Məhkəmə qərarları › İş №2(006)-3482/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3482/2020

14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3482/2020 14.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1576/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının azaldılaraq hazırki əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. İşdə olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1576/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-1959/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, cavabdeh İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay cavabdeh İddiaçı əmək haqqının ¼ hissəsi miqdarında, yəni 415 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1576/2020 saylı qətnaməsində hər ay cavabdeh İddiaçı əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulması müddəası artıq öz əksini tapmışdır. Qətnamənin icrasında yaranmış çətinlik isə orada alimentin həm əmək haqqının ¼ hissəsi miqdarında, həm də 415 manat sabit pul məbləğində tutulmalı olduğunun göstərilməsidir. Məhkəmə hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1576/2020 saylı qətnaməsində əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulması müddəasının olması iş üzrə eyni müddəanı əks etdirən yeni qətnamənin qəbul edilməsinə zərurəti aradan qaldırır. Eyni zamanda, hazırda iddiaçının tələbinə uyğun qətnamə qəbul edilərsə bu, gələcəkdə iddiaçının əmək haqqında olacaq istənilən dəyişikliyə görə icranın çətinləşməsi və yeni qətnamə qəbul edilməsi zərurətinin yaranmasına səbəb olacaq. Buradan aydın olur ki, hazırki məsələ qətnamənin icra mərhələsində (qətnaməyə izah verilməsi yolu ilə) də həll edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(006)-1576/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermək və ya müvafiq icra qurumuna müraciət etmək hüququ izah olunmaqla, hazırki iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1576/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermək və ya müvafiq icra qurumuna müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar