Məhkəmə qərarları › İş №2(006)-3316/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3316/2024

07.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3316/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdeh BOKT "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, ev 74, mənzil 3 ünvdan yaşayır. Evinin yerləşdiyi ərazinin bir tərəfi uçurulmuş vəziyyətdə olduğundan və həyətə yad adamların giriş-çıxışının qarşısını almaq üçün həyətə geniş giriş qapısı-darvaza qoymaq zərurəti yaranmışdır. Bu zərurəti bilən onun keçmiş həyat yoldaşı və həmin həyətdə yaşamaqda davan edən X5 həyətə qapı düzəltmək məqsədilə bu işlə məşğul olan şəxslərə müraciət etməyin zəruri olduğunu bildirdi və bir neçə gün sonra iddiaçını götürüb BOKT "xxxx" QSC-nin yerləşdiyi ofisə apardı və iddiaçı bir neçə sənədə imzalatdılar ki, həyətə qapı qoyulacaq. Beləliklə, xx.xx.2023-cü ildə cavabdeh kimi qeyd edilən bank olmayan kredit təşkilatı ilə iddiaçı arasında guya müqavilənin bağlandığı barədə ona bir neçə sənədə imza atdırdıqdan sonra Xaqani bildirdi ki, qısa müddətdə həyətə qapı qoyulacaqdır. Sonralar iddiaçı müqavilənin mətni ilə tanış olanda gördü ki, Xaqani ilə bank olmayan kredit təşkilatının arasında olan “sövdələşməyə” uyğun olaraq ona 35% illik hesablanmaqla 18 ay müddətinə 1066 manat kredit verilmişdir. Bu məzmunlu kredit müqaviləsi ilə razı olmadığını və həmin faizlə kredit götürməyi ona sərf etmədiyini, eyni zamanda faiz borclarını və götürülmüş məbləği ödəməyə imkanının olmadığını bildiyi halda Xaqaninin belə bir “əməliyyata” onu sövq etməsi nəticəsində aralarında böyük narazılıq olmuş və demişdir ki, get müqaviləni necə təşkil etmisənsə, eləcə də ləğv elətdir. O vaxtdan Xaqani bu gün, bu gün sabah sabah deyərək vaxtı uzatdı, qapı isə aradan 7 aydan artıq vaxt ötmüş olsa da, yoxdur ki, yoxdur. Belə olan halda iddiaçı bank olmayan kredit təşkilatından bir manat da olsun, pul götürmədiyi halda indiyədək mövcud olmuş müqavilənin ləğv olunmasını istəyir. Xaqani ilə bank olmayan kredit təşkilatının birləşərək onu aldatmaları onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir və Azərbaycan Respublikası MPMin 4.1-ci maddəsinə uyğun olaraq pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməkdə özünü haqlı bilir. Göstərilənlərə əsasən iddiaçının aldadılaraq təşkil edilən xx.xx.2023-cü il tarixli, 848-ADN-1163-23 saylı kredit müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdehlər tərəfindən aldadılmışdır. Belə ki, yaşadığı evin həyətində giriş-çıxış üçün qapının, yəni darvazanın qoyulması vacib idi. Cavabdeh keçmiş həyat yoldaşı Cavabdeh2 ona bildirdi ki, bir yerdə həyət üçün qapını seçsinlər. Onlar bununla bağlı birlikdə mağazaya getdilər. Orada ona bir neçə sənəd imzaladaraq bildirdilər ki, tezliklə həyətə qapı qoyulacaqdır. Lakin daha sonra müqavilə ilə tanış olarkən bunun belə olmadığı, 35% illik hesablamaqla 18 ay müddətinə 1066 manat kreditin verilməsi ona məlum oldu. O, Cavabdeh2 müraciət edərək ondan bununla bağlı soruşdu və məsələnin bankla öz arasında həll etməsini tələb etdi. Lakin bunun bir nəticəsi olmadı. Hazırda bank tərəfindən həmin kreditin ödənilməsi ondan tələb edilir. O, kreditin 3 ayını ödəsə də, yerdə qalan pulu ödəməyə maddi imkanı çatmır. Hesab edir ki, aldadılmışdır və bununla bağlı məsuliyyət də cavabdehlərin üzərinə düşür. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında cavabdeh BOKT "xxxx" QSC-nin nümayəndəsi X7 iddia tələbi onlara aid hissədə qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, onlar bir sıra mağazalarla əməkdaşlıq edirlər və onlara gələn müştərilərin hansısa malı almaq üçün kifayət qədər vəsaiti olmadıqda, müştərinin istəyi ilə mağaza onları onlara yönəldir. Müştəri ilə aralarında alınan malın dəyərində kredit müqaviləsi bağlanılır və götürülən vəsait tərəflərindən mağazanın hesabına köçürülür. Hazırki mübahisədə də eyni hal baş vermişdir. İddiaçı ilə aralarında kredit müqaviləsi bağlanılmış və tərəflərindən qeyd edilən pul bağlanmış müqavilə əsasında mağazanın hesabına köçürülmüşdür. Hazırda iddiaçının mübahisələndirdiyi məqam isə aldığı qapının ona təqdim edilməməsi ilə bağlıdır ki, bunun üçün məsuliyyəti onlar, yox mağaza daşıyır. Onlar tərəfindən heç bir pozuntuya yol verilməmiş və müqavilə üzrə üzərlərinə götürmüş olduğuqları öhdəlik tam olaraq icra edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin onlara aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı və Cavabdeh2 birgə yaşadıqları həyətə darvaza qoyulması məqsədilə iddiaçı və digər cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli, 848-ADN-1163-23 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya illik 35% dərəcəsi ilə 18 ay müddətinə 1066 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli, 848- ADN-1163-23 saylı kredit müqaviləsinin isə cavabdehlər tərəfindən onun aldadılaraq bağlanıldığını və nəticədə ona hələ də darvazının verilmədiyini iddia edərək, sözügedən kredit müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən tələb edir. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi isə etiraz edərək, bağlanılan kredit müqaviləsi əsasında pulun iddiaçının adından onlar tərəfindən mağazanın hesabına köçürüldüyünü, lakin darvazanın hələ də iddiaçıya verilməməsinə görə cavabdehlik daşımadıqlarını bildirərək iddia tələbinin onlara aid hissədə rədd edilməsini tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 079118 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X3 arasında bağlanmış nikah 25 aprel 2008-ci il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Hüseynzadə, qadına Tağıyeva soyadı verilmişdir. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında 16 mart 2007-ci il tarixdən qeydiyyatdadır. 10.Mülki işin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli, 848-ADN-1163-23 nömrəli əlaqəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borcverən borcalana X10 tərəfindən satışı həyata keçirilən istehlak malı/malları alması üçün 1066 manat məbləğində istehlak krediti verməyi, borcalan isə aldığı borcu bu müqavilədə müəyyən edilmiş qaydada və müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən kredit borcalana kreditdən istifadə haqqı illik 35% hesablanmaqla 18 ay müddətinə qaytarılmaq şərti ilə verilmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən borcverən borcalan qarşısında borcverəndən asılı olmayan səbəblərə görə (mallardakı hər hansı bir qüsura, uyğunsuzluğa, borcalana bu müqavilə üzrə satılmalı olan malların vaxtında verilməməsinə, borcalanın göstərdiyi ünvanda quraşdırılmamasına və hər hansı digər hallarda) görə heç bir məsuliyyət daşımır. 11.Mülki işin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən MA-0038053-24 nömrəli, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 848-ADN-1163-23 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borcu 713.86 manat, faiz borcu 58.30 manat, cərimə borcu 55.62 manat olmaqla ümumi borcu 827.78 manat təşkil edir. 12.Mülki işin materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən 848-ADN-1163-23 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, 597 manat ödəniş məbləği, 352.14 manat ödənilmiş kapital, 215.30 manat faiz, 29.56 manat ödənilmiş cərimə, digər ödənişlər 0 kimi qeyd edilmişdir. 13.Mülki işin materiallarında olan AR DİN Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, müraciətdə qeyd olunanlarla əlaqədar tərəflərindən araşdırma aparılmış, şikayətdə cinayət tərkibinin olmaması və xüsusatların mülki tərkibli olması səbəbindən mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə ilkin olaraq bu qənaətə gəlir ki, iddiaçı hazırki iddia ərizəsinin təsviri hissəsində faktiki olaraq müqavilə öhdəliklərinin icra edilməməsini, yəni sahibkar X10 tərəfindən darvazasının hazır edilməməsini, nəticədə aldadıldığını mübahisə etsə də, mübahisə həmin əqdin etibarsızlığı olmuşdur. Bu halda məhkəmə əqdin ləğvini deyil, əqdin etibarsızlığına baxmaqda haqlı olacaqdır. 16.Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 17.Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 18.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 19.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). 20.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 21.Məhkəmə qeyd edir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. 22.Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. 23.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. 24.Məhkəmə qeyd edir ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisələndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. 25.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1- 339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 27.Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. 28.Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. 29.İddiaçının müqavilə bağlaması ilə bağlı aldadılması hissəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlərin onu aldatması səbəbindən müqavilə bağladığına istinad etsə də, eyni iddia ərizəsində, o cümlədən məhkəmə iclas zalında sözügedən kreditləşmənin həyətyanı sahəyə darvaza qoyulması, lakin müqavilənin icra edilməməsi nəticəsində darvazanın təhvil verilməməsi ilə əlaqələndirmiş, bundan əlavə, iddiaçı məhkəmə iclasında müqavilə üzrə öhdəliklərindən ilk üç ayını ödədiyini, lakin qalan məbləği ödəməyə imkanı olmadığını bildirmişdir. Qeyd edilənlər onun aldadılması nəticəsində müqavilə bağlaması qənaətinə gəlməyə əsas verməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin BOKT "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X8 da iddia tələblərinə etiraz edərək, bir sıra mağazalarla əməkdaşlıq etdiklərini, malın dəyəri miqdarda kreditləşmələri həyata keçirdiklərini, eynilə iddiaçı ilə də sözügedən xüsusat ilə bağlı müqavilə bağlanıldığını və tərəflərindən müqavilə öhdəliklərinin tam şəkildə icra edildiyini qeyd etmişdir. 30.Mülki iş materiallarında olan 848-ADN-1163-23 saylı əlaqəli kredit müqaviləsindən görünür ki, sahibkar X10 tərəfindən satışı həyata keçirilən istehlak malı ilə əlaqədar borcalan İddiaçı 1066,00 AZN borc verilmiş və həmin vəsait “**********191375” nömrəli plastik kart hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, tərəflər arasında 848-ADN-1163-23 nömrəli kredit müqaviləsinin bağlanılması işin mübahisəsiz halıdır. 31.Lakin, qeyd etmək lazımdır ki, əqd etibarlı hesab edildiyindən bu halda iddiaçının tələbini əşyanın ona qaytarılması tələbi olmalı , bu halda isə cavabdeh qeyd edilən həmin əşyanın alınması nəzərdə tutulan maqazin (hüquqi şəxs olmaqla) çıxış etməlidir. 32.Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 33.Odur ki, məhkəmə hesab edir ki, mülki işə hazırki iddia tələbləri daxilində baxılmalı və mahiyyəti üzrə qətnamə qəbul edilməlidir. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 35.Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdehlər BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və cavabdeh X1 qarşı "borc müqaviləsinin ləğvi " tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 38.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 39.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 41.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar