Məhkəmə qərarları › İş №2(006)-333/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-333/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-333/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi evə dəyən zərərin müəyyən edilməsi və cavabdehin hesabına bərpa edilərək ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qobustan rayonu Nabur kəndində yerləşən yaşayış evi X2 məxsus olsa da 10 ildən artıqdır ki, həmin ünvanda özü və ailə üzvləri yaşayır. Fərdi ev mişar daşından hörülmüşdür, 2 mərtəbəlidir. Fərdi evin hər mərtəbəsində 11 metr ölçüsündə şüşəbənd vardır. O, xx.xx.2022-ci ildə bir il müddətinə Qobustan rayonunun Nabur kəndində yerləşən yaşadığı fərdi evi "xxxx" ASC-də sığorta etdirmişdir. Tərəflər arasında “Yaşayış evi”nin icbari sığorta olunması barədə şəhadətnamə təsdiq edilmişdir (şəhadətnamə №RPA**********, seriya: BB № 699132). Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsinə görə yaşayış evi 15.000 manat sığorta edilmiş və o, cavabdehin hesabına müqaviləyə əsasən 30 manat sığorta ödənişi etmişdir. 04 iyul 2023-cü ildə baş vermiş zəlzələ nəticəsində evin arxa divarında bünövrədən binanın hörgüsünün sonuna qədər olan hissədə bir neçə yerdən çatlar əmələ gəlmişdir. Binanın ön hissəsində zəlzələnin təsirindən daş divar bir-birindən aralanmışdır. Əmələ gələn çatlar arasından əl keçir. O, baş vermiş hadisə ilə əlaqədar olaraq dərhal "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin nümayəndələri yaşadığı evə baxış keçirmiş və binanın divarlarında əmələ gəlmiş çatları öz gözləri ilə görmüşlər. Yaşadığı evə ciddi zərər dəyməsinə baxmayaraq, cavabdeh SMS-lə müraciət edərək əmlakına dəyən zərərin 139 manat müəyyən edildiyini bildirmişdir. Maddi itkiyə görə dəyən zərərin cavabdeh tərəfindən qiymətlənməsindən narazıdır. Hesab edir ki, əmlakına zəlzələ nəticəsində dəyən zərərin məbləği 139 manat deyil, həmin məbləğdən qat-qat yüksəkdir. Belə ki, yaşayış binasının təmir edilib əvvəlki vəziyyətinə gətirilməsi üçün 10.000-15.000 manatdan artıq vəsait sərf edilməlidir. Buna görə də, fərdi evə dəyən zərər müəyyən edilərək vurulan zərərin nəticələrinin aradan qaldırılması müəyyən edilməli və həmin xərclərin cavabdehin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 daha öncədən məhkəməyə ünvanladıqları etiraz ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, “Paşa Sığorta" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** (BB 699132) nömrəli sığorta şəhadətnaməsi ilə Qobustan rayonu Nabur kəndində yerləşən yaşayış evi “Daşınmaz əmlakın icbari sığortası” üzrə xx.xx.2022 - xx.xx.2023 tarixləri üçün sığortalanmışdır. xx.xx.2023-cü il tarixində İddiaçı Cəmiyyətə müraciət edərək ona məxsus olan əmlaka ziyan dəydiyini bildirmişdir. İddiaçı xx.xx.2023cü il tarixli izahatına əsasən əmlaka xx.xx.2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində zərər dəymişdir. Müraciət dərhal qeydiyyata alınmış, sığorta araşdırmasına başlanılmış, ziyan dəymiş əmlaka baxış keçirilmişdir. Əmlaka baxışın nəticəsi olaraq ilkin akt tərtib olunmuş, həm sığortaçının nümayəndəsi, həm də sığortalı tərəfindən imzalanaraq doğruluğu təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinin tələbini nəzərə alaraq, əmlaka dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2023-cü il tarixli “Zərər dəymiş əmlakın qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 139 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.2-ci maddəsinin tələbini nəzərə alaraq, səlahiyyətli dövlət orqanına Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə sorğu məktubu ünvanlanmışdır. Seysmoloji Xidmət Mərkəzinin sorğularına cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli 8-1-17/2-265/2023 nömrəli cavab məktubunda xx.xx.2023-cü il tarixində yerli vaxtla saat 00:01-də Xəzər Dənizində maqnitudası Ml=5.6, dərinliyi h=66 km olan zəlzələ qeydə alındığı, zəlzələnin Qobustan rayonu Nabur kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvələ üzrə 4 bala qədər hiss olunduğu göstərilmişdir. Araşdırmanın yekununda baş vermiş hadisənin sığorta hadisəsi hesab edilmədiyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixində İddiaçı sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, sözügedən imtina tam əsaslıdır, faktiki hallara və qüvvədə olan qanunvericiliyə müvafiq olaraq verilmişdir. Belə ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin intensivliyinə görə təsnifatına əsasən 4 bala qədər (4 bal daxil olmaqla) zəlzələ daşınmaz əmlaklarda hər hansı zərərlə nəticələnmir. Yəni iddiaçının iddia etdiyi zərərlərin zəlzələ nəticəsində əmələ gəlməsi səlahiyyətli dövlət orqanının mövqeyinə əsasən mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Əmlaka dəymiş zərərin həcmi 139 manat çərçivəsindədir. “İcbari sığortalar haqqında'’ Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən Qobustan üzrə şərtsiz azadolma məbləği 150 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. İlkin Aktda çatların köhnə olduğuna dair qeyd vardır və bu qeyd İddiaçı tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və ya mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Göründüyü kimi "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tam icra etmiş, müvafiq müraciət üzrə isə məsuliyyəti yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Qobustan rayon İcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 157 saylı arayışına əsasən Hümmətov X4 rayonu Nabur kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. - RPA********** olan BB seriyalı 699132 saylı “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsindən görünür ki, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. - "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, ərizə İddiaçı tərəfindən tərtib edilmişdir. Ərizədə İddiaçı məxsus əmlaka zəlzələ nəticəsində zərər dəydiyi bildirilmiş, sığorta ödənişinin verilməsində köməklik göstərilməsi xahiş edilmişdir. - Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixində, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası M1=5.6, dərinliyi h=66 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ Qobustan rayonu Nabur kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunmuşdur. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli “zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabat”ına əsasən Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinə dəymiş ziyan, material və ehtiyyat hissələrinə görə 34 manat və zəhmət haqqına görə 105 manat olmaqla, ümumilikdə 139 manat məbləğində qiymətləndirilmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, əmlaka dəymiş zərər 139 manat məbləğində qiymətləndirilmişdir. BB 699132 saylı sığorta müqaviləsi üzrə azadolma məbləğinin 150 manat təşkil etdiyi nəzərə alınsa sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi azadolma məbləğindən azdır. AR Mülki Məcəlləsinin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Belə olduğu təqdirdə sığortalanmış əmlaka dəymiş zərər məbləği azadolma məbləğini aşmadığından, "xxxx" ASC-nin 17 iyul 2023-cü il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmır. - 02 noyabr 2023-cü il tarixdə Fövqəladə Hallar üzrə Rayon Komissiyasının sədri, başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri M.X.Əkbərov, Komissiyanın sədr müavini İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri X.Y.Novruzov, Komissiyanın üzvləri, İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə və X1 ilə İş Şöbəsinin müdiri E.E.Mikayılov, Gigiyeva və Epidemiologiya Stansiyasının baş həkimi R.H.Hümbətov, Qobustan rayon Sukanal İdarəsinin rəisi B.M.Mehdiyev, X3 baş mühəndisi Ə.N.Əliyev, Nabur kənd İƏD üzrə nümayəndəsi R.Q.İsayev, fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı iştirakı ilə tərtib edilmiş və imzalanmış akta əsasən, Qobustan rayonu Nabur kənd sakini İddiaçı müraciətinə əsasən ona məxsus Nabur kəndində tikilmiş fərdi yaşayış evinin qəzalı vəziyyətdə olmasını müəyyən etmək üçün vizual baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evində aşağıda qeyd edilən qəza vəziyyəti müəyyən edilmişdir:

1. fərdi yaşayış evi tarixi dəqiq bilinməyən vaxtda, 2 mərtəbəli olmaqla tikilmişdir (fərdi yaşayış evinin mərtəbə hündürlüyü birinci mərtəbədə 2.2 metr, ikinci mərtəbə 2.6 metrdir). Dam örtüyü yamac formada dəmir və azbes örtüy materialı ilə örtülmüşdür. Dam örtüyündə çökmə və ya deformasiyaya uğramaq halına rast gəlinmədi. Fərdi yaşayış evinin üç tərəfi mişarlanmış əhəng daşı ilə 0.4 m ölçüdə tikilmişdir. Ön fasad birinci mərtəbə də mişarlanmış əhəng daşı ilə 0.4 m ölçüdə tikilmişdir. İkinci mərtəbənin ön divarında divar boyunca taxta materialı ilə pəncərə yığılmışdır. Həmin hissədə, yəni pəncərənin deformasiyaya uğraması halına rast gəlinmədi.

2. Fərdi yaşayış evinin ön divarında birinci mərtəbədə şaquli istiqamətdə 7 ədəd çatların olduğu müəyyən edildi. Həmin çatların şaquli istiqamətdə uzunluğunun ən az hissəsi 0.4 m, ən hündür hissəsi 0.8 m ölçüdədir. Çatların qalınlığı ən az hissəsi 10 mm, ən qalın hissəsi 20 mm-dir.

3. Fərdi yaşayış evinin yan divarında (şimal tərəfdə) birinci mərtəbədə şaquli istiqamətdə 2 ədəd çatların olduğu müəyyən edildi. Həmin çatların şaquli istiqamətdə uzunluğunun ən az hissəsi 0.4 m, ən hündür hissəsi 1 m ölçüdədir. Çatların qalınlığı ən az hissəsi 10 mm, ən qalın hissəsi 15 mm-dir.

4. Fərdi yaşayış evinin arxa divarında bütün divar boyunca şaquli istiqamətdə uzunluğunun ən az hissəsi 1 m, ən hündür hissəsi 4.1 m ölçüdədir. Çatların qalınlığı ən az hissəsi 3 mm, ən qalın hissəsi 5 mm-dir. Komissiyanın qərarına əsasən fərdi yaşayış evi qismən qəzalıdır. İnsan həyatı üçün qismən təhlükəlidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/230 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinin divarlarında və döşəməsində çatların, aralanmaların, çökmələrin olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, hər hansı tikili (yaşayış evləri, mənzillər, qeyri-yaşayış sahələri və s.) üzrə yaranmış qüsurların konkret olaraq nə vaxt əmələ gəlməsinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın konkret olaraq hansı tarixdə əmələ gəldiyini müəyyən etmək mümkün deyildir. Lakin yuxarıda göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, aralanmaların və çökmələrin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikintiquraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikintiquraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə xx.xx.2023-cü il tarixində zəlzələ baş verdiyini, fərdi yaşayış evinin yerləşdiyi ərazinin maili olduğunu nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Qobustan rayonu Nabur kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanla əlaqədar sökülərək yenidən inşa olunması üçün tələb olunan xərclərin ümumi dəyəri təqribən 47.380 manat (103 x 460,0) məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən edilmiş, sığorta müqaviləsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minməklə, xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, yəni 2023-cü ilin iyul ayında (sənədlərə əsasən 04 iyul 2023-cü il tarixdə) sığorta hadisəsi baş vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası M1=5.6, dərinliyi h=66 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ Qobustan rayonu Nabur kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunmuşdur. Baş vermiş olan zəlzələ nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinə ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. - 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7- ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (əmlaka zəlzələ nəticəsində zərər dəyməsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin sığorta şirkəti müxtəlif əsaslar gətirərək sığorta ödənişini verməkdən yayınmışdır. Şirkətin sığorta ödənişi verməkdən imtina etməsi kimi əsaslandığı hallar isə aşağıdakılardan ibarət olmuşdur:

1. Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin intensivliyinə görə təsnifatına əsasən 4 bala qədər (4 bal daxil olmaqla) zəlzələ daşınmaz əmlaklarda hər hansı zərərlə nəticələnmir. Yəni iddiaçının iddia etdiyi zərərlərin zəlzələ nəticəsində əmələ gəlməsi səlahiyyətli dövlət orqanının mövqeyinə əsasən mümkünsüzdür.

2. Əmlaka dəymiş zərərin həcmi 139 manat çərçivəsindədir. “İcbari sığortalar haqqında'’ Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinə əsasən Qobustan üzrə şərtsiz azadolma məbləği 150 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

3. İlkin Aktda çatların köhnə olduğuna dair qeyd vardır və bu qeyd İddiaçı tərəfindən təsdiqlənmişdir. Əvvəla şirkətin birinci, yəni zəlzələlərin intensivliyinə görə təsnifatına əsasən 4 bala qədər (4 bal daxil olmaqla) zəlzələnin daşınmaz əmlaklarda hər hansı zərərlə nəticələnməməsi və bununla da zərərin zəlzələ nəticəsində əmələ gəlməsinin səlahiyyətli dövlət orqanının mövqeyinə əsasən mümkünsüzlüyünə dair dəlili ilə məhkəmə razılaşmayıb qeyd edir ki, şirkətin sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixində, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası M1=5.6, dərinliyi h=66 km olan zəlzələnin qeydə alındığı, zəlzələnin Qobustan rayonu Nabur kəndi ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 4 bala yaxın hiss olunduğu qeyd olunmuş, lakin bu intensivlikli zəlzələ nəticəsində fərdi yaşayış evinə zərər dəyməsinin mümkünsüz olmasına dair hər hansı bir məlumat cavab məktubunda əks olunmamışdır. Eyni zamanda, şirkət zəlzələlərin intensivliyinə görə təsnifata dair materiallar təqdim etmiş olsa da, həmin materiallarda zəlzələnin MSK-64 seysmik intensivlik şkalasının ətraflı şəkildə izahı verilmiş və zəlzələnin 4 bal gücündə hiss olunduğu halda kəskin mövqe ifadə olunmamaqla, yalnız hansı nəticələri gözləməyin mümkün ola biləcəyinə dair ümumi məlumat əks olunmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, şirkətin birinci dəlilinin tam əksinə iddiaçının əmlakına zərərin məhz zəlzələ nəticəsində dəyməsi təkcə iddiaçının təqdim etdiyi sənədlərlə deyil, həmçinin məhkəmənin təyin etmiş olduğu ekspertiza nəticəsində də müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/230 saylı eskpert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinin divarlarında və döşəməsində çatların, aralanmaların, çökmələrin olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, hər hansı tikili (yaşayış evləri, mənzillər, qeyri-yaşayış sahələri və s.) üzrə yaranmış qüsurların konkret olaraq nə vaxt əmələ gəlməsinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan yaşayış evinə dəymiş ziyanın konkret olaraq hansı tarixdə əmələ gəldiyini müəyyən etmək mümkün deyildir. Lakin yuxarıda göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, aralanmaların və çökmələrin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparılmadığını, eləcə də iş materiallarında olan məlumatlara əsasən həmin ərazidə xx.xx.2023-cü il tarixində zəlzələ baş verdiyini, fərdi yaşayış evinin yerləşdiyi ərazinin mailli olduğunu nəzərə alaraq, İddiaçı məxsus yaşayış evində əmələ gəlmiş qüsurların zəlzələ nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/230 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Şirkətin ikinci dəlili, yəni əmlaka dəyən zərərin 139 manat məbləğində qiymətləndirilməsi və bununla da, sığortalanmış əmlaka dəymiş zərər məbləğinin azadolma məbləğini (azadolma məbləği 150 manat təşkil edir) aşmadığından, "xxxx" ASCnin məsuliyyətinin yaranmamasına münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlil də əsassız omaqla, qəbul edilməsi mümkün deyildir. Belə ki, şirkət zərərin qiymətləndirilməsinə dair hesabata əsaslanıb həm material, həm də zəhmət haqqına görə tələb olunan vəsaitin ümumilikdə 139 manat olmasına əsaslansa da, işdə olan fotoşəkillər, Qobustan rayonunun səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli akt və nəhayət ekspert rəyi tam əksini deməyə imkan verir. Həmin sənədlərlə müəyyən olunur ki, fərdi yaşayış evinə nəinki zərər dəymişdir, hətta yaşayış üçün təhlükəli olmaqla, eləcə də təmir işləri ilə bərpası mümkünsüz olmaqla, yenidən inşa olunması tələb olunur. Məhkəmə şirkətin sonuncu, ilkin aktda çatların köhnə olduğuna dair qeydin mövcudluğuna dair dəlili ilə də razılaşmayıb qeyd etməyi vacib sayır ki, işdə olan fotoşəkillərlə tikilinin təzə tikili olmadığı müəyyən edilir. Həmçinin bu məsələ ilə bağlı əlavə olaraq qeyd edilməlidir ki, müəyyən olunduğu kimi, sözügedən fərdi yaşayış evi Qobustan rayonu Nabur kəndində inşa edilmiş və Respublikanın müxtəlif bölgələrində (rayon/kənd yerlərində) tikinti işlərinin aparılması zamanı tikinti norma və qaydalarına riayət edilməsi adətən gözlənilmir. Eyni zamanda, sığorta müqaviləsinin əsas şərtlərindən biri sığortaçının sığorta obyektinə baxış keçirmək, sığorta obyektinə dair zəruri sənədləri tələb etmək və məhz razılığı olduqda müqavilə bağlamaq imkanının olması, sığorta hadisəsi baş verdiyi zaman sığorta şirkətinin sonradan bu hallara (çatların daha əvvəl əmələ gəlməsi və sair) istinad edib sığorta ödənişi ödəməkdən imtina etməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış olan hallarla müəyyən edilir ki, sığorta hadisəninin baş verməsinə və iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, sığorta şirkəti müxtəlif səbəblər gətirərək sığorta ödənişini ödəməkdən yayınmış, bir növ sığorta ödənişini ödəməkdə marağının olmamasını nümayiş etdirmiş və bununla da iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ekspert rəyində əmlaka dəymiş ziyanın daha yüksək məbləğdə qiymətləndirilməsinə baxmayaraq, sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq azadolma məbləği (150 manat) də nəzərə alınmaqla, sığorta məbləği həddində ödənişin cavabdeh şirkət tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olmaqla, “Dövlət rüsumu haqqında” Qanuna əsasən dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə 14850 manat sığorta ödənişi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Qobustan rayonu Nabur kəndində yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə 14850 manat sığorta ödənişi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar