Məhkəmə qərarları › İş №2(006)-3451/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3451/2025

15.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3451/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının katibliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2002- 2011-ci illərdə istifadə olunmamış və kompensasiya ödənilməmiş əmək məzuniyyətlərinə görə 2670 (iki min altı yüz yetmiş) manat miqdarında pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 1986-ci ilin mart ayından 2017-ci ilə qədər cavabdeh Könüllü Hərbi X4 Cəmiyyətində “Avtomobilin quruluşu və Yol hərəkəti qaydaları” fənni üzrə nəzəriyyə müəllimi işləmişdir. İşlədiyi müddətdə onunla müəssisənin rəhbərliyi arasında heç bir problemlər olmamışdır. Dəfələrlə müəssənin rəhbərliyinə mənzuniyyətə çıxmaq istəyini bildirsə də, işci çatışmazlığından onu mənzuniyyətə buraxmayıblar. O, 1992-2012-ci illərdə işlədiyi müddətdə savad və bacarığını yüksək səviyyədə şagirdlərə çatdırmışdır. Məzuniyyət məsələsi ilə bağlı xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri ərizəsi ilə tanış olduqdan sonra ərizəni Sumqayıt şəhərində fəaliyyət göstərən X8 Xidmətinin 7 saylı region üzrə X5 rəisinə göndərmişdir. Sumqayıt şəhərində fəaliyyət göstərən X8 Xidmətinin 7 saylı region üzrə rəisi A.K.Əhədov ərizəyə cavab olaraq bildirmişdir ki, İddiaçı çatacaq 1992- 2014-cü illərdə istifadə olunmamış məzuniyyətlər qalmışdır. xx.xx.2015-ci il tarixli Yoxlama aparılması haqqında tərtib edilmiş 006075 saylı Aktın Qərarına əsasən xx.xx.2015-ci il tarixli, 005552 saylı Yoxlama aktı tərtib edilmiş, xx.xx.2015-ci il tarixli C05552 saylı yoxlamanın nəticələri üzrə qərarla icrası məcburi olan tədbirlərin 3 ay müddətinə ona hesablanmamış məzuniyyət pullarının hesablanıb ödənilməsinin yerinə yetirilməsi müəssisə rəhbərliyinə tapşırılmışdır. Amma, bu günə kimi 19 ilin məzuniyyət pulları hələ də ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri ərizə ilə tanış olandan sonra ona bildirmişdir ki, onların 19 il ərzində işlədiyi müddətdə həmin illərin məzuniyyətini cavabdeh Azərbaycan Respublikasının Könüllü Hərbi X4 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbində həmin dövr rəis işləmiş Cavabdeh ödəməmədiyinə görə məhkəməyə müraciət etmək hüququ vardır. Onun 1992-ci il tarixdən 2014-ci ilə qədər istifadə etmədiyi məzuniyyət haqqından 3 (üç) ilin pulu ödənilib qalan 19 (on doqquz) ilin pulunu almaq üçün müraciət etsə də, qanunsuz və əsassız olaraq onun məzuniyyət pullarını həmin dövrdə müəssisənin rəhbəri işləmiş (xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci illər üçün) cavabdeh Könüllü Hərbi X4 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbin rəisi Cavabdeh oqlu ödəməlidir. Məktəbin rəisi işləmiş Cavabdeh tərəfindən hüquq və qanuni mənafeləri pozularaq onu məzuniyyətə buraxmayıb, bu barədə məzuniyyət üçün kompensasiya ödənilməyib. Hətta, məzuniyyət pulunun ödənilməsinə dair X8 Xidmətinin 005552 saylı qərarı olsa belə, bu günə qədər tam olaraq ona ödənilməli olan məzuniyyət pulu ödənilməyib. 890 manat məzuniyyət pulu hesablanıb üç ilin pulu ödənilib əmək cədvəlində göstərilib. 1992-ci ildən 2014-ci ilə qədər istifadə etmədiyi məzuniiyyət haqqının ödənilməməsini qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-61 -ci maddələrinin tamamilə pozulmasına şərait yaradan cavabdeh Sumqayıt şəhər Avtomobil məktəbinin rəisi öz şəxsi mənafeyi üçün heç kəslə hesablaşmadan öz mənafeyini ictimai mənafedən və dövlət mənafeyindən üstün tutmuşdur. O, 1986-cı ilin mart ayından 2017-cı ilin mart ayına qədər bu kollektivdə çalışmış, ömrünün çox hissəsini bu kollektivə həsr etmiş, məktəbin ictimai və digər işlərində daim fəal olmuşdur. O, işlədiyi dövrdən bir neçə müdir dəyişilib. O, dəfələrlə məzuniyyətə çıxmaq istəsə də, müəssisə rəhbərliyi tərəfindən işçinin olmadığı səbəbindən onu məzuniyyətə buraxmayıblar. Onun da əmək hüququ və istirahət hüququ vardır. Onun da, konstitusion hüquqları və vəzifələri vardır. Göründüyü kimi keçmiş direktoru Cavabdeh tərəfindən onun əmək hüququ və konustitusiya hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Qeyd olunanlara əsasən istifadə edilməmiş məzuniyyətlərə görə xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Könüllü Hərbi X4 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbinin rəisi Cavabdeh olub. 9 ( doqquz) ilin məzuniyyət kompensasiyası ödənişi 2670 (iki min altı yüz yetmiş) manat təşkil edəcəyi halda, qeyd edilən məbləğ ödənilməyib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 7 saylı region üzrə X1 gələn məktubda, Qərarın surətində qeyd olunub ki, 1992ci ildən-2014-cü ilə qədər istifadə etmədiyi məzuniyyət pullarının hesablanması və İddiaçı ödənilməsi barədə tapşırıq verilsə də, cavabdeh tərəfindən təmin olunmadı. xx.xx.2015-ci il tarixli, 005552 saylı Akt əsasında yoxlamanın qərarı ilə məcburi olan tədbirlər 3 ay müddətində ödənilməsinə göstəriş verilsə də, Avtomobil Məktəbi verilən tapşırığa əsasən məzuniyyət pullarının 3(üç) ilin pulunu ödəmişdir. 10 (on) ilə yaxın vaxt keçməsinə baxmayaraq qalan 9 (doqquz) ilin məzuniyyət pullarının ödənilməsini iş üzrə Cavabdeh ödəməmişdir. Hal-hazırda, 1992-ci ildən 2014-cü ilə qədər istifadə etmədiyi məzuniyyət illəri pullarının doqquz ilini həmin vaxtı müəssisənin direktoru işləmiş Cavabdeh günahı ucbatından ödənilməyib. Uzun müddət müraciətlərinin heç bir nəticəsi olmadığı üçün məcbur olub Bakı Şəhər Nəsimi rayon Məhkəməsinə müraciət edirəm ki, pozulmuş əmək hüqüqu, bərpa olunmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2002-ci ildə Könüllü Hərbi X4 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbinə rəis təyin olunmuş, 2011-ci ilin fevral ayında təqaüdə göndərilmişdir. Onlar həmin dövrdə ancaq sürücülük mütəxəssisi hazırlayırdılar. 5-6 nəfər nəzəriyyə müəllimləri, 5-6 nəfər digər müəllimlər var idi. İddiaçı il ərzində 3 ay yarım dərs deyirdi, ola bilər 1 qrup, ola bilər 2 qrupa deyirdi bununla da onun işi bitirmişdir. Digər zamanlarda müəllimlər jurnalları özləri doldururmaq üçün evə götürürdülər. İddiaçı ştatda olmayıb, nə vaxt iş olub onda işə çıxıb, nəzəriyyə müəllimi olub. 2011-ci ildən o, təqaüdə göndərilmişdir. 2012-2017-ci illər üçün də iddiaçı məhkəməyə müraciət edib, Ali Məhkəməyə qədər gedib, məhkəmə iddianı rədd edib. Onun psixoloji vəziyyətini yoxlatdırmaq lazımdır. Onun işlədiyi dövrdə pul çatışmazılığı olub. Hətta iddiaçı onu yığıb demişdir ki, ona Sosial Müdafiə Nazirliyindən 600 manat pul köçməyib, “gəlin siz 300 manat mənə verin mən şikayət etməyim". O, isə qəbul edə bilməzdi, çünki gərək hər kəs üçün eynisini edərdi. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı: xx.xx.1986-cı il tarixdə Könüllü Hərbi X4 Cəmiyyətində istehsalat tədrisi müəllimi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən saat hesabı nəzəriyyə müəllimi vəzifəsinə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 7 saylı region üzrə X5 xx.xx.2015-ci il tarixli 232/1 saylı məktubunda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeçiliyində olan Hərbi Vətənpərvərlik və X2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhər 1 № li filialından işlədiyi illər ərzində məzuniyyətdən istifadə etmədiyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətiniz aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, onun işləmiş olduğu 1992-2014-cu illərdə istifadə olunmamış məzunuyyətləri qalmış, lakin xx.xx.2014-cü il tarixli 38 № li əmrlə onlar həmin filialdan işdən azad olunmuş, ona son haqq-hesab hesablanarkən məzuniyyətdə olmadığı illərin məzuniyyət pulları hesablanmamış və ödənilməmişdir. Bununla əlaqədar Filialda tərəfindən xx.xx.2015-ci il tarixli Yoxlama aparılması haqqında 006075 saylı Qərarına əsasən xx.xx.2015-ci il tarixli 005552 saylı yoxlama aktı yazılmış, xx.xx.2015-ci il tarixli 005552 saylı yoxlamanın nəticələri üzrə qərarla icrası məcburi olan tədbirlərin 3 ay müddətinə sizə hesablanmamış məzuniyyət pullarının hesablanıb ödənilməsi yerinə yetirilməsi Filial rəhbərliyinə bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti 7 saylı region üzrə X5 35/1 saylı xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Səfərbrlik və Hərbi Çağırış üzrə Dövlət xidməti "Hərbi Vətənpərvərlik və X2’’ MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialında istifadə etmədiyi illərin məzuniyyətə görə kompensasiyasının ödənilməsinə köməklik edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyiniz təkrar eyni məzmunlu müraciətinə baxılmış və xx.xx.2015-ci il tarixli 232/1 saylı məktub ilə cavablandırılmışdır. Əlavə olaraq bildirilir ki, müraciətin araşdırılması nəticəsində inzibati xəta haqqında aşkar edildiyindən müəssisə rəhbərliyinə 09 iyun 2015 ci il tarixli 000646 nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş və 12 iyun 2015-ci il tarixli 000645 nömrəli İnzibati tənbeh haqqında Qərarla 1500 (bir min beş yüz) manat cərimə tədbiq edilmişdir. Həmin cərimənin ödənilməsi məqsədi ilə Sumqayıt şəhər İcra şöbəsi ilə xx.xx.2015-ci il tarixli 45/m saylı məktubla rəsmi müraciət olunmuşdur. Eyni zamanda ’’Hərbi Vətənpərvərlik və X2’’ MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialının rəhbərliyinin 23 may 2018-ci il tarixli 07 nömrəli məktubnda onlar 1992-ci ildən 2012-ci ilədək Könüllü Hərbi Vtənpərvərlik Texniki İdman Cəmiyyətində (KHVTİC) işlədiyini, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə "Hərbi Vətənpərvərlik və X2” MMC-nin yarandığını, Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyətinin (KHVTİC) könüllü olaraq özünün statusundan imtina etdiyini, əmlakın dövlətə verdiyini nəzərə maraq onun əmlakı "Hərbi Vətənpərvərlik və X2’ MMC-nə verilmişdir. ’’Hərbi Vətənpərvərlik və X3" MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı vətəndaşın həmin müəssisədə xx.xx.2012-ci il tarixindən işlədiyi illər üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiya pulunun ödənilməsini cəmi 890(səkkiz yıiz doxsan) manat təmin etmişdir. Mübahisəli hal hesab eldiyi təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmuş Azərbaycan Könüllü Hərbi X4 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi (VÖEN **********) barədə məlumatın təqdim edilməsinə dair müraciətiniə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirilir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən Azərbaycan Könüllü Hərbi X4 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru Cavabdehdur və hal-hazırda fəaliyyəti aktivdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Hərbi Vətənpərvərlik və X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin 101 saylı xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyəti 14 iyun 2012-ci il tarixdə özünün növbədənkənar X qurultayında ictimai statusundan imtina etmiş və əmlakının dövlətə verilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və X2" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. "xxxx" MMC KHVTİCnin hüquqi varisi deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət xidməti “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialının 11 saylı xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyəti öz hüquqi statusundan imtina edərək 2012-ci il tarixində qurultay çağıraraq könüllü qaydada ləğv olunmuşdur. Keçmiş Cəmiyyət rəhbərliyinin bu ünvanla heç bir əlaqəsi yoxdur. Sumqayıt şəhər Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS-MT030-2023-02600 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Könüllü Hərbi X4 Cəmiyyəti və direkioru X6 mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. İddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-2182/2019 nömrəli qərarından görünür ki: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh AR Səfərbərli və Hərbi Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X2” MMC-nin Sumqayıt şəhər 1 saylı filialına qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi, əvvəlki işinə qaytarılaraq müqavilə bağlaması öhdəliyinin qoyulması, dığorta haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-4418/2018 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)-2182/2019 nömrəli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-4418/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiya): 110-cu maddəsinin 1-ci bəndinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 135-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş əsas məzuniyyətlərin (21 və ya 30 təqvim günü) bir iş ilindən başqa iş ilinə keçirilməsi,habelə əmək məzuniyyətlərinin dalbadal iki il ərzində verilməməsi qadağandır. 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddənin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı: İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Könüllü Hərbi X4 Cəmiyyətində işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən saat hesabı nəzəriyyə müəllimi vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı 2002-2011-ci illərdə istifadə etmədiyi məzuniyyət günlərinə görə 2670 (iki min altı yüz yetmiş) manat miqdarında pul vəsaitinin ödənilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, iddiaçının ödənilməsini xahiş etdiyi məzuniyyət haqqı 2002- 2011-ci illərdə istifadə olunmamış məzuniyyət günlərini əhatə edir ki, iddiaçının həmin dövrdə Könüllü Hərbi X4 Cəmiyyətində işlədiyi müəyyən edilir və sonuncu əmək müqaviləsinə həmin Cəmiyyət tərəfindən xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə 73-cü maddəsinə əsasən xitam verilmişdir. İddiaçı isə hazırkı tələbini həmin dövrdə Könüllü Hərbi X4 Cəmiyyətinin direktoru olmuş Cavabdeh qarşı qaldırmışdır. Halbuki iddiaçının tələbini yönəltdiyi həmin cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Cavabdeh iddiaçının işlədiyi dövrdə Cəmiyyətin direktoru olmuş və Cəmiyyətin ləğv edilməsi ilə onun da səlahiyyətlərinə xitam verilmişdir. Beləliklə, Könüllü Hərbi X4 Cəmiyyəti ləğv olunduğundan, iddiaçının əmək müqaviləsinə xitam verilən vaxt Cəmiyyətin direktoru olan Cavabdeh isə Cəmiyyətin öhdəlikləri ilə bağlı məsuliyyətli şəxs olmadığından ona qarşı hazırkı tələbin irəli sürülməsi yolverilən deyildir. İddiaçı isə Cavabdeh hazırki iddiaya cavab verməli olan şəxs olması barədə mötəbər sübutları təqdim etməmişdir. Məhkəmə iclasında MPM-in 14-cü maddəsinin tələbi baxımından əsl olmayan cavabdehlə bağlı məsələ müzakirə olunmuş, lakin iddiaçı Cəmiyyətin ləğv olunduğunu, ona isə həmin dövrdə direktor olmuş şəxsə qarşı iddia qaldırmalı olduğunun izah edildiyini bildirərək, iddia tələbini düzgün olaraq Cavabdeh qarşı irəli sürdüyünü israr etmiş və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 54.2-ci maddəsinə əsasən məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə olan halda məhkəmə qeyd edir ki, tələb üzrə iddiaya cavab verməli olan şəxs hazırkı iş üzrə Cavabdeh olmadığından iddia rədd olunmalıdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının müvafiq iddianı düzgün olmayan cavabdehə qarşı qaldırılması müəyyən edildiyindən və bu əsasla iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyindən, iş üzrə iddia müddətinin tətbiqinə zərurət qalmır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar