Məhkəmə qərarları › İş №2(006)-3320/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3320/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3320/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 xx.xx.1982-ci ildə Saatlı şəhərində anadan olmuşdur. İddiaçı 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş və 2001-ci ildə həmin liseyi bitirmişdir. 2001-ci ildə Ali Hərbi Məktəbə qəbul olunmuş və 2005-ci ildə həmin məktəbi bitirmişdir. Dövlət Attestasiya Komissiyasının 18.06.2005-ci il tarixli qərarı ilə iddiaçıya «idarəetmə mühəndisliyi» ixtisasına dair ali peşə istiqamət üzrə bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.06.2008-ci il tarixli, 078/RT saylı əmri ilə iddiaçıya baş leytenant hərbi rütbəsi verilmişdir. 2005-ci ildən 2006-cı ilə qədər Bakı şəhərində yerləşən Hərbi Təlim-Tədris Mərkəzini bitirmişdir. İddiaçı 2006-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi naminə döyüş bölgəsi olan Murovdağda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. İddiaçı 2012-ci ilə qədər döyüş bölgəsində xidmət etmişdir. Artilleriya üzrə peşəkar hərbiçidir. İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən səhhətinin pozulması səbəbindən 08.03.2011 -ci il tarixdən 10.03.2011-ci il tarixə kimi 230 saylı hərbi hospitalda (diaqnoz: Hiportoniya xəstəliyi İ mərhələ), 10.03.2011-ci il tarixdən 18.03.2011-ci il tarixə kimi Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında (diaqnoz Neyrosirkulyator asteniya hipertenziv tip) , 05.12.2011-ci il tarixdən 29.12.2011-ci il tarixə kimi isə SQ Baş Klinik Hospitalında (diaqnoz: Neyrosirkulyator asteniya Hiportenik forma. Vegetativ dammar distoniyası) stasionar müayinə və müalicə olunmuşdur. Bu barədə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 10.04.2018-ci il tarixli 697 saylı qərarı ilə təsdiq olunur. Qərara əsasən «Xəstəlik,hərbi xidmət dövründə alınmışdır. Bu isə sığorta hadisəsi hesab edilir. Göstərilənlərə əsasən iddiaçının hərbi xidmət dövründə səhhətinin pozulması səbəbindən sağlamlığına dəymiş ziyanla bağlı ona hərbi qulluqçulara qanunla şamil edilən dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 23.02.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununa dəyişikliklər edilməsi barədə 20 oktyabr 2006-cı il tarixli Qanununun 5-ci maddəsinin "d" bəndinə əsasən sığorta olunan xidmətdə (toplanışda) oldunu zaman ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə sığorta ödənişi verilir. Sənədlərdən göründüyü kimi İddiaçı hərbi xidmətdən səhhəti ilə deyil, hərbi xidmət dövrü başa çatması ilə əlaqədar hərbi xidmətdən tərxis olunmuşdur. Buna görə də ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyrimümkündür. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmətdən səhhəti ilə əlaqədar deyil, hərbi xidmət dövrü başa çatması ilə əlaqədar tərxis olunmuşdur. Göründüyü kimi iddiaçı həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almamış, eyni zamanda ona əlillik dərəcəsi təyin olunmamışdır. Belə olan halda iddiaçıda yaranmış xəstəlik “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsi sayılmır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar