Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3319/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətindən İddiaçı 22000 (iyirmi iki min) manat sığorta pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuş və 1999-cu ildə Gəncə şəhər Kəpəz rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 1999-2003-cü illər ərzində X1 Ali Hərbi Məktəbdə təhsil almış, 2003cü ildə leytenant rütbəsi alaraq 2004-ci ilə kimi Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən TTM-də ixtisas artırmada olmuş və 2004-cü ildən 17.06.2020-ci ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin tərkibində olan müxtəlif hərbi hissələrdə xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində heç bir vəzifə səhlənkarlığına yol verməmiş, verilən tapşırıqların öhdəsindən layiqincə gələrək rəis heyyətinin dərin hörmət və rəğbətini qazanmışdır. 17.06.2020-ci ildə MN-in HHQ-nin N saylı hərbi hissəsindən kapitan rütbəsi ilə tərxis olunmuşdur. Bu illər ərzində qüsursuz xidmətinə görə İ, İİ və İİİ dərəcəli medallarla təltif edilmiş və nümunəvi xidmətinə görə dələlərlə rəis heyyəti tərəfindən ona təşəkkür elan edilmişdir. Ordu sıralarından tərxis olunmağına baxmayaraq hər zaman əldə silah mənfur düşmənlərimizə qarşı son damla qanına kimi döyüşməyə hazırdır. Qeyd edir ki, ordudan tərxis olunmağına baxmayaraq sığorta pulu almamış və bununla əlaqədar olaraq cavabdeh tərəfə rəsmi rmiraciət etməyinə baxmayaraq bundan imtina olunmuşdur. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 16 oktyabr 2020-ci il tarixli, EZ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09.08.1999-cu il tarixdən 17.06.2020-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş, 27.10.2020-ci il tarixli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, İddiaçı 09.08.1999-25.07.2003-cü il, 25.07.2003- 24.06.2004-cü il, 24.06.2004-17.06.2020-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. AA******* nömrəli şəxsiyyat vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. 21.05.2018-ci il tarixli Silahlı Qüvvələrin Baş Klinik Hospitalı diqanostik şöbəsinin radiologiya bölməsinin L1-S1 intervertebral disklərin KT müayinəsindən görünür ki, İddiaçı fəqərələrində zəif degenerativ dəyişiklik, L1, L2 fəqərə cismlərində Şmorl düyünü qeyd edilmişdir. N nömrəli hərbi hissənin tibb xidməti rəisi tərəfindən verilmiş tibbi xasiyyətnamənin surətindən görünür ki, İddiaçı bel-oma nahiyəsindəki ağrılar, sol baldırında ağrı və damar genşilənməsi arterial təzyiqin yüksək olmasındandır. 23.04.2020-ci il tarixli, N saylı N nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı neyrosirkulyator asteniya, hipertonik tip. Miokardiodistrofiya. Diskogen mənşəli, xroniki L5 radikulopatiya, natamam remissiya mərhələsində, 1-ci dərəcəli varikoz genişlənmə. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış 11.11.2020-ci il tarixli, № SS/İ-422 saylı məktubdan görünür ki, İddiaçı sığorta ödənişi ilə əlaqədar edilmiş müraciətinə həqiqi hərbi xidmət dövründə aldığı xəsarət və ya xəstəliyi ilə əlaqədar sübut təqdim etməməsi əsası ilə imtina cavabı verilmişdir. 17.02.2021-ci il tarixli, 27468 nömrəli qəbzin nömrəsindən görünür ki, İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. 4-cü maddəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. 7-ci maddəsinə görə sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: b) əlillik halında: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; hərbi bilet (yaxud onu əvəz edən sənəd); sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı ilə 17.06.2020-ci il tarixdə hərbi xidmətdən təxrsi olunmuş, hazırda xəstəlikləri ilə əlaqədar sığorta ödənişi tələb edir. Halbuki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinin tələbinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda sığorta ödənişi verilir. Göründüyü kimi iddiaçı həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almamış, eyni zamanda onda yaranmış xəstəliklərlə əlaqədar əlillik dərəcəsi təyin olunmamışdır. Belə olan halda iddiaçıda yaranmış xəstəlik “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3319/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3319/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver