Məhkəmə qərarları › İş №2(006)-332/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-332/2021

25.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-332/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cəlb etməklə Cavabdeh ASC-yə qarşı «ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cəlb etməklə Cavabdeh ASC-yə qarşı «ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(001)-181/2010 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin kredit müqavilələri üzrə əsas borclu X5 qarşı iddia tələbi bütövlükdə təmin edilərək K3529 saylı kredit müqaviləsi üzrə 38.543 ABŞ dolları əsas borcun, 22.384 ABŞ dolları faiz borcunun, cəmi 60927 ABŞ dolları, K3716 saylı kredit müqaviləsi üzrə hesablanmış 59.750 ABŞ dolları əsas, 31.758 ABŞ dolları məbləğində faiz borcunun və məhkəmə xərclərinə görə ödənilmiş 20 manat dövlət rüsumunun X1 tutulması, ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr ,S.Axundov küçəsi, 40 saylı evin 34 nömrəli mənzilin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pulun iddiaçı “xxxx” ASC-nə ödənilməsi qət edilmişdir. Bundan sonra Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məktubu əsasında borclu X3 anası X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 34 nömrəli 3 otaqlı mənzıli açıq hərraca çıxarılaraq satılmış və satışdan əldə edilmiş 66.000 ABŞ dolları məbləğində pul iddiaçı Cavabdeh ASC-nə ödənilmişdir. Bundan sonra elə həmin tarixdə yəni 2010-cu ildə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzili Daşınar və Daşınmaz Əmlakın Hərrac Mərkəzi MMC tərəfindən ilk hərracın ilkin dəyəri Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Mərkəzi MMC tərəfındən 120.000 manat təyin olunmuş, lakin ilkin hərracda əmlakın satılmadığı üçün əmlak yenidən hərraca çıxarılaraq 102.000 manata qiymətləndirilmiş və hərrac təşkilatı tələbkar və ipoteka saxlayana “xxxx” ASC-nə ipoteka predimetinin alqı-satqısı barədə müqavilə bağlanması üçün bildiriş göndərərək əmlakın alınması bildirilmişdir. Buna baxmayaraq tələbkar, ipoteka saxlayan “xxxx” ASC həmin əmlakı qeyd olunan müddətdə almamışdır. Təkrar hərracın baş tutmaması barədə kütləvi intormasıya qəzetlərində dərc edilmişdir. Qeyd olunanlara əsasən tələbkar və ipoteka saxlayan “xxxx” ASC ipoteka predimeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzili 05/04 saylı xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi ilə təxminən 7 il sonra 102.000 manatdan 25% qiyməti aşağı salaraq 76.500 manata iş üzrə tələbkar ipoteka saxlayan “xxxx” ASC-nə satılaraq “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predimetinin əldə etməzsə ipotekaya xitam verilir. Bundan əlavə kredit müqaviləsi üzrə əsas borclu X8 ilə tələbkar və ipoteka saxlayana “xxxx” ASC arasında qeyd olunan K3529 saylı kredit müqaviləsi və K3716 saylı kredit müqavilələrində bir neçə dəfə dəyişikliklər edilməsi barədə sazişlər bağlanaraq ipoteka qoyan olaraq bu barədə tələbkar və ipoteka saxlayana “xxxx” ASC iddiaçıdan heç razılıq almamışdırlar. İddiaçı hesab edir ki, tələbkar və ipoteka saxlayana “xxxx ASC təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predimeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzili əldə etmədiyindən iddiaçının ipotekaya xitam verilməsi hüququnu yaratmış və qanunların tələblərinə əsasən xx xxxx 2006-cı il tarixli ipotekaya xitam verilməli və Dövlət reyesterində qeydə alınmış ipoteka yüklülüyü ləğv edilməlidir. Göstərilənlərə əsasən İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzilə dair cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxx 2006-cı il tarixli İ-459 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını, qeyd olunan iddianın uzatmaq məqsədilə veriliyini və bu səbəbdən iddiaya iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Odur ki, məhkəmə işə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(001)-181/2010 saylı qətnaməsindən görünür ki, X1 K3529 saylı kredit müqaviləsi üzrə 38.543 ABŞ dolları əsas borcun, 22.384 ABŞ dolları faiz borcunun, cəmi 60927 ABŞ dollarının, K3716 saylı kredit müqaviləsi üzrə 59.750 ABŞ dolları əsas borcun, 31.758 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 91508 ABŞ dolları borcunun və 20 manat dövlət rüsumunun X1 alınaraq Cavabdeh ASC-nə verilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 34 nömrəli mənzilin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pulun iddiaçı Cavabdeh ASC-nə ödənilməsi qət edilmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli 05/04 saylı “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə” Protokoldan görünür ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı mənzili 76500 manata almışdır. İşə əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqavilədən görünür ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı mənzili 76500 manata almışdır. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı mənzil mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1012/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X4, X2 və X3 cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə və Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh ASC-yə qarşı qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 11954/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1012/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2010-cu il tarixli 2(001)-181/2010 saylı qətnaməsi ilə X1 K3529 saylı kredit müqaviləsi üzrə 38.543 ABŞ dolları əsas borcun, 22.384 ABŞ dolları faiz borcunun, cəmi 60927 ABŞ dollarının, K3716 saylı kredit müqaviləsi üzrə 59.750 ABŞ dolları əsas borcun, 31.758 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 91508 ABŞ dolları borcunun və 20 manat dövlət rüsumunun X1 alınaraq Cavabdeh ASC-nə verilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 34 nömrəli mənzilin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pulun iddiaçı Cavabdeh ASC-nə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı mənzili 76500 manata almış və mənzil cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar İddiaçı, X4, X2 və X3 cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə və Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh ASC-yə qarşı qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1012/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11954/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 1012/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iddia ərizəsində qeyd olunanlar formal mülahizələrə əsaslanmaqla əsassız olduğundan rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan mənzil hərrac qaydasında alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmişdir ki, həmin hərracın və alqı-satqı müqaviləsinin qanuniliyi məhkəmə aktları ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə, məhkəmə tədqiqatı zamanı ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı ipoteka müqaviləsinə xitam verilməsi üçün hər hansı əsas olan hər hansı bir sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissəsi ipoteka müqaviləsinə xitam verilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi digər hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Həmçinin məhkəmə Cavabdeh ASC-nin ləğvetmə prosesində olmasına da hüquqi qiymət verərək hesab edir ki, hal –hazırdaki tələblər sırf bankın fəaliyyəti ilə əlaqədar olduğundan, kreditor tələb olmadığından qeyd olunan tələblə iddiaçı banka qarşı müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cəlb etməklə Cavabdeh ASC-yə qarşı «ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cəlb etməklə Cavabdeh ASC-yə qarşı «ipotekaya xitam verilməsi və ipoteka yüklülüyünün ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar