Məhkəmə qərarları › İş №2(006)-3464/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3464/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3464/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA oğlunun iştirakı ilə İddiaçı AAA oğlunun cavabdeh BBB Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA oğlu cavabdeh BBB Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AAA oğlu 1992-ci ildə Ağdam rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkmi Komissiyasının 22.04.2011-ci il tarixli, 288 nömrəli Qərarından görünür ki, hərbi xidmət keçərkən döyüş zonasında yaralandığı üçün iddiaçı 05.09.1992-ci ildən 10.09.1992-ci ilədək 1 nömrəli hərbi səhra cərrahiyə hospitalında “Yüngül kontuziya” diaqnozu ilə müalicə olunmuşdur. Həmin qərardan görünür ki, iddiaçının aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Azərbaycan Respublikası ƏƏSMN-nin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reblitasiya Xidmətinin arayışndan göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmağı ilə bağlı iddiaçıya 2-ci dərəcəli ələllik təyin edilmişdir. Göstərilənlərə əsasən 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödəşinin cavabdeh BBB Şirkətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh BBB Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22.04.2011-ci il tarixli, 288 №-li qərarının təsdiq edilmiş surətindən görünür ki, AAA oğlunun yaralanma ilə bağlı diaqnozu – “Yüngül kontuziya. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş 29.09.2016-cı il tarixli, 9/2-10013 №-li arayışın təsdiq edilmiş surətindən görünür ki, AAA oğlu N №-li hərbi hissənin 2-ci batalyon komandirinin 08.05.1992-ci il tarixli 47 №-li əmri ilə İ bölüyə starşina vəzifəsinə təyin edilmiş və komandirin 13.08.1992-ci il tarixli 120 №-li əmrli ilə 12.08.1992-ci il tarixdən k/l-t İddiaçı İİ batalyonun starşinası vəzifəsindən irəli çəkilərək İİ batalyonun qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş, 04.03.2016-cı il tarixli arayışdan görünür ki, AAA oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 04.03.2021-ci il tarixədək 2-ci dərəcəli əlildir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə görə bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin tələblərinə görə aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: - hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: İ qrup əlilliyə görə - 80 faiz; İİ qrup əlilliyə görə - 60 faiz; İİİ qrup əlilliyə görə - 40 faiz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş «xxxx»nın səlahiyyətlərini BBB Şirkəti həyata keçirir. İş materiallarından da göründüyü kimi, iddiaçı hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə hərbi əməliyyatlar zamanı yaralanmış və nəticədə ikinci qrup əlillik dərəcəsi almışdır. Yuxarıda qeyd olunan maddi hüquq normaları baxımından isə bu sığorta hadisəsi hesab edilir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 11000 manat sığorta məbləğinin 60%-i həddində, yəni 6600 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci, 9.4-cü və 8.1.2-ci maddələrini nəzərə alaraq dövlət rüsumu ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırkı halda iddianın qiyməti 500 manatdan çox olduğundan cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh BBB Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı AAA oğluna ödənilməli, cavabdeh BBB Şirkətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh BBB Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı AAA oğluna ödənilsin. Cavabdeh BBB Şirkətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar