Məhkəmə qərarları › İş №2(006)-3422/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3422/2021

13.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3422/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) qarşı «borcun ödənilmiş hesab edilməsi, ipoteka müqaviləsinin və çıxarışın ləğv edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) qarşı «borcun ödənilmiş hesab edilməsi, ipoteka müqaviləsinin və çıxarışın ləğv edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 11.02.2015-ci il tarixli 15/001 saylı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilmiş hesab edilməsi və 11.02.2015-ci il tarixli 15/001 saylı ipoteka müqaviləsinə xitam verilməklə, Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi 124 saylı evin 77 saylı mənzilinin girovdan azad edilməsi, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməsi, əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona 11.02.2015-ci il tarixli 15/001 saylı kredit müqaviləsi üzrə 25.000 manat pul verilmişdir. Daha dəqiqi 28.000 manatdan bir az çox idi. Həmin məbləğdən də demişlər ki, komissiya və s. tutulur və ona nağd şəkildə 25.000 manat civarında pul vermişlər. Eyni tarixdə onunla bank arasında Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi 124 saylı evin 77 saylı mənzilinin girov qoyulmasına dair 11.02.2015-ci il tarixli 15/001 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin vaxt o, sənədlərə diqqət yetirmədiyindən bankın əməkdaşları ona 62.000 ABŞ dolları borc yazmış və onun da bir hissəsini özlərinə götürmüşlər. Belə ki, o, həmişə oranın daimi müştərisi olmuşdur və heç bir gecikməsi olmadan bankdan manatla dəfələrlə kredit almışdır. Bu krediti də alanda demişdir ki, 3-4 aya bağlayacaq. Elə də olmuş, krediti almış və ödənişləri etmişdir. Sonra devalvasiyadan bir müddət keçəndən sonra onun ödənişlərini manata çevirib ödəməklə azalma olduğundan, gecikmələr yaranmışdır. Bankla görüşəndə «bu sənlik problem deyil, sən ödənişini elə, qalan fərqi biz ödəyəcəyik. Burada səhv olub» deyib onu aldatmışlar. Sonra yenidən onu bir dəfə baş ofisdən axtarmışlar və o, bildirmişdir ki, onun borcu manatladır, USD ilə deyil və o, aylıqları artıqlaması ilə ödəyir. Bizneslə məşğul olduğundan ödənişləri aylıq qrafikdən 2-3 dəfə artıq ödəmişdir. Sonra bank bağlanmış, problemlər bundan sonra başlamışdır. O, banka olan borcunu tam ödəmiş, lakin bank ondan ona vermədiyi pulu tələb edir. Belə ki, yuxarıda qeyd etdiyi kimi ona pulu bankda manatla vermişlər. Təqdim etdiyi hesabdan çıxarışa diqqət yetirilsə görünər ki, 11.02.2015-ci il tarixdə 64.000 ABŞ dolları bankdan məxaric olub. Sonra eyni tarixdə 26.151 ABŞ dolları banka mədaxil olub. Hesabdan çıxarışa diqqət yetirilsə görünər ki, həmin gün onun hesabında 90.151 ABŞ dolları dövriyyə olub. 12.02.2015-ci il tarixdə hesabdan çıxarışa diqqət yetirilsə görünər ki, onun hesabında 26.151 ABŞ dolları pul vəsaiti istifadə olunmamış durur. Deməli bank həmin vəsaiti 11.02.2015, 13.02.2015 və 17.02.2015-ci il tarixlərdə özləri imza etməklə pul vəsaitlərini çıxartmışlar. Bankdan 11.02.2015-ci il tarixdə 11.307,44 ABŞ dollarının, 13.02.2015-ci il tarixdə 6.500 ABŞ dollarının və 17.02.2015-ci il tarixdə 8.344 ABŞ dollarının məxaric orderlərinin əslləri tələb edilməlidir. Çünki həmin məxaric orderlərinin kim tərəfindən imzalanaraq pul vəsaitlərinin götürülməsi aydınlaşdırılmalıdır. O, imza edib həmin pulları götürməmişsə, ondan həmin vəsait necə tələb edilə bilər? O, həmin qəbzlərə imza etməmişdir və həmin vaxtlarda ümumilikdə 26.151 ABŞ dolları pul vəsaitini bankdan götürməmişdir. Bu səbəbdən, həmin məxaric orderlərinin əslləri bank tərəfindən məhkəməyə təqdim edilməlidir. Həmin məxaric orderlərinin məhz əslləri məhkəməyə təqdim edilməlidir. Çünki, gələcəkdə imzanın kimə məxsus olmasını aydınlaşdırmaq üçün xəttşünaslıq ekspertizası təyin edilə bilər. İşin daha obyektiv və sürətli həlli üçün indidən bankdan məxaric orderlərinin əslləri tələb olunmalıdır. O, banka ümumilikdə 35.000 manatdan çox pul vəsaiti ödəmişdir. Aldığı borcu tam ödəmişdir və onun borcu yoxdur. Bu səbəbdən də, bank onun əmlakını girovdan azad etməlidir. Banka müraciət etməsinə baxmayaraq bank onun əmlakını girovdan azad etməyərək öz işini davam etdirməkdədir. Guya o, bankdan ABŞ dolları ilə kredit götürmüşdür və onun banka xeyli borcu vardır. Bildirir ki, o, nə ABŞ dolları ilə, nə də ki, bu miqdarda kredit götürməmişdir. Həmçinin həyat yoldaşının kredit götürərkən evin girov qoyulmasına razılığı olmayıb. Bununla əlaqədar həyat yoldaşı X1 rayon Məhkəməsində 11.02.2015-ci il tarixli 15/001 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə iddia qaldırıb. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Lənkəran rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2(049)-2521/2017 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması fondunun Cavabdeh qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 11.02.2015-ci il tarixli 15/001 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı əsas kredit borcu üzrə 61.795 ABŞ dolları, əsas məbləğə görə faiz borcu kimi 4.639 ABŞ dolları, cəmi 66.434 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan cəmi 66.434 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutmanın "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka qoyan İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 77 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 77 saylı mənzilin hərracda ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 77 saylı mənzilin açıq hərracda satılması, iş üzrə ekspertiza xərcini təşkil edən 70 manat məbləğində pulun cavabdeh İddiaçı aid edilməklə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli 2(106)-214/2018 saylı qətnaməsi ilə iş üzrə Lənkəran rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli 2(102)-1962/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli 2(106)-214/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli 2(102)-1962/2019 saylı qərarında təsbit edilmiş faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş üzrə preyudisial əhəmiyyət kəsb edən qərarla tərəflər arasında olan kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə münasibətlərə hüquqi qiymət verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) qarşı «borcun ödənilmiş hesab edilməsi, ipoteka müqaviləsinin və çıxarışın ləğv edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) qarşı «borcun ödənilmiş hesab edilməsi, ipoteka müqaviləsinin və çıxarışın ləğv edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar