Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-221/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-221/2023 (Açar sözlər: əmlaka dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X4 ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “əmlakaa dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-337/2022 saylı 01 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinə əsasən iddiaçıya məxsus olan və Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evi müxtəlif illərdə, o cümlədən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək cavabdeh tərəfindən 15.000 manat məbləği həddində, 150 manat azadolma məbləği müəyyən edilməklə icbari qaydada sığortalanmış və bu barədə iddiaçıya “Daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamə”lər verilmişdir. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzindən iddiaçıya məxsus olan həmin evin divarlarında və tavanında müxtəlif formalı çatlar əmələ gəlmişdir. Bununla bağlı, iddiaçı cavabdehə müraciət edərək, bu barədə məlumat vermiş və hadisə ilə bağlı sığorta ödənişinin verilməsini tələb etmişdir. Cavabdeh öz növbəsində hadisənin səbəblərinin araşdırılması, o cümlədən iddiaçıya məxsus evdə çatların yaranmasının sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə müraciət etmiş və sonuncu tərəfindən həmin ərazidə aparılmış mühəndisi-geoloji araşdırmaların nəticələrinə dair tərtib edilmiş arayışda iddiaçıya məxsus olan fərdi yaşayış sahəsinin mailliyi 20-25 dərəcə olan dağətəyi ərazidə yerləşdiyi, qeyd olunan sahədə 2017-2018-ci illər ərzində düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş (ellüvial-dellüvial mənşəli gilçələr və qumçalar) çöküntülər su ilə doyması nəticəsində ərazidə çökmə-oturma prosesinin (5x7m, dərinliyi 3- 6 sm) baş verdiyi, ərazidə digər ekzogen geoloji proseslərin əlamətlərinin müşahidə edilmədiyi göstərilmişdir. Cavabdeh də bu halı, yəni çökmə halının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulmamasını əsas gətirib, sığorta ödənişinin verilməsindən imtina etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «əmlaka dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakına dəymiş ziyanı ödəmədiyi, qanundan və müqavilədən irəli gələn öhdəlikləri könüllü olaraq yerinə yetirmədiyi üçün cavabdehdən iddiaçının xeyrinə 15.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Belə ki, evin divarında qalın çatlar əmələ gəlmiş və nəticədə evə ciddi maddi ziyan dəymişdir. Uzun illərdir evini sığorta etdirmiş, bu barədə fərdi yaşayış evinin icbari qaydada sığortalanması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Gədəbəy filialı ilə “Daşınmaz əmlakın icbari sığortası” haqqında müqavilələr bağlamışdır. Sığorta haqqı olaraq hər il pul ödəmişdir. Hazırda evdə olan çatlar son vaxtlar yağan yağışların təsirindən daha da böyüməkdədir və ev uçmaq təhlükəsindədir. Beləliklə də əmlaka 15.000 manatdan artıq ziyan dəymişdir. Bu barədə o dəfələrlə Dövlət Sığorta Kommersiya Şirkətinin Gədəbəy filialına müraciətlər etsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. Halbuki, evinə dəyən maddi ziyan məhz cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməlidir. Lakin cavabdeh qanundan və müqavilədən irəli gələn öhdəliklərini bugünədək yerinə yetirməmiş və sığortalı olaraq ona vurulmuş maddi ziyanın əvəzini hesablayıb ödəməmişdir
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-337/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 14.850 manat pul tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 883.1, 898.2, 922.2, 922.3, 933.1, 935.1.8-ci maddələri, «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 35.1, 38, 36.1, 39.3, 41.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia olunan hadisənin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Sübut qismində yalnız Milli Geoloji Kəşfiyyat Xidmətinin 2017-2018-ci illərlə bağlı apardığı araşdırma və Gərgər kənd Fövqəladə Hallar Komissiyasının xx.xx.2018-ci il tarixli aktı göstərilmişdir. Lakin sadalananların heç birində çatların müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsi qeyd edilməmiş, yaxud hansısa mütəxəssis rəyi ilə təsdiq edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası ETSN yanında Milli Hidrometeorologiya Xidmetinə sığorta hadisəsinin baş verdiyi iddia olunan müddət intervalında daşınmaz əmlakın yerləşdiyi əraziyə düşən yağıntıların miqdarı ilə əlaqədar sorğu verilmişdir. Sorğuya verilmiş cavab maktubunda qeyd olunmuşdur ki, dağlıq, sel və leysan təhlükəsi olan rayonlarda 12 saat və ondan az vaxt ərzində miqdarı 30-50 mm olan güclü yağış təbii fəlakət törədə bilən hidrometeoroloji hadisə hesab edilir. Lakin cavab məktubunda qeyd olunan cədvəllərdə nəzərdə tutulan rəqəmlər hansı qrafikə və ya qaydaya uyğun müəyyən edilməsi haqda hansısa qeyd nəzərdə tutulmamış, beləliklə, həmin göstəricilərin 30-50 mm intervalina aid edilib-edilməməsi məsələsi həll edilməmişdir. Həmçinin, Şirkət tərəfindən Azərbaycan Respublikası ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinə ekzogen geoloji prosesler olan sürüşmə və çökmə proseslerinin mahiyyətinin aydınlaşdırılması məqsədilə sorğu verilmiş, sorğuya verilmiş cavab məktubunda çökmə və sürüşməyə ayrı-ayrılıqda anlayışlar verilmişdir. Nəticə etibarilə, bir-birindən tamamilə fərqlənən anlayışlar olması sübut olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırması natamam olmuş, taktərəfli və qeyri-mötəbər sübutlar əsasında qatnamə çıxarılmışdır b) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edək iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
12. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
13. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
14. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
15. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.
16. Maddə 933.1. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi olduqda, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd olduqda və qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər olduqda sığorta ödənişi həyata keçirilir.
17. Maddə 935.1.8. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsasdır.
«İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunu
18. Maddə 6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən hesab edilir.
19. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
20. Maddə 38. Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.
21. Maddə 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; 36.1.9. üçüncü şəxslərin hərəkətləri.
22. Maddə 39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri istisna olmaqla digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilir.
23. Maddə 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Cavabdeh tərəfindən qətnamə iddanın təmin olunması hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, iş materiallarında olan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Gərgər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Gərgər kənd X1 xx.xx.2018-ci il tarixli aktından görünür ki, 1956-cı ildə inşa edilmiş iki mərtəbəli 3 otaq və mətbəx olan fərdi yaşayış evinin hər 3 otağın divarlarında çatlar var. Həmin evin qəzalı olması, evin içərisindən çölündən, hər bir tərəfində iri çatlar müəyyən olunmuşdur.
34. xx.xx.2018-ci il tarixli 162 saylı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Gədəbəy rayonu, Qarıkənd kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında arayışdan görünür ki, iddiaçıya məxsus olan fərdi yaşayış sahəsinin mailliyi 20-25 dərəcə olan dağətəyi ərazidə yerləşmiş, qeyd olunan sahədə 2017-2018-ci illər ərzində düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş (ellüvial-dellüvial mənşəli gilçələr və qumçalar) çöküntülər su ilə doyması nəticəsində ərazidə çökmə-oturma prosesi (5x7m, dərinliyi 3-6 sm) baş vermiş, ərazidə digər ekzogen geoloji proseslərin əlamətlərinin müşahidə edilməmişdir.
35. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 24913 saylı ekspert rəyi ilə iddiaçının istifadə və sahibliyində olan Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evinin divarlarında və tavanında üfüqi və şaquli formada 5/15 mm ölçüdə daxildən və xarici tərəfdən çatların olduğu, Gədəbəy RİH Başçısının Gərgər kənd İƏD nümayəndəliyinin Gərgər kənd X3 tərəfindən 20 avqust 2018-ci il tarixdə tərtib olunmuş akta və baxış zamanı əldə olunmuş məlumatlara əsasən həmin ev qəzalı vəziyyətdə olması, qəzalı vəziyyətdə olduğu üçün yenidən inşa edilməlidir. Tədqiq olunan yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 15.300 manat məbləğində müəyyən edilmişdir.
36. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2022-ci il tarixli 20/106 saylı arayışından (i.v.243) görünür ki, leysan yağışlar qəfil başlaması və qurtarması, kəskin tərəddüdü, intensiv və nisbətən az davamiyyətliliyi ilə fərqlənir, adətən çox da böyük olmayan ərazini əhatə edir, lokal xarakterli olur. Əsasən topa yağış buludundan yağır, ildırım və dolu ilə müşayət olunur. Leysan yağışın damcıları adətən aramsız yağışların damcılarından çox böyük olur. Leysan yağışı zamanı adətən yağan yağıntının çoxluğu üstünlük təşkil etməsinə baxmayaraq, lap az miqdarda da yağıntı verə bilir. Leysan yağış zamanı 1 saat ərzində yağışın miqdarı stansiyanın yerləşdiyi rayon üçün müəyyən edilmiş təhlükəlilik dərəcəsindən çox və ya ona bərabər olarsa bu yağış həmin rayon üçün təhlükəli hesab edilir. Dağlıq, sel və leysan təhlükəsi olan rayonlarda 12 saat və ondan az vaxt ərzində miqdarı 30-50 mm olan güclü yağış təbii fəlakət törədə bilən hidrometeoroloji hadisə hesab edilir. 2015-ci ilin müşahidə məlumatlarına əsasən bildirir ki, dekabr ayının 29-da yağıntı müşahidə edilməmiş, ayın 30-da 1,1 mm, 31-də 17,8 mm yağıntı qeydə alınmışdır. 2016, 2017, 2018-ci illərdə müşahidə edilmiş yağıntıların miqdarı isə cədvəllərdə verilmişdir
37. Apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizaya əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 10/5453 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı istifadəsində və sahibliyində olan Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə 2015-2016-ci illərdə sürüşmə və çökmə prosesinin baş verməsi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə məlumat daxil olmamışdır. Bu səbəbdən də İddiaçı istifadəsində və sahibliyində olan Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazidə 2015-2016-cı illərdə sürüşmə və ya çökmə prosesinin baş verib-vermədiyini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, geoloji baxımdan sürüşmə və çökmə hadisələri arasında mahiyyət fərqi olduğu müəyyən edilmişdir. Belə ki, torpaq sürüşməsi ekzogen geoloji proseslərin çox geniş yayılmış növüdür və torpaq kütlələrinin dağ yamaclanı, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahələri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir. Torpaq çökməsi isə su eroziyası nəticəsində baş verir. Belə ki, atmosfer çöküntülərinin normadan artıq olması, yağış sularının və digər mənşəli suların (bulaqların, su arxlarının və s.) düzgün idarə olunmaması torpaq qatının alt hissəsinin yuyulmasına, nəticədə isə çökməsinə səbəb olur. Mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, Gədəbəy rayonu Qarıkənd kəndində iddiaçı X5 tərəfindən inşa edilmiş fərdi yaşayış evinə dəymiş ziyan torpaq çökməsi nəticəsində baş verə bilər.
38. Daha sonra apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 10/7699 saylı ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan (1 cild, s.242-245) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeoroloji Xidmətinin Gədəbəy hidrometeoroloji stansiyasında müşahidə edilmiş yağınti barədə arayışına əsasən baş vermiş leysan xarakterli yağışlarla Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən İddiaçı istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə dəymiş ziyan arasında səbəbli əlaqəsi olduğu müəyyən olunur. Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən İddiaçı istifadəsində və sahibliyində olan fərdi yaşayış evində faktiki mövcud çatları və qüsurları, Gədəbəy RİH Başçısının Gərgər kənd İƏD üzrə nümayəndəliyinin Gərgər kənd X2 tərəfindən 20 avqust 2018-ci il tarixdə tərtib olunmuş Akta əsasən həmin ev qəzalı vəziyyətini olduğunu nəzərə alaraq, İddiaçı fərdi yaşayış evi sökülərək yenidən inşa olunmalıdır. Ekspert tərəfindən qeyd olunur ki, yaşayış evində yaranmış çatların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilər bilər. Aparılmış hesablamalarla Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən İddiaçı istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 19150,0 manat məbləğində müəyyən olunur.
39. Apellyasiya şikayətinin “iddia olunan hadisənin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməməsi” ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2022-ci il tarixli 20/106 saylı arayışından görünür ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Gədəbəy rayonunda müxtəlif vaxtlarda məhz leysan yağışları yağmışdır ki, bu hal da sığorta hadisəsi hesab edilir. Digər tərəfədən yuxarıda qeyd olunduğu kimi leysan çökmə hadisəsinin (bərkiməmiş çöküntülərin su ilə doyması) baş verməsi ilə birbaşa bağlıdır.
40. Yuxarıda qeyd edilən ekspert rəyində isə həmin arayışa əsasən baş vermiş leysan xarakterli yağışlarla Gədəbəy rayonu, Qarıkənd kəndində yerləşən İddiaçı istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə dəymiş ziyan arasında səbəbli əlaqəsi olduğu müəyyən olunduğu qeyd olunmuşdur.
41. Kollegiya qeyd edir ki, çökmə kimi ekzogen prosesi «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində qeyd olunan sığorta hadisələrinin siyahısında nəzərdə tutulan leysan yağışları ilə birbaşa bağlı olduğundan sığorta hadisəsi hesab olunur.
42. Qeyd olunanlar kontekstində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissələrində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-337/2022 saylı iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova