində ziyan dəymişdir. İş üzrə keçirilmiş xx xxxx 2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “BMW X5” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1660 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sığorta şirkəti tərəfindən hesablanan ziyan məbləği ilə razi deyil. Bu səbəbdən iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 1410 manat məbləğində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsinə görə 1500 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Eyni Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Belə olan halda, sığorta şirkəti, sığortalı ilə bağlanmış müqaviləyə əsasən öhdəliklərini yerinə yetirməlidir. Bundan əlavə, «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları»nın 22-ci maddəsindən görünür ki, bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin iddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanan sığorta müqaviləsinin müvafiq bəndində qeyd olunmuşdur ki, sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinin sığorta məbləği onun real bazar dəyərindən az olduğu halda(qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin avtomobilin dəyərinə nisbətdə ödəyir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində sığortalıya vurulmuş maddi ziyanın əvəzini ona ödəməlidir. Sığorta ödənişinin məbləği ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı, “BMW X5” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1660 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sığortalı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində vurulan maddi ziyanın 1660 manat olması müəyyən edildiyindən, bununla da sığorta şirkətinin hesabladığı ziyan məbləğinin həqiqətə uyğun olmadığı təsdiq olunduğundan, sığorta şirkəti sığorta müqaviləsinə əsasən həmin ziyan məbləğini ödəmək öhdəliyi daşıyır. Lakin məhkəmə eyni zamanda qeyd edir ki, sığorta şəhadətnaməsinə əsasən azadolma məbləği 250 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sığortalı avtomaşına dəymiş ziyan məbləğindən (avtomobilin dəyərinin 80%-dən) 250 manat azadolma məbləği çıxılmalı, yerdə qalan məbləğ isə 1078 (1660 manatın 80%=1338 – 250 =1078) manat sığorta ödənişi kimi sığorta şirkətindən alınaraq sığortalıya ödənilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR Mülki Məcəllənin 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. İddiaçı sığorta təşkilatı tərəfindən ona hesablanmış sığorta ödənişi ilə razılaşmamışdır. Belə olan halda məhkəmə sığorta ödənişinin verilməsinin gecikdirilməsi halının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi 1500 manat dəbbə pulunun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan 2010-cu il buraxılışlı “BMW X5” markalı **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1078 (bir min yetmış səkkiz) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dvlət rüsumunun əzəvi olmaqla, cəmi 1108 (bir min yüz səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh «xxxx» ASC-dən alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul cavabdeh «xxxx» ASC-dən alınaraq Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan 2010-cu il buraxılışlı “BMW X5” markalı **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1078 (bir min yetmış səkkiz) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əzəvi olmaqla, cəmi 1108 (bir min yüz səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh «xxxx» ASC-dən alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul cavabdeh «xxxx» ASC-dən alınaraq Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar