Məhkəmə qərarları › İş №2(006)-338/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-338/2022

01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-338/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh QSC-nin nümayəndələri Nümayəndə1 oğlunun və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21.11.2014-cü il tarixli, 1(101)-1069/2014 saylı hökmünə əsasən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib, ona 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimi cəzaçəkmə müəssisələrində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 07.08.2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.01.2015-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03.11.2015-ci il tarixli, 1(102)-1463/2015 saylı qərarına əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.01.2015-ci il tarixli qərarından müdafiəçisi X12 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin əsas halları ondan ibarətdir ki, məhkum olunmuş X11 12.07.2014-cü il tarixdə saat 14 radələrində "xxxx" QSC-nə məxsus olan, yol vərəqəsinə əsasən idarə etdiyi «İsuzu NHR55E» markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobili ilə Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolu ilə Hövsan qəsəbəsiistiqamətində təxminən 60 km/saat sürətlə hərəkət edən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, ötməyə başlamazdan əvvəl qarşıdan gələn bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olduğuna və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı halda bunu etməmiş, idarə etdiyi avtomobillə qarşısındakı avtomobili ötmək istəyi ilə əks zolağına çıxmış və özünün idarə etdiyi avtomobilin ön sol tərəfi ilə həmin hərəkət zolağında, Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan sürücü X4 təxminən 60 km/saat sürətlə idarə etdiyi «VAZ-21063» markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin sol yan tərəfindən vurmuş, nəticədə onun ehtiyatsızlığından avtomobildə olan sürücü, zərər çəkmiş şəxs X13 qapalı kəllə beyin travması, baş beyin toxumasına qansızma, kəllə əsası sümüklərinə sınığı sol bud sümüyünün açıq və sol tərəfli qabırğaların qapalı sınıqları, sol arxa gicgah nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinin, sol əlin arxa səthinin və İİ barmağın, sol budun 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaralı, sol yuxarı ətrafın, döş qəfəsinin sol yarısının ön səthin, qarının sol yan səthinin, sol baldırın yuxarı 1/3-in bayır səthinin və sol ayağın arxa səthinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlərlə, digər 2 sərnişin zərərçəkmiş şəxs X15 travmatik şok, qapalı kəllə beyin travması, sol almacıq, burun və alt çənə sümüklərinin çoxsaylı sınıqları, sol baldırın hər iki sümüklərinin açıq sınığı, üst çənə kəsici dişlərin travmatik düşməsi, üzün sol yarısını, sol sağrı, sol budun və sol baldırın əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlərlə, zərərçəkmiş şəxs X9 qapalı kəllə beyin travması, baş beyin toxumalarına qansızma, kəllə əsası və burun sümüklərinin sınıqları hər iki göz altı nahiyyənin hemotoması, alt çəpənin, alın sol yarısının və üzün sol yarısının əzilmişcırılmış yaraları, boğazın ön səthinin və döş qəfəsinin yuxarı hissəsinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlərlə, hər 3 şəxs həmin gün hadisə yerində ölmüş, digər sərnişin zərərçəkmiş şəxs X10 baş-beyin silkələnməsi, sağ saiddə mil sümüyünün başının sınığı, hər iki göz yüvası ətrafı nahiyyənin hemotoması, alın nahiyyəsinin əzilmiş yarası kimi ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almış, bundan əlavə **- BV-*** dövlət nömrə nişanlı avtomobilin qəza nəticəsində əzilərək yararsız vəziyyətə düşməsindən sahibi, zərərçəkmiş şəxs X8 2536 manat **-JD-*** dövlət nömrə nişanlı avtomobilin qəza nəticəsində əzilərək yararsız vəziyyətə düşməsindən isə zərərçəkmiş "xxxx" QSC-yə 6170 manat maddi ziyan dəymiş, bununla da P.Heydərovun yol hərəkəti qaydalarını pozması üç nəfərin ölümünə səbəb olmuşdur. Vəfat edən şəxslərdən X13 iddiaçnıın doğma oğludur, digər vəfat edən şəxslər isə iddiaçının baldızın-bacanağın uşaqları idi. Təqsirləndirilən şəxs X3 təqsiri, yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaraq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X11 hadisəni törədərkən "xxxx" QSC-də sürücü işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «İsuzu NHR55E» markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" LTD MMC-nin mülkiyyətində olmuşdur. Göründüyü kimi iddiaçının övladının vəfatına səbəb "xxxx" QSC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 27.01.2015-ci il tarixli qərarı ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya ata kimi mənəvi zərər dəymiş, övladının faciəvi şəkildə həlak olmasından sonra həm iddiaçının, həm də onun həyat yoldaşının psixi durumu pisləşdi, səhhətlərində müxtəlif problemləri yarandı. Bu günədək övladının itkisinin iztirabını çəkir. Bəlkə də zaman keçdikcə bu iztirab bir az yüngülləşərdi, lakin bu hadisə hər zaman xatırlandıqca hadisə yerinə gələncə övladının cansız bədənlərinin yerdə al qana boyanmış uzanıqlı vəziyyətdə gördüyü mənzərə hələ də gözünün önündə canlanır və hələ də həyat yoldaşının və iddiaçının keçirildikləri streslər, yaraların və iztirabların hər gün təzələnməsinə səbəb olur. İşin hallarına əsasən cavabdeh təşkilatın işçisinin hüquqazidd hərəkəti nəticəsində onun fiziki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Cavabdehlərin Azərbaycan Respublikasında topdan olaraq ərzaq məhsullarının satışı ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları maddi durumlarının kifayət qədər yüksək olması və iddianın tam təmin edilməsinə imkan verir. Bu baxımdan iddiaçının uşağının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s.bu kimi halları nəzərə alaraq iddiaçıya dəymiş 1.500.000 manat məbləğində mənəvi zərər cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkməkləri istisna deyil. Göstərilənlərə əsasən cavabdeh "xxxx" MMC və Cavabdeh QSCdən müştərək qaydada 1.500.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 03.06.2021-ci il tarixli **********183000 saylı məktubundan görünür ki, 03.06.2018-ci il tarixli "xxxx" QSC-nin ümumi yığıncağının qərarı ilə Cəmiyyətin adı dəyişdirilərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) kimi adlanmış və qurumun qeydiyyat qovluğunda hüquqi varislik barədə məlumat aşkar edilməmişdir. İş üzrə cavabdehlərdən biri olan "xxxx" MMC-nin hazırki Cavabdeh QSC ilə heç bir bağlılığının olmaması müəyyən edildiyindən "xxxx" MMC cavabdehlikdən çıxarılmalıdır. Ona görə də cavabdeh "xxxx" MMC cavabdehlikdən çıxarılmalı, 2.500.000 manat mənəvi ziyana görə kompensasiya Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsinə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.11.2014-cü il tarixli, 1(101)-1069/2014 saylı hökmündən və digər istintaq materiallarından görünür ki, "xxxx" QSC-nin (hazırki adı "xxxx" QSC) sürücüsü X11 12.07.2014-cü il tarixdə saat 14 radələrində şirkətə məxsus idarə etdiyi «İsuzu NHR55E» markalı, **-JD-*** dövlət nişanlı avtomobillə Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolu ilə hərəkət edərkən «Yol hərəkəti haqqınd» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan digər avtomobilin sürücüsü X13, sərnişinlər X15 və X9 ölmüş, X10 isə müxtəlif bədən xəsarətləri almışdır. X11 törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozuma) ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İstintaq zamanı X10 zərərçəkmiş şəxs, X16 və İddiaçı isə ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmışlar. Məhkəmə baxışında zərərçəkmiş şəxs X10 ifadəsində olan xəstəxana və müalicə xərclərinin hamısının təqsirləndirilən şəxs Pərviz Heydərovun ailəsi tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiasının olmadığını və bu barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs X14 da notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Pərviz Heydərova qarşı heç bir şikayəti, tələbi və iddiasının olmadığını göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Əhmədov Eldar Əkrəm oğlu da məhkəmə baxışında verdiyi ifadəsində baş vermiş hadisə nəticəsində övladları Şahnaz və Elmarın öldüyünü, təqsirləndirilən şəxs Pərviz Heydərova qarşı heç bir şikayəti, tələbi və iddiasının olmadığını göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı Ağa oğlu isə ifadəsində baş vermiş hadisə nəticəsində oğlu Pünhan Ağayevin öldüyünü, lakin təqsirləndirilən şəxs Pərviz Heydərova qarşı hər hansı bir şikayəti, tələbi və iddiasının olması barədə münasibətini bildirməmişdir. İş üzrə zərərçəkən şəxslərə və zərərçəkmiş şəxsin hüququ varislərinə qanunvericiliyin qeyd olunan tələbi, o cümlədən Azərbaycan Respublikası CPM-nin 87,106-cı maddələrində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, onların heç bir şikayəti, tələbi və iddiası olmadığından mülki iddiv verməmişlər. Məhkəmə hökmündə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxs Pərviz Heydərova qarşı hər hansı bir şikayəti, tələbi və iddiasının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Həmin cinayət hadisəsindən keçən yeddi il ərzində də iş üzrə zərərçəkən şəxslər və zərərçəkmiş şəxsin hüquqi varislərinin heç bir şikayəti, tələbi və iddiası ilə bağlı müraciətləri olmamışdır. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı Ağa oğlu yeddi ildən sonra hansı səbəbdənsə hadisə nəticəsində oğlu Pünhan Ağayev öldüyündən sürücünün işlədiyi Cavabdeh QSC-yə (keçmiş "xxxx" QSC) qarşı dəymiş mənəvi zərərə görə 1.500.000 manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə bağlı sürücü Pərviz Heydərov hazırda cəza çəkmə müəssisəsində cəza çəkdiyindən, atası Aqil Heydərovla istifadəsində olan mobil telefonla əlaqə saxlanılmış, sonuncu oğlu Pərviz Heydərovun törətdiyi cinayət əməli nəticəsində bütün zərərçəkmiş şəxslərə və hüquqi varislərə vurulmuş maddi və mənəvi zərər məhkəmə baxışı dövründə onun özü və oğlu tərəfindən tam ödənilmiş, onların bu barədə notarial qaydada təsdiq edilmiş ərizələri məhkəməyə təqdim olunmuşdur. O cümlədən də zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı Ağa oğluna da maddi və mənəvi ziyana görə həmin vaxt səhv etmirsə 5000 manat pul ödənilmişdir. İddiaçı bu barədə notarial qaydada təsdiq edilmiş ərizəsini mədhkəməyə təqdim etmişdir. Ərizədə təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən cinayət nəticəsiində ona dəymiş maddi ziyan tam ödənildiyindən heç bir şikayəti və maddi tələbi olmadığını qeyd etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı Ağa oğluna maddi və mənəvi ziyana görə pul ödənildiyi halda, yenidən Cavabdeh QSC-nin (keçmiş "xxxx" QSC) qarşı dəymiş mənəvi zərərə görə 1.500.000 manat məbləğində pu tələbi tam əsassızdır. Ona görə də qeyd olunan hallar İddiaçı mənəvi təzminat almaq tələbini istisna edir. Göstərilənlərə əsasən İddiaçı mənəvi ziyanın ödənilməsinə dair iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 5.Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə1 həmçinin mülki işə iddiaçının iştirakı olmadan baxılmasını tələb edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin digər nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya iddia ərizəsində göstərdikləri pul məbləği ödənilib. Həmçinin iddiaçı ibtidai istintaq mərhələsində verdiyi ərizədə də onlara qarşı indi və ya gələcəkdə heç bir maddi tələbinin olmayacağını bildirmişdir. Hazırki iddia ərizəsindəki tələb mənəvi zərərlə bağlı olsa da, nəticə etibarı ilə yenə də tələb pul tələbidir. AR CPM-nin 183.1-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərin çıxışı başlananadək istənilən an verilə bilər. İddiaçı isə cinayət hadisəsindən səkkiz il sonra iddia qaldırmışdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan "xxxx" QSC (VÖEN: **********) tərəfindən verilmiş 01.07.2014-cü tarixdən 01.08.2014-cü il tarixədək etibarlı olmuş 0878 nömrəli Yük avtomobilləri üçün yol vərəqəsinin surətindən görünür ki, "xxxx" QSC tərəfindən «İsuzu NHR55E» markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Pərviz Heydərova çıxma vaxtı saat 7.00, qayıtma vaxtı saat 20.00 vaxtları üçün yol vərəqəsi vermişdir.

9. İş materiallarında olan Sabirabad rayonu Qalaqayın kənd XDS icraiyyə komitəsi tərəfindən verilmiş 12.06.1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X5 nikah haqqında 12 iyun 1989-cu il tarixdə 30 №-li aktın qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada «Ağayeva» soyadı verilmişdir.

10. İş üzrə Sabirabad rayonu Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18.08.2014-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, X13 12.07.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.08.2014-cü il tarixdə 33 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: baş-beyin toxumasına qan sızması.

11. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1069/2014 saylı, 21.11.2014-cü il tarixli hökmün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkmə müddətinin əvvəli 0708.2014-cü il tarixdən hesablanmışdır. Hökmdən müəyyən olunmuşdur ki, X11 12.07.2014-cü il tarixdə saat 14 radələrində "xxxx" QSC-nə məxsus olan, yol vərəqəsinə əsasən idarə etdiyi «İsuzu NHR55E» markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobili ilə Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolu ilə Hövsan qəsəbəsi istiqamətində təxminən 60 km/saat sürətlə hərəkət edən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olduğuna və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı halda bunu etməmiş, idarə etdiyi avtomobillə qarşısındakı avtomobili ötmək istəyi ilə əks zolağına çıxmış və özünün idarə etdiyi avtomobilin ön sol tərəfi ilə həmin hərəkət zolağında, Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan sürücü X4 təxminən 60 km/saat sürətlə idarə etdiyi «VAZ-21063» markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilin sol yan tərəfindən vurmuş, nəticədə onun ehtiyatsızlığından avtomobildə olan sürücü, zərər çəkmiş şəxs X13 qapalı kəllə beyin travması, baş beyin toxumasına qansızma, kəllə əsası sümüklərinə sınığı sol bud sümüyünün açıq və sol tərəfli qabırğaların qapalı sınıqları, sol arxa gicgah nahiyyəsinin, sol bazunun yuxarı 1/3-nin ön-bayır səthinin, sol əlin arxa səthinin və İİ barmağın, sol budun 1/3-nin bayır səthinin əzilmiş-cırılmış yaralı, sol yuxarı ətrafın, döş qəfəsinin sol yarısının ön səthin, qarının sol yan səthinin, sol baldırın yuxarı 1/3-in bayır səthinin və sol ayağın arxa səthinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlə, digər 2 sərnişin zərərçəkmiş şəxs X15 travmatik şok, qapalı kəllə beyin travması, sol almacıq, burun və alt çənə sümüklərinin çoxsaylı sınıqları, sol baldırın hər iki sümüklərinin açıq sınığı, üst çənə kəsici dişlərin travmatik düşməsi, üzün sol yarısını, sol sağrı, sol budun və sol baldırın əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlərlə, zərərçəkmiş şəxs X9 qapalı kəllə beyin travması, baş beyin toxumalarına qansızma, kəllə əsası və burun sümüklərinin sınıqları hər iki göz altı nahiyyənin hemotoması, alt çəpənin, alın sol yarısının və üzün sol yarısının əzilmişcırılmış yaraları, boğazın ön səthinin və döş qəfəsinin yuxarı hissəsinin sıyrıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik, ölümünə birbaşa səbəb olan xəsarətlərlə, hər 3 şəxs həmin gün hadisə yerində ölmüş, digər sərnişin zərərçəkmiş şəxs X10 baş-beyin silkələnməsi, sağ saiddə mil sümüyünün başının sınığı, hər iki göz yüvası ətrafı nahiyyənin hemotoması, alın nahiyyəsinin əzilmiş yarası kimi ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almış, bundan əlavə **-BV-*** dövlət nömrə nişanlı avtomobilin qəza nəticəsində əzilərək yararsız vəziyyətə düşməsindən sahibi, zərərçəkmiş şəxs X8 2536 manat **-JD-*** dövlət nömrə nişanlı avtomobilin qəza nəticəsində əzilərək yararsız vəziyyətə düşməsindən isə zərərçəkmiş "xxxx" QSC-yə 6170 manat maddi ziyan dəymiş, bununla da P.Heydərovun yol hərəkəti qaydalarını pozması üç nəfərin ölümünə səbəb olmuşdur.

12. İş materiallarına olan AB № 210619 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, «İsuzu NHR55E» yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil 2007-ci ildən "xxxx" MMC-nin mülkiyyətində olmuşdur.

13. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 16.06.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" QSC-nin səhmdarlarının ümumi yığıncağının 22.02.2018-ci il tarixli protokoluna əsasən adı dəyişdirilərək Cavabdeh QSC (VÖEN **********) olmuşdur. İdarədə olan reyestrdə Cavabdeh QSC-nin hüquqi varisliyinin olması barədə məlumat aşkar edilməmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30.12.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) Cavabdeh QSC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********) ilə bağlılığı barədə sorğusuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə baxılmışdır. Dövlət reyestrində sorğusunda göstərilən hüquqi şəxslərdən yalnız əvvəlki adı "xxxx" QSC olan Cavabdeh QSC-nin 22.02.2018-ci il tarixdə adının dəyişdirilməsi barədə qeyd aparılmışdır. Arxiv sənədlərində "xxxx" MMC ilə digər iki hüquqi şəxs arasında hər hansı bağlılıq olmasını təsdiq edən sənəd (hüquqi şəxsdə iştirak payı və ya yenidən təşkil) aşkar edilməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 12.07.2014-cü il tarixdə "xxxx" (hazırki Cavabdeh) QSC-yə məxsus və yol vərəqsinə əsasən X3 idarə etdiyi «İsuzu NHR55E» markalı **-JD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla X4 idarə etdiyi etdiyi «VAZ-21063» markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının oğlu X13 və 2 sərnişin yetkinlik yaşına çatmamış X17 və X9 hadisə yerində ölmüşlər, digər sərnişin X1 uzun müddət pozulmasına səbəb olan xəsarətlər almışdır.

15. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X11 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 3 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir.

16. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş hadisə nəticəsində iddiaçıya valideyn kimi mənəvi zərər dəymiş, oğlunun həyatını itirmişdir. Oğlunun faciəvi şəkildə həlak olmasından onun və həyat yoldaşının psixi durumu pisləşmişdir. İddiaçı bu günədək oğlunun itkisinin ağır iztirabını çəkir. Bu səbəbdən iddiaçı Cavabdeh QSC-dən 1.500.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Məhkəmə tərəfindən ilk öncə yekun keçirilmiş 01.02.2022-ci il tarixli iclas zamanı cavabdehin nümayəndəsinin ərazi aidiyyətinin müəyyən edilərək mülki işin üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı vəsatətə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəmənin icraatına daxil olarkən cavabdehlərdən biri olan "xxxx" MMC-nin ərazi aidiyyəti hüquqi ünvanı ünvan 1ası zamanı isə müvafiq vergi orqanına verilmiş sorğudan da müəyyən edilmişdir ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" MMC ilə heç bir hüquqi bağlılığı olmamışdır.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.

20. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən iddiaçının seçməsinə görə Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər

22. «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 28-dir. Digər Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı isə ünvan 3ə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən birinin hüquqi ünvanı Nəsimi rayonu olduğundan, iddia düzgün olaraq iddiaçının öz seçiminə görə aidiyyət qaydalarına riayət edilməklə Nəsimi Rayon Məhkəməsinə verildiyindən cavabdehin nümayəndəsinin vermiş olduğu vəsatət rədd edilməlidir.

24. Mülki işin mahiyyəti üzrə bağlı isə məhkəmə aşağıdakı qənaətə gəlir ki, Mülki Məcəllənin 1099-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

25. Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

28. Mülki Məcəllənin 1096-cı maddəsinin mənasına görə, hazırki cavabdehlər iddiaçı qarşısında yalnız təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin (hərəkət və ya hərəkətsizliyin) mövcud olduğu təqdirdə məsuliyyət daşıyırlar. İş üzrə toplanmış sübutlar cavabdeh X6 təsqirli əməlinin və bu əməllə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğuna dəlalət edir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

32. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

33. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

34. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi nəticəsində oğlunun faciəvi şəkildə həlak olması iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur.

35. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.

36. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

37. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

38. Məhkəmə qeyd edir ki, oğlunun faciəvi şəkildə həlak olması nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 20.000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.

39. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin etirazındakı əsaslardan biri olaraq iddiaçının nümayəndəsinin cavabdehə qarşı heç bir maddi tələbinin olmamasının əsas gətirilərək iddianın rədd edilməsi barədə xahişi ilə bağlı qeyd edir ki, qeyd olunan ərizə iddiaçının nümayəndəsinin cavabdehə qarşı sırf maddi tələbinin olmaması ilə bağlı olmuş və mənəvi ziyanın olmamasını qeyd edilmədiyindən cavabdehin nümayəndələrinin etirazları bu hissədə əsaslı hesab edilə bilməz.

40. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Atena Qrup» QSC-dən mənəvi zərərə görə 20.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Atena Qrup» QSC-dən mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.  Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar