Məhkəmə qərarları › İş №2(006)-3327/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3327/2025

17.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3327/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası, İddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqla ünsiyyət” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər ay hər bir uşağa 246 manat olmaqla, cəmi 492 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, uşaqların maddi dəstəyə ehtiyaclarının olmasını nəzərə almaqla, cavabdehdən alimentin evdən çıxdıqları xx.xx.2024-cü il tarixdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə növbəti iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 görə hər uşaq 250 manat olmaqla, hər ay cəmi 500 manat sabit pul məbləğində alimentin uşaqlar yetkinlik yaşına çatana qədər tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh ilə Bakı şəhəri Nəsimi qeydiyyat şöbəsində 02 noyabr 2013-cü il tarixdə 844 nömrə ilə rəsmi qeydiyyata alınmışdır. Onların bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə nikah pozulmasa da, nə həyat yoldaşı, nə də ata kimi ailəyə baxmır, maddi dəstək durmur. İddiaçıya uşaq saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamı ilə müəyyən olunmuş məbləğdə alimentin kəsilməsini istəyir. Ona görə ki, həmin sərəncamla uşaqlar üçün yaşayış minimumu 2025-ci il üçün 246 manatdır. Uşaq böyüdükcə tələbatı da çoxalır. Ona görə də iddiaçı aliment tələb edir. Qarşılıqlı iddia tələbi: Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli (844№-li) rəsmi dövlət nikahının pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı ilə birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 20:00-dək habelə, bayram günlərində iki gün saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar: Tərəflər 02 noyabr 2013-cü ildə rəsmi nikaha daxıl olmaqla ailə qurmuşlar. Birgə nikahlarından övladları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 dünyaya gəlmişlər. İlk vaxtlar münasibətləri normal olmuşdur. Sonralar bir-birilərini başa düşməmişlər. Artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Bundan başqa artıq ailə formal xarakter daşıyır. Boşanmaq fikri qətidir. Ailənin bərpası mümkün deyil. Ailənin qorunub saxlanması üçün məhkəmənin keçirəcəyi tədbirlər müsbət nəticə verməyəcəkdir. Həmçinin İddiaçı uşaqlarla görüşə maneəçilik törədir, müstəqil şəkildə onlarla ünsiyyətdə olmasına şərait yaratmır. İşdə iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) izahatında bildirmişdir ki, nikahın pozulmasına razı deyildir. xx.xx.2024-cü il tarixdən qarşı tərəf onu anasının evinə qoyub getmişdir. Onlara heç bir maddi dəstək göstərməmiş və problemləri ancaq qayınana ilə bağlı olmuşdur. Həmçinin qarşı tərəf əlavə gəlilərinin olmadığını bildirsə də, onun əlavə gəlirləri olduğunu bilir, sadəcə bunu sübuta edə bilmir. Belə ki, Nicat kirayə pulu alır və maşın alqı-satqısı ilə məşğul olur. Aylıq 200 manatla uşaqların ehtiyaclarını təmin edə bilməz və bundan başqa uşaqların əhatəsini dəyişməmək üçün məktəbə yaxın ərazidə kirayə ev tutmalıdır. Həmçinin həftənin şənbə günləri saat 10:00-dan 20:00-a qədər cavabdehin uşaqlarla görüşməsinə razıdır. Bazar günləri isə görüşmələrini istəmir. Qalmamaq şərti ilə bayram günlərində də uşaqları aparmasına razıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə izahatında bildirmişdir, Cavabdeh uşaqlarla daim maraqlanıb. Uşaqların ananın yanında qalmasına isə etirazları yoxdur. Həmçinin Cavabdeh maaşı 100 manat aşağı endirildiyindən aliment məbləği təyin olunarkən bu nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, qarşılıqlı iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 905443 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah xx.xx.2013-cü il tarixdə 844 nömrəli akt qeydi ilə qeydə alınmaqla bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynli soyadı verilmişdir. AZ-İİİ seriyalı, 393656 saylı və AZ-İV seriyalı, 103766 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmayan övladları vardır. Bakı 16 saylı Mediasiya təşkilatının “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, xx.xx.2025-ci il tarixə, saat 14:30-15:00-a təyin olunmuş mediasiya iclasında yalnın İddiaçı iştirak etmişdir. Həmçinin İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərcə və 10 manat məbləğində kargüzarlıq xərci ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, Cavabdeh rəsmi əmək müqaviləsi əsasında “Azəriqaz” İB-də operator vəzifəsində fəaliyyət göstərməklə, 626,58 manat məbləğində əmək haqqı alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Maddə 61.1. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Maddə 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Maddə 18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının: 6.1-ci bəndinə əsasən, nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bu halda Ailə Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən bir ay müddət keçdikdən sonra həyata keçirilir. 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.6-cı bəndində qeyd edilir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı: Bənd 1. Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bənd 2.2. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını,onların yaşını, bağçaya, yaxud məktəbə gedibgetməməsini, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərarı Bənd 2.4. “Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, ailələri faktiki olaraq dağılmışdır. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh nikahın pozulması və uşaqlarla ünsiyyət hüququnun təmin edilməsinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Məhkəmə tərəfindən ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq tərəflərə barışmaları üçün 3 (üç) ay müddət verilməklə məhkəmə iclası təxirə salınmışdır. Lakin həmin müddət bitdikdən sonra tərəflər arasında barışıq olmamış və Cavabdeh nikahın pozulmasına təkid etmişdir, ailənin bərpasına ümid yoxdur. Barışıq üçün vaxt verilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçının nikahın pozulmasını təkid etməsi, eyni zamanda, ailənin tamlığının saxlanılmasının mümkün olmaması nəzərə alınmaqla, Cavabdeh ilə İddiaçı arasında Nəsimi Rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə nikah haqqında akt qeydləri kitabında 844 nömrəli qeyd ilə bağlanmış nikah pozulmalıdır. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək analarının yanında qalmasına dair mübahisə olmamasını, uşaqların ana nəvazişinə və qayğısına ehtiyacı olmasını nəzərə alıb məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından olan övladları ananın, yəni hazırda ilkin iddia üzrə İddiaçı himayəsində saxlanmalıdırlar. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların analarının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə, mənafelərinə xidmət edəcəkdir. Məhkəmə aliment tələbinə münasibətdə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə hesab edir ki, uşaqların iddiaçının himayəsində qalmaları uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Beləliklə, məhkəmə Cavabdeh əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ilkin iddia üzrə Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,615 misli həddində (400 x 0,615= 246 manat) sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə alimentin tutulması Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(006)-306/2025 nömrəli qərardadı nəzərə alınmaqla həmin tarixdən hesablanmalıdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(006)-306/2025 nömrəli qərardadı ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Məhkəmə qarşılıqlı iddianın uşaqlarla ünsiyyət hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh İddiaçı ilə olan münasibətlərinin pozulması nəticəsində onların övladları analarının yanında qaldığı üçün, qarşılıqlı iddia üzrə iddiaçı özündən ayrılıqda yaşayan övladları ilə ünsiyyətdə olmaq, onların mənafeləri ilə bağlı məsələlərinin həll edilməsində iştirak etmək hüququna malikdir. Tərəflər arasında uşaqlarla görüşmək hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər bu hüququn həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, iddiaçı övladları ilə ünsiyyət yaradılaraq görüş vaxtının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Yuxarıda sadalanan maddi hüquq normalarından görünür ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni onlar uşağın sağlam böyüməsi, tərbiyələnməsi, inkişaf etməsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi ilə bağlı eyni vəzifələr daşıyır, həmçinin uşaqla ünsiyyətdə olmaq və onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. Uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılmasına isə müstəsna hallarda, yəni ünsiyyətin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirdiyi hallarda yol verilir. Hazırkı iş üzrə məhkəmə atanın tələbini, ananın bu tələbi qismən qəbul etməsini, uşaqların yaşını əsas götürərək hesab edir ki, uşaqların üstün mənafeyinin təmin edilməsi məqsədilə hazırkı qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi məqsədəmüvafiqdir. Qarşılıqlı iddianın “hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 20:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı həmin hissədə iddianı qismən qəbul edərək, bazar günləri istisna olmaq şərtilə, hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək, bayram günlərinin İİ,İİİ günləri saat 10:00-dan 18:00-dək Cavabdeh uşaqları ilə görüşməsinə etirazının olmadığını bildirmişdir. Cavabdeh ata kimi azyaşlı uşaqları ilə ünsiyyətdə olmaq hüququnun ailə qanunvericiliyi ilə müəyyən edildiyini, həmçinin bunun hər bir atanın hüququ olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh övladları – xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 ilə qarşılıqlı iddia tələbində irəli sürülən qaydada hər həftənin şənbə günləri saat 10:00-dan 20:00-dək, habelə bayram günlərinin İİ və İİİ günü (Yeni il, Qurban bayramı, Novruz bayramı, Ramazan bayramı) saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyət saxlaması məqsədəmüvafiqdir. Məhkəmə qeyd edir ki, İddiaçı uşaqların onun iştirakı olmadan iddiaçı ilə görüşməsinə etiraz etmir. Bu səbəbdən də məhkəmə atanın uşaqlarla ünsiyyətinin ananın iştirakı olmadan keçirilməsini məqəsədmüvafiq hesab edir. Plenumun istinad edilən qərardakı hüquqi mövqedən görünür ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Həmçinin uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının övladlarına münasibətdə valideynlik hüququnun həyata keçirməsi üçün onlar arasında həftədə 1 dəfə 10 saat, bayram günlərinin İİ-İİİ günü (Yeni il, Qurban, Novruz və Ramazan bayramlarında) isə 8 saat ünsiyyət hüququnun verilməsi kifayətdir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Nəsimi Rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə 844 №-li akt qeydi ilə qeydə alınmaqla bağlanmış nikah pozulmalı, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 cavadeh İddiaçı yanında (himayəsində) qalmalı, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində aliment tutulmalı, Cavabdeh uşaqları ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək, bayram günlərinin İİ,İİİ günləri saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Nəsimi Rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə 844 №-li akt qeydi ilə qeydə alınmaqla bağlanmış nikah pozulsun. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 cavadeh İddiaçı yanında (himayəsində) qalsınlar. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(006)- 306/2025 nömrəli qərardadı nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli, ümumilikdə 1,23 misli həddində aliment tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 20:00-dək (10 saat), bayram günlərinin (Yeni il, Qurban bayramı, Novruz bayramı, Ramazan bayramı) İİ,İİİ günləri saat 10:00-dan 18:00-dək (səkkiz saat) sərbəst şəkildə müəyyən edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018ci il təvəllüdlü X6 yaşayış yeri üzrə ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 10:00da İddiaçı tərəfindən Cavabdeh, həmin gün saat 20:00-da isə eyni ünvanda Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. Yeni il, Qurban, Novruz və Ramazan bayramı günlərinin İİ-İİİ günü saat 10:00-da (həmin ünvanda) İddiaçı tərəfindən Cavabdeh, həmin günlər saat 18:00-da isə Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. Hər iki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar