Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3347/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Ailə qurandan onların ailə münasibətləri yaxşı olmayıb və münasibətləri pozulub. Səbəb isə cavabdehin xasiyyətlərin uyğunsuzluğudur. Belə bir vəziyyətdə cavabdehlə birgə nikahda qalıb ailə münasibətlərini davam etdirmək qeyri-mümkündür. Bu səbəbdən də nikah məhkəmə qaydasında pozulmuşdur. Eyni zamanda, boşanmadan sonra uşaqların xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yanında saxlanılmasını tələb etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh ilə onun arasında bağlanmış 19 dekabr 2008-ci il tarixli nikahın pozulması, azyaşlı uşaqların xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 onun yanında saxlanması müəyyən edilmişdir. Ona uşaqları saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. Ona görə ki, Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2025-ci il üçün 246 manatdır. Uşaqlar böyüdükcə tələbatı daha da çoxalır. Ona görə də o, aliment tələb edir. Göstərilənlərə əsasən, Cavabdeh Qalıb oğlundan xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 alimentin tələbi ilə bağlı yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər bir uşağa hər ay 246 manat olmaqla cəmi 738 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, sosial müavinət almaq üçün aidiyyəti orqana müraciət etmiş, lakin ona deyilmişdir ki, ona aliment verilməsə, sosial müavinət ala bilməz. Cavabdeh məhkəməyə müraciət etdiyindən 29 iyul tarixinə qədər uşaqlar üçün aylıq ödənişləri etmişdir. Sadəcə olaraq, sosial müavinət ala bilməsi üçün alimentin tutulması məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini tam həcmdə qəbul edərək bildirmişdir ki, nikah pozulduqdan sonra övladlarının və əvvəlki həyat yoldaşının maddi tələbatlarını ödəyir. Evin kommunal xərcləri, həmçinin ev üçün alınmış ərzaqların ödənişini də edir. Onun iddiaçıya aylıq ödədiyi məbləğ 1000 manatdan daha artıq olur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 852496 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. 7.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 743246 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. 8.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İV seriyalı, 845190 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. 9.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilən, AZ-İ seriyalı, 443839 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixində ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 379 nömrə ilə qeyd edilmişdir. 10.Mülki işin materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00545 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı iştirak edərək, 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 11.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2725/2021 saylı qətnaməsinə əsasən, iddianın təmin edilməsi, X9 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı Nikah evində 4352 №-ilə bağlanılmış nikahın pozulması, birgə nikahdan doğulmuş 28 sentyabr 2010-cu il təvəllüdlü X2 və 07 mart 2014-cü il təvəllüdlü X11, 09 aprel 2012-ci il təvəllüdlü X5 anaları X4 yanında saxlanılması qət edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış nikah məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Hazırda iddiaçı birgə nikahdan olan uşaqların saxlanılması üçün hər uşağa görə aylıq 246 manat olmaqla, ümumilikdə 738 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 14.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 15.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 16.“Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 17.”Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-cü il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 18.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. 19.Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbini, cavabdehin aliment tələbini qəbul etdiyini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, Cavabdeh uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində (246:400≈0.61) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 20.Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, iddiaçı sonuncu məhkəmə iclasında cavabdehin həmin vaxta qədər uşaqlar üçün aylıq ödənişlər etdiyini etiraf etdiyindən, alimentin tutulma müddəti sonuncu məhkəmə iclasının keçirildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən başlanmalıdır. 21.Beləliklə də qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmalarıı üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 22.Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonraki artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3347/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3347/2025
29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver