Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3448/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə oğulları-Amir anadan olmuşdur. Cavabdeh iddiaçı ilə münasibətini pozaraq faktiki çıxıb getmiş, barışmağa, ailəsini dağıtmamağa çalışsa da, cavabdeh övladı ilə iddiaçının yanına qayıtmamışdır. Uşağı körpədir, ehtiyacları çoxdur, atasına ehtiyacı vardır. Hazırda onu saxlamaq çətin olduğundan alimentə ehtiyacı yaranmış, buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh çox qoçaqdır, yaxşı qazanır, alış-veriş mərkəzlərinin havalandırmasını təmin edən şirkətlərlə əməkdaşlıq edir. Qeydiyyat ünvanı Ağstafa rayonu olsa da, faktiki Bakı şəhəri, Sabunşu rayonu ərazisində kirayədə yaşayır. Tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məhkəməyə müraciət olunmamışdan əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edilmiş, müvafiq mediator tərəfindən mediasiya sessiyasının baş tutmaması ilə bağlı müvafiq arayış verilmişdir ki, həmin arayışın əsli iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh birgə nikahdan anadan olmuş övladları-xx.xx.2022-ci il təvəllüdlü Amirin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etdiyini bildirərək izahatında qeyd etdi ki, gündəlik olaraq usta kimi işləyir. İddiaçıya insan kimi köməklik göstərir. Lakin, hazırda onun o məbləği ödəməyi maddi imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 15 dekabr 2021-ci il tarixli, AZ-İİ № 481178 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh və X1 arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3009 № ilə qeyd aparılmışdır. Mülki işin materiallarında olan 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 22 fevral 2023-cü il tarixli, AZ-İV № 853587 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. “AZEMİS” Elektron məhkəmə informasiya sistemində “gəlir məlumatları” bölməsindən əldə edilən məlumata əsasən İddiaçı “X6” MMC-də sosial işçi, ictimai işlər vəzifəsində işləyir və əmək haqqı 345 manat məbləğindədir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, həmin tarixdə saat 14:00-14:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir (Mediator:M.Mehriban). Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir, iddiaçı və cavabdeh xx.xx.2021ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Hazırda birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında yaşayır. Hazırda iddiaçı iddia tələbinin təmin edilməsini, cavabdehdən uşağın saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə, tərəflərin faktiki nikah münasibətlərindən anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X4 adlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasınının zəruriliyini və uşaq üçün yaşayış minimumunun miqdarını nəzərə alaraq hesab edir ki alimentin tutulmasına dair iddia qismən təmin edilməli, aylıq aliment məbləğinin iddiaçının tələb etdiyi həddə deyil, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 17 iyul 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentə dair hissə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3448/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3448/2023
18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver