Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-337/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi - X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «əmlaka dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «əmlaka dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına dəymiş ziyanı ödəmədiyi, qanundan və müqavilədən irəli gələn öhdəlikləri könüllü olaraq yerinə yetirmədiyi üçün cavabdehdən iddiaçının xeyrinə 15.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus fərdi yaşayış evi baş vermiş torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Belə ki, evin divarında qalın çatlar əmələ gəlmiş və nəticədə evə ciddi maddi ziyan dəymişdir. Uzun illərdir evini sığorta etdirmiş, bu barədə fərdi yaşayış evinin icbari qaydada sığortalanması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Gədəbəy filialı ilə “Daşınmaz əmlakın icbari sığortası” haqqında müqavilələr bağlamışdır. Sığorta haqqı olaraq hər il pul ödəmişdir. Hazırda evdə olan çatlar son vaxtlar yağan yağışların təsirindən daha da böyüməkdədir və ev uçmaq təhlükəsindədir. Beləliklə də əmlaka 15.000 manatdan artıq ziyan dəymişdir. Bu barədə o dəfələrlə Dövlət Sığorta Kommersiya Şirkətinin Gədəbəy filialına müraciətlər etsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. Halbuki, evinə dəyən maddi ziyan məhz cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməlidir. Lakin cavabdeh qanundan və müqavilədən irəli gələn öhdəliklərini bugünədək yerinə yetirməmiş və sığortalı olaraq ona vurulmuş maddi ziyanın əvəzini hesablayıb ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: BA seriyalı 515177 saylı Daşınmaz əmlakın icbari sığortasından görünür ki, iddiaçıya məxsus Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evi 29.12.2015-ci il tarixdən 28.12.2016-cı il tarixədək cavabdeh tərəfindən 15.000 manat məbləği həddində, 150 manat azadolma məbləği müəyyən edilməklə icbari qaydada sığortalanmışdır. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Gərgər kənd X1 20.08.2018-ci il tarixli aktından görünür ki, 1956-cı ildə inşa edilmiş iki mərtəbəli 3 otaq və mətbəx olan fərdi yaşayış evinin hər 3 otağın divarlarında çatlar var. Həmin evin qəzalı olması, evin içərisindən çölündən, hər bir tərəfində iri çatlar müəyyən olunmuşdur. 20.04.2018-ci il tarixli 162 saylı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Gədəbəy rayonu, Qarıkənd kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında arayışdan görünür ki, iddiaçıya məxsus olan fərdi yaşayış sahəsinin mailliyi 20-25 dərəcə olan dağətəyi ərazidə yerləşmiş, qeyd olunan sahədə 2017-2018-ci illər ərzində düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş (ellüvial-dellüvial mənşəli gilçələr və qumçalar) çöküntülər su ilə doyması nəticəsində ərazidə çökmə-oturma prosesi (5x7m, dərinliyi 3-6 sm) baş vermiş, ərazidə digər ekzogen geoloji proseslərin əlamətlərinin müşahidə edilməmişdir. Cavabdehin 21.05.2018-ci il tarixli 04.06/50-42 saylı məktubundan görünür ki, çökmə halının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulmamasını əsas gətirərək, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.05.2020-ci il tarixli, 24913 saylı ekspert rəyi ilə iddiaçının istifadə və sahibliyində olan Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evinin divarlarında və tavanında üfüqi və şaquli formada 5/15 mm ölçüdə daxildən və xarici tərəfdən çatların olduğu, Gədəbəy RİH Başçısının Gərgər kənd İƏD nümayəndəliyinin Gərgər kənd X3 tərəfindən 20 avqust 2018-ci il tarixdə tərtib olunmuş akta və baxış zamanı əldə olunmuş məlumatlara əsasən həmin ev qəzalı vəziyyətdəolması, qəzalı vəziyyətdə olduğu üçün yenidən inşa edilməlidir. Tədqiq olunan yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 15.300 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin 07.02.2022-ci il tarixli 20/106 saylı arayışından görünür ki, leysan yağışlar qəfil başlaması və qurtarması, kəskin tərəddüdü, intensiv və nisbətən az davamiyyətliliyi ilə fərqlənir, adətən çox da böyük olmayan ərazini əhatə edir, lokal xarakterli olur. Əsasən topa yağış buludundan yağır, ildırım və dolu ilə müşayət olunur. Leysan yağışın damcıları adətən aramsız yağışların damcılarından çox böyük olur. Leysan yağışı zamanı adətən yağan yağıntının çoxluğu üstünlük təşkil etməsinə baxmayaraq, lap az miqdarda da yağıntı verə bilir. Leysan yağış zamanı 1 saat ərzində yağışın miqdarı stansiyanın yerləşdiyi rayon üçün müəyyən edilmiş təhlükəlilik dərəcəsindən çox və ya ona bərabər olarsa bu yağış həmin rayon üçün təhlükəli hesab edilir. Dağlıq, sel və leysan təhlükəsi olan rayonlarda 12 saat və ondan az vaxt ərzində miqdarı 30-50 mm olan güclü yağış təbii fəlakət törədə bilən hidrometeoroloji hadisə hesab edilir. 2015-ci ilin müşahidə məlumatlarına əsasən bildirir ki, dekabr ayının 29-da yağıntı müşahidə edilməmiş, ayın 30-da 1,1 mm, 31-də 17,8 mm yağıntı qeydə alınmışdır. 2016, 2017, 2018-ci illərdə müşahidə edilmiş yağıntıların miqdarı isə cədvəllərdə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi olduqda, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd olduqda və qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda sığorta ödənişi həyata keçirilir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 38-ci maddəsinə əsasən sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri istisna olmaqla digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinə əsasən iddiaçıya məxsus olan və Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evi müxtəlif illərdə, o cümlədən 29.12.2015-ci il tarixdən 28.12.2016-cı il tarixədək cavabdeh tərəfindən 15.000 manat məbləği həddində, 150 manat azadolma məbləği müəyyən edilməklə icbari qaydada sığortalanmış və bu barədə iddiaçıya “Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə”lər verilmişdir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzindən iddiaçıya məxsus olan həmin evin divarlarında və tavanında müxtəlif formalı çatlar əmələ gəlmişdir. Bununla bağlı, iddiaçı cavabdehə müraciət edərək, bu barədə məlumat vermiş və hadisə ilə bağlı sığorta ödənişinin verilməsini tələb etmişdir. Cavabdeh öz növbəsində hadisənin səbəblərinin araşdırılması, o cümlədən iddiaçıya məxsus evdə çatların yaranmasının sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə müraciət etmiş və sonuncu tərəfindən həmin ərazidə aparılmış mühəndisi-geoloji araşdırmaların nəticələrinə dair tərtib edilmiş arayışda iddiaçıya məxsus olan fərdi yaşayış sahəsinin mailliyi 20-25 dərəcə olan dağətəyi ərazidə yerləşdiyi, qeyd olunan sahədə 2017-2018-ci illər ərzində düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş (ellüvial-dellüvial mənşəli gilçələr və qumçalar) çöküntülər su ilə doyması nəticəsində ərazidə çökmə-oturma prosesinin (5x7m, dərinliyi 3-6 sm) baş verdiyi, ərazidə digər ekzogen geoloji proseslərin əlamətlərinin müşahidə edilmədiyi göstərilmişdir. Cavabdeh də bu halı, yəni çökmə halının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulmamasını əsas gətirib, sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən çökmə halının sığorta hadisəsi olmamasını əsas gətirmiş və həmin əsasa görə sığorta ödənişini ödəməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh çökmə halının sığorta hadisəsi olmamasını qeyd etsə də, çökmənin ekzogen prosesi olmaqla təbii amillər və ya texnogen amillər səbəbindən baş verməsini nəzərə almamışdır. Həm ekspert rəyindən, həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Gədəbəy rayonu, Qarıkənd kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında arayışından göründüyü kimi çökmə düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş çöküntülər su ilə doyması nəticəsində baş vermişdir. Göründüyü kimi çökmə hadisəsi yağış sularının təsirindən təbii amillərdən yaranmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin 07.02.2022-ci il tarixli 20/106 saylı arayışından görünür ki, 29.12.2015-ci il tarixdən 20.08.2018-ci il tarixədək Gədəbəy rayonunda müxtəlif vaxtlarda məhz leysan yağışları yağmışdır ki, bu hal yuxarıda qeyd olunduğu kimi çökmə hadisəsinin (bərkiməmiş çöküntülərin su ilə doyması) baş verməsi ilə birbaşa bağlıdır. Yəni hazırki halda çökmə kimi ekzogen prosesi Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulan leysan yağışları ilə birbaşa bağlı olduğundan sığorta hadisəsi hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan və cavabdeh tərəfindən sığortalanmış daşınmaz əmlakın zədələnməsinə səbəb olmuş hallar sığorta hadisəsi hesab olunmalı və bununla bağlı cavabdeh tərəfindən sığorta ödənişi verilməlidir. Məhkəmə, zərər məbləği ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.05.2020-ci il tarixli, 24913 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə iddiaçının tələbini və sığorta məbləğini nəzərə alıb, hesab edir ki, iddiaçıya məxsus daşınmaz əmlaka dəymiş zərərin məbləği 15.000 manat məbləğində müəyyən edilməli, bu zərər məbləğindən 150 manat azad olma məbləği çıxılmalı (15.000-150=14.850), qalan 14.850 manat məbləğində sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən cavabdehdən iddiaçının xeyrinə 14.850 manat pul tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 14.850 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərcləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-337/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-337/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver